Bir taleyin avqustu  

 

 

Vaxt,  zaman içimdə yaman darıxır... Bürkülü avqust günləri başlayandan özümü qoymağa yer tapmıram... Ara-sıra Xan bağına qaçıram. Əzəmətli çinarların əl-ələ tutduğu bu məkanda görüşüb təskinlik tapdığım dostlarla görüşüb ovunmağa çalışıram. Buradakı sərinliyin bir özgə yeri var. Hərdən mənə elə gəlir ki, günəşin özü buraya - Gəncənin bu sehrli məkanında avqustla bir yerdə olmağa can atır... Avqustun bürküləri içində ağlıma nələr gəlir? Hərdən bu suala cavab tapmağa çalışsam da, çox vədə tale duyğulu sükuta daha çox güvənirəm. Bir dostumum avqustun bəxtinə düşən doğum gününə baş vurub, taleyini əriş-arxac edirəm... İçimdə Maarif müəllimin  həyat hekayəsini sətirlərə köçürüb avqust bürküsündən çıxarmaq istəyirəm... Bürkülər isə zamanla dil tapa bilməsə , bu tale hekayəsinə, bir ziyalı ömrünə boy vermək istəyir... Avqust yaşayır... Təqvim kimi, tarix kimi mənə gələcəyin həqiqətini danışır...

 

...Məmməd kişinin ocağında - ailəsində xoş günlərdən biri idi. Dünyaya oğul gəlmişdi. Muştuluğa gələn qonum-qonşular, dost-tanışlar bayram içində idi. Tanrının oğul payına bir kim sevinməz... Avqustun bəxtinə körpə düşmüşdü... Bir gündə körpələşdi, bu gün tarix yazdı...

Mən isə bu tarixin yaddaşını vərəqləyə-vərəqləyə sözlə, nağılla böyütdüm bir tale hekayəsini... Gözümün önündə məğrur, daxilən həlim, mülayim bir atanın - Məmməd kişinin obrazı canlandı... Həqiqət budur - Məmməd müəllimin həyatı, qaynar fəaliyyəti ali mərama, məqsədə xidmət edib... Doğrunu, halallığı qoruyub, yalana isə həmişə yaman olub.

 

...Bəli, Məmməd Rzayev Gəncənin sayılıb-seçilən ziyalılarından biri olub... Şəhərin ictimai-siyasi həyatında həmişə aktiv iştirak edib. Dəfələrlə şəhər sovetinə deputat seçilib... Mühüm vəzifələrdə çalışıb... oddan, alovdan keçib. Müharibə iştirakçısı olub... Çox bərkə-boşa düşüb. Savadlı, yazı-pozu mədəniyyəti ilə sayılıb-seçilən ziyalılardan olub... Elmi dünyagörüşü, mütaliə mədəniyyəti, daxili təmkini onun şəhərdə xətir-hörmətini artırıb... Dərin sağlam köklər isə sevimli ailəsinə, övladlarına yaşamaq ruhu, sevgi ruhu, Vətən ruhu verib...

 

Nəcibə xanımın - ömür-gün yoldaşının ona daxilən könül bağlılığı, könül rahatlığı, ağıllı, savadlı uşaqların böyüməsinə rəvac verib... Ailə o zaman xoşbəxt olur ki, orada boşluq olmur, ruh boşluğu. Xoşbəxtlik Rzayevlər ailəsinə, Məmməd kişinin ocağına həmişə qol-qanad verib... yaxşı ki, tale işığı da bu xoşbəxtlikdən güc alıb...

 

...Maarif Rzayevi çoxdan tanıyıram. Onun özünə məxsus davranışı, daxili mədəniyyəti, istiqanlılığı, Vətən sevgisi, davranış nəzakəti ilə adamı heyran edir. düşünürsən ki, Gəncədə öz xətri, hörməti ilə ad-san qazanan, tanınmış bir jurnalistlə dostluq etmək, ünsiyyət qurmaq o qədər asan deyil. Sanki onun dosta, tanışa, işinə, ailəsinə qarşı sonsuz sevgiləri bu şəhərin - Gəncənin ədəb-ərkanından, çoxillik mədəniyyətindən irəli gəlir... Maarif müəllimlə hər dəfə görüşəndə söz-söhbət ağrılı-acılı məqamlara daha çox söykənir... Şəhərimin gündəlik qayğıları, müasir insan düşündürən qlobal məsələlər, Qarabağ hadisələrinin ictimai-siyasi axarı, dünyada baş verən kəskin mənəviyyat böhranı... nələr, nələr sözümüzə söz qatır... Maarif müəllimin informasiya çevikliyinə heyran qalırsan... O, istedadlı bir jurnalist kimi həyatın gedişatından hər tərəfli baş çıxara bilir... Ətrafındakı dostlarına, ən vacibi könül çırpıntılarına, peşə mədəniyyətinə özü öz içində stimul verir... Ağıllı, məntiqli, dürüst...

 

Bürkülü avqust ayının daban-basaraq günləri... Jurnalist dostum Maarif Rzayevin tarixə çevrilmiş günlərini - şəkil albomunu, dərc olunmuş yazılarını bir həmişə baxışlarında özündən xəbərsiz oxuduğum fikirlərini saf-çürük edirəm. Taleyinin bütün məqamlarında narahat bir ömrün dolayları ilə üz-üzə qalıram... Maarif Rzayevin jurnalistlik fəaliyyəti olduqca qaynar genişdir. O, Birinci Qarabağ savaşında hərbi jurnalist kimi həmişə təhlükəli bölgələrə can atıb, hadisələrin gedişini öz gözləri ilə müşahidə edib.

 

 

 

Goranboy, Tərtər, Sarısu, Todan kimi odlu-alovlu döyüş nöqtələrində səngər jurnalistikasının maraqlı nümunələrini yaradırdı. İnformasiya blokadasının yarılmasında bir vətənpərvər jurnalist kimi özünü odun-alovun içinə atırdı. Məqalələri respublika mətbuatında, eləcə rus qəzetlərində çap olunurdu. "Moskovskaya komsomoles", "İzvestiya" kimi nüfuzlu qəzetlərdə həqiqəti əks etdirən məqalələrlə çıxış edirdi. Sözün əsl mənasında o da qələmi ilə  Vətən savaşına qoşulmuşdu.

 

Söhbət jurnalist peşəsindən bu peşənin narahat həyatından düşəndə Maarif müəllim həmişə ehtiram dolu səmimiyyətlə doğma müəllimlərini xatırlayır... Çağdaş Azərbaycan jurnalistikasının fatehlərindən olan Şirməmməd Hüseynovu böyük sevgi ilə xatırlayır... Famil Mehdinin, Qulu Xəlilovun, Tofiq Rüstəmovun xatirəyə dönmüş simalarını xatırladıqca üzünə işıq gəlir. Bütün uğurlarımın bələdçiləri müəllimlərimdi - deyir...

Maarif Rzayevin həyatının imtahan dolu anları çox olub... O, yüksək vəzifəli bir ailədə doğulsa da, heç vədə atasının kölgəsində gizlənməyib. O, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində qiyabi təhsil aldığı zamanda Aqrar Universitetin mətbəəsində çapçı kimi əmək fəaliyyətini davam  etdirib... Həyatın dibindən yüksəkliyə can atıb...

 

Jurnalist fəaliyyətinin ilk qələm təcrübələri "Azərbaycan gəncləri", "Kirovabad kommunisti", "Novosti Qyandji" qəzetlərində dərc olunub...  "Novosti Qyandji" qəzetində müstəqil əmək fəaliyyəti onun jurnalist fəaliyyətinin mühüm dövrüdür. Bütün yazılarını birbaşa rus dilində əsl jurnalist peşəkarlığı ilə yazması, operativ məlumatları vaxtında redaksiyaya çatdırması kollektivdə ona böyük inamı formalaşdırıb...

 

...Maarif Rzayevin jurnalistik fəaliyyətinin ən mühüm dövrü, onun hazırda baş rektor olduğu "Aqrar mütəxəssis" adlı çoxtirajlı qəzetlə daha sıx bağlıdır. Bu qəzetin özünəməxsus tarixi var. 1933-cü ildən fəaliyyətə başlayan qəzetin səhifələrində Aqrar Universitetin həyatının bütün məqamları öz əksini tapır...

 

Azərbaycanın təhsil tarixində Aqrar Universitetinin öz yeri var. Ölkəmizdə gedən aqrar siyasətin bütün mərhələləri bu universitetin hazırladığı kadrlarla sıx bağlıdır... Universitetin çoxtirajlı qəzetinin müstəqil dövründə həyata keçirilən tədbirlərin publisistik məqalələrdə əksi xüsusilə diqqəti çəkir. Yeni dövrün yeni sözü, yeni qayğıları zəngin məlumatlarda əksini tapır... Baş redaktor bu qayğıları özü dilə gətirir:

 

- 38 illik jurnalistik fəaliyyətimin ən qaynar dövrü bu qəzetlə bağlıdır. Bu illər o qədər də asan illər olmayıb... Həyatın çək-çevirləri sözün rəngini, ahəngini dəyişib... Zamanla çiyin-çiyinə dayanmışıq... Ağa , qaraya qara demişəm. Qələmə yalan danışmamışam... Qaldı "Aqrar mütəxəssis" qəzeti barədə deməyə sözüm çoxdur. Qəzetin hər bir nömrəsi universitetimin canlı nəbzidir. Qəzet səhifələrində universitetimizin beynəlxalq əlaqələri, tələbə həyatı, tədris-təcrübə sahələrindəki yeniliklər, maraqlı məlumatlar öz əksini tapır. Çalışırıq ki, oxucularımızı daha maraqlı məlumatlarla zənginləşdirək. Bu sahədə tələbə müxbirlərimizin rolundan da operativ istifadə edirik. Çünki məlumatlar canlı olanda qəzetə qarşı oxucu marağı da artır... Redaksiya heyətinin bu sahədəki səmərəli fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Qəzetimizin yubiley ilini də fərəhli nəticələrlə başa vurduq. Uğurlar isə bizi daim yeni düşüncəyə, yeni yaradıcılıq ovqatına səsləyir...

 

Avqustun bürkülü günləri...

 

Gəncədə yaşıl çayçı deyilən ərazidə yenə də dostlarla görüşürük. Bu dəfə söhbətimizin macərası bir az da dəyişir...

 

Maarif müəllimin çoxillik, köhnə dostu Rəfail müəllim də söhbətə qoşulur. Ondan Maarif müəllim haqqında danışmağı xahiş edirəm... O, fikirlərini özünəməxsus səmimiyyətlə ifadə edir.

 

- Maarif müəllim çoxdan tanıyıram. Sevinirəm ki, bizim tanışlığımız sonralar dostluğa çevrildi. Həyat bizi bərkə-boşa saldı... Fikrimizdəki daxili oxşarlıq, səmimiyyət, ən vacibi, düzgün, aydın münasibətlər bu dostluğa təməl oldu... O, səliqə-sahmanı çox sevən adamdı... Bu səliqə-sahmanın özüdaxili mədəniyyətdir... Belə dostum olması ilə fəxr edirəm...

 

Avqust ayının 4-ü Maarif müəllimin ömrünün 60-cı baharının doğum tarixidi. O, əslində, yaşının bu müdrik çağında çox cavan, çevik və qayğılı görünür... Maarif  Rzayevin - tanınmış  jurnalistin, xeyirxah insanın, dərin zəkalı ziyalımızın bu yubiley yaşına ən qiymətli hədiyyə, özünün dönə-dönə fəxrlə israr etdiyi 44 günlük tarixi Qələbəmizdir. Qələbə sevinci, qələbə inamı onu daim yazıb-yaratmağa çağırır. Bu çağırış isə bir taleyin avqusta düşən doğum gününün həyat sevgisi, sənət sevgisidir. Bu doğum tarixi, onun qayğılı və xoşbəxt həyatının dostlarının, ailə üzvlərini sevincində, istiqanlı təbriklərində yaşayır... Söz kimi... İpisti avqust günəşi kimi...

 

 

İnqilab İSAQ

 

525-ci qəzet.- 2021.- 28 avqust.- S.20.