"Ayağım ilk dəfə Şuşa torpağına dəyib"

 

İntiqam Qasımzadə: "Mütaliəsi olmayan adam yaxşı yazıçı ola bilməz"

 

Bu yaxınlarda yazıçı-ssenarist, tərçüməçi, tənqidçi-ədəbiyyatşünas, "Azərbaycan" jurnalının baş redaktoru, Əməkdar İncəsənət xadimi İntiqam Qasımzadə Naxçıvan radiosunda yayımlanan "Ədəbi düşüncələr" verilişinin qonağı idi. Həyatda və ədəbiyyatda bir çox hadisələrin şahidi olmuş insanla ünsiyyətdə olmaq, həqiqətən də, çox maraqlı idi. Həmin söhbəti oxuculara təqdim edirik.

 

***

 

- Sizin həyatınız ədəbiyyata xidmət etməklə keçib. Özünüzdə ədəbi yorğunluq hiss etmirsiniz ki?

 

- Yorğunluqdan danışmaq hələ tezdi. Siz, deyəsən, məni təqaüdə göndərmək istəyirsiniz (gülür). Təqaüdə çoxdan çıxmışam. Amma yazıçı, ədəbiyyatşünas, alim, rəssam, sənət adamları ömürlərinin axırına qədər təqaüdə çıxmırlar. Nə qədər ki, şüurları var, əql və zəkaları yerindədi, onlar çalışırlar, yaradırlar, sənətə xidmət eşqi ilə yaşayırlar. "Azərbaycan" jurnalına gəlməmişdən öncə əyani olaraq Dil və Ədəbiyyat İnstitutunda aspiranturada oxumuşam, dissertasiya yazmışam. Sonra iş elə gətirdi ki, mən altı-yeddi il kino sahəsində çalışdım. 76-cı ilin yanvarından "Azərbaycan" jurnalındayam, 45 ildir... Bura gələndə cavan oğlan idim. İndi ağsaqqal bir adamam, 25 ildir bu jurnalın baş redaktoruyam. Burada işləmək çox şərəfli bir işdir. Mən "Azərbaycan" jurnalına gəldiyim vaxtlarda ədəbi tənqid sahəsində çox fəal çalışırdım. İşimlə paralel olaraq yaradıcılıqla məşğul olurdum, həm də jurnala öz töhfəmi verməyə çalışırdım. Sözün düzü, Yusif Səmədoğlu məni zorla öz yerinə qoyub getdi. Ona görə zorla deyirəm ki, mən bu işi istəmirdim. Çünki nə qədər məsuliyyətli olduğunu bilirdim. Böyük ziyalılarımız bu jurnalın baş redaktoru olublar. Tağı Şahbazi Simurğun yaratdığı bu jurnal düz 98 ildir ki, fəaliyyətdədir. Bunun imicini qoruyub saxlamaq çox vacib bir məsələdir. Bilirsiz, ikinci belə bir hadisə yoxdur ki, fasiləsiz olaraq doxsan səkkiz il bir jurnal fəaliyyət göstərsin. Azərbaycan jurnalı bünövrəsi qoyulan gündən Azərbaycan oxucusunu maarifləndirmək yolunu tutub. Bu gün də biz o yolu davam etdirməyə çalışırıq. O ki qaldı mənim yorulmağıma, məni yayda Bakının istisi yorur. Qətiyyən yorulmuram, yorulmağa elə bir hacət də yoxdur. Yoran başqa şeylərdir.

 

- Sizi nələr yorur, İntiqam müəllim?

 

- Ədəbiyyat ətrafında olan dedi-qodular, mənasız söhbətlər. Halbuki qabaqlar belə söhbətləri az eşidirdik. Sovet quruluşunun əyər-əskiyi az deyildi. Amma o dövrdə ədəbiyyat daha ciddi idi. Hətta o mübahisələrin özü də ədəbiyyat aləmi ilə bağlı idi. Məsələn, o dövrdə bir sərbəst şeir ətrafında necə böyük mübahisələr gedirdi. Amma bu, ədəbiyyat söhbəti idi. İndi vəzifə barədə danışırlar. Ortaya əsər çıxarmaq lazımdır. Ona görə də bu gün "Azərbaycan" jurnalının nəşrini müntəzəm saxlamaq çox müşkül bir məsələdir.

 

- İntiqam müəllim, yaxşı tənqidçi, ədəbiyyatşünas, jurnalist olmaq üçün ilk növbədə yaxşı oxucu olmaq lazımdır. Bu gün İntiqam Qasımzadə oxucu missiyasını necə yerinə yetirir?

 

- Mən gəncliyimdə də yaxşı mütaliə edərdim. Mənin zəngin şəxsi kitabxanam da var. Orada dünya ədəbiyyatından dəyərli əsərlər var. Bəzən insan bilmədən dəyəri olmayan nümunələr də oxuyur. Sonra elə bil insana yavaş-yavaş duyum gəlir. İndiki dövrdə hər şeyi oxumuram. Mənim hər şeyi oxumaq dövrüm keçib. Mən bu oxumaq məsələmi jurnala daxil olan ədəbi məhsulun oxunmasına sərf edirəm. Gen-bol mütaliə eləməyə vaxt olmur.

 

- Belə bir fikir var ki, geniş mütaliə etmədən yazmaq mümkün deyil. Bəs yazıçı olmaq üçün oxucu olmaq vacibdirmi?

 

- Bilirsiniz, yazıçılıq istedadla bağlı bir məsələdir. Siz təsəvvür edin ki, hansısa ucqar yerdə dünyaya gəlib yaşamış adam məktəbdə oxuyub, təhsili də var, böyük istedadı var. Mütaliəsi olmadan o, yazıçı ola bilməz. Əsəri duymaq, özünə hopdurmaq vacib məsələdir. Mən həm də hesab edirəm ki, oxucu elə yazıçının özüdür. Məsələn, Azərbaycanın XX əsrdə ən gözəl romanını yazmış Yusif Səmədoğlu kimi mütaliəli adam tanımırdım. Anarın da çox böyük mütaliəsi və zəngin kitabxanası var. Elçinlə uzun illər bir yerdə oxumuşuq. Haradan desəz, Elçin sizə xəbər verə bilər. Sabir Əhmədov da belə yazıçılardandır... Yəni yazıçının oxucu olması vacibdir. Oxumasa, gözəl yazıçı ola bilməz. Heç kimi düşündürə bilməz.

 

- İntiqam müəllim, potensiallı yazarlarımız var. Bilirik ki, siz həm də tənqidçisiniz. Tənqidçi ədəbiyyatın dostu olmalıdır, həqiqi istedadı üzə çıxarmaqda cəmiyyətə yardım etməlidir. Sizin bu barədə düşüncələrinizi bilmək maraqlıdı...

 

- Bu gün əsəri oxucuya çatdırmaqda müasir tənqidçinin rolu olmalıdır. Müasir tənqidimiz bununla məşğul olmur, olsa da, çox pis məşğul olur. Tənqidçi ədəbiyyatda gedən prosesləri, bədiyyatı, əsərin ədəbi-bədii xüsusiyyətlərini və s. məsələləri oxucuya çatdırmaqla onu ayıldır, bir növ onu öyrədir. Tənqidin bu xüsusiyyətləri də var. Mən bir haşiyəyə çıxmaq istəyirəm. Rəhmətlik Süleyman Rəhimovla bu barədə üç dəfə söhbət eləmişdik. Ömrünün axırına yaxın son söhbətimiz oldu. O zaman mən ona sizin sualınıza bənzər bir sual vermişdim. Onun ədəbi tənqidə münasibətini bilmək istəyirdim. O, qocaman yazıçıydı, mən də cavan oğlan idim. O mənə dedi ki, oğlum, bu tənqid nədi e, hayıf deyil tərif (gülür). Tərif yazıçını qanadlandırır, yeni əsərlər yazmağa sövq eləyir. Qərəzli tənqid isə, yazıçıya çox pis təsir eləyir. Onun qol-qanadını sındırır, masa arxasına keçib yazı yazması çox müşkül olur. O, bir də bu əzaba qatlaşmaq istəmir. Əsər yazmaq asan iş deyil. Yazıçıya nə qədər nəşə verirsə, bir o qədər də əzab verir...

 

- İntiqam müəllim, "Azərbaycan" jurnalı ilə əməkdaşlıq edən, əsərləri burada yer alan müəlliflərdən ən çox yaddaqalan kimlər olub və indi kimlərin adını çəkmək olar? Jurnalın bugünkü missiyası kimlərə xidmət edir?

 

- Biz sayımız etibarı ilə balaca bir ölkəyik. Biri var yüz əlli milyonluq Rusiya, biri də var on milyonluq Azərbaycan, əvvəllər on da deyildik, altı-yeddi milyon idik. Tənasüblük etibarı ilə başqa ölkələrlə müqayisə etsək, görərik ki, burada yazıçılar da azdı. Şübhəsiz ki, seçmələrin sayı çox deyil. Hansı tərəfə çəksək, eyni adamlardı. Məsələn, gələk İsa Hüseynovun üstünə. İsa Hüseynov uzun müddət "Azərbaycan" jurnalı ilə əməkdaşlıq edib. İsa Hüseynov "Saz", "Kollu koxa","Tütək səsi", "Teleqram" kimi əsərləriylə məhşurdu. "İdeal"ı da ki öz yerində. Sonra İsmayıl Şıxlıdı. Nəsil-nəsil demək istəyirəm bu adları. Üzübəri gələndə Anardı. Anarın əsərlərini sadalayanda birinci "Ağ liman"ın adını çəkirəm. Mən mütləq Sabir Əhmədovun adını çəkmək istəyirəm. Onun bütün böyük, gözəl əsərləri bu jurnalda çap olunub. Bu da təbiidir. Çünki "Azərbaycan" jurnalı yeganə ədəbi jurnal idi. Kitab çap elətdirmək çox çətin idi və çox da az idi. O zaman geniş nəşriyyat imkanları yox idi. Deməyək ki, çap eləmək istəmirdilər, yox, sadəcə nəşriyyatların nəşr imkanı zəif idi, gücü az idi. Bu və ya başqa səbəblərdən az çap olunurdu. Bir də ki, jurnalda çap olunmayan əsəri plana salmırdılar, çap eləmirdilər.

 

- Təxminən, 1986-88-ci illərdə atamın abunə olduğu bu jurnaldan çox gözəl əsərlər oxuyardım və hər nömrəsi evə gələndə, hansı yeni əsər var deyə, gözüm axtarardı.

 

- Bəli, Təranə xanım. Ona görə ki, jurnalın çox böyük hörməti vardı. Yazıçılar bu jurnalda çap olunmaqla bir növ özlərini sığortalayırdılar. Jurnal işçiləri ona görə daha böyük məsuliyyət daşıyırdılar. Sovet dövrü idi də, bir qəmbərqulu çıxırdısa, jurnal işçiləri danlanırdılar. Nəşriyyatlar isə, hazır məhsula yiyə dururdular. Kimlər çap olunmurdu ki? Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Nəriman Həsənzadə, Məmməd Araz, imzalara bax, bir-birindən gözəl, sanballı adlar...

 

- Hər kəsin də öz imzası, yolu vardı.

 

- Fikrət Qoca, onların arxasınca gələnlər - Ramiz Rövşən, Vaqif  Səmədoğlu - bunlar hamısı "Azərbaycan" jurnalının əməkdaşları idi. Bu jurnalın ətrafında toplaşırdılar. Bu gün fəxr edirəm ki, mən həmin adamlarla işləmişəm, həmin müəlliflərlə şəxsən görüşmüşəm, bir çoxlarının əsərlərinin redaktoru olmuşam, qələmi əllərindən alıb, redaktə eləmişəm. Razılaşdığımız, razılaşmadığımız məsələlər də olub.

 

- Naxçıvan ədəbi mühitindən "Azərbaycan" jurnalında kimlər dərc olunur? Mənim üçün də maraqlıdır.

 

- Bilirsiz, bu da maraqlı sualdı. Naxçıvanda yazan, yaradan elə bir adam olmaz ki, "Azərbaycan" jurnalında dərc olunmasın. Bu, mümkün olan şey deyil. Əvvəla, Naxçıvan bizim üçün həmişə əziz və qiymətli bir bölgə, Azərbaycanın bir parçası olub. Onun səbəbini siz bilirsiz də... Araya giriblər, gəl-get bir qədər çətin olub. Ona görə də, biz jurnalın çapı işində də, müəllif seçəndə də çalışmışıq ki, Naxçıvan yazıçıları öz qabiliyyətlərini göstərsinlər, Azərbaycan oxucusuna əsərlərini nümayiş etdirsinlər. Özüm tənqidçi olduğum üçün istəyirəm ədəbiyyatşünaslardan başlayam. Məsələn, Yavuz Axundovu xatırlayıram. Allah rəhmət eləsin. Hüseyn Həşimlini xatırlatmaq yerinə düşər. Sədaqət Həsənova, Adil Bağırov - ilk ağlıma gələn bu adlar oldu. Tək bunlar deyil. "Azərbaycan" jurnalının ən fəal müəllifi bilirsiz kim olub? İsa Həbibbəyli... İsa Həbibbəyli əlinə qələm alıb ilk yazılarını yazanda, namizədlik, doktorluq işini, yazdığı tədqiqat əsərlərini işləyəndə, demək olar ki, bütün əsərlərini yüzə-yüz "Azərbaycan" jurnalında işıqlandırmışıq. Demək olar ki, onun yolunu hər zaman gözləmişik, məmuniyyətlə çap eləmişik. Şəxsən mənim dostumdu. Böyük alim, ədəbiyyatşünas, akademik, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademiyanın vitse-prezidenti səviyyəsinə qədər yüksəlib. Bu insanları biz öz payımıza çıxırıq. İsa Həbibbəyli kimi bir insan, bir şəxsiyyət "Azərbaycan" jurnalının yetirməsidir.

 

- Elədir, İntiqam müəllim, təqdir olunası haldır.

 

- O vaxtlar jurnal yetmiş min tirajla çıxırdı. Bütün Azərbaycan bu jurnalı oxuyurdu. İndi tirajı da aşağıdır. Həm də internet səhifəmizə daxil olaraq jurnalı oxumaq mümkündür. Amma dəxli yoxdur, oxuyan tapır oxuyur. Hə, o ki qaldı sizin yazıçı-şairlərə, Naxçıvanın qadın şairlərindən Kəmalə Ağayeva, indi də yazıb-yaradan Fərəc Fərəcovun hekayələrini biz jurnalda vermişik. Hüseyn İbrahimov Naxçıvanda çox sayılıb-seçilən, dəyərli insan idi. O, jurnala gələndə mən o qədər sevinirdim ki! Əhval-ruhiyyəm yüksəlirdi. Hiss edirdin ki, bir yazıçı, bir şəxsiyyət qapını açdı, girdi içəri. Əvvəllər jurnalda bir rubrika var idi - "Azərbaycan elləri" adlanırdı. Biz o rubrikaya Naxçıvanla başlamışdıq. Sonra Qarabağ elləri, Şamxor, Şəki, Qazax və s. bölgə-bölgə hamısını əhatə eləyirdik. Bəzən, bir rayonun yazıçılarının əsərlərini işıqlandırırdıq. O bölgənin tarixi, etnoqrafiyası, sərvətləri, mədəniyyət tarixi, ədəbiyyatı, şəxsiyyətləri haqqında məlumat verirdik. Məsələn, "Azərbaycan elləri... Naxçıvan" - bu rubrikanı oxuyan bir insan, lap xarici bir vətəndaş olsa belə, həmin yazını tərcümə etsəydilər, Naxçıvan haqqında hər məlumatı ala bilərdi və oranın ədəbi mühitini də görüb tanıyırdı.

 

- Sizcə, təxəyyül məhsulu olan əsər cəlbedici, oxunaqlı, maraqlı olur, yoxsa reallıqdan doğulan əsər?

 

- Dünya ədəbiyyatında da, Azərbaycanda da təxəyyüllə yazan yazıçılar var. Səyahətə çıxmayan bir yazıçı dünya romanları yazır. Nizami Gəncəvi ömrü boyu Gəncədən bir addım da qırağa çıxmayıb. Amma əsərləri coğrafi cəhətdən də dünyanı əhatə eləyib. Bu, təxəyyülün məhsuludur. Bununla belə, bu insanlar başqa yollarla oxuduqlarından, zəngin biliyindən çıxış eləyərək təxəyyülün və reallığa söykənən istedadın məhsulunu yaradıblar. Mən təxəyyüllə reallığı tam ayırmağın əleyhinəyəm.

 

- Dünyanın altını, üstünü, bütün sirlərini, cəmiyyətin mənfi-müsbət tərəflərini hər gün internetdən, sosial şəbəkələrdən ovcunun içi kimi oxuyan azərbaycanlı oxucu Azərbaycan yazıçısından hansı möcüzəni yaratmasını istəyir?

 

- Azərbaycan yazıçısında özünü, problemlərini görmək istəyir. İnternet və s. bunlar təsvirdi, informativ yazılardı. Məsələn, Qarabağ müharibəsi, sonu zəfərlə bitən 44 günlük müharibə haqqında hər gün yazıldı, indi də yazırlar.

 

- Bunlar baş verənlərin görünən tərəfləridi. Biri də var görünməyən tərəflər.

 

- Bəli, görünməyənin içində insan psixologiyaları, onların çəkdiyi əzablar, döyüşçülərin psixoloji sarsıntıları var. Bilirsiz, müharibə elə-belə ötüb keçmir. Bunlarla internet, sosial şəbəkə məşğul olmayacaq. Bu problemlər, bu qayğılar yazıçıların işidir. Yazı masasının arxasında öz ürəyinin, qanının hesabına bunu yazmalıdır ki, oxucu bunu görsün, hiss eləsin o döyüşləri, döyüşçüləri, keçilən yolları, əzab-əziyyətləri dərk eləsin. Bilirsiz, mən üç gün Şuşada oldum, "Xarıbülbül" festivalında. "Azərbaycan" jurnalının 6-7-ci birləşmiş nömrəsində mənim bir yazım çıxıb, "Şuşanın dolayları"... Mən orda xırdaca da olsa cəhd eləmişəm. Hamı uşaq kimi atılıb- düşürdü, sevinirdi. Mən ora gedən insanların hamısını tanıyırdım. İndiyə kimi onların çöhrəsini elə görməmişdim. Hamı dəyişmişdi orda, hamının üzündə nəsə qeyri-adi bir ifadə vardı. Mən birdən fikir verdim ki, Şuşada bir uşaq yox idi. Bilirsiz, anam şuşalıdı, atam bakılı. Əsl şuşalılar var. Mənim anam kimi. Atası da, anası da, əsli-nəcabəti də şuşalıdı. Mən sadəcə olaraq Şuşada anadan olmuşam, üç-dörd il orda böyümüşəm. Atam 1941-1945-ci il Böyük Vətən müharibəsindən qayıdandan sonra bizi götürüb gəlib Bakıya. Ayaq açıb Şuşanın o daş küçələrində yerimişəm, ayağım ilk dəfə Şuşa torpağına dəyib.

 

- Demək, şuşalı uşaqların biri də siz olmusuz...

 

- Bəli, mən Şuşadan sonra da ayrılmamışam. Hər il biz orda istirahət etmişik. Gəlib orda ev tutub qalırdıq. Çünki babamızı 37-də tutmuşdular, evimiz də dağılmışdı, uçulmuşdu. Şuşa bizim ana torpağımızdı. Həmin "Şuşa dolayları"nda onu da yazmışam. İki yaş yarımıma qədər ana südündən başqa heç nə dilimə dəyməyib. Müharibə illəri idi, adicə şirin çayı ilk dəfə iki yaş yarım olanda mənə veriblər, sevincimdən gözlərim yaşarıb, anam ağlayıb, atam ağlayıb. Bunların hamısı Şuşa ilə bağlı şeylərdi. Mənim anam şuşalıdı və mən özümü hər zaman şuşalı hesab etmişəm. Həm bakılı, həm də şuşalı. Bir də, ən əsası, azərbaycanlı. Daxilimdə belə bir nöqtəyə gəlirəm ki, mən azərbaycanlıyam. Vəssalam!

 

- Bir sənət adamı kimi azad Qarabağ haqqında bu gün yaranan ədəbiyyat nümunələri sizi qane edirmi?

 

- Belə əsərlər zaman gözləyir və zamanında yazılacaq. Bu yaxınlarda Şəfiqə Məmmədovanın rəhbərliyi ilə Azərbaycan Kinemotoqrafçılar İttifaqı tərəfindən "Qarabağ Azərbaycandır" adlı bir müsabiqə keçirildi... Mən orada münsiflər heyətinin sədri idim. 45 ssenari oxuduq. Tammetrajlı bədii filmin ssenariləri idi. Orada bir neçə  qısametrajlı filmin də ssenarisi vardı. Bu da ədəbiyyatdı. Həmin ssenarilərin içində o qədər yaxşı əsərlər var idi ki! Böyük sevgi, böyük hisslər bu əsərlərin yetişməsinə kömək eləyir. Bizim son bir ildə yaşadığımız günlər, keçirdiyimiz hisslər çox qeyri-adidir. Ona görə də qələm adamlarını tərpədib, həmin hissləri onlar o əsərlərdə üzə çıxara biliblər. Zamanın tez olmasına baxmayaraq, analitik cəhətdən də o əsərlərdə çox yaxşı şeylər var idi. Elə əsərlər var idi ki, yaralılarla işləyən həkimlər, hospital... Elə əsərlər vardı ki cəbhə xəttini, döyüş səhnələrini, o döyüşçülərin şücaətini canlandırırdı. Ən yaxçı cəhət o idi ki, şüarçılıq deyildi. Mən şüarçılığı sevmirəm. Həqiqət var idi. Burda göz yaşı vardı, qan vardı. Hələ böyük-böyük əsərlər yazılacaq.

 

- İntiqam müəllim, özünüz də qeyd etdiniz ki, bir çox bədii və sənədli filmlərin ssenarisini yazmısınız. Qarabağ mövzusunda sizin də əsəriniz varmı, yoxsa hələ yazacaqsınız?

 

- Mütləq yazacağam. Mənim "Şuşanın dolayları" adlı essem jurnalın əvvəlindədi. O nömrə əlinizə keçsə, istərdim ki, onu oxuyasınız. Bu sualın cavabı orda da var. Şuşa mənim elə əziz yerimdi ki, elə nöqtəmdi ki, mütləq yazacağam. Allah cansağlığı versin hamıya. Möhlət versin, yazaq, arzularımızı həyata keçirək.

 

- İntiqam müəllim, vaxtın sizin üçün anlamı nədir?

 

- Hamıya tövsiyəm odur ki, vaxtını düzgün bölsün. Ötən zamanı sonra geri qaytarmaq olmur. Moskvada aspiranturada oxuyanda, yazılarımı işləyəndə oxumuşdum ki, qədim türk qəbilələrinin birində vaxta uçar deyirmişlər. Vaxt uçur gedir e. Bax, biz sizinlə danışırıq, vaxt uçdu getdi əlimizdən, vəssalam.

 

- Səmimi cavablarınız üçün təşəkkür edirəm, İntiqam müəllim. Sizə ən əsas cansağlığı arzu edirəm, həmişə "Azərbaycan" jurnalının baş redaktoru olaraq istedadlara mayak olasınız.

 

- Sağ olun!

 

Təranə ARİFQIZI

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

525-ci qəzet.- 2021.- 31 avqust.- S.10-11.