QU QUŞUNUN
NƏĞMƏSİ
hekayə
(Şəhidlərimizin
müqəddəs ruhuna sonsuz ehtiramla)
Neçə gün idi ki, Qaladan içəriyə bəmbəyaz
bir Qu quşu gəlib qonurdu. Qala divarlarının
yanında boynunu büküb yavaş-yavaş
dolaşırdı. O qədər sakit idi ki, sanki bir
aydan bəri davam edən müharibənin gurultusunu, mərmilərin,
ağır artilleriya silahlarının qulaqbatıran
partlayış səslərini eşitmirdi. Qu quşu tez-tez
Qalaya sarı baxır, sonra yenə boynunu büküb
ağır-ağır gəzişirdi...
Yüksəklikdə yerləşən Qala olduqca əzəmətli
idi.
Üç əsrə yaxın yaşı olan bu möhtəşəm
Qala 28 il idi ki, quldur ermənilərə əsir
düşmüşdü. Qalada başqa bir əsir
də vardı. Bu azərbaycanlı
oğlanın adını Qalada azğınlıq edən ermənilərdən
heç kəs bilmirdi. Hamı onu
"Lal" deyə çağırırdı. Əsir azərbaycanlı hər sözü
eşidib-anlasa da, danışa bilmirdi. Yalnız
"həh" deyə bilirdi. Lakin o,
anadangəlmə "Lal" deyildi. 28 il
əvvəl əsir düşdüyü vaxt, o müdhiş,
qanlı Xocalı qırğınında dili tulmuşdu. Ermənilər nədənsə onu öldürməmişdilər,
əsir, kölə kimi saxlamağı qərara alaraq, Qalaya gətirmişdilər.
Bir neçə dəfə qaçmağa cəhd
etsə də, alınmamışdı. Əvəzində
möhkəm döyülüb hədsiz işgəncə
görmüşdü.
İndi onun 37 yaşı vardı. Üz-gözünü
tük basmışdı. Saçları
ağarmağa başlamışdı. Döyülməkdən
başı, əlləri əsirdi. Bir dəri,
bir sümükdü. Əyin-başı
tamam cırılıb-tökülürdü. O, viranə
bir daxmada qalır, ermənilərin buyurduqları həyət-baca
işlərinə baxır, çox vaxt da donuz
otarırdı.
Bir dəfə Qalaya iki Azərbaycan əsgərini əsir
tutub gətirmişdi ermənilər. Nə qədər
döydülər, işgəncə verdilər, bir söz ala
bilməyəndə ikisini də güllələdilər.
Birinin qalın buşlatı saxlanıldığı
otaqda düşüb qalmışdı. "Lal"
təsadüfən oradan keçəndə aralı
qapıdan həmin paltarı gördü. Götürüb
əyninə keçirdi. Qoltuğunda nəsə
yumşaq parça olduğunu hiss etdi. Çıxaranda
üçrəngli Azərbaycan bayrağı olduğunu
gördü. İri bayraq idi. Necə də sevindi. Bayrağı
sinəsinə sıxdı, üzünə çəkdi,
çoxluca öpdü. Sonra yenidən
qoynunda gizlədib öz guşəsinə qaçdı.
Bayrağı orada gizlətdi.
Müharibə başlanandan bəri "Lal"
yaxınlıqda, qonşu otaqda yığışan ermənilərin
danışıqlarına qulaq asırdı. Ötən bu
28 ildə erməni dilini yaxşı mənimsəmişdi.
İndi ermənilər tez-tez Azərbaycan
telekanallarına baxırdılar. Belə
vaxtlarda "Lal" da qapının arasından boylanır,
diqqətlə dinləyirdi. Anlayırdı
ki, müharibə gedir. Televizora baxan erməniləri
qorxudub dəliyə döndərən xəbərlər
"Lal"ı ürəkdən sevindirirdi. Ekranda tez-tez gördüyü, təsirli səslə
çıxış edən o əzəmətli Kişinin
sözləri onu qürurlandırır, ürəyini dağa
döndərdirirdi. Ermənilərin
sözlərindən anlamışdı ki, bu Kişi - Azərbaycanın
rəhbəridir. Onun erməniləri lərzəyə
salan hər çıxışının sonu
"Yaşasın Azərbaycan! Qarabağ
Azərbaycandır!" sözləri ilə bitirdi. "Lal" bu müqəddəs cümlələri
gecə-gündüz ürəyində öz-özünə
təkrarlayırdı. Qəribə bir
şəkildə duyurdu ki, bu sözlər onun çoxdan
öləziyən canına təpər gətirir,
damarlarındakı qanı coşdurur, dizlərinə taqət,
qollarına qüvvət verir. Özünü
hansısa həyati bir addımın ərəfəsində,
qəti qərarın, ölüm-qalımın astanasında
hiss edirdi.
"Lal" hərdən divara söykənərək
bu günlərdə həyətdə qəflətən peyda
olan Qu quşuna baxır, xəyala dalırdı. Ermənilərdən
biri bu quşu tutub kabab etmək fikrinə
düşmüşdü. Ancaq nə qədər
cəhd etsə də, tuta bilmirdi. Ancaq Qu
quşu da nədənsə buranı tərk etmək istəmirdi.
Elə hey hüzünlü baxışlarla
Qalaya baxır, lakin səsini çıxarmayıb,
ağır-ağır var-gəl edirdi.
Yenə də Qu quşuna baxaraq xəyala dalmış əsiri
birdən qopan iyrənc bağırtıdan özünə gəldi. Bu, nə vaxtdan bəri ona qənim
kəsilmiş azğın Aşotun qəzəbli səsiydi:
- Ey
"Lal", lənətə gələsən,
görmürsənmi, donuzlar Qaladan çıxıb, get
onları geri qaytar!..
Noyabrın ilk həftəsi idi. Hava çox soyuq olmasa
da, erməni quldurlarının hərəsi bir tərəfdə
büzüşüb qalmışdı, ağacların
gövdəsinə söykənib mürgü vururdular. Görünür, son günlərdə baş verənlər
onların qanını dondurur, canlarına titrətmə
salırdı deyə taqətdən düşüb
qalırdılar. Elə özlərinə
bənzəyən donuzları da indi bunu fürsət bilib
Qaladan çıxmışdılar. "Lal"ın
yaxşı bir toxmağı vardı. Donuzları
otaranda işinə yarayırdı. Toxmağın
daş kimi möhkəm toppuzu vardı. O,
toxmağını götürüb heyvanların arxasınca
çıxdı. Elə bu vaxt "UAZ"
markalı bir maşının toz qopara-qopara gəldiyini
gördü. Yoldan kənara çəkilib
toxmağına söykəndi. Avtomobil
yaxınlaşanda qabaqda oturan saqqallını gördü.
"Lal" gözlərinə inanmadı.
Aradan illər keçsə də, onu
tanımışdı. Neçə il
bundan qabaq ailəsini vəhşicəsinə qətlə
yetirən ermənilərin başçısı idi bu.
Əsəbləri gərildi, ürəyi nifrətlə
çırpındı. İyirmi səkkiz ildi
ki, onu gözləyirdi, sanki bu müddətdə elə bunun
üçün sağ qalmışdı. Saqqallını gətirən maşın Qala
qapısından içəri daxil oldu. "Lal"
tez avtomobilin ardınca içəri qaçmaq istəyirdi ki,
birdən ayaq saxladı. Axı amansız
intiqam üçün onun bircə imkanı, yeganə
fürsəti olacaqdı. Odur ki, səhv
etmək, xətaya yol verib fürsəti qaçırmaq
olmazdı. Xatırladı ki, nənəsi
həmişə deyərdi, bala, tələsən - təndirə
düşər. "Lal" yanmaqdan
qorxmurdu, onsuz da çox od-alov görmüşdü. Amma qisas yanğısı başqaydı. Bu imkanı əldən verməməliydi. Odur ki, edəcəyi hərəkəti
ölçüb-biçmək üçün ona vaxt
lazım idi. Bu fikirlə
üzüaşağı, dərəyə tərəf
addımladı. Birdən...
- Tərpənmə!
Əllərini qaldır!
Bu boğuq səs qarşıdakı iri kolların
arxasından gəldi. Neçə illər idi ki, doğma ana
dilində söz eşitməmişdi. Sakitcə
öz yerində durdu. Silahlı əsgərlər
kolların arxasından ehtiyatla çıxıb ona tərəf
gəlirdilər.
- Kimsən,
hara gedirsən?
Aralarındakı daha cüssəli oğlan eyni
sualları rus, ingilis, hətta erməni dilində təkrarladı. O, yanındakıların
komandiri kimi davranırdı. "Lal"ın
gözlərində sevinc işartıları parladı.
- Həh!
- Nə dedin?
"Lal" məsum-məsum komandirə baxırdı. O qədər doğma
görünürdü ki, nəsə qəribə bir sevinclə
ona yaxınlaşdı. Əsgərlər dərhal
silahı "Lal"a tərəf yönəltdilər.
"Lal" qorxu-ürkü bilməyib irəliləyirdi.
Komandirin gözlərinə diqqətlə
baxırdı. Hətta
yaxınlaşıb əlini onun sinəsinə qoydu. Komandir
"Lal"a heyrətlə baxırdı. "Lal"
əlini onun qolundakı Azərbaycan bayrağına çəkmək
istəyəndə komandir cəld qolunu kənara çəkdi.
"Lal"ın gözləri doldu, boynu
büküldü.
- Kimsən,
çoban, hardansan?
- Həh!
- Deyəsən,
laldı bu... Amma dediyimi başa düşür... Elədir?
- Həh...
"Lal" birdən arxaya dönüb dağın
üstündəki Qalaya baxdı və yerindən tərpənib
üzüyuxarı götürüldü. Əsgərlərdən
biri "Lal"ın arxasınca qaçmaq istəsə də,
komandir əlinin işarəsi ilə onu saxladı, sakitcə
"Lal"ı təqib etməyi, həm də çox ehtiyatlı
və diqqətli olmağı tapşırdı.
"Lal"ın görkəmindən çox təsirlənmişdi
komandir: "O nə baxışlar idi, ilahi!"
"Lal" qayıdıb Qalaya keçəndə
Aşotla rastlaşdı.
- Haralarda
veyillənirsən, ay murdar "Lal"? Bəs
donuzlar hanı?
- Həh...
- Hə,
deyəsən qudurmusan. İndi mən sənə
göstərərəm.
"Lal" ani ətrafa boylandı, kimsə
görünmürdü. Bəlkə özü də bilmədi
ki, toxmağı nə vaxt Aşotun başına endirdi.
Aşot bir anda qan içində, huşsuz halda
yerə yıxıldı. "Lal" cəld Aşotu
yaxınlıqdakı, ot basmış
çalaya sürüdü. Sonra darvazadan
keçib Qalaya daxil oldu. Bayaqkı "Saqqallı"nın maşını həyətdə idi. Qaladakı ermənilərin bəziləri həyətdə
həyəcanla o tərəf-bu tərəfə
qaçışırdı, bəziləri isə içəridə
vurnuxurdu. "Lal"a fikir verən yox idi.
Onun
gözləri "Saqqallı"nı
axtarırdı. Qərarı qəti idi. Bu axşam onunla haqq-hesab çəkməli idi.
Nə olur, olsun! Əvvəlcə öz hücrəsinə
keçdi. Gizlətdiyi bayrağı
çıxarıb qoynuna saldı. Otaqlardan
birinin qapısını açıb içəri baxdı,
sonra ensiz, daş pilləkənlə yuxarı otağa
qalxdı. Qapıda avtomatlı əsgər
durmuşdu.
"Lal" bircə an ona baxdı, əli ilə
içərini işarə etdi, əsgər
çönüb o tərəfə baxanda "Lal" cəld
toxmağı qaldırıb onun başına
çırpdı. Əsgər inildəyib üzü üstə
yıxıldı. "Lal" sakitcə
addımlayıb qapını açaraq içəri girdi.
Saqqallı düşməni otaqda idi. Qarşısına çoxlu xəritələr, kağız-kuğuz
yığmışdı. Bir əlində
qəhvə fincanı, o biri əlində qələm
vardı. "Lal"ı görüb qəzəbləndi.
- Rədd
ol, murdar, sənə kim icazə verib bura
soxulasan? Qurgen, heyvərə, bunu niyə
içəri buraxmısan?
Həyətdən,
aşağıdan gələn hay-küy "Saqqallı"nı özündən
çıxartmışdı, hirsli-hirsli addımlayıb
bayıra baxmaq istədi. Bu fürsət
"Lal" üçün kifayət idi. Toxmaq
"Saqqallı"nın kürəyinin
ortasını tutdu. Erməni komandir diz üstə
çökdü. Əlini
tapançasına uzatmaq istədikdə çənəsindən
küt zərbə aldı. "Lal"
onun tapançaya uzanan əlinə də ağır zərbə
vuranda üz-gözü qana bulanan erməni zarımağa
başladı. "Lal" tez
tapançanı götürdü. Cibindəki
kirli yaylığını düşməninin ağzına
basdı. Birdən "Lal" duruxdu, əlini qoynuna
salıb 28 il qoruyub saxladığı ailə
fotosunu çıxardı. Fotonu saqqallı
komandirə göstərdi.
- Həh!
Həh! Həh!
Qan içində qalan erməni şəkilə
baxıb zarıyırdı.
Çöldə isə Qalanı fəth etməkdə
olan xüsusi təyinatlı qəhrəmanlarımız bu
müqəddəs şəhəri murdar
işğalçılardan, quldur ermənilərdən təmizləməyə
başlamışdılar.
"Saqqallı"nı cəhənnəmə vasil edən
"Lal" indi bütün qüvvəsini toplayıb
Qalanın ən yüksək hissəsinə qalxmaqdaydı.
Aşağıdan onu görən ermənilər "Lal"a atəş açırdılar. Bədəninə sancılan güllələr
"Lal"ı yolundan saxlaya bilmirdi. Sürünə-sürünə
Qalanın ən hündür yerinə çıxdı, ermənilərin
"bayraq" deyə asdığı nimdaş əskini
oradan qoparıb həyətə tulladı. Qoynundakı üçrəngli Azərbaycan
bayrağını öpüb yuxarı qaldıraraq
divardakı oyuğa sancdı. Həmişəki kimi kəsik
nidalarla hayqırdı:
- Həh!.. Həh!.. Heyyy!
Amma birdən
"Lal"ın sinəsindən güclü bir
hayqırtı qopdu, onun dili açıldı:
-
Ya-şa-sın Azər-bay-can! Qa-ra-bağ A-zər-bay-candır!
Neçə
gündən bəri ürəyindən keçən, oyaq
vaxtlarında deyə bilməsə də, yuxularında tez-tez
təkrarladığı bu nidalar Qalanın üzərində
dolaşıb divarlarda əks-səda verdi...
İndi isə o, ağır yaralı halda uzanıb
müqəddəs bayrağa baxırdı. Komandir Ramin
tez ona yaxınlaşdı. Qarşısında
uzanan bu yaralı öz doğma dilimizdə
hayqırmış, Ali Baş Komandanın məşhur, əzəmətli
şüarını səsləndirmişdi. Komandir Nəcəfli onun ovcunda nəyisə
sıxdığını sezdi. Əlini
uzadıb onun ovcundakını götürdü. Bu, fotoşəkil idi. Ailə
fotoşəkili. Bu şəkildən
komandir Nəcəflidə də var idi. Həmin
fotodan Nəcəflilər ailəsinin üzvləri - Raminin
atası, anası, bacı və qardaşı boylanırdı.
28 il əvvəl çəkilmişdi bu
şəkil. Həyəcanla soruşdu:
- Bu şəkil
səndə hardandır? Adın nədir? Kimsən?
Yaralı
oğlanın qanlı dodaqları tərpəndi:
- Ramiz!
Ramin
sevincindən karıxdı, bu möcüzə onu tamam
çaşdırmışdı:
- Qardaşım! Qaqam!.. Allaha şükürlər olsun! Şükürlər olsun!
Əyilib Ramizi qucaqladı, qanına bulaşmış çöhrəsinə bir də baxdı, qucaqlayıb dəfələrlə öpdü qardaşını. Artıq Ramizin nəfəsi gəlmirdi. Gülümsər baxışları qardaşına dikilərək donub qalmışdı. Qardaşından arxada isə sevimli bayrağı dalğalanırdı. Ramin 28 ildən, uzun məşəqqətlərdən sonra qovuşduğu qardaşını indi əbədi itirmişdi. Onun əziz, ancaq artıq cansız olan bədənini bağrına basıb hönkürdü.
Elə bu vaxt Qala divarlarının yaxınlığından qəribə bir səs eşidildi. Bu, incə bir zınqırov səsini xatırlatdı. Səsləndi, tez də kəsildi. Əsgərlərdən biri hüznlü səslə dilləndi:
- Qu quşuydu oxuyan... Axı Qu quşu ömründə bircə dəfə oxuyur, o da son nəfəsində... Ya qüssədən, ya da sevincdən...
Ramiz Ramazanlı
525-ci qəzet.- 2021.- 1 dekabr.- S.23.