Alimin faciəsi: Akademik Heydər Hüseynov
Akademik Heydər Hüseynovla bağlı feysbuk səhifəmdə
hissə-hissə paylaşdığım material sosial şəbəkə
istifadəçilərinin diqqətini cəlb etdi. Müxtəlif
saytlar onu tirajladılar. Çoxsaylı
şərhlər yazıldı. Ona görə
qərara gəldim ki, yazının tam variantını mənə
həmişə həvəslə tribuna verən möhtərəm
"525-ci qəzet" ə təqdim edim.
***
1950-ci il
avqustun 15-də görkəmli Azərbaycan alimi, Azərbaycan
EA-nın ilk 15 qurucu üzvündən biri, ictimai elmlər
üzrə vitse-prezident Heydər Nəcəf oğlu
Hüseynov (1908-1950) həyatına intiharla son qoymuşdu.
Heydər Hüseynov (1908-1950) qədim Azərbaycan şəhəri
İrəvanda, zəngin tacir ailəsində doğulmuşdu. Atasını
erkən yaşda itirmişdi. 1918-ci ildə
böyük qardaşı Yusif ermənilər tərəfindən
qətlə yetiriləndən sonra ailə Bakıya
köçmüşdü. Burada Bakı
Universitetini bitirmiş, həyatını bütünlüklə
elmə həsr etmişdi. Azərbaycanda
Sovet dövrü tarix və fəlsəfə elmlərinin,
lüğətçiliyin inkişafında mühüm xidmətlər
göstərmişdi. O, 1936-1940-cı illərdə
keçmiş SSRİ EA Azərbaycan Filialının
Ensiklopediya və Lüğətlər İnstitutuna rəhbərlik
etmiş, 1939-1945-ci illərdə isə Filialın sədr
müavini olmuşdu. Azərbaycanda müstəqil Elmlər
Akademiyasının təşkilindən (1945) sonra ilk 15 həqiqi
üzv-akademik sırasında yer alan Heydər Hüseynov həmin
dövrdən 1950-ci ilin fevral ayına qədər həm
EA-nın vitse-prezidenti, həm də Azərbaycan KP MK
yanında Partiya Tarixi İnstitutunun direktoru və Bakı
Dövlət Universitetinin fəlsəfə kafedrasının
müdiri kimi geniş elmi-pedaqoji və ictimai fəaliyyət
göstərmişdi.
Görkəmli alimin rəhbərliyi və redaktəsi
altında 2 cildlik "Müxtəsər Azərbaycan
tarixi" (1943-1944), 4 cildlik "Rusca-azərbaycanca lüğət",
general Ə.Şıxlinskinin "Xatirələri" (1943)
kimi fundamental nəşrlər hazırlanmışdı. Azərbaycan
dilində fəlsəfi terminlərin yaradılmasında və
marksist filosof kadrların yetişdirilməsində də Heydər
Hüseynovun xidmətləri olmuşdu. O, milli
ictimai-siyasi və ədəbi-fəlsəfi fikrin Bəhmənyar,
Nizami, Füzuli, A.Bakıxanov, Mirzə Kazımbəy,
M.F.Axundzadə, H.Zərdabi kimi görkəmli nümayəndələri
haqda çoxu ilk addım kimi dəyərləndirilə biləcək
tədqiqatların müəllifidir.
Elmi fəaliyyətinin diqqətəlayiq nümunəsi -
"XIX əsrdə Azərbaycanda ictimai-fəlsəfi fikir
tarixindən" monoqrafiyası çapdan çıxanda
H.Hüseynovun 41 yaşı vardı. Cəmiyyətimizdəki
yaş kultu baxımından müəllifi hətta "gənc
alim" də adlandırmaq olardı. Lakin
bu "gənc alim" həmin dövrdə Azərbaycanda
humanitar sahənin ağsaqqallarından sayılırdı.
Amma elmi fikrə böyük töhfələr
verə biləcək akademikin Heydər Hüseynov
yaradıcılığının ən verimli
çağında ehtiyatsızlıq və təcrübəsizlikdən
doğan adi təsadüfün qurbanı oldu.
"Respublikanın sahibi"nin - Mir Cəfər
Bağırovun və Moskva ideoloqlarının tarixi şəxsiyyətlərə
münasibətdə əsaslandıqları şablondan kənara
çıxması Heydər Hüseynovun yalnız Azərbaycan
deyil, az qala bütün SSRİ miqyasında növbəti xalq
düşməni kimi ittiham edilməsinə gətirib
çıxardı. Səbəb müəllifin yuxarıda
adı çəkilən "XIX əsrdə Azərbaycanda
ictimai-siyasi fikir tarxindən" monoqrafiyasında Mirzə Kazımbəyin
"Müridizm və Şamil" əsərindən, eləcə
də dağlı qəhrəmanı Şeyx Şamilin şəxsiyyət,
mübarizə və ideallarından bəhs etməsi, onu
"qəhrəman və qəhrəmanların
yaradıcısı" adlandırması idi. Bədbəxtlikdən
bu, elə vaxt idi ki, müridizm mürtəce hərəkat,
Şeyx Şamil isə "ingilis və türk casusu" kimi
qələmə verilirdi.
"Staliniada" kitabının müəllifi, filosof
Y.Borev mövcud münasibətin başlıca səbəbini
Stalinin yoluxduğu hər yerdə və həmişə
düşmən axtarmaq xəstəliyində
görürdü. O yazırdı: "40-cı illərin sonunda Stalinin
Şamili türk və ingilis casusu elan etməsi nəticəsində
onun çarizmə qarşı apardığı
milli-azadlıq mübarizəsinə qara yaxma kampaniyası
başlandı. Şamilin ifşasının əsası
Stalinin Azərbaycandakı satrapı Bağırovun
"Kommunist" qəzetindəki çıxışı
ilə qoyuldu. Bu məqsədlə bir
neçə azərbaycanlı alim arxivlərdən Şamili
ləkələməyə imkan verən materiallar toplamaq məqsədi
ilə Moskvaya və Leninqrada göndərildi. Sonra isə haqqında digər məqalələr
meydana çıxdı. Məşhur avar
şairi (Rəsul Həmzətov nəzərdə tutulur - V.Q)
də xoşqulluq nümunəsi göstərib Şamil əleyhinə
poema yazmaqla bu kampaniyaya qoşuldu. Sonralar
Xruşşovun "ilıq rejimi" dövründə o,
xalqının böyük oğluna ləkə
yaxdığına görə
peşmançılığını dilə gətirmişdi.
Şamil keçmişə tuşlanan casus
axtarışlarının qurbanı olmuşdu".
Y.Borevin göstərdiyi yalnız səbəblərdən
biridir. Əslində, Stalinin və onun erməni-gürcü
çevrəsinin Şeyx Şamilə nifrətinin əsasında
Qafqazın bütün müsəlman əhalisinə bəslənən
ögey münasibət və etinasızlıq
dayanırdı. Bu regionu başdan-başa
xristianlaşdırmaq düşüncəsi Stalinə və
onun "qafqazlı həmyerlilərinə" əsla yad
deyildi. Əksər Şimali Qafqaz xalqlarının və
Məshəti türklərinin tarixi torpaqlarından
deportasiyası, azərbaycanlıların Ermənistandakı
ata-baba yurdlarından çıxarılması, onların nəzərdə
tutulan, lakin baş tutmayan kütləvi
köçürülmə planı, Azərbaycanın
Şimalı ilə Cənubunu birləşdirmək
imkanından istifadə olunmaması və s. ilk növbədə
bu məqsədə xidmət edirdi.
Lakin Şimali Qafqazla bağlı planlarının həyata
keçirilməməsində Stalinə bir sıra digər
amillərlə birlikdə Şamilin dağlılar
arasındakı kultu da müəyyən maneçilik törətmişdi. Stalin
yaxşı bilirdi ki, dağlı xalqlarının iradəsini
qırmaq üçün ilk növbədə
tapındıqları bütü sındırmaq
lazımdır. Həmin büt isə xalq
arasında əsrarəngiz şöhrətini qoruyub saxlayan
Şeyx Şamil idi. Şamili ləkələməklə,
onu soydaşlarının gözündən salmaqla Qafqaz
tarixinin işıqlı səhifələrindən birini də
qapatmaq olardı. Çünki Şamil
daim yaşayan canlı əfsanə kimi azad və üsyankar
qafqazlı ruhunda öz əbədi yerini tutmuşdu.
Köləlik zəncirini bir az da bərkitmək
üçün bu əfsanəyə birdəfəlik son
qoymaq, onu bayağılaşdırmaq, boş, puç və cəfəng
bir şey olduğunu sübuta yetirmək lazım idi.
Ötən əsrin 40-cı illərinin sonunda rəsmi
Sovet ideologiyasının Şeyx Şamil və dağlıların
milli-azadlıq hərəkatı əleyhinə
başlatdığı qarayaxma kampaniyasının əsasında
gələcəyə hesablanmış bu məkrli Stalin
planı dayanırdı.
Bədbəxtçilikdən Heydər Hüseynovun
dolayısı yolla Şamil hərəkatına münasibətin
də yer aldığı "XIX əsr Azərbaycanda
ictimai-siyasi fikir tarixindən" monoqrafiyası belə bir
şəraitdə işıq üzü
görmüşdü.
1940-cı illərin sonu Heydər Hüseynovun triumf
dövrü idi. 4 cildlik "Rusca-Azərbaycanca"
lüğətə görə 1948-ci ildə 2-ci dərəcəli
Stalin mükafatına layiq görülmüşdü.
Bir il sonra isə 733 səhifəlik
"XIX əsrdə Azərbaycanda ictimai-siyasi fikri tarixindən"
monumental monoqrafiyası çap olunmuşdu.
Bəlkə də kitab ümumittifaq miqyasında diqqəti
çəkməsəydi, görkəmli alim taleyin gözlənilməz
zərbələrindən kənarda qala bilərdi. Amma belə
olmadı.
1947-ci ildə
müasirlərinin "ədəbiyyat naziri"
adlandırdıqları SSRİ Yazıçılar
İttifaqının birinci katibi, Stalin Mükafatları Komitəsinin
sədri A.Fadeyev Nizami Gəncəvinin müharibə səbəbindən
təxirə salınmış 800 illik yubileyində
iştirak məqsədi ilə Bakıya gəlmişdi. Burada
o, dostu Səməd Vurğun vasitəsi ilə H.Hüseynovla
da tanış olmuşdu. Ciddi
və işgüzar alim A.Fadeyevə xoş təsir bağışlamışdı.
Tanışlıq tədricən səmimi
münasibətlərə çevrilmişdi. Başıbəlalı kitabı çapdan
çıxanda H.Hüseynov onun ilk nüsxələrindən
birini ithaf sözləri ilə Moskvaya, A.Fadeyevə göndərmişdi.
Fadeyev əsərlə tanışlıqdan sonra onu ictimai elmlər
sahəsində 1950-ci il Stalin
mükafatına (III dərəcə) təqdim etmişdi. Müvəffəqiyyətdən başı gicəllənən
müəllif "respublikanın xozeyinini" məsələdən
xəbərdar eləməyi yaddan
çıxarmışdı. M.C.Bağırov
hadisədən yalnız yeni Stalin mükafatları
laureatlarının adları "Pravda" qəzetində
çap olunanda xəbər tutmuşdu.
Başının üstündən iş
görüldüyünə, həm də bunu inanıb irəli
çəkdiyi şəxsin etdiyinə görə onun hirsindən
necə zəncir çeynədiyini təsəvvür etmək
çətin deyil.
O
dövrdə EA-da, H.Hüseynovun rəhbərlik etdiyi
İctimai elmlər bölməsinin elmi katibi vəzifəsində
çalışmış şair-tərcüməçi
İmran Seyidov mənə danışmışdı ki,
"Pravda"da Stalin Mükafatları Komitəsinin qərarı
və yeni laureatların adları çap olunduğu gün səhər
tezdən M.C.Bağırov akademiki Mərkəzi Komitəyə
çağırtdırmış və istənilən
adamı vahiməyə salan isterik monoloqdan sonra mükafata
layiq görülən monoqrafiyanı sözün həqiqi mənasında
onun başına çırpmışdı. Qalın və
parıltılı kağızda çap olunmuş foliant isə
yetərincə ağır idi...
İmran Seyidovun dediyinə görə, həmin gün
"xozeyinin" yanından qayıdan Heydər Hüseynov
böyük sarsıntı içində olmuş, kabinetinə
çəkilib hönkür-hönkür
ağlamışdı. Ona su gətirən İ.Seyidova
hıçqırıqlar içində "İmran,
predstavləeşğ, on dvajdı udaril menə kniqoy po
qolove" -demişdi.
Tək qalanda isə damarını kəsib intihar etmək
istəmişdi. Amma birinci dəfə onu qurtarmaq
mümkün olmuşdu.
"Həddini
aşmış" alimi cəzalandırmaq baxımından
çıxılmazlıqdan əl atılmış
özünəqəsd də "xozeyinə" az görünmüşdü. M.C.Bağırov
dostluq əlaqələri saxladığı Lavrenti
Beriyanı işə qatmışdı. Hər yerə əli
çatan Beriyanın müdaxiləsi nəticəsində məsələ
böyüyüb Kreml səviyyəsində müzakirəyə
çıxarılmış və Stalin Mükafatları
Komitəsinin tarixində sonralar bir də təkrarlanmayan (və
təəssüf ki, yeganə presedent də bizimlə
bağlı olan) hadisə baş vermişdi: SSRİ Nazirlər
Sovetinin qərarı ilə mükafat heç bir cinayət
törətməmiş sahibindən geri
alınmışdı.
Y.Borev
"Staliniada" kitabında yazır: "Bu, artıq rəsmən
elan olunmuş Stalin mükafatının geri alınması ilə
bağlı ilk təsadüf idi və həmin təsadüf
bizim ölkədə torpağın adamın
ayağının altından necə asanlıqla
qaçdığını aydın göstərirdi. Stalin
dövrünün meyarları baxımından Sovet cəmiyyəti
qarşısında böyük xidmətləri olan professor
Elsberqin (tanınmış ədəbiyyaşünas, bəzi
məlumatlara görə uzun illər SSRİ DTK-nin informatoru - V.Q.)
1950-1951-ci illərdə Hüseynovun mükafatı geri
alınandan sonra necə həyəcanlandığı indi də
gözlərim önündədir".
Lakin mükafatın geri alınması da M.C.Bağırovun qəzəbini soyutmadı. Heç şübhəsiz, onun göstərişi ilə Heydər Hüseynova qarşı təqiblər başlandı. Əsas hədəf kimi isə Şeyx Şamilə və dağlılar hərəkatına münasibət götürülürdü. Təqiblər həm ideoloji, həm də şəxsi planda aparılırdı. Alimin qardaşı həbs edilmişdi. Öz ətrafındakı halqa isə günü-gündən daralırdı. Tutduğu bütün vəzifələrdən azad edilmişdi. Faktiki ev dustağına çevrilmişdi. H.Hüseynovun simasında yeni xalq düşməninin tapıldığı artıq heç kəsə sirr deyildi.
Müharibənin bir qədər səngidib arxa plana keçirdiyi terror dalğası 40-cı illərin sonunda yenidən cəmiyyəti silkələməyə başlamışdı. Həm də bu dəfə əsas hədəf kimi yaradıcı adamlar - ziyalılar, alimlər seçilmişdi. M.Zoşşenko və A.Axmatova, "Zvezda" və "Leninqrad" jurnalları, V.Muradelinin "Böyük dostluq" operası haqqında məlum partiya qərarları həmin dövrdə çıxmışdı. "Leninqrad işi" deyilən qondarma ssenari quraşdırılmış, məşhur iqtisadçı A.İ.Voznesenski başda olmaqla bir qrup dövlət adamı həbs edilib güllələnmişdi. "Həkimlərin işi" adlanan başqa bir ssenari gündəlikdə idi. Bir sözlə, bütün ölkə miqyasında 1937-ci ilin təkrarına ciddi hazırlıq görülürdü. Yalnız tiranın ölümü cəza maşınının bütün dəhşəti ilə işə düşməsinin qarşısını aldı. Amma buna baxmayaraq, keçmiş SSRİ-nin digər regionlarında olduğu kimi, 1950-ci ildə yenidən gündəmə gələn repressiya dalğası Azərbaycandan da qansız-qadasız ötüşmədi.
1950-ci il iyul ayının 14-15-də Bakıda, Filarmoniyanın Yay salonunda Azərbaycan ziyalılarının yığıncağı keçirildi. Rəsmi məlumatlar toplantının işində iki min nəfərə qədər ziyalının iştirak etdiyini, Rəyasət heyətində Azərbaycan KP MK-nın katibi M.C.Bağırovun, Nazirlər Sovetinin sədri T.Quliyevin, Ali Sovetin sədri N.Heydərovun oturduqlarını, yığıncağı Azərbaycan KP MK-nın katibi T.Yaqubovun açdığını xəbər verir. Yığıncaqda M.C.Bağırovun "Azərbaycan ziyalılarının növbəti vəzifələri haqqında" adlı geniş, belə hallarda deyildiyi kimi, proqram xarakterli məruzəsi dinlənilmişdi. Məruzə ətrafında müzakirələrdə professor C.Xəndan, Azərbaycan KP MK Təbliğat və Təşviqat şöbəsi müdirinin müavini V.Səmədov, Azərbaycan EA Ədəbiyyat İnstitutunun direktoru, professor M.A.Dadaşzadə, akademik M.Topçubaşov, Azərbaycan Yazıçılar İttifaqının sədri M.İbrahimov, dilçi-professor M.Şirəliyev, yazıçı M.Hüseyn, şair-akademik S.Vurğun, professor Ə.Dəmirçizadə və b. çıxış etmişdilər.
İclasa qədər respublikanın elmi idarə və təşkilatlarında, yaradıcı ziyalılar arasında güclü "hazırlıq" işi aparılmışdı. EA institutlarındakı və ali məktəblərdəki yığıncaqlarda H.Hüseynov və onun xatalı qəhrəmanı haqqında "ifşaedici rəylər" toplanılmış və dəqiqliklə sənədləşdirilmişdi.
Həmin rəylərdən bəzilərini müəlliflərin adını göstərmədən təqdim edirəm.
Dilçilik İnstitutunun elmi katibi, ÜİK(b) üzvü... : "Azərbaycanın ictimai təşkilatlarının Hüseynova Stalin mükafatı laureatı adının verilməsi haqqındakı qərarının ləğvi ilə bağlı tələbləri və bunun ardınca Stalin Mükafatları Komitəsinin, habelə SSRİ Nazirlər Sovetinin müvafiq qərarları tamamilə ədalətli addımdır. Çünki Hüseynov həqiqətən kitabında müridizmi ideallaşdırmış, Şamil hərəkatının tarixi mənasını təhrif etmiş, öz burjua-millətçi tərəddüdlərinə meydan açmışdır.
Hüseynov tərəfindən Şamilin xalqın seçdiyi mütərəqqi xadim kimi qiymətləndirilməsi antimarksist mövqedir".
MELİ (Marks, Engels, Lenin İnstitututu - V.Q.) Azərbaycan
Filialının baş elmi işçisi, ÜİK(b)P
üzvü... : "Hüseynov axır vaxtlar çox həddini
aşmışdı, heç kimlə
hesablaşmırdı. Hətta iş o yerə
çatmışdı ki, Azərbaycan KP(b)
MK-nın başı üzərindən kitabını Moskvaya,
Stalin mükafatına təqdim etmişdi. Hələ
bu azmış kimi, o, Elmlər Akademiyasının binasında
intihara cəhd kimi alçaq bir hərəkətə yol verərək
bizdə guya alimlərin
sıxışdırıldıqlarını, guya onların
müdafiə məqsədi ilə müraciət edəcəkləri
bir yerin olmadığını sübuta yetirməyə
çalışmışdı.
Hüseynov
təsadüfən yüksəlmiş adam
idi və buna görə də baş verənlər təsadüfi
sayılmamalıdır. Bunu tez və ya gec
gözləmək lazım idi".
Azərbaycan
Tibb İnstitutu Histologiya kafedrasının müdiri, ÜİK(b)P üzvü ... : "Hüseynovun
vicdansız adam olduğu aşkara çıxır,
çünki o, Türkiyənin və İngiltərənin
casusu Şamili ideallaşdırmaq fikrinə
düşmüşdü. Yalnız vicdansız adam belə bir işi Stalin mükafatına təqdim
edə bilərdi".
"Pioner"
qəzeti redaksiyasının əməkdaşı, ÜİK(b)P üzvü, şair... : "Bu
Stalin Mükafatları Komitəsinin qərarının ləğvi
ilə bağlı ilk təsadüfdür. Hüseynov
tək özünü deyil, bütün respublikanı
biabır etmişdir.
Heydər Hüseynovu ictimai və fəlsəfi elmlər
sahəsində bir nömrəli mütəxəssis
sayırdılar, daim diqqət və qayğı göstərirdilər. Lakin
bütün bu zəhmətlər hədər getdi. Onun hərəkəti bağışlanmaz səhv
deyil, cinayətdir".
"Azərnəşr"in
direktoru, ÜİK(b)P üzvü ... :
"Heydər Hüseynovu həmişə Azərbaycanın
bütün qalan alimlərindən bir baş yuxarı
tuturdular. O, elmi fikrin digər nümayəndələri üzərində
özünəməxsus diktator idi. Gərək
ona bu şəkildə əndazəsini aşmağa imkan
verilməyəydi. Bu, səhv idi və indi
həmin səhvin nəticəsi göz qabağındadır.
O, əsaslı iradları öz alim ləyaqətinə
qarşı yönəldilmiş təhqir kimi qəbul edirdi və
nəticədə özünəqəsd kimi yaramaz bir
provakasiyaya əl atdı. Çox güman Hüseynov bu hərəkəti
ilə Azərbaycan KP(b) MK-nın rəhbərliyini
zərbə altında qoymaq istəmişdi. Ancaq
o, zənnində yanılmışdır".
Belə
baltanı kökündən vuran donos-rəylər az deyil.
Və təbii ki, bu qaragüruhçu
çıxışlar qorxudulmuş, küncə
sıxışdırılmış kabinet
ziyalısını intihara sövq etmək üçün
yetərli idi.
C.Bağırovun qəzəb və hiddəti təkcə
akademik Heydər Hüseynova deyil, onunla bu və ya digər
şəkildə əməkdaşlıq edən digər
tanınmış Azərbaycan ziyalılarına qarşı
da çevrilmişdi. Onların sırasında kitabın
redaktoru və ön sözün müəllifi akademik
A.O.Makovelski, akademik M.İbrahimov, professor M.A.Dadaşzadə,
yazıçı M.Hüseyn də vardı. "Xozeyin" hətta Mirzə İbrahimovun kitab
müəllifinə ünvanlanmış şəxsi məktubunu
da iki min nəfərlik auditoriya qarşısında
oxumağı məqbul saymışdı.
Məktubda qeyri-adi bir şey yox idi. Mirzə
İbrahimov həmkarını uğurlu əsər münasibəti
ilə təbrik edir, gələcəkdə bu istiqamətdə
axtarışlarını davam etdirməyi məsləhət
görürdü. Yeri gəlmişkən,
Mirzə İbrahimov iclasda da fikirlərindən imtina etməmişdi.
Doğrudur, vəziyyətdən çıxmaq
üçün müxtəlif üsullara əl
atmışdı, lakin həmkarına qarşı siyasi
ittiham irəli sürməmişdi. M.C.Bağırovun
zəhmi və xofu qarşısında M.A.Dadaşzadə və
Mehdi Hüseyn də duruş gətirmişdilər.
Məmməd
Arifin nəvəsi Zümrüd xanım Dadaşzadə
babasına söhbətinə istinadən yazır:
"Filarmoniyadakı iclasda Bağırov məhz M.Arifə
Hüseynovu ifşa edən məruzə ilə
çıxış etməyi tapşırmışdı. Amma M.Arif tənqiddən yayınaraq, rəhbəri
olduğu institutun işləri haqqında
danışmışdı. Bağırov bir neçə
dəfə onun sözünü kəsib: "Arif, perexodi k
suti - mətləbə keç" - demişdi. Nəhayət,
hirslənib: "Arif, tı xuje, çem Qeydar Quseynov, tı-
tureükiy şpion", - deyə
çığırmışdı. Deyilənə görə,
tribunadan düşəndən sonra, Arif müəllimin əyləşdiyi
sırada və onun arxasında heç kim
qalmamışdı. Sonra da Məmməd Arif
işdən, partiyadan, Yazıçılar
İttifaqının üzvlüyündən azad
edilmişdi".
Bütün bunlar şəraitin mürəkkəbliyinə
baxmayaraq, 50-ci illər Azərbaycan ziyalılarının
simalarını qorumaq üçün bəzən hətta
riskli addımlar atdıqlarının nümunəsi sayıla
bilər. Məhz belə münasibətlərinə görə
iclasın qətnaməsində bir sıra ziyalıların
Heydər Hüseynovun şəxsinə və zərərli əsərinə
münasibətdə prinsipsiz mövqe tutduqları qeyd
olunmuşdu.
Amma təbii ki, zəif etirazlar əvvəlcədən
hazır olan hökmün qarşısını ala bilməmişdi. Belə şəraitdə
tamamən ruhdan düşmüş, təklənmiş,
sarsılmış və yəqin ki, həyatından, elmi
karyerasından daha çox ailəsinin, xanımı ilə
üç kiçik yaşlı qızının aqibətini
düşünən Heydər Hüseynov Filarmoniyadakı
iclasdan düz bir ay sonra - əvvəldə də deyildiyi kimi,
1950-ci il avqustunda Mərdəkandakı kasıbyana
bağında intihar etdi. Deyilənə görə,
EA-dakı ilk intihar cəhdindən sonra qoca anası onu
qarabaqara izləyir, dəhşətli niyyətinin
qarşısını almaq istəyirmiş.
Qarının bütün səylərinə baxmayaraq, bu,
mümkün olmamışdı...
M.C.Bağırovun hökmü ilə mükafatı əlindən
alınandan, işdən çıxarılandan sonra Heydər
Hüseynovun "kitabının bağlandığı"
artıq heç kəsə sirr deyildi. Təəssüf
ki, o zaman da, indi də bizdə "kitabı
bağlananların" müdafiəsinə qalxanlar
günün günorta çağı çıraqla
axtarılanlar qədər azdır.
Amma yox!
Göründüyü
kimi, hətta
M.C.Bağırovun yanında Heydər Hüseynova
qara yaxmaqla bağlı plana zidd gedənlər olmuşdu.
Cəmiyyətdə isə təkcə donosbazlar söz
sahibi deyildilər. Vicdanlı adamlar hətta izləndiklərini
bilsələr də, dəhşətli ədalətsizliyə
laqeyd qalmamışdılar.
Azərbaycan
SSR Dövlət Təhlükəsizliyi naziri A.Yemelyanovun
M.C.Bağırova 24 may 1950-ci il tarixli
"tam məxfi" məktubunda belə cəsarətli şəxslərin
fikirlərindən nümunələr gətirilmişdi.
Yuxarıda
istinad etdiyimiz donos müəlliflərindən fərqli olaraq
onların adlarını mütləq xatırlatmaq lazımdır:
Memarlıq
namizədi, Azərbaycan EA İncəsənət
İnstitutunun Memarlıq şöbəsinin müdiri, bitərəf
Qəzənfər Əlizadə: "Komitənin (Stalin
Mükafatları Komitəsi - V.Q.) məlumatında Şamil hərəkatına
verilən qiymət məni xeyli təəccübləndirdi. Şeyx Şamil Nikolay Rusiyası kimi
irticaçı bir qüvvənin qarşısında təbii
ki, kiməsə arxalanmalı idi.
Mən milli-azadlıq hərəkatının nə
olduğunu aydınlaşdırmağa çox çətinlik
çəkirəm. Hüseynov özündən heç nə
yazmayıb. O, sadəcə, indiyə qədər
Şamil hərəkatına münasibətdə mövcud
olan nöqteyi-nəzəri təsdiq edib".
Azərbaycan
SSR EA Coğrafiya İnstitutunun baş elmi işçisi, kənd
təsərrüfatı elmləri namizədi Hüseyn Mamayev
(görkəmli ədib Əbdürrəhim bəy Haqverdiyevin
bacısı oğlu - V.Q.) mövqeyini daha sərt ifadə
etmişdi: "Hüseynovu göyə qaldırdılar. Oradan da yerə çırpdılar. Zavallı
Şamil 30 il çara qarşı
mübarizə aparmışdı. İndi də
deyirlər ki, Türkiyə ilə İngiltərənin casusu
olub. Əlbəttə, bunlar çox
gülməlidir.
İndi Suvorov haqqında sərgilər təşkil
olunur. Qəzetlər Azərbaycan zəhmətkeşlərinin
onun vəfatının 150 illiyini qeyd etməyə
hazırlaşdıqlarını yazır. Bütün bunlar ancaq ona görədir ki, Suvorov
türklərin kökünü kəsməklə məşğul
olub. Hər şey tərsinə
çevrilib.
Mirzə Kazımbəy Azərbaycanda yeganə layiqli
professor olub. Hazırda ona qarşı çevrilmiş
çıxışlar məndə yalnız hiddət
oyadır".
ÜİK(b)P
üzvü, Azərbaycan Pedaqoji İnstitutunun SSRİ tarixi
kafedrasının assisienti Əsəd Dilbazi də akademik
H.Hüseynova qarşı kampaniyaya kəskin etirazını bildirmiş,
ziyalılara münasibətdə "terrora"
qayıdış təhlükəsinin baş
qaldırdığından danışmışdı:
"Bizdə indi nə isə ağlasığmaz işlər
baş verir. 1937-ci ilin qaydalarını bərpa
ediblər və yenidən ziyalılara qarşı terrora əl
atıblar. Heydər Hüseynov
Ümumittifaq miqyaslı böyük alimdir. Amma onu elə vəziyyətə gətiriblər ki,
intihara cəhd edib".
Yaponiyanın ədəbiyyat üzrə ilk Nobel laureatı (1968) Yasunari Kavabata yazırdı: "İnsanın dünyaya yadlaşma dərəcəsindən asılı olmayaraq intihar etiraz forması sayıla bilməz. İntiharla həyatına son qoyan insan nə qədər ideal təsir bağışlasa da, müqəddəs hesab oluna bilməz".
Heydər Hüseynov nə ideallıq, nə də müqəddəslik iddiasında idi. O, sadəcə bir alim və insan ömrü yaşamaq istəyirdi. Amma buna imkan verilməmişdi. Digər yandan taleyin istehzasına bax ki, ilk baxışdan çox müdrik görünən yuxarıdakı sitatın müəllifi Kavabata özü də həyatına intiharla son qoymuşdu.
Doğrudan da, ilahinin yolları gözəgörünməz və dərkedilməzdir.
Filosof-alimin həyatına qəsd məsələsinə gəldikdə isə yuxarıda qeyd edildiyi kimi, baş tutmamış intihar cəhdi olmuşdu. Bəlkə də böyük sarsıntı, ümidsizlik xofu və həyəcan siqnalı kimi səslənən həmin cəhddən sonra H.Hüseynova şəfqət və qayğı ilə yanaşılsaydı, ən azı azı həyatına qəsd etməklə "günahlarını yuduğu" deyilsəydi, XX yüzillikdə Azərbaycan elminin və mədəniyyətinin payına düşən faciələrdən birinin qarşını almaq olardı.
Hansı şəraitə düşməsindən asılı olmayaraq insanın özünə əl qaldırmasını qəhrəmanlıq adlandırmaq çətindir. Eyni zamanda, bu qeyri-adi, faciəvi qərarı qəbul edən insanların hərəkətlərinə necə deyərlər, "post-faktum" qiymət vermək, aradan illər keçəndən sonra ədalətli münsif fikrinə düşmək üçün də bizim hər hansı mənəvi haqqımız və səlahiyyətimiz yoxdur.
Bizə sadəcə acı keçmişə görə təəssüflənmək qalır.
Aradan onilliklər keçsə də,
Heydər Hüseynovun EA-nın Fəlsəfə və
Hüquq İnstitutunda işləyən və ara-sıra rastlaşdığım,
bir neçə dəfə həmsöhbət olduğum qızı Sara xanımın sifəti
indi də gözlərim önündən çəkilmir.
Sanki ata itkisi, ailənin yaşadığı bütün
qorxu, dəhşət və iztirablar bu sifətdə həkk
edilmişdi...
Vilayət
QULİYEV
525-ci qəzet.- 2021.- 28 avqust.- S.10-11.