Elxan Yurdoğlu şeirlərinin dil xüsusiyyətləri  

 

İnkaredilməz həqiqətdir ki, Azərbaycan xalqı zaman-zaman tarixi şəxsiyyətlər, rəssamlar, bəstəkarlar, alimlər yetişdirdiyi kimi, şair və yazıçılar da yetişdirib. Nizamilər, Füzulilər, Mirzə Cəlillər, Cavidlər, Vurğunlar, Arazlar yetişdirən xalq yeni istedadlar yetişdirmək gücündədir.

 

Şair və yazıçılarımızın əsərlərində xalqımızın tarixi, etnik kimliyi, mədəni və sosial həyatı əks olunmaqla yanaşı, Azərbaycan dilinə məhəbbət, hörmət, Azərbaycan dilinin qrammatik quruluşuna dair fundamental nəzəri məlumatları özündə etiva edən praktik cəhətlər də geniş şəkildə əks olunmuşdur. Buna görə də, yazarlarımızın əsərləri müxtəlif parametrlərlə tədqiq olunmaqla yanaşı, onların dil xüsusiyyətləri də araşdırılmalıdır. Çünki şair və yazıçıların əsərləri dil materialları ilə zəngin olan əvəzsiz bir xəzinədir. Bu xəzinə zaman-zaman müxtəlif alim, dissertant, dilçilər tərəfindən öyrənilsə də, bu iş ənənəvi xarakter almayıb. 

 

Təəssüflə demək lazımdır ki, xüsusən, orta və gənc nəslin nümayəndələrinin əsərlərinin bu baxımdan tədqiqi, araşdırılması diqqətdən kənarda qalıb. Bu qəbil yazarların sırasında Naxçıvanda yaşayan şair və yazıçılar da az deyil. Naxçıvanda yaşayıb-yaratmış yazarlardan Adil Qasımlı, Əbülfəz Muxtaroğlu, Muxtar Qasımzadə, Xanəli Kərimli, Asim Yadigar, İbrahim Yusifoğlunun əsərləri dil baxımından araşdırılıb. 

 

Gənc və istedadlı şair Elxan Yurdoğlunun şeirləri də dil materialları baxımından zəngin olduğu üçün öyrənilməyə ehtiyac var. 

 

Seçdiyi təxəllüsdən də vətənə, yurda, torpağa bağlı olduğu görünən, hər misrasından vətən ətri gələn E.Yurdoğlunun "Ulduz çoxluğu qədər təklik" adlı kitabının ilk səhifələrində yer alan "Canməkanım" şeirindən onun əsl yurd oğlu olduğu görünür.

 

Bu şeirdə ondan artıq Naxçıvan toponimi və ya antoponimi işlənib. Doğrudur, bu toponim və antoponimləri bir çox şairlər işlətmişlər. Ancaq gənc şair elə ilk səhifədə, ilk şeirində Haçadağ, Duzdağ, Batabat, Arpaçay, Xan Araz, Xan çoban, Naxçıvan, Nuhçıxan, Nuh yurdu kimi toponim və yer antoponimlərindən məharətlə istifadə edib. Şair yazır:

 

Canım yansa, bir can deyər arzularım candan çıxar,

Bura mənim can evimdir, bura mənim canməkanım.

Ürək əsər, ruh titrəyər, qəlb tövşüyər, can darıxar,

Bircə günlük səndən ayrı düşsəm əgər, Naxçıvanım.

 

Məqsədimiz şairin şeirlərini bədii cəhətdən təhlil etmək deyil. Biz şairin şeirlərinin dil xüsusiyyətlərini araşdırmaq istərdik. Qeyd etməliyik ki, Elxan Yurdoğlunun şeirləri mövzu, məzmun, ideya cəhətdən mükəmməl olduğu kimi, dilçilik baxımından da zəngin və rəngarəngdir. Yuxarıda təqdim etdiyimiz bir bəndlik şeirində təkcə can sözü II şəxsin təkinin mənsubiyyətində, adlıq halda, xüsusi və ümumi isim kimi, qeyri-müəyyən yiyəlik halda, çıxışlıq halda işlənmiş, həmçinin, can sözünə məkan sözünü qoşaraq mürəkkəb isim yaratmışdır. Bu da şairin Azərbaycan dilinə, onun qrammatikasına olan bələdliyindən irəli gəlir. Bunu da vurğulamaq lazımdır ki, can+məkan sözlərindən ilk dəfə mürəkkəb söz, xüsusi isim əmələ gətirən və həmin sözü Naxçıvan sözünün sinonimi kimi işlədən məhz gənc şairimiz Elxan Yurdoğludur.

 

Şairin şeirlərində işlənmiş isimlərin morfoloji xüsusiyyətləri də maraq doğurur. Düzəltmə, mürəkkəb isimlər və onların işlənmə məqamları bu baxımdan diqqət çəkir. Nəzəri dilçilik ədəbiyyatlarından bilirik ki, düzəltmə isimlər əsasən isimlərin və digər nitq hissələrinin kökünə leksik şəkilçilər artırılmaqla əmələ gəlir. Bu proses həm məhsuldar, həm də qeyri-məhsuldar şəkilçilər vasitəsilə yaranır. Bir cür yazılan qeyri məhsuldar, həmçinin, iki və dörd cür yazılan leksik şəkilçilər vasitəsi ilə söz yaradıcılığından istifadə Elxan Yurdoğlunun bəzi şeirlərində özünü göstərir. Bu mənada gənc şairin yaradıcılığında rast gəldiyimiz düzəltmə isimlərin işlənmə məqamlarına nəzər salaq. "Göy qurşağı göy üzünün yeddi rəngli möcüzəsi, Mənim yaddaş saxlancımdan qopub gələn yallı səsi"; "Araz mənim lal axışlı, dərd baxışlı duzlu yaram", "İnsanların əl qabarı qürur yeri, üz ağlığı, Tikan bitən çöllüklərdə çiçəkləndi meyvə bağı", "Gözəlliklər sərgisidir mənim muxtar respublikam", "Yağış-yağış sığalladım", "Bir az Tanrı təkliyi, Bir az ulduz uzaqlığı, Bir az kəklik səkliyi,  Bir az qurd yalquzaqlığı", "Adın şirinlik idi dodaq-dilə, xatırla" və sair misralarda altından xətt çəkdiyimiz sözlərin hər biri düzəltmə isimlərdir. Həmin düzəltmə isimlərin əmələ gəlmə yollarına və işlənmə məqamlarına nəzər yetirdikdə qrammatik üsulla bir çox poetik məzmun yaradıcılığı özünü göstərir. 

 

Elxan Yurdoğlunun şeirlərində  işlənmiş düzəltmə sözlərin əksəriyyəti -lıq, -çı, -ış və digər məhsuldar şəkilçilər vasitəsilə yaranan sözlərdir. Bəzi hallarda qeyri-məhsuldar şəkilçilər vasitəsi ilə isimlər düzəlib. Elxan Yurdoğlunun şeirlərində işlənmiş mürəkkəb isimlər və onların əmələ gəlməsi yolları da maraq doğurur. Bildiyimiz kimi, mürəkkəb sözlər, o cümlədən, mürəkkəb isimlər iki və iki-üç sözün birləşməsindən əmələ gəlir. Ya bitişik, ya da defislə yazılır.

 

Mürəkkəb isimlər ya yaxın mənalı, ya əks mənalı sözlərlə, ya müxtəlif sözlərin birləşməsi ilə, ya bir tərəfi leksik mənalı, digər tərəfi yaxın mənalı və ya mənasız sözlərin birləşməsindən əmələ gələn sözlərdən ibarət olur.

 

İndi isə Elxan Yurdoğlunun şeirlərində işlənmiş mürəkkəb isimlərin işlənmə məqamlarına və onların əmələ gəlmə yollarına diqqət yetirərkən yuxarıda qeyd olunanların hər biri ilə qarşılaşırıq: "Batabatım allı-güllü don geyinmiş nazlı gəlin", "Arpaçayın sularına Xançobanım nəğmə qoşar", "Bura mənim can evimdir, bura mənim Canməkanım", "Hər düşmən anasının ahından toy-büsat qur", "Aya baxırdılar günəbaxanlar", "Oğlun dəlidi, atam, Ruhu göyqurşağı rəngdə", "Ümidlərim təngnəfəsdi", "Adın şirinlik idi, dodaq-dilə, xatırla" və s.

 

Nümunələrdə işlənmiş mürəkkəb isimlərin əmələ gəlmə yollarına  diqqət yetirsək görərik ki, birinci nümunədə müxtəlif mənalı sözlərin birləşməsindən əmələ gəlib bitişik yazılan (Haçadağ, Arpaçay, Xançoban), yaxın mənalı sözlərin birləşməsindən yaranan (el-oba), eyni sözün təkrar olunaraq bitişik yazılması ilə (Batabat), yaxın mənalı sözlərin birləşməsindən əmələ gəlib defislə yazılan (toy-büsat) və sair mürəkkəb sözlərdən istifadə olunub. Şairin misralarında qarşılaşdığımız dil-dodaq, dost-tanış, xoşbəxtlik, bədbəxtlik, qan-qada və digər nümunələr poetik mənzərə yaradan mürəkkəb isimlərdir.

 

Elxan Yurdoğlu eyni ismin təkrarı ilə defislə yazılan mürəkkəb sözlər də yaradıb. Bu da dilimizdə nadir söz yaratma üsuludur. Məsələn, "ocaq-ocaq sevdim",  "dodaq-dodaq sevdim", "qərib-qərib darıxdım", "misra-misra yazdım" və s.

 

Elxan Yurdoğlunun bəzi şeirlərində işlənmiş feillərin morfoloji xüsusiyyətləri də diqqət çəkir. Təsriflənən və təsriflənməyən feillərlə yanaşı, şeirlərdə feilin quruluşca növləri də maraq doğurur.

 

Sözügedən şairin şeirlərində işlənmiş bəzi feilləri nümunə kimi təqdim edərək onların morfoloji xüsusiyyətlərinə nəzər salaq: "Ulduzları qısqandırar gecələrin işıq seli", "Hara baxsan Tanrı işi, hər addımda Tanrı əli", "Canım yansa, bir can deyər ağrılarım candan çıxar", "Addım-addım gəzdim bu şəhəri, gül-gül qoxladım, qucaq-qucaq sevdim", "Qızım, əllərini aç, dədən üçün, baş qoyub ovcunda unudum dərdi", "Səhər açılır artıq, ağarır sübhün danı. Mən yatım, sən oyan, dur - sevindir bu dünyanı" və sair.

 

Nümunələrdən də göründüyü kimi, şairin şeirlərindən seçilmiş misralarda işlənmiş feillərin əksəriyyəti: gəzdim, gördüm, tanıdım, sarıldım, sevdim və s. birinci şəxsin təkində, şühudi keçmişdə işlənmişdir. Nümunələrdəki tökür, istəyir, güc gəlir, ağarır və s. feillər isə üçüncü şəxsdə, indiki zamanda işlənib. Qeyd edək ki, seçilmiş nümunələrin və şairin şeirlərində qeyd etmədiyimiz digər nümunələrdə feillər əsasən indiki və keçmiş zamanlarda işlənib. Az da olsa, əmr şəklində al, yat, ver, qoyma, oyan, olur və s. feillərə də rast gəlirik. Seçdiyimiz və seçmədiyimiz feillərin içərisində arzu şəklində: yazaq, sağ olam, yatasan, böyüyəsən kimi feillər də işlənmişdir.

 

Burdan belə bir nəticəyə gəlmək olar ki, Elxan Yurdoğlunun şeirlərində feillərdən az istifadə olunub, həmin feillər isə, feilin sadə şəkillərindədir, lazım, vacib, şərt, bacarıq şəkillərinin nümunələrinə, demək olar ki, rast gəlmədik. Onu da qeyd etməliyik ki, şairin istifadə etdiyi feillər içərisində idi, imiş, isə hissəciklərinin qoşulduğu feillərə də, çox az rast gəlinir.

 

Şairin şeirlərində feilin təsriflənməyən formaları da kifayət qədər işlənib. Bunlara nümunə kimi aşağıdakı misralara baxaq: "Yağış suladıqca yaz güllərini", "Sərhəddə dayanan əsgərə döndüm", "Vətən üçün canını vermək istəyən nə çox", "Qaçmaq istəyirəm, səndən də qaçmaq", "Biz yolları bitirmədən, yollar bizi bitirdi", "Mən bilmirəm necə olur darıxmaq", "Sənə ilişib qaldım daraqda telin kimi", "Könlüm qış günündə üşüyən sərçə, qonub yalnızlığın pəncərəsinə", "Güman da yox unutmağa, canı, könlü ovutmağa", "Sevdiklərim sevmədi, hələ bir də üstəlik, itirmək istəməyib dost qoydular adımı" və bu kimi misralarda təsriflənməyən feillər aktiv iştirak edir.

 

Bunu da qeyd etməliyik ki, Elxan Yurdoğlunun şeirlərində maraqlı olsa da, həm təsriflənən, həm də təsriflənməyən feillər az istifadə olunub. Şair ən çox isimlərdən və isimlərin təkrarı ilə yaranan mürəkkəb sözlərdən istifadə edib. O, həm də elliptik formalı cümlələrdən - misralardan istifadə edib. Maraqlıdır ki, şair isimlərin təkrarı ilə defislə yaranan mürəkkəb zərflər əmələ gətirib. Məsələn: gül-gül darıxdım, küçə-küçə vərəqlədim, yarpaq-yarpaq sevdim, ürək-ürək açdım, könül-könül vuruldum və s. Hesab edirik ki, şair leksik şəkilçidən və "kimi" bənzətmə qoşmasından istifadə etmədən belə bir sintaktik yolla yeni tipli əsərlər ortaya qoya bilib.

 

Yekun olaraq qeyd etmək istəyirik ki, gənc şairlərin yaradıcılığının dil xüsusiyyətləri geniş şəkildə tədqiq olunmalı, araşdırılmalı, bu barədə sanballı tədqiqat əsərləri yazılmalıdır.

 

Elbrus VƏLİYEV,

Naxçıvan Dövlət Universitetinin

Tarix və filologiya fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2021.- 31 avqust.- S.12.