Vətənpərvər
şair, dəyərli alim
Xanəli Kərimli-70
Naxçıvan ədəbi
mühitinin və elmi ictimaiyyətinin dəyərli nümayəndələrindən
olan Xanəli Kərimlinin yaradıcılığı ilə
şəxsiyyəti üst-üstə düşür,
bütövlük təşkil edir. Vətən, xalq,
torpaq sevgisi, müstəqil dövlətimizin rəmzlərinə
hörmət, xalqımızın azadlıq uğrunda
apardığı qəhrəmanlıqlarla dolu mübarizəsi,
doğma vətənin tərənnümü, tarixi şəxsiyyətlərimizə,
ulu öndər Heydər Əliyev irsinə böyük məhəbbət bugünlərdə
70 yaşı tamamlanan Xanəli Kərimlinin
yaradıcılığının əsas qayəsidir.
"Ay işığında" adlı ilk şeirlər
kitabı 1998-ci ildə işıq üzü görən
şairin sadə, lakin mənalı yaradıcılıq yolu
bü gün də eyni səmimiyyət və sədaqətlə
davam edir.
Xanəli Kərimli 1951-ci ilin 27 noyabrında Şahbuz
rayonunun Mahmudoba kəndində anadan olub. 1968-ci ildə Cəlil Məmmədquluzadə
adına Şahbuz qəsəbə orta məktəbini,
1973-cü ildə indiki Azərbaycan Dövlət Pedaqoji
Universitetinin filologiya fakültəsini fərqlənmə
diplomu ilə bitirib. Şeirləri Azərbaycan
hüdudlarından kənarlarda - İran, Türkiyə mətbuatında
da işıq üzü görüb. "Ay
işığında", "Anamdan məktub", "Bu
da bir nağıldı", "Mənə elə gəlir
ki...", "Duyğularım, düşüncələrim", "Mənim könlüm bir
ümmandır", "Payız duyğuları",
"Ahlat taşı" və sair kitabların müəllifidir.
Haqqında "Şairə məktub", "Xanəli Kərimli:
sözün Əlincə qalası", "Xanəli Kərimli:
bir ömrün işığı", "Şairin
könül dünyası" adlı məqalə
topluları, Azərbaycan Yazıçılar Birliyinin
üzvü, fəlsəfə doktoru Sabir Bəşirovun
"Xanəli Kərimli: bir ömrün nağılı"
monoqrafiyası nəşr olunub. Filologiya üzrə
fəlsəfə doktoru, dosentdir Xanəli müəllim.
İlk qələm təcrübəsi
"Toğluqayanın Məmməd Araza məktubu"
adlı şeir olsa da, ilk mətbu əsəri 1983-cü ildə
"Azərbaycan" jurnalında dərc olunmuş "Anamla
söhbət" adlı şeirdir.
Xəmiri mənəvi narahatlıqlardan, iztirablardan
yoğrulmuş şair, buna baxmayaraq, məhz ictimai
ağrılar səbəbindən ələ qələm
alıb, poetik yaradıcılığa başlyıb. Şairi
ağrıdan nələrdir? Bu suala cavab verməzdən
əvvəl filologiya üzrə fəlsəfə doktoru,
dosent Əbülfəz Əzimlinin "Ay
işığında" kitabına yazdığı ön
sözdən bu barədəki bir fikrini xatırlamaq istəyirəm:
"Ağrılarım, qayğılarım" bölməsindəki
şeirlər Xanəlinin şəxsiyyətindəki digər
bir keyfiyyəti üzə çıxarır. Onun
ağrı və nisgili sonsuz və nəhayətsizdir".
Ulu Yaradan sanki şairləri mənsub olduğu xalqın
ağrılarını müəyyənləşdirmək,
bu ağrıları ürəyində daşımaq və ən
nəhayətdə isə bu ağrılara, acılara,
xalqın yaralarına məlhəm qoymaq, Mirzə Cəlil
demişkən xəstəliyi müəyyən etdikdən
sonra onun müalicəsini arayıb tapmaq, çətin vəziyyətlərdən
çıxış yollarını göstərmək
üçün yaradı. "Ağrı dağı",
"Şəhidlər xiyabanında", "Bu qan yerdə
qalan deyil", "Soyuqdur", "Biganəlik" şeirləri,
"Ağrı", "Bütövlük",
"İnam", "Təbil" poemaları məhz bu
ağrıların ifadəsidir.
Ürəyim
köz-közdü, göynəyir, tütür,
Tüstüsü burulub çıxır
başımdan.
Vaxt tapa
bilmirəm baş qaşımağa,
Şöklü Məliklərin sapand daşından.
Bəşirovun
"Xanəli Kərimli: bir ömrün nağılı"
kitabında da qeyd etdiyi kimi, "Xanəli Kərimlinin
şeirləri, poemaları ilə yanaşı...
bayatılarının da müəyyən hissəsi Vətən
mövzusundadır". Vətən
ağrısı, millət ağrısı, sakinləri
yavaş-yavaş azalan kənd ağrısı, əsgərsiz
qalmış dağların ağrısı, 20 Yanvar
ağrısı, müxtəlif itkilərin
ağrı-acısı şairin içini sanki
didib-parçalayır, bu hisslərin sonu yoxdur onun aləmindənə
rəngi bilinir, nə gələcək taleyi... Şairin
"illərlə qövr edən ürəyinin
ağrısı, sinəsinin göynəyi" ancaq və
ancaq azadlıq məlhəmi ilə azalardı. Ancaq bu
azadlıq da əvvəldə Vətən torpaqlarının
itirilməsi ilə nəticələndiyindən şairin
ağrılarsız bir günü, bir anı, bir dəqiqəsi
olmur:
Bəzən
ağrımı danmışam qorxudan,
Bəzən də ağrımışam qorxudan.
Ağrısız,
qorxusuz
İlim,
ayım, günüm -
olmayıb anım belə.
Ağrılar,
qorxul
ar məngənəsində
sıxıla-sıxıla,
əzilə-əzilə
yaşayıram hələ...
1998-ci ildə yazılmış "Təbil"
poemasında düşmənlə sərhəddə yerləşən
kəndlərimizin tədricən əhalisinin sayının
azalmasından doğan narahatlıq bir vətəndaş kimi
şairi həyəcan təbili çalmağa, bunun
qarşısının alınmasına
çağırışlar qələmə almağa vadar
edir. Vətən
qeydinə qalan şair sabahkı
bütövlüyümüz, əmin-amanlığımız
üçün bu gün tədbirli olmağa, Vətənin
hər qarış torpağının qədrini bilməyə,
"dağların başını uca etməyə" təkidlə
səsləyir bizi:
İstəyirik
Vətən basılmaz olsun,
Qoruyaq Kəndi də göz bəbəyi tək.
Kəndlər
də Vətənin əsgərləridir,
Əsgərsiz bir Vətən, de, nəyə gərək?
"Ağrı" poeması 1994-cü ildə qələmə
alınıb.
Bu əsər 1990-cı ilin 20 Yanvarında
azadlığını tələb edən xalqımıza
qarşı törədilmiş qanlı faciənin nəticəsi
olaraq yaranmış Şəhidlər xiyabanı
qarşısında şəhid ailələrinin
ağrı-acılarını öz içində yaşadan
şairin düşüncələrinin ifadəsidir.
Eyni ağrı-acılarla qələmə
alınmış "Bütövlük" lirik poeması
da şəhidlik mövzusundadır. Şəhidlər
xiyabanındakı əbədi məşəl bir xalqın qəhrəmanlıqlarla
dolu keçmişinin, azadlıq uğrunda mübarizəsinin
rəmzi, "şəhidlərin özü, günahsız
bir millətin haqqa ismarladığı sualı, sözü,
şəhid anaların ürək sözü" kimi dəyərləndirilir
burada:
O, təkcə
məşəl deyil,
Zəncirləri
dişiylə
Qıran
mərd övladların
Atəşidir, təbidir.
Bu təb
bütün dünyaya
Bağırır
ki, eşidin:
Azərbaycan
torpağı
Şəhidlik
məktəbidir!
O məşəlin
od dili
Torpaq
altdan püskürən
Şəhidlərin ruhudur.
Xanəli
Kərimlinin şeir dili, ifadə üslubu barədə
söz açan filologiya üzrə fəlsəfə doktoru,
AMEA-nın müxbir üzvü Adil Bağırov yazır:
"X.Kərimlinin deyim tərzi sərrast, düzüm tərzi
bitkindir. O, yaradıcılığında dilimizin tükənməz
bədii ifadə vasitələrindən ustalıqla istifadə
edərək şeirlərində yüksək ifadəlilik,
obrazlılıq yaradır, emosional fikirləri sadə,
aydın, yığcam bir dillə ifadə edir, doğma
dilimizi özünün qürur mənbəyi sayır".
"Naxçıvan ədəbi mühiti" kitabında isə
şair Xanəli Kərimlinin
yaradıcılığının dil xüsusiyyətləri
haqqında bu qənaət yer alıb: "... Onun
şeirlərində xalq dilinin üslub imkanları həmişə
təzə və yeni çalarlarla təzahür etdiyindən
poetik dili canlı və təravətlidir. Çünki o, şair kimi hər bir sözün
daxili anlamına, gizli qatlarına müraciət etməyi
bacarır".
Şairin
qənaətincə, əlinə qələm alan
hər bir yazı-pozu adamı yaxşı şair,
yaxşı yazıçı ola bilməsə də,
yaxşı vətəndaş olmağa borcludur. Bu mənada qətiyyətlə demək
mümkündür ki, Xanəli Kərimli şairliyi onun
yaxşı vətəndaş olmağının bir göstəricisi
və ya nəticəsi olaraq düşünülməlidir.
Onun nəzərində, yaxşı şair
öncə yaxşı insandır, Vətənə layiqli vətəndaşdır.
Vətənin sevincinə də, kədərinə
də şərik çıxdığı, xalqı ilə
birgə döyünən ürəyə malik olduğu,
ürəyinə ən əvvəl Vətən sevgisi yerləşdirdiyi,
öz zəmanəsinə mənsub bir sənətkar
olduğu üçün dəyərli sayıla bilər
şair.
Onun
"Naxçıvanım mənim", "Şahbuzum",
"Qalırmı?", "Qoşa bulaq" kimi şeirlərində
doğma diyara olan sonsuz məhəbbət, yurdun təbii
gözəllikləri, keçmişi, tarixi, müqəddəs
ocaqdan ayrılmağın kədəri ifadə olunub. Vətən Xanəli Kərimli üçün
qürur, iftixar mənbəyidir, ürəyinin şah
damarında axan qandır, halallıqdır, paklıq-müqəddəslikdir.
Şair doğma Vətənini daima ucalıqda görür və
onu başındakı qızıl tacı hesab edir:
Ucalığım
- tacım mənim,
Hər an ehtiyacım mənim.
Dar
günüm, ağır çağımda,
Əlacım,
illacım mənim!
Nur
çilədin qoca Şərqə,
Tarix boyu öz zəkanla.
Diz
çökdürdün düşmənini,
Pozulmaz bir ehtişamla.
Bu
dünya bir cənnətdirsə,
O cənnətin
qapısı sən!
Varım,
yoxum - nəyim varsa,
Cümləsi
sən, hamısı sən!
Yaşa
xoşbəxt anım mənim -
Əbədi
ünvanım mənim -
Doğma
Naxçıvanım mənim!
Xanəli
Kərimlinin "Nə mutluyam", "İstanbulda
düşüncələr", "Türkə ağı
demək olmaz", "Van gölü" və başqa bu
kimi şeirlərində "Bir millət - iki dövlət"
olan Azərbaycan və Türkiyənin əzəli-əbədi
birliyindən, qardaşlığından, şanlı tarixindən və bu günündən
bəhs edilir:
Başı
ağ çalmalı dağlar qoynunda,
Çırpınan, nazlanan, yatan Van gölü.
Sən
türkün əbədi qan yaddaşısan,
Dünəni bu günə çatan Van gölü.
1997-ci ildə qələmə alınmış "Azərbaycan
bayrağı" şeirində müstəqil dövlətimizin
rəmzlərindən biri olan qürur mənbəyimiz,
azadlığımızı bütün dünyaya bəyan
edən üçrəngli bayrağımız tərənnüm
olunub.
Şair üçün başının üstündə
müqəddəs iki varlıq vardır, bunlardan birincisi ulu
yaradan, digəri isə bir kərə yüksəldisə, bir
daha enməyən üçrəngli
bayrağımızdır:
Bayrağımın
rəngində,
Yerin, göyün rəngi var.
Yurdumun azadlığı,
Pozulmaz ahəngi var.
Şair II Qarabağ savaşının başlandığı günlərdə uzun zamandan bəri ətrini duymağa, ayaq basmağa həsrət qaldığımız Qarabağın azad olunmasının sevincini də dolğun poetik çalarlarla ifadə edib.
Yuxarıda qeyd etdiyimiz cəhətləri əsas tutan akademik İsa Həbibbəyli Xanəli Kərimli yaradıcılığını yüksək qiymətləndirərək yazır: "Xanəli Kərimlinin yaradıcılığında həssaslıq və vətəndaşlıq mövqeyi ön sırada dayanır. Həyata, insanlara həssas münasibətlər Xanəli Kərimlinin şeirlərinə dərin lirizm gətirir".
"Ağrıdan ucada dayanan şair"ə Azərbaycanımızın bütün dərdlərinin bitməsi nəticəsində yaranan qəlb rahatlığı, könül xoşluğu arzulayırıq.
Aygün ORUCOVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent
(AMEA Naxçıvan Bölməsi)
525-ci qəzet.- 2021.- 1 dekabr.- S.20.