Nizami Gəncəvi
obrazı Naxçıvan teatrının səhnəsində
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 1941-ci ildə qeyd ediləcək 800 illiyi ərəfəsində Azərbaycan ədiblərindən Mehdi Hüseyn "Nizami" dramını, İslam Səfərli isə "Xeyir və Şər" pyesini yazmışdı. 1941-ci ilin iyun ayında
başlanan müharibə yubiley tədbirlərinin
dayandırılmasına səbəb oldu. Yalnız
1942-ci ildə Bakıda Niyazinin "Xosrov və Şirin"
operası və M.Hüseynin "Nizami" dramı
tamaşaya qoyuldu. Həmin drama 1943-cü
ilin mayında Naxçıvanda, noyabrında isə Gəncədə
quruluş verildi.
Naxçıvanda
"Nizami" tamaşasının quruluşçu rejissoru
dahi şairin həmyerlisi, 1937-ci ildən M.F.Axundov adına
Naxçıvan Dövlət Dram Teatrında aktyor, sonrakı
illərdə həm də rejissor kimi fəaliyyət göstərən,
1941-ci ildən isə bu qədim sənət
ocağının direktoru və baş rejissoru olmuş
İbrahim Həmzəyev idi. Tamaşada baş qəhrəmanı
- Nizami obrazını quruluşçu rejissorun özü
canlandırırdı.
Bu tamaşaya bədii tərtibatı teatrın baş rəssamı
Şamil Qazıyev, musiqi tərtibatını isə Tapdıq
Hüseynov vermişdi. Əsərdə şairin ömür-gün
yoldaşı rolunu Zəroş Həmzəyeva və Xədicə
Qazıyeva, şairə Məhsəti xanım rolunu Firuzə
Əlixanova, Nizaminin qardaşı Qivami rolunu isə Əyyub
Haqverdiyev ifa edirdilər. Mayın 3-də
premyerası keçirilən tamaşanın əsas uğuru
ilk dəfə Nizami Gəncəvi obrazının
Naxçıvan səhnəsində görünməsi oldu.
"Əslində, elə tamaşadan ən
yaxşı ifa da Həmzəyevə məxsus idi. Aktyor Nizamini mütəfəkkir filosof, dahi şair,
Vətəni və vətəndaşları düşünən
müdrik insan və pak duyğularla sevən aşiq kimi
oynayırdı. Nizami - Afaq və Nizami - Məhsəti
səhnələri emosional dolğunluğu və zərif
lirizmilə daha canlı alınmışdı".
Nizami Gəncəvi
obrazı ikinci dəfə artıq C.Məmmədquluzadənin
adını daşıyan Naxçıvan Dövlət
Musiqili Dram Teatrının bugünkü möhtəşəm
binasında pərdələrin ilk dəfə
açıldığı gün - 1964-cü il
oktyabr ayının 24-də səhnədə
göründü. Bu, unudulmaz şair və
dramaturqumuz Kəmalənin "Məhsəti" mənzum
faciəsindəki gənc İlyas - Nizami obrazı idi.
"Hələ köhnə binada məşqlərinə
başlanmış tamaşanın quruluşçu rejissoru,
teatra yenicə baş rejissor təyin olunan Baxşı Qələndərli
maraqlı aktyor ansamblı ilə məzmunlu quruluş verməyə
nail olmuşdu.
Beş gün anşlaqla davam edən premyera
tamaşalarında Naxçıvan Teatrının yeni
binasındakı bu ilk ərməğanı böyük hərarət
və alqışlarla öz tamaşaçıları tərəfindən
layiqli qiymətini aldı. Həmçinin,
Naxçıvan Dövlət Musiqili Darm Teatrının yeni
binasında ilk tamaşa sayılan "Məhsəti"
musiqili dram əsəri kimi bu janrın tələblərinə
yüksək səviyyədə cavab vermiş oldu".
Qeyd olunduğu kimi, əsərdə əsas obrazlardan
biri İlyas - gənc Nizami Gəncəvidir. Bu obraz
teatrın aktyoru və rejissoru İldırım Cabbarovun
ifasında istər Naxçıvanda, istərsə də
teatrın Bakı, Tbilisi və digər regionlara səfərində
tamaşaçılar tərəfindən rəğbətlə
qarşılandı.
1965-ci il iyun ayının 14-dən 21-dək Bakıda
Naxçıvan MSSR mədəniyyət həftəsi
keçirildi. Muxtar Respublikanın şair və
yazıçıları, musiqi kollektivlərilə
yanaşı, Naxçıvan Dövlət Musiqili Dram Teatrı
da repertuarında olan üç tamaşa ilə ilk dəfə
paytaxt ictimaiyyəti qarşısında hesabat verdi.
O dövrün mərkəzi mətbuatından məlum olur ki,
bu tamaşalardan "Məhsəti" daha böyük
müvəffəqiyyət qazanmış, ədəbi və
teatr tənqidi tərəfindən yüksək qiymətləndirilmişdi.
O vaxt
tamaşaların Akademik Dram Teatrında keçirilən
müzakirəsində və mətbuatda teatrın baş
rejissoru, əməkdar incəsənət xadimi Baxşı Qələndərlini
Naxçıvan Teatrı üçün tapıntı
adlandıran görkəmli alim və ictimai xadim, sənətşünaslıq
doktoru, professor Cəfər Cəfərov yazırdı:
"...Bizim gördüyümüz "Məhsəti"
göstərir ki, Qələndərli teatr üçün
tam mənası ilə tapıntıdır və gələcəkdə
böyük xeyir verə biləcəkdir. Ən
yaxşı cəhət burasıdır ki, Qələndərlinin
rejissorluğunda ciddi bir səliqə, mədəniyyət və
müasirlik duyulmaqdadır".
Həmin günlərdə "Məhsəti"
tamaşası haqqında mərkəzi mətbuat səhifələrində
bir neçə resenziya dərc olunmuşdu. Onlardan birinə -
şair-dramaturq, teatrşünas Adil Babayevin resenziyasında məhz
İlyas obrazı barədəki fikrinə diqqət etmək
yerinə düşər: "İlyas surətilə müəllif
gənc Nizamini göstərmək istəmişdir. Artist
İldırım Cabbarov ustadına (Məhsətiyə -
Ə.Q.) sonsuz hörmət bəsləyən, onun fəlakətlərinə
can yandıran, taleyi uğrunda mübarizə edən gənc
şairin surətini tamaşaçılara sevdirə bilir.
Bu tamaşada baş rolu Zəroş Həmzəyeva, əsas
rolları Əyyub Məmmədov (Əşrəf), Əkbər
Qardaşbəyov (Əmir Əhməd), İsa Musayev (Pərvər
baba), Sofya Hüseynova (Tərgül) və başqa sənətkarlarımız
ifa edirdilər.
"Məhsəti" tamaşası uzun illər
teatrın repertuarını bəzəmiş və birinci
quruluşdan sonra daha iki dəfə yeni quruluşlarda səhnəyə
qoyulmuşdu.
İkinci quruluşun ilk tamaşası 1976-cı il aprel ayının 30-da olmuş
quruluşçu rejissor, quruluşçu rəssam və bəstəkar
dəyişilməz qalmış, aktyor heyətində
cüzi dəyişiklər edilmişdi. Yeni
quruluşda İlyas obrazını teatrın aktyoru və
rejissoru, sonralar isə baş rejissoru olmuş Vaqif Əsədov
yeni bir təqdimatda canlandırmışdı. "Vaqif Əsədov dahi Nizaminin təmkin və
mehribanlığını, ülvi və fəlsəfi
duyğularını, idraki qüdrətini... peşəkarlıqla
ifa edirdi".
"Məhsəti" əsərinə
Naxçıvan Teatrında üçüncü səhnə
həyatı verən aktyor və rejissor Rövşən
Hüseynov oldu. Bu quruluşda İlyas rolunda Vidadi Rəcəbli çıxış etdirdi.
"Məhsəti"nin birinci və ikinci
quruluşlarının həm məşqlərinin, həm də
tamaşalarının canlı şahidi kimi qətiyyətlə
vurğulaya bilərəm ki, Vidadi Rəcəblinin
İlyası tamamilə fərqli bir dəst-xətlə,
lazım gəldikdə təmkini, lazım gəldikdə
çılğınlığı ilə seçilən,
humanistliyi, mübarizliyi, vətənpərvərliyi
özündə birləşdirən istedadlı bir gənc
şair kimi təqdim olunur və tamaşadan sonra xeyli müddət
öz müsbət təsirini tamaşaçı hafizəsində
saxlayırdı".
İlk
tamaşası 2007-ci il fevral ayının 17-də olan
üçüncü "Məhsəti"də baş rolda Elmira Kərimova, digər
rollarda B.Haqverdiyev, R.Xudiyev, X.Hüseynov, G.Qurbanova, Z.Baxşəliyeva
və digər sənətkarlar iştirak etmişdilər.
Naxçıvan
Dövlət Musiqili Dram Teatrı 1999-cu il repertuarına
görkəmli ədibimiz Nəriman Həsənzadənin "Atabəylər"
dramını daxil etdi. Əsəri tamaşaya qoymaq
üçün Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının quruluşçu rejissoru Mərahim Fərzəlibəyov
Naxçıvana dəvət olundu. Tamaşanın
ikinci rejissoru Kamran Quliyev, quruluşçu rəssamı
Əbülfəz Axundov, musiqi tərtibçisi Yusif Əsgərov,
məsləhətçisi İsa Həbibbəyli idi.
Bu tamaşada da biz Nizami Gəncəvi obrazı ilə
rastlaşırıq. Tamaşanın maraqlı hissələrindən
biri müəllif təxəyyülü ilə şair
Nizaminin memar Əcəmilə Atabəylər yurdunda -
Naxçıvanda, Möminə xatın türbəsinin
önündəki görüş səhnəsidir. Burada hər iki dahi şəxsiyyət
arasındakı dialoq uzun müddət tamaşaçı
yaddaşına hopur. Nizami obrazını Həsən
Ağasoy (indi xalq artisti) özünəməxsus tərzdə
canlandırırdı.
"Premyerası
may ayının 10-da olmuş "Atabəylər"
tamaşasında əsas rolları Xəlil Hüseynov (Əcəmi),
Kamran Quliyev (Qızıl Arslan), Xuraman Hacıyeva (İnanc
xatın), Rza Xudiyev (Toğrul bəy), Damət Xəlilov
(Əbubəkir), Vidadi Rəcəbli (Mahmud), Rövşən
Hüseynov (Ayəba), Bəhruz Haqverdiyev (Ruz), Yasəmən
Ramazanova (Gülaçar), Şirzad Abutalıbov (Abuşər)
ifa etmişlər".
İlk
tamaşadan sonar M.Fərzəlibəyov "Şərq
qapısı" qəzetinə verdiyi müsahibədə
demişdi: "Atabəylər" tamaşasını
Naxçıvan Muxtar Respublikasının 75 illiyinə həsr
etmişik. Bu əsər başdan-başa
Naxçıvan torpağı ilə bağlıdır.
Ona görə də mən əsərin
ideyası barədə danışmağı artıq bilirəm.
Çünki Azərbaycan oxucusu, Azərbaycan
tamaşaçısı "Atabəylər" barədə
olduqca geniş məlumata malikdir. Çox
adlı-sanlı ədiblər, teatr tənqidçiləri bu əsərə
yüksək qiymət veriblər..." Quruluşçu
rejissor bu işində yaradıcı heyətin zəhmətini
və uğurunu da dəyərləndirərək kollektivdən razı
qaldığını bildirib.
Naxçıvanlı tamaşaçılar "Atabəylər"lə
2004-cü ilin mayında yenidən görüşdülər. Quruluşçu
rejissor başda olmaqla birinci tamaşanın əsas
yaradıcı heyətində dəyişiklik olmadan əsərə
yeni quruluş verildi.
Nizami obrazında yenə də Həsən Ağasoy çıxış edirdi. O, rol üzərində bir qədər də işləməklə, ona yeni çalarlar əlavə edib təkmilləşdirmişdi. Aktyor heyətinin tərkibində cüzi dəyişikliklə tamşanın premyerası bu dəfə də yubiley töhfəsi oldu.
Mayın 12-də, Naxçıvan Muxtar Respublikasının 80 illiyinin qeyd olunduğu günlərdə təntənəli yubiley yığıncağının iştirakçılarına Naxçıvan Dövlət Musiqili Dram Teatrının "Atabəylər" tamaşası təqdim olunmuşdu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, həmçinin, yubiley mərasiminin rəsmi qonaqları tamaşanı böyük maraqla seyr etmişdilər.
Nizami Gəncəvi obrazı Naxçıvan Teatrının səhnəsində bir də 2018-ci ildə göründü. Teatrın quruluşçu rejissoru və aktyoru, respublikanın Əməkdar artisti Tofiq Seyidov tərəfindən səhnələşdirilən M.S.Ordubadinin "Qılınc və qələm" əsəri eyni adla tamaşaya qoyuldu. Quruluşu T.Seyidova, bədii tərtibatı S.Bayramova, musiqi tərtibatı A.Ağayevə məxsus olan tamaşanın premyerası iyul ayının 3-də keçirildi.
Bu tamaşada İlyas - Nizami
obrazını Nəsimi Məmmədzadə canlandırdı.
Əsas rollarda S.Məmmədov (Fəxrəddin), S.Məmmədova
(Rəna), Ə.Quliyev (Atabəy Məhəmməd),
H.Cavanşir (Dilşad), N.Hüseynquliyeva (Məhsəti),
M.Mehdiyev (Qızıl Arslan) və başqa sənət adamları
iştirak edirdilər. Ümidvarıq ki, bundan sonra da dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin
parlaq obrazı daim səhnələrimizdə görünəcək
və onun əsərləri əsasında neçə-neçə
yeni tamaşalar yaranacaq.
Ələkbər
QASIMOV
AMEA
Naxçıvan Bölməsi İncəsənət, Dil və
Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2021.- 1 dekabr.- S.21.