"Xəyalım dolanar, gəzər..."

 

Vaqifə hönkür-hönkür ağlamaq istəyi və ya Şuşada səfərdə olan qələm əhlinə sevincli-həsədli salam

 

Esse

 

 

 

Şuşanın sehri mayasındadır. Təsəvvür edin, böyük bir el, əzəmətli bir xan öz hökmünü, əzmini, mübarizəsini qorumaq üçün sıldırım qayaların içində, saflığından şüşətək şəffaf, hər daşının altında cürbəcür əsrarəngliyin toxumları, rüşeymləri gizlənən bir məkana, ülviyyətin Yer üzündəki əksinə pənah gətirib. Pənah xanın pənahı burada Şuşa adlı möhtəşəm şəhərin təməli olub. Şuşa nağıl kimidir - xəlqidir, ovsunludur...

 

Şuşa, yaşlı nənələrin dili ilə desək, gözə görünməzin xoş günündə, xoş saatında yaranıb. Şükür Şuşasına!

 

Şuşanı gün-gün, ay-ay, il-il tanıdım...

 

Məktəbimizdə şuşalı uşaqlar çox idi. Bir az irəlidə şuşalılar məhləsi var idi. Məndən iki sinif yuxarıda bir şuşalı oğlan oxuyurdu, adı Fərid idi, özü tar çalırdı. Qaşının düyünü açılmazdı, ağıryana, təmkinli, bir az da kədərli görkəmi var idi. Kimsə onu təsadüfən deyib-gülən görərdi, yoldaşlığımız var idi. Musiqidən, şeirdən danışardıq. Hərdən tarı sinəsinə basıb elə yanığlı çalırdı ki, mizrab az qalırdı simdə alışsın. Deyirdilər, Fəridin atasının Şuşadan çıxandan gecəsi gündüzünə qarışıb, xiffət çəkməkdən xəstəlik tapıb. Günün birində xəbər gətirdilər ki, Fəridin atasının ürəyi partdayıb. Şuşa həsrətinin ağırlığını onda bildim, belə bələd oldum...

 

Sonralar məktəbimizin yaxınlığında Şuşa məktəbi tikdilər. Təkcə şuşalılar yox, qarabağlı şagirdlərin əksəriyyəti o məktəbə keçmək istədilər. Şuşa məktəbi onlara təsəlli idi, Şuşaya getməyin yolunu bu məktəbin içindən görürdülər. Onu biz bilməzdik, gözümüzün həmin pərdəsi açılmamışdı, həsrətin həmin rəngi bütün çalarlarıyla bizə tanış deyildi. O çalarları şuşalılar görürdülər.

 

Bir idman müəllimimiz var idi - Amil müəllim. Bir-iki il qabaq yığcam bir məclisdə Şuşadan çıxmağını danışdı. Ağsaqqal kişi danışa-danışa əsdi, əsə-əsə gözündən yaş gilələndi. Deyirdi ki, evdən çıxanda qonaq otağına girdim, gördüm mürəbbə, kompot bankaları səliqə ilə düzülüb, göz oxşayır. Avtomatla hamısın sındırıb dağıtdım.

 

Evini qoyub çıxan bir azərbaycanlı kişinin həmin andakı vəziyyətini təsəvvür eləmək olmur. Şuşadan çıxmaq şəstlərini sındırmışdı. Şuşa şəstdir!

Şuşanı yol-yol, küçə-küçə danışıblar mənə. Şuşalı ağbirçəklər, ağsaqqallar oraların adət-ənənələrindən tutmuş camaatının xasiyyətinəcən mənim üçün nağıl ediblər. Şuşanı belə tanımışam, bu cür içimə hopdurmuşam.

 

Yazıçı Anarın "Qarabağ şikəstəsi", Elçinin "Şuşanın dağları başı dumanlı" esseləri şuşalı xatirələrin cəmləşdiyi ən möhtəşəm qələm nümunələridir. Oxuduqca bu yaddaşa, sözlə fikrin vəhdətinə heyrətlənirsən...

 

Anar müəllimin essesində belə bir məqam var: "Özüm bilmirəm Şuşanı niyə bu qədər sevirəm. Burda doğulmamışam, burda böyüməmişəm, əslim-nəslim bu şəhərdən deyil, qohum-əqrabam burda yaşamır. Söz yox, vətənin hər qarışı, hər bucağı əzizdir, müqəddəsdir, amma Şuşa elə bir yerdir ki, imkanım olsaydı, bütün ömrümü burda keçirərdim vəsiyyət edərdim ki, öləndə məni burda basdırsınlar".

 

Demək, Şuşanı sevmək üçün orada doğulmağa, böyüməyə ehtiyac yox imiş. Tanrı özü bu sevgidən pay almağı bizə rəva görüb deyə bu qədər vurğuna dönmüşük. Vurğun demiş, "Səndə vardır başqa lətafət, Şuşa!" Lətafət sözü Şuşaya necə yaraşır! Həmahənglik üçün heç həmişə səslərin uyğunlu mütləq deyil...

 

Mən bu yazını avqustun 30-u, səhərüzü saat 5-də yazıram. Bu gün Şuşada "Vaqif Poeziya Günü" keçiriləcək. Bu münasibətlə bir qrup incəsənət xadimi Şuşaya yollanıb. Onların içərisində yaş fərqimiz az olan qələm adamları da var, sevinirəm!

 

Özüm Bakıdayam, xəyalım oraları dolaşır, hər gülə-çiçəyə salam verir. Sevinirəm, ona görə ki, qələm adamları arzularında olduqları məkandadılar. Qalibiyyətdən sonrakı ilk "Vaqif Poeziya Günləri"nə yollanıblar. Yaradıcı insan üçün bu, bütün mükafatlardan, imtiyazlardan qabaqdadır. İndi onların qələmləri şirə çəkir, təbləri bulaq kimi çağlayır. Gözlərinə işıq gəlib. Çırağı yandıranlar sağ olsunlar!

 

Şuşada səfərdə olanlara şirin həsəd hissi duyuram. Dünəndən beynimdədi ki, qayıdanlarla görüşüm, təəssüratlarını toplayım, Şuşanın nəfəsini, ətrini onlardan alım.

 

"Vaqif Poeziya Günləri"nin keçirilməyi Şuşanın özü qədər əhəmiyyətli gözəldir. Bu, ənənələrə sadiqlik, tarixə hörmət, ədəbiyyata qiymətdir. Vaqif Səmədoğlu demiş, yaddaşın mərdliyi, kişiliyi...

 

Molla Pənah Vaqifin faciəli ölümü şeirimizin sinəsindəki dağdır. Vaqif poeziyası öz xəlqiliyi ilə könüllərə yol açıb. Həmin şeirləri musiqiyə doğmalaşdıran da onların dildən-dilə, ağızdan-ağıza keçməsidir. Vaqifin bizə gəlib çatan şeirlərinin əksəriyyəti "ağız" ədəbiyyatı ənənələrinə söykənir.

 

Vaqifin oğlu ilə birgə edamı şairin birinci divanı idisə, işğal zamanı məqbərəsinin, büstünün dağıdılması ikinci divanı idi. Vaqifin taleyi Şuşanın taleyi kimi keşməkeşli idi. Vaqif bizim kimi şuşalı deyildi, amma Şuşada ucalmışdı, bu gün ucaldı.

 

 

 

Prezident Vaqifin büstündən örtüyü açanda ürəyimdən hönkürtü keçdi. Şuşa dərdi Vaqifin taleyinə heyifislənməyə imkan vermirdi. Şuşanın azadlığı bir daha şair həyatının keşməkeşini mənə xatırlatdı. Molla Pənah Vaqifin qol-qanad açdığı Şuşada yenidən əbədiləşməyi böyük hadisə idi. İndi Vaqifin ruhu pərvaz eyləyir:

 

Vaqifin könlü çox edər pərvaz,

Hərdən sizin ilə gəzə, durnalar!

 

Bu yazını yazanda təbiət torpağın qoxusu ilə pəncərədən içəri dolurdu. Gecə yağış yağmışdı. Şuşa azad olunan günü xatırladım. Bakı duman içindəydi. Şuşa dağlarının dumanı Bakıya çəkilmişdi. İndi göylər ürəyin boşaldır.

 

Dünən doğum günümdə Xəyal Rza Bakıdan Şuşaya yollananda, Şahanə Müşfiq Şuşada olanda zəng edib məni təbrik elədilər. Şuşadan gələn təbrik ayrı imiş!

 

Görəsən, bu gecə şuşalı şair, dostum Ramil Əhmədin gözünə yuxu gedibmi? Gecə Şuşa səmasında ulduzları sayrışan görübmü? Hamıdan kənara çəkilib havanı ciyərlərinə çəkə-çəkə kövrəlibmi? Eynəyinin altında axan yaşı gizlədibmi? Yəqin, çox keçməz cavab ünvanlayar, "Tütək səsi" filmində deyildiyi kimi, "İndi o, öz aləmindədir"...

 

Şuşam, qəribsəmişəm!

 

Şuşam,

səni sevmək,

zahid işidir Kəbə misalı,

mürid işidir sələf misalı,

bir qaranquş yuvasına dən yığmaqtək

 məhrəmsən.

Yaşmağlısan, həyalı dul şəhərim,

yarının qara kağızı çıxıb,

qayıdır davadan,

Vətənin özündə vətənləşmisən,

Şuşam,

vətənsizləmişəm.

 

Şuşam,

qoynunda göz açmışam,

nə gəzmişəm yaylağını o baş-bu baş,

nə balışım olub mamırlı daşların,

incə gövdəli ağaclarını da

qucaqlamamışam,

Şuşam,

qəribsəmişəm.

 

Adına buzlar əriyib,

bütün qalınlar incəlib,

"a" biraz "ə"ləşib,

şəninə qalın qafiyə tapammıram,

hüsnünə səndən gözəl qiyafə yox,

Şuşam,

sənsizləmişəm.

 

Şuşam,

sənsiz əriyirdim

misra-misra,

gilə-gilə

şəm-şəm.

 

 

Nadir YALÇIN

 

525-ci qəzet.- 2021.- 31 avqust.- S.8.