100 yaşlı universitet
Ölkəmizin
aparıcı ali təhsil
ocaqlarından biri olan Azərbaycan Dövlət Pedaqoji
Universitetinin (ADPU) yaradılmasının 100-cü
ildönümü tamam olub. Azərbaycan ziyalılarının milli təəssübkeşliyi,
əzmkarlığı və fədakarlığı sayəsində
yaradılan universitet çətin, mürəkkəb və
şərəfli bir yol keçən, milli düşüncənin
inkişafına, pedaqoji və elmi-pedaqoji kadrların
hazırlığına əvəzsiz töhfələr verən şöhrətli
təhsil və elm müəssisəsinə çevrilib.
ADPU-nun
rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov
deyir ki, Prezident İlham Əliyevin "Azərbaycan Dövlət
Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi
haqqında" Sərəncamı bir əsr ərzində əldə
olunmuş nailiyyətlərə verilən ən yüksək
qiymətdir. Sərəncamda universitetin ölkənin
inkişafındakı xüsusi rolu vurğulanır. Onun
sözlərinə görə, zəngin ənənəyə
malik ali təhsil ocağı 1921-ci ilin 26 avqustunda Azərbaycan
Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun
imzaladığı dekret əsasında cəmi 8 müəllim
və 6 tələbə ilə fəaliyyətə
başlayıb. Dekretin imzalanmasından xeyli əvvəl
Pedaqoji İnstitutun təşkili ilə bağlı müəyyən
hazırlıq işləri aparılmış, bu məqsədlə
hələ 1920-ci ilin sonunda xüsusi komissiya yaradılıb.
Böyük
elmi-pedaqoji kollektivə və çoxminli tələbə
kontingentinə sahib olan Azərbaycan Dövlət Pedaqoji
Universitetinə çevrilənədək bu təhsil müəssisəsi
uzun bir yol qət etmiş, son 100 il ərzində 160 mindən
çox yüksəkixtisaslı müəllim kadrları
yetişdirməklə ölkənin sosial-mədəni
inkişafında mühüm rol oynayıb. Pedaqogika, psixologiya
və ayrı-ayrı fənlərin tədrisi metodikası məhz
bu ali məktəbdə təşəkkül
tapıb. Eyni zamanda, bir əsrlik fəaliyyəti
dövründə Pedaqoji Universitet yalnız Azərbaycan
üçün deyil, Gürcüstan, Mərkəzi Asiya
ölkələri, Bolqarıstan və digər ölkələr
üçün də yüksək səviyyəli müəllim
və elmi kadr hazırlığı işini uğurla həyata
keçirib.
Cəfər Cəfərovun dediyinə görə,
Pedaqoji Universitet Azərbaycanda elm və təhsilin
inkişafına sanballı töhfələr verən
tanınmış alimlər yetişdirib, paralel olaraq, həm
də elmi mərkəz kimi formalaşıb inkişaf edib. Xalqımızın fəxr
etdiyi yüzlərlə görkəmli alim, yaradıcı
ziyalı, ictimai və dövlət xadimi bu universitetdə təhsil
alıb: "Pedaqoji Universitet ölkədə pedaqoji və
elmi-pedaqoji kadrların hazırlığını, təkmilləşdirilməsini
və ixtisasının artırılmasını həyata
keçirən pedaqoji təhsil müəssisələrinin
böyük əksəriyyətinin yaradılmasında ilkin
baza rolunu oynayıb, onların sonrakı inkişafına
yaxından dəstək göstərib. Azərbaycan Elmi-Tədqiqat
Pedaqoji Elmlər İnstitutu (indiki Təhsil İnstitutu),
30-40-cı illərdə fəaliyyət göstərən
ikiillik müəllimlər institutları, indiki Gəncə
Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və
Bakı Slavyan Universiteti, ya Pedaqoji İnstitutun ayrı-ayrı
fakültələrinin bazasında yaradılıb, ya da institutun pedaqoji kadrlarının köməyi
ilə fəaliyyətə başlayıb.
Azərbaycan
Pedaqoji İnstitutunun Naxçıvan filialının
(1967-1972) əsasında Y.Məmmədəliyev adına
Naxçıvan Pedaqoji İnstitutu, onun bazasında isə
sonralar Naxçıvan Dövlət Universiteti
formalaşıb. 1967-ci ildə 3 ixtisas üzrə 102 tələbə
və 3 müəllimlə fəaliyyətə başlayan
indiki Naxçıvan Dövlət Universitetində hazırda
6 minə yaxın tələbə təhsil alır".
Rektorun
sözlərinə görə, 1969-cu ildə Azərbaycan
Pedaqoji İnstitutunun filialı kimi fəaliyyətə
başlayan Xankəndi Pedaqoji İnstitutu 1973-cü ildə
müstəqil ali məktəbə
çevrilib və 16 may 1988-ci ilə kimi fəaliyyət
göstərib. 1988-ci ildə erməni millətçiləri
tərəfindən Xankəndidən qovulan institutun Azərbaycan
bölməsinin müəllim və tələbələri
bir müddət Gəncə Pedaqoji İnstitutunda yerləşib,
sonra isə Şuşaya qayıdıblar. Pedaqoji
İnstitutun Şuşa fakültəsi,
onun əsasında isə Şuşa filialı
yaradılıb. Həmin filial hazırda
Ağcabədi filialı kimi ADPU-nun nəzdində fəaliyyət
göstərir".
C.Cəfərov vurğulayıb ki, Azərbaycan Dövlət
Pedaqoji Universiteti fəaliyyətinin əksər mərhələlərində,
xüsusən də Ulu öndər Heydər Əliyevin
ölkəyə rəhbərlik etdiyi illərdə dövlətin
müstəsna diqqət və qayğısı ilə əhatə
olunub. Ulu öndərin Pedaqoji İnstitutun 50 illik yubileyində
dediyi "Azərbaycan Dövlət Pedaqoji İnstitutu
böyük və çətin yol keçib. Onun
kollektivi Azərbaycan ümumtəhsil məktəbinin
inkişafında böyük xidmət göstərmiş,
institut xalq maarifi üçün yüksəkixtisaslı
kadrlar ocağına çevrilmişdir" sözləri
professor-müəllim heyətinin fəaliyyətinə yeni
stimul verib, institutun inkişaf strategiyasının
hazırlanmasında və həyata keçirilməsində
mühüm rol oynayıb: "Son illər Pedaqoji Universitet
Prezident İlham Əliyevin müstəsna diqqət və
qayğısı sayəsində dinamik inkişaf yoluna qədəm
qoyub. Prezidentin 2006-cı il tarixli Sərəncamı
ilə ADPU-nun 85 illik, 2012-ci il tarixli Sərəncamı ilə
90 illik yubileyləri qeyd edilib. Elmin və təhsilin
inkişafındakı xidmətlərinə görə
universitet əməkdaşlarından 4-ü "Şöhrət"
ordeni, 1-i 3-cü dərəcəli "Vətənə xidmətə
görə" ordeni, 29-u "Tərəqqi" medalı ilə
təltif olunmuş, 42-si "Əməkdar müəllim",
6-sı "Əməkdar elm xadimi", 5-i "Əməkdar
jurnalist", 3-ü "Əməkdar mədəniyyət
işçisi", 2-si "Əməkdar rəssam", 1-i
"Əməkdar mühəndis", 1-i "Əməkdar bədən
tərbiyəsi və idman xadimi" fəxri adlarına layiq
görülüb, 3 nəfərə Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdləri verilib.
Prezident İlham Əliyevin Azərbaycan Dövlət Pedaqoji
Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı
20 min nəfərdən çox üzvü olan böyük
ADPU ailəsinə böyük sevinc bəxş edib,
bütün kollektivi daha səmərəli fəaliyyətə
ruhlandırıb".
Rektor qeyd
edib ki, son
illər ölkədə
aparılan ardıcıl və məqsədyönlü islahatlar təhsilin bütün pillə
və səviyyələrində yeni dövrün tələblərinə
uyğun məzmun, bazanın formalaşdırılması,
yaradıcı təfəkkürə, vətənpərvərlik
ruhuna malik olan praktik səriştəli vətəndaşların
yetişdirilməsi kimi ali hədəflərə yönəlib.
Nisbətən qısa zaman kəsiyində bu
istiqamətdə nəzərəçarpacaq dəyişikliklər
baş verib, müəyyən nailiyyətlər əldə
edilib. Ölkənin orta ümumtəhsil müəssisələrində
kurikulum sisteminin tətbiqi, müəllimlərin elektron
müsabiqə yolu ilə işə qəbulu, onların bilik
və bacarıqlarının müxtəlif səviyyələrdə
monitorinqi və qiymətləndirilməsi, şagirdlərin məktəbə
elektron qaydada qəbulu kimi innovativ yanaşmalar artıq öz
müsbət nəticələrini verməkdədir: "Son
18 ildə təhsilin maddi-texniki bazasının təkmilləşdirilməsi
məqsədilə istər dövlət, istərsə də
Heydər Əliyev Fondu tərəfindən ən yüksək
standartlara cavab verən minlərlə yeni məktəb
binası inşa olunan, universitet və institutların texniki təchizatı
yaxşılaşdırılıb, İKT-nin tətbiqinin
genişləndirilməsi üzrə dövlət
proqramları hazırlanaraq icra edilib. Ötən ildən
dünyanı cənginə alan qlobal koronavirus pandemiyası
fonunda bütün təhsil sisteminin distant tədrisə
keçməsi ilə əlaqədar ən qısa zamanda əhatəli
virtual təhsil platformasının yaradılması isə
dövlətin və onun müvafiq qurumlarının bu sahədə
nə qədər çevik və səriştəli olduqlarını bir
daha nümayiş etdirib. Təhsilin bütün
pillələrinin inkişafı ilə bağlı hüquqi
bazanın yenilənməsi və təkmilləşdirilməsi
istiqamətində də ardıcıl və nəticəyönümlü
tədbirlər həyata keçirilir. İlin əvvəlində
dövlət başçısı tərəfindən təsdiq
olunan "Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"
adlı strateji inkişaf sənədində XXI əsrin tələblərinə
uyğun təhsil sisteminin formalaşdırılması
dayanıqlı dövlətin əsas hədəflərindən
biri kimi öz əksini tapıb".
Cəfər
Cəfərov söyləyib ki, bütün bu islahatlar ali təhsildən, xüsusən də orta
ümumtəhsil sisteminə birbaşa təsir edən pedaqoji
ali təhsildən yan keçə bilməz. Bu baxımdan,
ölkənin əsas pedaqoji ali təhsil müəssisəsi
olan ADPU-da da bütün sahə və istiqamətlər
üzrə sürətli inkişaf və yenilənmə prosesləri gedir.
Bu gün
Bakıdakı 4 tədris korpusu, Quba, Şamaxı, Şəki,
Ağcabədi və Cəlilabaddakı filialları, tərkibindəki
Azərbaycan Dövlət Pedaqoji Kolleci və Bakı şəhərindəki
baza məktəbi ilə ölkənin ən böyük və
şəbəkələşmiş ali təhsil müəssisələrindən
olan Pedaqoji Universitet, orta məktəblərin tədris
proqramlarına daxil olan bütün fənlər üzrə
bakalavriat səviyyəsində peşəkar və zəruri
bacarıqlara malik müəllimlər yetişdirir. Universitetdə
ümumilikdə 18000-dən artıq tələbənin təlimi
ilə 2000-dək əməkdaş məşğul olur ki,
onların da arasında 70-dən çox elmlər doktoru,
professor, yüzlərlə dosent və fəlsəfə doktoru var:
"Mübaliğəsiz demək olar ki, son illərdə
Pedaqoji Universitet keyfiyyətcə yeni inkişaf mərhələsinə
qədəm qoyub. Ali təhsil müəssisəsində
həm maddi-texniki baza, həm tədris, həm sosial həyat,
həm də elmi fəaliyyət uğurla inkişaf etməkdədir.
Dövlət siyasətinin prioritetlərinə
uyğun olaraq, bu gün professor-müəllim və tədris-yardımçı
heyətin gəncləşdirilməsi prosesi gedir, universitetin
məzunları davamlı olaraq doğma təhsil
ocağında işə cəlb edilirlər.
Şəffaflıq,
keyfiyyət və tələbə məmnuniyyətini hədəfləyən
kompleks tədbirlər nəticəsində Pedaqoji Universitetin əldə
etdiyi uğurları və tətbiq olunan yenilikləri
qısaca nəzərdən keçirməklə inkişaf
dinamikasını izləmək
mümkündür.
Bu gün 100 yaşı tamam olan Pedaqoji Universitet fəaliyyətinin
növbəti yüzilliyinə yeni və daha çevik hədəflərlə
daxil olur. Necə deyərlər, yubiley, əslində, geriyə
baxmaq, görülən işlərə nəzər salıb
gələcəyi müəyyənləşdirmək
üçün düşünmə imkanıdır.
XXI əsrdə - dünyada elm,
təhsil və texnologiyaların misli görünməyən
sürətlə inkişaf etdiyi bir şəraitdə Pedaqoji
Universitet yüksəkixtisaslı, müasir
dünyagörüşlü, milli dəyərlərə
sadiq müəllim kadrlarının hazırlanmasını təmin
etmək üçün aşağıda sadalanacaq vəzifələrin
yerinə yetirilməsini strateji xətt kimi müəyyənləşdirib.
100 illik yubileydən sonra universitetin 2030-cu ilə
hədəflənən yeni strateji inkişaf planında da bu
istiqamətlər nəzərə alınacaqdır".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 28 avqust.- S.7.