Molla Pənah Vaqif yaradıcılığında xalq həyatı və ölkə coğrafiyası  

 

Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin yaradıcılığı üçün xalq həyatının təsviri əsas motiv idi. Təsadüfi deyildir ki, Vaqifi xalq nəğməkarı adlandırırlar. Molla Pənah Vaqif Azərbaycan milli məişətini, adət və ənənələrimizi, sadə, təbii el gözəllərini, ölkəmizin təbiətini bütün zahiri gözəlliyi və mənəvi aləmi ilə birlikdə ilhamla tərənnüm etmişdir. Molla Pənah Vaqif özündən əvvəlki zəngin ədəbi ənənələrə, klassik poeziyaya yaxından bələd olmuş, lakin yeni tarixi şəraitdə ədəbiyyatı daha da inkişaf etdirməyin yollarını tapmış, şeirdə təzə yol açmağı bacarmışdır. Şeirin təzə yolu isə - gerçəkliyi realist şəkildə əks etdirən, xəyalatında həyatın dadı, tamı, reallıqları ifadə olunan cəlbedici poetik nümunələr yaratmaqdan ibarət idi. Molla Pənah Vaqif bu yolla ədəbiyyatın yeni inkişafına yol açan vəzifələrin həyata keçirilməsinə nail ola bilmiş, çoxəsrlik Azərbaycan poeziyasının Vaqif mərtəbəsinə yüksəlmişdir. O, Azərbaycan ədəbiyyatı tarixinə heca vəznli realist şeir məktəbinin və erkən realizm ədəbi cərəyanının yaradıcısı kimi daxil olmuşdur.

 

Molla Pənah Vaqifin yaradıcılığında xalq həyatı bir neçə istiqamətdə təsvir və tərənnüm olunmuşdur:

 

1. Vaqif mənsub olduğu xalqın milli məişətini real şəkildə əks etdirmişdir.

 

2. Xalqın adət və ənənələri Molla Pənah Vaqifin şeirlərində tərənnüm olun-muşdur.

 

3. Vaqif "ellər yaraşığı, ölkə gözəli" olan Azərbaycan gözəllərini vəsf etmişdir.

 

Azərbaycan xalqının milli məişəti Molla Pənah Vaqifin şeirlərində real şəkildə təsvir edilmişdir. Vaqif milli məişətin etnoqrafik çalarlarının bütün gözəlliyini müşahidə etmiş və şeirlərində canlandırmışdır. Şair Azərbaycan xalqının milli məişətini onun dəyərləri və adətləri ilə vəhdətdə tərənnüm etmişdir. Ona görə də Vaqifin yaradıcılığında məişət səhnələri həyatın seçilmiş məqamları və insanların mənəvi keyfiyyətləri ilə birlikdə təqdim olunur. O, Azərbaycan həyatının və məişətinin ən sadə çalarından tutmuş səciyyəvi xüsusiyyətlərinə qədər bütün reallıqlarını poeziyanın mövzusuna çevirmişdir:

 

Evlərdə məst, başmaq satanı qoyma,

Çaxır içib, sərxoş yatanı qoyma,

Özünə qardaşlıq tutanı qoyma,

Qonaq üçün çörək verəni saxla!

...Sən mənim sözümə heç gətirmə şək,

Bizim evlərdə də gəl görün tək-tək,

Dirrik-tərəvəzə yaxşı keşik çək,

Kişniş, şüyüt, təzə tərəni saxla!

 

Azərbaycan xalqının adət-ənənələri Vaqifin şeirində realist mövqedən işıq-landırılmışdır. Şairin məşhur "Bayram oldu" şeiri kasıb ailələrin Novruz bayramı mövsümünün realist poetik səhnəsidir. Novruz bayramı üçün səciyyəvi olan noğul, düyü, motal, yağ, çuval və s. kimi detallar tənqidi ruhda yazılmasına baxmayaraq, şeirə bayram əhvali-ruhiyyəsi hopdurmuşdur. "Bu gün" rədifli qoşmada işə "xublar evində" - varlı ailələrdə Novruz bayramının keçirilməsi fonunda Azərbaycan milli məişətinin mənzərələri tərənnüm olunmuşdur. Vaqifin gözəllik fəlsəfəsinə uyğun olaraq, şeirdə Novruz bayramının gözəl adətləri, sevinci ilə gözəllərin tərənnümü, sevgi notları bir yerdə vəsf edilmişdir:

 

Yenə bayram oldu xublar evində,

Sanasan, açılıb tazə gül bu gün.

Bənəfşə zülfləri alasan ələ,

Şanə tək gəzəsən telbətel bu gün.

 

Kim ölə, kim qala bu bayramadək,

Cəhd eylə, yetəsən gül əndamadək,

Gecələr sübhədək, ta axşamadək,

Yarın gərdənində ola qol bu gün.

 

Sanasan, üzünü ərəq nəmidir,

Elə bahar fəsli, gül şəbnəmidir,

İxtilat bazarı, söhbət dəmidir,

Gərək düşə dost kuyinə yol bu gün.

 

Milli adət-ənənələr içərisində mühüm yer tutan Azərbaycan toylarını da Vaqif rəssam kimi şeirə gətirmişdir. "Başına döndüyüm toy adamları" qoşması ritminə və ahənginə görə oynaq və yaddaqalan toy mahnısı təəssüratı yaradır. Molla Pənah Vaqifin "Oynasın" rədifli bu qoşması Azərbaycan poeziyasında toy mövzusunda yazılmış ən yaxşı şeir hesab olunmağa layiqdir. Azərbaycan toylarının ən səciyyəvi etnoqrafik detalları və ən incə məqamları bu şeirdə obrazlı şəkildə mənalandırılmışdır:

 

Başına döndüyüm toy adamları,

Siz də deyin: toya gələn oynasın,

Adını demərəm, eldən ayıbdır,

Filankəsin qızı, filan oynasın.

 

Nə müddətdi ona güvənən bizik,

Həsrətin çəkməkdən canımız üzük,

Hər əlinə alıb bir danə üzük,

Üzüyü dəstinə alan oynasın.

 

Bir tuba boyludur; boyu novrəstə,

Həsrətin çəkməkdən olmuşam xəstə.

İşarət eylərəm anlayan dosta,

Dostunun qədrini bilən oynasın.

 

Azərbaycan milli məişətinin mühüm atributları olan Novruz bayramı və toy mərasimi haqqında yazdığı şeirlər Molla Pənah Vaqifin mənsub olduğu xalqın milli ruhuna, adət-ənənələrinə, folklor və etnoqrafiyasına dərindən bələd olduğunu və xalq həyatını böyük ilhamla tərənnüm etdiyini göstərir. Bütün bunlar göstərir ki, Molla Pənah Vaqifin yalnız gözəlləri vəsf edən sənətkar kimi təqdim olunması onun yaradıcılığının mahiyyətini tam əhatə etmir. Molla Pənah Vaqif xalq həyatının bütün reallıqlarını və incəliklərini milli mahiyyəti və zəngin etnoqrafik çalarları ilə birlikdə dərindən dərk edən və şeirlərində geniş şəkildə əks etdirən qüdrətli sənətkardır. Molla Pənah Vaqifin gözəllik fəlsəfəsi geniş anlayış olub, həyatın, insanın və milli-mənəvi dəyərlərin bütün reallıqlarını əhatə edir. Eyni zamanda Vaqifin gözəllik düşüncəsi həyatilik və təbiilik prin-siplərinə əsaslanan, gözəlliyi realist şəkildə təsvir və tərənnüm edən həyat eşqi fəlsəfəsidir.

 

Molla Pənah Vaqifin xalq ruhunda yazılmış şeirləri sözün obrazlı mənasında həyatın bənzərsiz "tamaşası" və təəssüratını yaradır. Görkəmli ədəbiyyat-şünas Firidun bəy Köçərlinin yazdığı kimi, "Molla Pənah milli şair olduğuna binaən hər nə onun qələmindən zühura gəlibsə, …tamamisi ürəkdən və həqiqi həyatdan nəşət edən əsərlərdir. Onlarda öz müasirlərinin ayini-adatı, adabü-əxlaqı və dolanmaları artıq məharət ilə rişteyi-nəzmə çəkilibdir". Doğrudan da, Vaqifin şeirlərində yaşadığı dövrün Azərbaycan gözəllərinin bənzərsiz obrazı rəssam kimi bütün cizgiləri ilə təsvir olunmuşdur. Vaqifin şeirləri yaşadığı dövrün qadın gözəlliyinin obrazlı bədii portretlərindən ibarətdir. Onun şeirlərində qadın zahiri və daxili gözəlliyi ilə yanaşı, zəngin etnoqrafik çalarları: geyimi-keçimi, məişəti ilə birlikdə təqdim olunur. Gözələ və gözəlliyə münasibətdə Vaqif mahir bir şair-rəssam kimi çıxış edir: Molla Pənah Vaqifin tərənnüm etdiyi gözəllər şair xəyalının obrazları olmayıb, həyatda mövcud olan "ellər yaraşığı, ölkə gözəli"nin həqiqi və təbii obrazlı ifadəsindən ibarətdir. Molla Pənah Vaqifin təsvir etdiyi gözəlləri özünəməxsus yeni bədii təsvir və ifadə vasitələri canlandırır. Şairin Yanağı laleyi-baharı kimi, Ləbləri yaqutun kənarı kimi, Bir dənə nasüftə mirvari kimi, Zülfü ya bənəfşə, ya səmən kimi" ilhamla vəsf etdiyi Azərbaycan gözəli həm də ağıllı-kamallı, "işarə anlayıb, hal bilən" olmaları ilə klassik romantik lirikadakı "sevgili-canan"lardan fərqlidir:

 

Təmizlikdə ola meyli həvəsi,

Olmaya aşiqə nazü qəmzəsi,

Gül təki qoxuya nitqü nəfəsi

Zülfü ya bənövşə, ya səmən gərək.

 

Tavus kimi cilvələnə hər səhər,

Bəzək verə camalına sərbəsər.

Dindirməmiş verə könüldən xəbər,

İşarə anlayıb, hal bilən gərək.

 

Molla Pənah Vaqifin şeirlərində tərənnüm edilən "gərdəni minadan", "ağ əl-ləri əlvan hənadan", şəkər gülüşlü, "sinə meydan, zülf pərişan, bel nazik", ənlik-siz-kirşansız, "ellər yaraşığı - ölkə gözəli" olan Azərbaycan gözəli ədəbiyyatımızda yeni bədii obraz idi. Azərbaycan gözəllərinə aid etdiyi "yaşılbaş sona" obrazı ədəbiyyatda qadın gözəlliyinin obrazlı təcəssümündə Molla Pənah Vaqifin möhürüdür. "Yaşılbaş sona" Vaqifin təqdimatında "əcəb seyrəngahı" olan Azərbaycan milli-mənəvi varlığının təcəssümüdür. Vaqif şeirlərində "yaşılbaş sona"nın azərbaycanlı simasını müəyyən etmək üçün bu obrazı ölkəyə məxsus konkret qadın adlarının timsalında canlandırılmışdır. Vaqif "həsrətindən canının çıxdığı" Zeynəb adlı gözəli yaşılbaş sonaya bənzətmiş, lalə yanaqlı el gözəlinin obaya yaraşıq olduğunu xüsusi olaraq vurğulamaqla onun "ölkə gözəli" olmasından qürur duymuşdur. "Zeynəb" rədifli qoşma "ölkə gözəli"nin əsas xüsusiyyətlərini əks etdirir:

 

Qaşa vəsmə, gözə sürmə çəkəndə,

Siyah zülfü dal gərdənə tökəndə,

Sallanıban kəklik kimi səkəndə

Oxşarsan yaşılbaş sonayə, Zeynəb!

 

Yanağı laləsən, qaməti dalsan,

Ağzı şəkər, dili, dodağı balsan,

Sanasan ki, yorğun, vəhşi maralsan,

Olubsan yaraşıq obayə, Zeynəb!

 

Başqa bir şeirində isə Vaqif Azərbaycan qızlarını obrazlı şəkildə "bir bölük yaşılbaş sonalar"a bənzədir. Sairin "yaşılbaş sonalar"a həsr edilmiş şeirləri, o cümlədən də, "Qızlar" rədifli şeiri dil baxımdan çox sadə və obrazlıdır. Dilin sadəliyi və bədii təsvir vasitələrinin yeniliyi baxımından Vaqifin XVI-II əsrdə yazılmış "Qızlar" rədifli şeiri sanki XX əsrdə Səməd Vurğunun qələmindən çıxmış şeir kimi səslənir:

 

Bir bölük yaşılbaş sonalar kimi

Yığılıb gəlibdir Qazağa qızlar,

Ayna qabağında qara qaş üçün,

Endirib gətirmiş qulağa qızlar.

 

...Ey ağalar, necə sitəm etdilər,

Vaqifin canını çox incitdilər,

Yenə durub qatarlanıb getdilər,

Sözlərin qoydular qırağa qızlar.

 

Göründüyü kimi, "yaşılbaş sona" obrazı Azərbaycan ədəbiyyatına Molla Pə-nah Vaqif tərəfindən gətirilmişdir. "Yaşılbaş sona" Vaqifin şeirlərində ilhamla tərənnüm olunan "ellər yaraşığı, ölkə gözəli"nin ümumiləşdirilmiş bədii obrazıdır. "Yaşılbaş sona" Molla Pənah Vaqifin Azərbaycan şeirinə daxil etdiyi milli brenddir. Bu, böyük Füzulinin "qönçə ağızlı, sərv boylu, səməni üzlü" gözəlindən fərqli olan, real həyatdan alınmış, xalq bədii təfəkkürü ilə təsvir edilən Azərbaycan gözəlidir. "Yaşılbaş sona" Vaqifin Azərbaycan gözəllərinin baş qəhrəmanıdır. Molla Pənah Vaqif "yaşılbaş sona"larda görmək istədiyi gözəl-likləri aşağıdakı şeirdə bütün detalları ilə göstərmişdir. Bu mənada Molla Pə-nah Vaqifin "Hər yetən gözələ gözəl demərəm" misrası ilə başlanan "Olur" rədifli qoşması şairin "yaşılbaş sona" gözəllik konsepsiyasının proqramından ibarətdir:

 

Hər yetən gözələ gözəl demənəm,

Gözəldə bir qeyri əlamət olur:

Zülf bir yana düşər, gərdən bir yana

Özün bilməz, bir özgə babət olur.

 

...Müjgan oxun atar, yay qaşın çəkər,

Dələr bağrım başın, ürəyim sökər,

Sözü duzlu olur, dodağı şəkər,

Hekayəti şirin hekayət olur.

 

Gərdəninə müşkin tellər düzülür,

Hər qıya baxanda canlar üzülür,

Sürmələnmiş siyah gözlər süzülür,

Oturub durmağı qiyamət olur.

 

Molla Pənah Vaqifin çox vaxt ümumiləşmiş şəkildə "gəlin", yaxud "şamama" adlandırdığı gözəllərdə Azərbaycan qızlarının bütün özünəməxsusluqları, gözəl-liyi və dərin mənəviyyatı tam yeni bədii vasitələrlə canlandırılmışdır: maral baxışlı, saçları "iki dəstə tər bənövşə tək", "yasəmən qoxulu", "nazik əllərində innabı həna", "sözləri qənd, ağızları piyala", "yanağı lalədən ziyadə göyçək". Həm də ən başlıcası "həyası üzündə, əqli başında!" Və həm də "Vilayət içində həm adlı-sanlı!", "Bir nazik kamallı, bir nazik işli!" Vaqif bu qənaətdə idi ki, "Lalə zənəx-danlı, qönçə dodaqlı" gözəllərdə "adamlıq ədası" olmazsa, onlar "könül aşinası" deyildirlərsə, onda şeir rübabı "hayıf ki, yoxdur" nidası ilə narahat həyəcanları ifadə etməlidir. Budur, Molla Pənahı Vaqif mərtəbəsinə çatdıran, yaxud Vaqifi Molla Pənah edən yeni ədəbiyyat! Molla Pənah Vaqifin ədəbiyyata təqdim etdiyi bədii obrazın zahiri gözəlliyi kimi mənəvi keyfiyyətləri də Azərbaycan gerçəkli-yinin təzahürüdür.

 

Məlum olduğu kimi, Molla Pənah Vaqifin bir çox şeirlərindəki konkret ola-raq öz adları ilə tərənnüm olunan el gözəllərindən hər biri Azərbaycan qadın gözəlliyini fərqli çalarlarla zənginləşdirir. Onun haqqında ayrıca şeir yazdığı Pəri, Zeynəb, Fatimə, Yetər kimi gözəllər mənsub olduğu xalqın gözəllik anlayışı-nı ifadə edən cazibədar qadın obrazlarıdır. Bu cəhətdən Vaqifin qadın obrazları klassik poeziyadakı adlı qadın surətlərindən əsaslı şəkildə fərqlənir. Belə ki, Azərbaycan klassik poeziyasında vəsf edilən Leylilər və Züleyxalar ümumi şəkildə türk-müsəlman əfsanələri və dastanlarından alınma surətlər olduğu halda, Vaqifin Zeynəbləri və Yetərləri yalnız Azərbaycan həyatını və məişətini təmsil edən ob-razlardır. Milli qadın obrazları yaratmaq baxımından Molla Pənah Vaqifin tərən-nüm etdiyi gözəlləri klassik poeziyadakı qadın surətləri ilə yox, "Kitabi-Dədə Qorqud" eposundakı Burla xatunlarla, Banuçiçəklərlə müqayisə etmək olar. Vaqifin şeirlərində yaşadığı dövrün Burla Xatunlarının obrazı yaradılmışdır. Molla Pənah Vaqifin "ellər yaraşığı, ölkə gözəli" olan Pərisi sanki Qazan xanın və İç Oğuzun dayağı olan Burla xatunu, "bir üzü gül, rəngi lalə, zülfü tər", "gözəllikdə ta-mam xəlqi mat etmiş" Bənəfşəsi isə Bamsı Beyrəyin Banu Çiçəyidir. Bütövlükdə Molla Pənah Vaqifin "ağ əlləri əlvan hənalı" olmaqla bərabər, "el-oba içində həm adlı-sanlı" gözəlləri Dədə Qorqud eposundakı zahiri gözəlliyi mənəvi dəyərlərini tamamlayan qadın qəhrəmanlarının yeni tarixi şəraitdəki davamı təəssüratı yaradır. Bu mənada Molla Pənah Vaqifin qadın obrazları yaradarkən işlətdiyi bədii təsvir və ifadə vasitələri elə bil ki, "Kitabi-Dədə Qorqud"da aşağıdakı misralarda öz əksini tapmış qeyri-adi məcazların təzələnmiş davamıdır:

 

Bəri gəlgil, başım baxtı, evim taxtı,

Evdən çıxıb yeriyəndə sərv boylum!

Topuğunda sarmaşanda qara saçlım!

Qurulmuş yaya bənzər çatma qaşlım!

Qoşa badam sığmayan dar ağızlım,

Payız almasına bənzər al yanaqlım!

Qadınım, dayağım, döl verənim!

 

Molla Pənah Vaqifin gözəlləmələri erkən yeni dövrün Dədə Qorqud soylamalarıdır.

 

Molla Pənah Vaqif Azərbaycan həyatını gözəllikləri və "ölkə gözəlləri", "şahbaz igidləri" və çətinlikləri ilə birlikdə təsvir edərək Vətən haqqında real təsəvvür yaradır.

 

"Bayram oldu" şeiri - Azərbaycan poeziyasında ölkənin mövcud həyat tərzini əks etdirən realist düşüncənin obrazlı bədii ifadəsidir. "Bayram oldu" şeiri - Molla Pənah Vaqifin həyata dərin və hərtərəfli baxışlarını, vətəndaşlıq ruhunu qabarıq şəkildə əks etdirir. "Bayram oldu" şeiri - konkret şəraitdə Azərbaycan həyatının və azərbaycanlıların güzəranının şeir dili ilə ifadə olunan təbii əks-sədasıdır. "Bayram oldu" şeiri Molla Pənah Vaqifin şikayətnaməsidir. Burada ayrılıqda götürülmüş bir adamın, yaxud konkret bir ailənin deyil, bütövlükdə ölkədə mütləq əksəriyyət təşkil edən kasıb təbəqənin real həyat tərzi öz əksini tapdığı üçün "Bayram oldu" şeirini XVIII əsr Azərbaycan ədəbiyyatının da şikayətnaməsi adlandırmaq olar. "Bayram oldu" şeiri "Füzuli şikayətnamə"sinin davamı, Mirzə Ələkbər Sabirin "Nədamət və şikayət"inin əvvəlidir. Məhəmməd Füzulinin realizmə meyilli romantik nəsr nümunəsi olan "Şikayətnamə"dəki dil-üslubunu "Bayram oldu" şeirində çətin güzərandan giley xarakterli tənqid əvəz etmişdir:

 

Bayram oldu, heç bilmirəm neyləyim,

Bizim evdə dolu çuval da yoxdur.

Dügiylə yağ hamı çoxdan tükənmiş,

Ət heç ələ düşməz, motal da yoxdur.

 

Allaha bizmişik naşükür bəndə,

Bir söz desəm, dəxi qoymazlar kəndə.

Xalq batıbdır noğla, şəkərə, qəndə,

Bizim evdə axta zoğal da yoxdur.

 

Bizim bu dünyada nə malımız var,

Nə də evdə sahibcamalımız var

Vaqif, öyünmə ki, kamalımız var,

Allaha şükür ki, kamal da yoxdur.

 

Molla Pənah Vaqifin "Hayıf ki, yoxdur" şeiri şairin yaradıcılığındakı nikbinliklə ictimai narazılığı birlikdə təsvir edən əhəmiyyətli bədii nümunədir. Şeirdəki "Kür qırağı" - yer adı Azərbaycan ədəbiyyatında yeni doğulan ölkə coğ-rafiyası anlayışının nikbin notlarla ifadə edilən əyani təzahürüdür. Həm də "Kür qırağı" adlandırıla biləcək bu şeir "əcəb seyrəngahı", "qış günü qışlağı", "gözəl obası", "adamlıq ədası", cümlə-cahana örnək olan Vətən torpağı idealının tərənnümünə həsr olunmuş bənzərsiz poeziya nümunəsidir. Şeirdəki "hayıf ki, yoxdur" ifadəsi dərin mənası və məntiqi ilə "niyə olmasın ki", yaxud "olmalıdır" kimi başa düşülməlidir. Bu, Kür qırağının timsalında bütövlükdə Azərbaycan ölkəsi haqqında yazılmış dərin mənalı şeirdir. "Kür qırağı" şeirində bir xeyli dərəcədə məkanın mövcud vəziyyətindən təəssüf hissi ilə danışılsa da, bütövlükdə bu şeir Vaqifin "cümlə cahanın" gözü olan eli-obası ilə, doğma yurdunun "havasının, torpağının, yerinin" misilsizliyi ilə iftixar duyğusu yaşadığını mənalandırır. "Kür qırağı" adlandırılmasına baxmayaraq, bu şeir Azərbaycan ədəbiyyatında şairin açıq ünvanla öz ölkəsinə həsr etdiyi nadir şeirlərdən biridir. Nizami Gəncəvinin "Bərdənin tərifi" kimi klassik ədəbiyyatda konkret ünvanı göstərilən poetik nümunələr çox deyildir. Orta əsrlər Azərbaycan ədəbiyyatında Vətən anlayışı "şəbi-hicran" şeirlərinin ruhunda, mahiyyətində yaşamışdır. Molla Pənah Vaqifin "Kür qırağı" şeiri Azərbaycanı Vətən kimi mənalandıran mükəmməl poetik nümunədir. Buna baxmayaraq, ədəbiyyatşünaslıqda "Kür qırağı" şeirindəki Vətən coğrafiyasının tərənnümü deyil, "hayıf ki yoxdur" motivi daha çox qabardılmışdır. Halbuki bu, ölkə coğrafiyasının bənzərsiz poetik tərcümanı olan qiymətli lirika nümunəsidir. Şeirdəki "hayıf ki yoxdur" mətləbi isə Vaqifin əsasən nikbin ruhda təzahür edən realizminin müəyyən ağrılı çalarlara malik olduğunu da göstərir. Əgər müqayisə etsək, "Hayıf ki, yoxdur" adlandırılmasına baxmayaraq, şeirdə ölkə üzrə olanların tərənnümü olmayanların etiraf edilməsindən qat-qat çoxdur. "Hayıf ki, yoxdur" notları çatışmayanları tamamlamaqla dövrün tam mən-zərəsini əks etdirməyə xidmət edir. Eyni zamanda, "hayıf ki, yoxdur" misralarında sadalanan çatışmazlıqlar dövrün ictimai ziddiyyətlərini deyil, məişət sahəsindəki və ya mənəvi mühitdəki nöqsanları əhatə edir. Vaqifin nəzərində "belə gözəl yerin, gözəl məkanın bir gözəl obası", "şirin dilli, açıq qabaqlı" gözəllərinin içərisində "könül aşinası", onların "adamlıq ədası", əlvan kəlağayı altında "cunası", "zülfün burulması", "baxıb can alması", "sarı kəhrəbası", "əlinin hənası" hayıf ki yoxdur. Bu misralardakı tənqid giley, arzu xarakteri daşıyır. Tənqidin təəssüf, giley, müşahidə, bədii təzad xarakteri daşıması həm Vaqifin yaradıcılığının və həm də onun yaradıcısı olduğu erkən realizm ədəbi cərəyanının xarakteri ilə səsləşir. Şeirdəki "belə yerdə qalan vallah vərəmlər" misrasının daşıdığı mənanı kəskinləşdirməklə, ona ciddi ictimai məzmun vermək Vaqif realizminin xüsusiyyətləri ilə uyğun gəlir:

 

Kür qırağının əcəb seyrəngahı var,

Yaşılbaş sonası, hayıf ki, yoxdur!

Ucu tər cığalı siyah tellərin

Hərdən tamaşası, hayıf ki, yoxdur!

 

Qış günü qışlağı Qıraqbasanın,

Gözüdür Aranın, cümlə-cahanın,

Belə gözəl yerin, gözəl məkanın

Bir gözəl obası, hayıf ki, yoxdur!

 

...Havasından torpağının, yerinin,

Dadızmaz dəhanın, ləbi-şirinin,

Pəri çoxdur, nə fayda heç birinin

Adamlıq ədası, hayıf ki, yoxdur!

 

Molla Pənah Vaqif dünya ölkələri haqqında geniş məlumatı olan, xarici siya-sətdən baş çıxaran, hərtərəfli dünyagörüşə malik mütəfəkkir şəxsiyyətdir. Əsərlərində Çin, Rusiya, İran, Misir, Hindistan, Ərəbistan, Əfqanıstan, İraq, Orta Asiya ölkələri, Gürcüstan və sair ölkə adlarının işlədilməsi və bəzi dünya hadisələrinə işarələr edilməsi Vaqifin beynəlxalq aləmə dair biliklərinin coğrafi məlumatlardan irəli getdiyini göstərir. Şairin işlətdiyi Məşriq və Məğrib sözləri onun coğrafi məlumatlarının üfüqlərini təsəvvür etməyə imkan yaradır.

 

Vaqifin şeirlərində Azərbaycana aid bir çox şəhərlərin və vilayətlərin haq-qında söz açılması onun ölkə həyatına da dərindən bələd olduğunu göstərir. Şeir-lərində müxtəlif münasibətlə adıçəkilən Bakı, Gəncə, Təbriz, İrəvan, Dərbənd, Şamaxı, Quba və sair yerlər və bir sıra ölkədaxili hadisələrə dair məlumatlar şairin Azərbaycanda gedən ictimai-siyasi proseslərin içində olmasını və hadisələrə konkret münasibət bəsləməsini nəzərə çatdırır. Ölkə anlayışı və konkret olaraq "ölkə" sözü Azərbaycan ədəbiyyatına Molla Pənah Vaqif tərəfindən gətirilmişdir. İlk dəfə Vaqifin səsləndirdiyi "ellər yaraşığı, ölkə gözəli" sözləri ilə ədəbiyyatda ölkə sözü ədəbi dövriyyəyə daxil edilmişdir. Molla Pənah Vaqif Azərbaycan ölkəsinin ilhamlı nəğməkarıdır.

 

Vaqifin şeirlərində "külli-Qarabağın abi-həyatı" da ilhamla tərənnüm olunur. Şairin baxışlarında onun üçün Qarabağ "nərmü nazik bayatı kimi" əziz olan, qəlbinin dərinliklərində yaşayan Vətən torpağıdır. Şeirlərində Cavanşirlər nəsli haqqında deyilənlər Vaqifin Qarabağ xanlığının Azərbaycan tarixindəki yeri haqqındakı baxışlarını əks etdirir. Adını çəkdiyi Şuşa həm Qarabağ xanlığı, həm də Şuşa qalası mənasında işlədilmişdir. Şair Qarabağdan bəhs edərkən müasiri Molla Vəli Vidadinin dilindən verilmiş "oxunur məclisdə xoş kəlimatı" misrası vasitəsilə Azərbaycan torpağının bu guşəsinin milli musiqi sənətinin beşiyi olmasına dair gerçəkliyi nəzərə çarpdırmışdır:

 

Külli-Qarabağın abi-həyatı,

Nərmü nazik bayatıdır, bayatı,

Oxunur məclisdə xoş kəlimatı,

Ox kimi bağrını dələr, ağlarsan!

 

Gözəllik aşiqi olan Molla Pənah Vaqif, eyni zamanda, həm də böyük vətənpərvərdir. Onun şeirlərində Vətən torpağının təkrarsız obrazı yaradılmışdır. Vətənin təbiət gözəlliklərinin tərənnümündə və gözəlliyin vəsf edilməsində Molla Pənah Vaqif mahir bir rəssam kimi çıxış edir. O, bədii sözün geniş imkanlarından yaradıcılıqla istifadə edərək Azərbaycan təbiətinin və el gözəllərinin cazibədar portretini çəkmişdir.

 

Beləliklə, Azərbaycan ədəbiyyatında realizmin əsasını qoyan Molla Pənah Va-qifin yeni tipli poeziyası Mirzə Fətəli Axundzadənin "Təmsilat"ına, Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları"na, Mirzə Ələkbər Sabirin "Hop-hopnamə"sinə, Səməd Vurğunun lirikasına gətirən məsuliyyətli və şərəfli sənət yolunun böyük başlanğıcıdır. İlk dəfə olaraq Azərbaycan milli-mənəvi varlığını, "ellər yaraşığı, ölkə gözəli"ni, Kür qırağı obasını, "Qış günü qışlağı Qı-raqbasanı" ədəbiyyatın əsas mövzusuna çevirmiş Molla Pənah Vaqifin yaradıcı-lığı ədəbiyyatda azərbaycançılıq təfəkkürünün ən mühüm qaynaqlarından, mənbələrindən biridir.

 

Deməli, Azərbaycan ədəbiyyatında azərbaycançılıq ideyası Molla Pənah Vaqifin yaradıcılığı ilə başlanır. Molla Pənah Vaqif milli ədəbiyyatın tarixində ilk dəfə olaraq azərbaycançılığın möhkəm poetik təməllərini yaratmışdır.

 

 

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Milli Məclisin deputatı

 

525-ci qəzet.- 2021.- 28 avqust.- S.16-17.