Sözün hikmətinə dəyər verən
sənətkar - Seyfəddin Dağlı
Keşməkeşli ömrünü xalqının, dövlətinin, elinin, obasının maariflənməsinə həsr edən, öz kəskin və iti qələmi ilə dövrünün eybəcərliklərini, haqsızlığını əsərlərində açıq şəkildə ifadə edən, yaradıcılıq yolu həyat yolu qədər zəngin, maraqlı, məzmunlu olan, zahirən ciddi, daxilən mülayim, zarafatcıl, yumor hissi ilə silahlanmış, qəlbi Xızı dağlarının havası tək təmiz, qaynar bulaqlarının suyu tək şəffaf, pak, gənc ikən belə qocaman təsiri bağışlayan, saçları Savalan dağının qarlı zirvəsi tək bəyaz, özü də dağ vüqarlı, çox dəyərli ziyalı olan Seyfəddin Dağlı haqqında söz açmaq həm çətin, həm də olduqca xoş və şərəflidir.
Görkəmli şair, nasir, dramaturq, publisist, ictimai xadim, Dövlət mükafatı
laureatı Seyfəddin
Əliağa oğlu Abbasov (Seyfəddin Dağlı) 1921-ci il avqustun 27-də Azərbaycanın
dilbər guşələrindən
biri olan dahi Cəfər Cabbarlının, böyük
Mikayıl Müşfiqin
də doğulduğu
Xızıda dünyaya
göz açıb, Xızının əsrarəngiz
gözəlliyindən, rəngarəng
təbiətindən, çağlayan
çeşmələrindən, təmiz, özünəməxsus
dağ havasından, zövq oxşayan heyvanat və bitki aləmindən ilhamlanaraq, onların sehrinə düşən
balaca Seyfəddin hələ uşaq ikən yazıb, oxumağa böyük həvəs göstərərək,
hərdənbir qəlb
çırpıntılarını qələmə çevirərdi.
Ailəsi ilə birlikdə Bakıya köçən
Seyfəddin, 1927-ci ildə
Bakı şəhərində
orta məktəbə
daxil olur. Həmin
məktəbi müvəffəqiyyətlə
başa vuraraq, N.Nərimanov adına
Sənaye texnikumunun Kimya fakültəsinə qəbul olunur. Tələbə ikən mütaliə
ilə çox məşğul olan Seyfəddin klassik Azərbaycan, rus və dünya ədəbiyyatına böyük
maraq göstərir.
Təbii
ki, mütaliə onun sonrakı yaradıcılıq həyatına
işıq saçır.
Özündə bədii yaradıcılığa
meyli olduğunu görən Seyfəddin kiçik həcmli məqalələr, şeirlər
yazmağa başlayır.
Bu bacarıq onu
hələ tələbəlik
illərində "Kommunist"
qəzetinə aparır.
Əvvəlcə ədəbi işçi,
sonralar şöbə
müdiri, məsul katib kimi fəaliyyət
göstərməyə başlayır.
Uşaqlıq illəri hamar keçməyən Seyfəddinin
gənclik illəri də keşməkeşli
keçib. II Dünya müharibəsinin başlanması
ilə, o da digər həmvətənləri
kimi ordu sıralarına gedərək,
o zaman hamının Vahid vətən hesab etdiyi Sovetlər
ölkəsinin alman-faşist
işğalçılarından azad olunması uğrunda müharibədə
iştirak edib, mərdlik və şücaətlik göstərib,
müxtəlif medal və
fəxri fərmanlarla
təltif olunub.
1941-ci ilin oktyabr ayından
1956-ci ilin may ayına
kimi hərbi xidmətdə olan Seyfəddin əvvəlcə
aviamexanik kimi fəaliyyət göstərmiş,
sonralar "Ordu" qəzetində ədəbi
işçi, diviziya qəzetinin redaktoru vəzifələrində çalışmışdır.
Bununla yanaşı, o, eyni zamanda hərbi-siyasi akademiyanın dinləyicisi
olmuşdur.
S.Dağlının ən məhsuldar və maraqlı fəaliyyəti Azərbaycan
Televiziya və Radio Verilişləri Komitəsi
ilə bağlı olmuşdur. 1956-ci ilin
avqust ayından 1959-cu
ilin aprel ayına kimi o, əvvəlcə Azərbaycan
Radio Komitəsində baş
redaktor, sonra Bakı Telestudiyasının
direktoru kimi çalışmışdır. 1957-ci
ilin may ayının
16-da S.Dağlı Azərbaycan
Dövlət Televiziya
və Radio Verilişləri
Komitəsi sədr müavini təyin olunmuş, bu vəzifəni şərəflə yerinə
yetirərək, qurumda
yeniliklərə imza atmış, yeni, bacarıqlı, savadlı
kadrların yetişməsinə
öz töhfəsini
vermiş, demək olar ki, "yaradıcılıq məktəbi" yaratmışdır.
Uzun müddət "Kirpi"
satirik jurnalının
baş redaktoru olmuşdur. 1976-cı ilin
oktyabrından "Azərbaycan
film" kinostudiyasında redaksiya
kollegiyasının üzvü
olmuş, 1980-ci ilin
may ayından ömrünün
sonuna kimi "Yazıçı" nəşriyyatında
redaktor işləmişdir.
S.Dağlı yaradıcılığı çoxşaxəli
olmuşdur. 1938-ci ildən
maraqlı felyetonları
ilə bədii yaradıcılığa qədəm
qoyan ədib Azərbaycan ədəbiyyatında
yeni cığır açmış, özünü
təsdiq edə bilmişdir. İkinci
Dünya müharibəsi
zamanı ədibin çox sayda felyeton və satirik povestləri "Vətən uğrunda"
jurnalının, "Ədəbiyyat"
qəzetinin səhifələrində,
eləcə də Təbrizdə nəşr
olunan "Vətən
yolunda" hərbi qəzetinin səhifələrində
işıq üzü
görmüşdür. Az
bir zamanda uğur qazanan, oxucuların, eləcə də ədiblərin sevgi və rəğbətini
qazanan Seyfəddin Abbasov özünün maraqlı məzmunlu romanları, povestləri, hekayələri, yumoristlik
novellaları, tərcümələri,
şeirləri və
s. ədəbiyyatımızı zənginləşdirmişdir. S.Dağlı öz bədii dünyasının inciləri
ilə xalqının
ədəbi dünyasına
nüfuz edərək
qüdrətli söz
ustadına çevrilmişdir.
Ədibin yaradıcılığı ilə
şəxsiyyəti bir
vəhdət təşkil
edirdi. Onun obrazları, bədii
qəhrəmanları həyatdan,
xalqın içərisindən
götürülürdü. O, sözünün dəyərinə,
çəkisinə önəm
verir, oxucusunu dəyişən, yeniləşən
zamanla ayaqlaşmağa,
həyatda təzəliyi,
təravəti olduğu
kimi qorumağa səfərbər edirdi.
1948-ci ildə Azərbaycan Dövlət nəşriyyatı
tərəfindən ədibin "Dəniz
kəşfiyyatçısı" adlı əsəri işıq üzü görmüşdür. Qələmini
dram sahəsində də
sınayan
S.Dağlının müxtəlif
illərdə qələmə
aldığı "Adı
sənin dadı mənim", "Aydınlığa
doğru", "Mənziliniz
mübarək", "Təzə
gəlin", "Kölgələr
pıçıldaşır" və s. əsərləri
respublika teatrlarında
səhnəyə qoyulmuş,
onların əsasında
televiziya tamaşaları
hazırlanmışdır. Onun ədəbi ssenarisi əsasında "Bahar kimi solmaz" filmi çəkilmişdir.
İnsanlara daim təbəssüm
bəxş edən S.Dağlı əsərlərində
bir tərəfdən
oxucuya müasir həyatımızla bağlı
yüksək əxlaqi
insani keyfiyyətləri,
xeyirxah əməlləri
aşılayır, digər
əsərlərində isə
cəmiyyətimizdə mövcud
olan çatışmazlıqları
ifşa edir, yad ünsürləri özünün satirik tərzi ilə qamçılayır, bu eybəcər sifətləri,
antipodları tənqid
və gülüş
hədəfinə çevirirdi.
Bu xüsusiyyətləri ədibin
müxtəlif illərdə
qələmə aldığı
"Məşəl", "Sabiqlər", "Bahar oğlu", "Vergülağa
Nöqtələrov", "Gəcil qapısı",
"Aldada bilməzsən",
"Mənziliniz mübarək",
"Məşəl yanır",
"Şirin duz" və s. kitablarında görmək mümkündür.
Adətən, yumoristik, satirik əsərləri ilə tanınan S.Dağlının
digər həyatı
əsərlərinə də
rast gəlinir. Azərbaycanın dahi dramaturqu Cəfər Cabbarlının
ömür yolundan bəhs edən "Bahar oğlu" əsəri çox böyük populyarlıq qazanmışdır. Məhz, o əsərdən
sonra "Bahar oğlu" ifadəsi ədəbi leksikona daxil olundu. Artıq o gündən Cəfər
Cabbarlı "Bahar oğlu"-deyə çağırılmağa başladı.
"Gəcil
qapısı" romanında
Cənubi Azərbaycanda
azərbaycanlı qadınların
ağır həyatından,
"Məşəl yanır"
kitabında isə Arazın o tayında yaşayan bacı və qardaşlarımızın
şah istibdadından
olmazın zülm çəkmələri, ağır
həyat sürmələri,
azadlıq uğrunda mübarizə aparmaları
əks olunmuşdur.
S.Dağlının şeirlərinə zamanəmizin görkəmli bəstəkarları Cahangir Cahangirov, Ramiz Mirişli, Tofiq Quliyev və Aygün Səmədzadə mahnılar bəstələmişlər. O mahnıları SSRİ Xalq artisti Zeynəb Xanlarova, xalq artistləri Şövkət Ələkbərova, Elmira Rəhimova, Mirzə Babayev və başqaları ifa etmişlər. Bu mahnılara "Darıxma", "Həyat söylə sən kiminsən", "Çay", "Bakı" və s. aiddir.
Çoxşaxəli, zəngin yaradıcılığa malik, xeyirxah, mərd, kövrək qəlbli insan olan S.Dağlı 1983-cü il yanvar ayının 18-də vəfat etmiş və Bakı şəhər qəbiristanlığında dəfn olunmuşdur.
S.Dağlı bir çox medal, fəxri fərmana, eləcə də Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına, Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür.
Bakı şəhərinin, Yasamal rayonunda küçələrdən biri onun adını daşıyır. İnanıram ki, 62 illik ömrünün çoxunu Azərbaycan ədəbiyyatının, jurnalistikasının, radio və televiziyasının inkişafına, gənclərin yüksək əxlaqi-mənəvi keyfiyyətlərlə formalaşmasına, cəmiyyətin sağlamlaşmasına həsr edən görkəmli ədib, ictimai xadim, həm də hörmət edilən el ağsaqqalının 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq, xatirəsi həm Bakıda, həm də Xızıda əbədiləşdiriləcəkdir.
Allah rəhmət eləsin,
Ustad!
Qafar
ƏSGƏRZADƏ
Əməkdar
jurnalist, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2021.- 28 avqust.- S.18.