Janr yeniliyi,
yazıçı ustalığı...
ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEVİN "XƏYALAT" ƏSƏRİ HAQQINDA DÜŞÜNCƏLƏR
Böyük ədibimiz Əbdürrəhim bəy
Haqverdiyev ədəbiyyatımıza bir sıra dəyərli
yeniliklər gətirib, öz novatorluğu ilə seçilib. Bu yeniliklərdən
biri də bioqrafik xüsusiyyət daşıyan dramlardır
ki, həmin janr ədəbiyyatımıza məhz
Ə.Haqverdiyev tərəfindən daxil olub. Belə ki, ədibin öz sözü ilə desək,
o, 1911-ci ildə "M.F.Axundovun təvəllüdünün
yüz illik yubileyi münasibətilə" yeni bir əsərini
- "Xəyalat"ı yazır. Bu əsərdə,
ədəbiyyatımızda ilk dəfə olaraq, müəlliflə
onun yaratdığı obrazlar
qarşılaşdırılır.
Əsərin adını ilk dəfə eşidəndə,
mövzusunu öyrənəndə çox diqqətimi çəkdi. "Necə yəni?
Mən Mirzə Fətəli ilə
fırıldaqçı, kələkbaz Molla İbrahimxəlili,
Məstəli şahı, qəddar, qaniçən Şah
Abbası, onun yaltaq əyanlarını bir arada görəcəyəm?
Axı onlar öz haqsız, mənasız
qınaqlarıyla onu təngə gətirib canından
usandırarlar. Amma sonra
düşündüm ki, Mirzə Fətəli hər gün,
onsuz da, yüzlərlə, bəlkə də, minlərlə
İbrahimxəlillər, Məstəli şahlar, Şah
Abbaslarla qarşılaşırdı. Elə
onlar Mirzə Fətəlinin öz yanında yaşayan insanlar
deyildimi? Axundov onları məhz real həyatdan,
öz dövründən götürməmişdimi? Onsuz da Mirzə Fətəli onlara qarşı
mübarizə aparmağı, bütün təhdidlərə
sinə gərərək haqq sözünü deməyi məhz
onların yanında, onlarla birgə yaşayaraq öyrənmiş,
məhz onların əhatəsində görkəmli dramaturq,
Azərbaycan ədəbiyyatında yeni era yaradan Mirzə Fətəli
Axundov olmuşdu. Həm də düşündüm ki,
axı həmin dövrdə tək Molla İbrahimxəlillər,
Məstəli şahlar yaşamırdı, Hacı Nurular,
Müsyo Jordanlar, Şahbaz bəylər də
yaşayırdı, sözsüz ki. Çünki
Axundov onları da məhz real həyatdan seçib
yaratmışdı. Onlar məhz zülmət
gecəyə doğan ay kimi, həmin dövrə, XIX əsr həyatına
doğub onu işıqlandırmağa
çalışmışdılar. Ən
azından məhz onlar Mirzə Fətəliyə dəstək
olub, ona bütün bu çətinliklərə dözməyə
yardım edəcəkdilər". Belə
düşüncələrlə özümə bir növ təsəlli
verdim və əsəri oxumağa başladım...
Qüdrətli ədibimiz Haqverdiyev öz dahi sələfi
Axundovu bu əsərdə Müsyo Jordan, Hacı Nuru kimi
maarifpərvər obrazlarla da qarşılaşdıra bilərdi. Ancaq o, bunu etməyib.
Bu da əbəs deyildi. Əgər
əsər məhz bu süjetdə yazılsaydı, bizim
üçün bu qədər əhəmiyyətli
olmayacaqdı. Çünki biz həmin
obrazların Axundovla hansı şəkildə
görüşəcəyini çox yaxşı
anlayırıq. Bunun formal da olsa, canlı
şahidi olmaq bizə çox şey öyrədir və biz
bu əsər nəticəsində həmin dövrü,
Axundovun məşəqqətlərlə dolu olan ömür
yolunu birbaşa gözümüzün qarşısında
canlandırırıq. Qaldı ki, necə
qarşılaşır, buradan sonrası, məncə, hər
kəsə aydındır. Onlar onları
öz dilləriylə ifşa edib biabır eləyən
adamın üstünə gül-çiçəklə gəlməyəcəkdilər.
Onlar öz kinlərini, təhdidlərini bir
yumruq kimi düyüm edib gəlirlər onun üstünə.
Bunlardan əlavə,
elə əsərin girişi məni o qədər duyğulandırdı
ki, bir anlıq özümü Mirzə Fətəlinin yerinə
qoyub onun nələr hiss etdiyini, hansı hissləri
keçirdiyini anlamağa çalışdım və həqiqətən,
gördüm ki, o hissləri yaşamaq necə çətin
imiş. Belə ki, əsərin ilk səhifəsində
biz Mirzə Fətəliylə kitabpaylayanın dialoqunu
oxuyuruq. İnsanlar heç olmasa, bir az
maariflənsin, savab kəsb eləsin deyə öz
kitablarını onlara pulsuz paylamağa cəhd edən Mirzə
Fətəlinin bu cəhdini belə anlamırlar. Kitabpaylayandan soruşanda ki, "necə oldu, paylaya
bildinmi kitabların hamısını?" - o cavab verir: "Bir müsəlman kitaba
yaxın düşmədi... dedilər ki, kitab oxumaq istəsək,
o qədər lazımlı kitablar var ki, üstünü toz
basa-basa qalıb bu şkaflarda. Oturub hər qaravəllini
oxusaq, gərək adımızı dəli qoyaq".
Bu cavab mətləbə tam aydınlıq gətirir, məncə.
Əsərdə hadisələr irəlilədikcə,
Mirzə Fətəlinin başına gələnləri
görüb-hiss etdikcə insanın əsəbləri daha da
tarıma çəkilir. Oxucu əsərdə Mirzə Fətəlinin
oğlu Rəşidlə də qarşılaşır: Mirzə
Fətəli rəngi qaçmış halda evə daxil olan
oğlundan nə baş verdiyini soruşduqda o, insanların
onun arxasınca söyüş söyüb onları
ölümlə təhdid etdiyini atasına danışır
və axırda çox ağrılı bir sual verir: "Ata,
bəlkə gəldilər bizi qırdılar?.."
Mirzə Fətəlinin cavabı son dərəcə təsirli
və ibrətamizdir: "Qorxma, bala... Sənin atan camaata həqq
yolu göstərir.
Böyüyüb təvarixdə də görərsən
ki, haqq danışanlara nə əziyyət ediblər. Nə eybi var, qoy bizə də əziyyət etsinlər.
Bir vaxt olar bu yaman danışan adamların övladları mənim
zəhmətlərimə qiymət verərlər"...
Süjet inkişaf etdikcə biz yavaş-yavaş "əsas"
qonaqları səhnədə görürük. Bir-birinin
ardınca Hatəmxan ağa, Hacı Qara, Məstəli şah
və Molla İbrahimxəlil daxil olurlar. Onların hər
biri də bildiyimiz şeyləri deyirlər: "...Görərsən
başına nə oyun açırlar... Səndən
sərdarın xud özünə elə bir danos verdirim ki, səni
birbaş Sibirə itirsinlər. Biz bəylərin əlinin
zərbini sınayarsan, sonra sakit olarsan!..
Budur, qapıda minlərcə adam
hazırdırlar..."
Bunların hamısı məhz o dövrün
reallıqları, Mirzə Fətəlinin yaşadıqları
idi. O
dövrün Molla İbrahimxəlilləri, Məstəli
şahları, Hatəmxan ağaları onu məhz bu cür təhdid
edirdilər - ölümlə, ən yaxşı halda isə
sürgünlə. Ancaq bunlar Mirzə Fətəlini
qorxudurdumu? Onu bu yoldan çəkindirirdimi
Əlbəttə ki, xeyr. Doğrudur, o da zaman-zaman ruhdan düşürdü belə insanların əhatəsində olduqca. Amma bu, onu öz yolundan döndərə bilməzdi. Çünki o, mollalar üçün çalışmırdı, onların alqışıyla öz insanlıq mərtəbəsində yüksəlməmişdi ki, onların təhdidiylə də öz yolundan dönsün. O bilirdi ki, az da olsa, onu anlayan, ona dəstək olan insanlar da var. Hətta bu insanlar, o, həyatda olmayanda belə olacaq. Həm də həmin riyakar insanlardan da çox. O, bu ümidlə yaşayırdı. Əbdürrəhim bəy də məhz onun nə hiss etdiyini bilərək bu əsəri qələmə almışdı. Və əsərin sonunda buna açıq-aydın işarə də var. Müəllif əsərin sonunda o dövrdə Axundovun düşmənləriylə yanaşı, dostlarının olduğunu da bizə göstərir. Belə ki, son hissədə nökər daxil olub Mirzəyə Bakıdan teleqram gəldiyini bildirir. Teleqram isə kimdən idi? Təbii ki, Axundovun ən yaxın silahdaşlarından biri, görkəmli xadim Həsən bəy Zərdabidən. Həsən bəy həmin teleqramında, hamımızın təxmin eləyə bildiyi kimi, Mirzə Fətəlini yazdığı komediyalar münasibətilə təbrik edir və ona hər zaman dəstək olacağını bildirir. Bu cümlələrdən sonra Mirzə Fətəlidə dərd qalardımı? Onun zəhmətinə elə məhz onun sağlığında qiymət verildiyinin göstəricisiydi bu. Onu öz yolunda daha da qüvvətləndirən məhz bu deyildimi? Sevincinin həddi-hüdudu olmayan dramaturq öz oğluna müraciətlə belə deyir: "...Daha mənim qəmim yoxdur. Çox şükür olsun Allahıma ki, əkdiyim toxum öz sağlığımda bar verdi". Əsər də məhz bu sözlərlə bitir.
Qeyd etdim ki, Ə.Haqverdiyev bu əsərlə ədəbiyyatımızda yeni bir janrın - bioqrafik dram janrının əsasını qoyub. Həmin janrın məhz bu əsərlə yaranması, müəllifin seçim edərkən məhz M.F.Axundovun üzərində dayanması təsadüfi deyil, çox diqqətəlayiq bir məqamdır. Haqverdiyev səkkiz səhifədə bizə böyük bir dövrü, bir insanın başqaları uğrunda nələr edə biləcəyini, bu yolda nələrdən keçə biləcəyini əyani şəkildə göstərməyə çalışıb. Əsəri oxuduqca mən də özümü orada, o dövrdə və cəmiyyətdə hiss edirdim. Sanki mən də Mirzə Fətəlinin yanındaydım. Hətta bəzi məqamlarda elə düşünürdüm ki, indi danışsam, onların hamısı mənim səsimi eşidəcəklər. Mirzə Fətəli mənim - ona bir ömür boyu minnətdar olacaq yeni nəslin nümayəndəsinin var olduğunu bilsə, daha da qüvvətlənəcək, daha da mübariz olacaq. Bütün çətinliklərə rahat sinə gərə biləcək.
Bütün bu məqamlara əsasən deyə bilərəm ki, yeni bir janrda yazılan bu əsər ədəbiyyatımız üçün çox qiymətlidir. Və belə bir əsərin Ə.Haqverdiyev qələmindən çıxması da əsla təəccüb doğurmur. M.F.Axundovu elə məhz o, anlaya bilərdi. Çünki onun yaşadıqlarının böyük bir qismini Haqverdiyev də öz dövründə yaşamışdı, ona da yaşatmışdılar bütün bunları. Məhz buna görə o, yaza bilərdi bu haqda. Və yazdı da. Bizim borcumuz isə digər əsərlərinə ("Bəxtsiz cavan", "Dağılan tifaq", "Pəri cadu", "Ağa Məhəmməd şah Qacar" kimi) nisbətən geri planda qalan, çox tədqiq olunmayan bu əsəri oxuyub öyrənmək, təhlil və təbliğ etməkdir. Bununla həm Ə.Haqverdiyev, həm də M.F.Axundov kimi qüdrətli sənətkarların qarşısında öz mənəvi borcumuzun bir qismini də yerinə yetirə bilərik.
Sonda isə M.F.Axundovun ruhuna xitabən
yazılan bu sözləri diqqətə çatdırmaq istəyirəm:
"Artıq zaman yaman danışanların yox, haqq
danışanların zamanıdır. Sizin də dediyiniz kimi,
elə o yaman danışanların balaları yaşayır
indi. Bəlkə də, biz də həmin o yaman
danışanların övladlarıyıq. Ona görə də
rahat uyu, gözəl insan! Həmin
o yaman danışanların övladları bu gün sənə,
sənin zəhmətlərinə qiymət verirlər. Onlar sənə
minnətdardırlar. Bizim yolumuzda yaşadığın hər
gün ölümlə burun-buruna gəlib öz amalından,
öz əqidəndən dönmədiyinə görə.
Bugünkü bizləri var etdiyinə görə minnətdardırlar..."
Aynurə
ABBASZADƏ
BDU-nun
Filologiya fakültəsinin tələbəsi
525-ci qəzet.- 2021.- 1 dekabr.- S.19.