"Böyük
qayıdışdan sonra ölkənin sosial-iqtisadi yüksəlişində
Laçın rayonunun rolu yüksək səviyyədə
olacaq"
Laçın rayonunun
işğaldan azad olunmasından bir il ötür
Müsahibimiz Milli Məclisin ikinci
çağırış deputatı, Laçın rayon
İcra Hakimiyyətinin sabiq başçısı Elbrus Təhməzovdur.
***
- Elbrus
müəllim, torpaqlarımız işğaldan azad
olunduğu günlərdə Azərbaycanın əldə
etdiyi böyük qələbə ilə bağlı fikirlərinizi
bildirmişdiniz. Zəfər Günündən
və dünyaya göz açdığınız, uzun illər
müxtəlif məsul vəzifələrdə
çalışdığınız Laçın rayonunun
işğaldan azad edilməsindən ötən bir ildən
sonra bir daha fikirlərinizi eşitmək maraqlı olardı.
- Əvvəla,
bu sevincli və qürurverici günləri bizlərə
yaşatdığına görə Azərbaycan Respublikasının
Prezidenti, Müzəffər Ordumuzun Ali Baş Komandanı,
hamımızın sevimlisi İlham Əliyevə bir daha minnətdarlığımı
çatdırır, bu qələbənin əldə
olunmasında canından keçən bütün şəhidlərimizə
Allahdan rəhmət diləyir, qazilərimizə
cansağlığı arzulayıram.
Bilirsiniz
ki, Laçın rayonu respublikanın ərazi baxımından
ən iri rayonlarından biridir, ərazisi 1843 kvadratkilometrdir, 1
şəhər, 1 qəsəbə və 124 kənddən
ibarətdir, əhalisi işğaladək 60 min nəfər
olub, hazırda isə 80 min nəfərə çatıb.
İşğala qədər rayonun ictimai və şəxsi təsərrüfatlarında
50 min başdan çox qaramal, 400 min başadək xırda buynuzlu heyvan
saxlanılırdı. Rayonumuzun əhalisi
heyvandarlıqla yanaşı, əkinçilik,
bağçılıq, bostan-tərəvəzçilik,
arıçılıq və digər təsərrüfat
işləri ilə məşğul olduğundan, fərdi təsərrüfatçılığa
ciddi yanaşdıqlarından hökumətdən yardımlar
almaqda maraqlı olmamışdılar. Ötən
əsrin 70-80-ci illərində rayonda tikinti materialları
istehsalının genişləndirilməsi, sənaye tipli
müəssisələrin yaradılması da əhalinin sosial
həyat şəraitinin
yaxşılaşdırılmasına müsbət təsir
göstərmişdi.
Rayonun bütün yaşayış məntəqələri
mədəniyyət, təhsil, səhiyyə xidmətləti
ilə tam təmin olunmuş, bütün kəndlərimiz
elektrik, qaz xətləri, avtomobil yolları, avtobus
marşrutları ilə əhatə edilmişdi. Bütün bunlardan əlavə,
heyvandarlıqda məşğul olan əhalinin bir hissəsi
mal-qaranı qış mövsümündə aran
rayonlarına, əsasən Ağcabədi, İmişli, Beyləqan,
Ağdam, Bərdə, Tərtər və Füzuli
rayonlarına qışlağa aparır, bunun əvəzində
isə yay mövsümündə yuxarıda qeyd etdiyim rayonlar
da daxil olmaqla 17-dək rayon yaylaq kimi Laçın rayonunun ərazisindən istifadə edir, yay
aylarını burada keçirirdilər.
- Bəs
bu işgüzar, əməksevər insanlar işğaldan
sonra məcburi köçkün kimi necə məskunlaşdılar,
nə işlə məşğul oldular?
- Bir
tarixi faktı diqqətə çatdırım ki, hətta
Sovet dövründən əvvəldə də Laçın
rayonu əhalisinin Qarabağın aran rayonları ilə,
xüsusilə də Ağcabədi, Tərtər, Bərdə,
Ağdam və başqa rayonlarla qarşılıqlı əlaqələri
olub. Bunun nəticəsidir ki, qeyd olunan aran rayonlarının əhalisinin
yarıya qədərinin laçınlılarla qohumluq əlaqələri
də var. Bu kimi əlaqələrin nəticəsidir ki,
işğaldan sonra təsərrüfatla məşğul olan
əhalinin hamısı hələ ötən əsrin əvvəllərindən
rəsmi olaraq Ağcabədi, İmişli, Beyləqan
rayonlarından ayrılaraq Laçın rayonuna təhkim
olunan, hazırda Taxta körpü adlanan 31 min hektar ərazidəki
ayrı-ayrı təsərrüfatlarımıza aid 82 obaya
(fermaya) gələrək məskunlaşdılar. Hazırda
rayon əhalisi respublikanın 58 rayonunda, 300-dən çox
yaşayış məntəqəsində, 25-30 faizi Bakı,
Sumqayıt şəhərilərində, Abşeron rayonu ərazisində
məskunlaşıblar və özlərinə minimum
yaşayış şəraiti yarada biliblər. Bu müddət ərzində rayonun bütün
icraedici hakimiyyət orqanları Ağcabədi ərazisindəki
Taxta körpü qəsəbəsində
formalaşdırılıb, respublikanın müxtəlif
regionlarında məskunlaşan məcburi köçkünlərlə
əlaqələr qurulub. Müşahidələr göstərir ki,
işgüzar məcburi köçkünlərin öz
işlərini səmərəli qurmalarının nəticəsidir
ki, respublikanın mərkəzi və böyük şəhərlərinin
heyvandarlıq və digər kənd təsərrüfatı
məhsulları ilə təminatı əsasən onlar tərəfindən
həyata keçirilir. Bütün bunlar
isə onu göstərir ki, böyük qayıdışdan
sonra da ölkə əhalisinin təminatında və ərzaq
tələbatının ödənilməsində, ölkənin
sosial-iqtisadi yüksəlişində işğaldan azad
edilmiş ərazilərimizin, o cümlədən,
Laçın rayonunun rolu yüksək səviyyədə
olacaq.
- Elbrus
müəllim, bir qədər də Laçının
işğaldan əvvəlki və sonrakı sosial-iqtisadi vəziyyəti
barədə məlumat verərdiniz. Bir də, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli
bəyanatdan sonra rayon ərazisi ilə əlaqələriniz olubmu?
İndi rayonla necə əlaqə
saxlanılır, doğma yurda gediş-gəliş varmı,
insanların öz doğmalarının uyuduqları müqəddəs
yerlərə ziyarətlər təşkil olunurmu?
- 29 ildən
sonra Rusiya, Azərbaycan, Ermənistan rəhbərlərinin
imzası ilə təsdiqlənmiş kapitulyasiya aktından
sonra qəbul edilmiş öhdəliklər nisbətən ləng
həyata keçirilsə də, əldə olunan ilkin nəticələri
yüksək dəyərləndirir, bunu ölkə tarixində
indiyədək görülməyən qələbə kimi
qiymətləndirirəm.
Bu yerdə şahidi və iştirakçısı
olduğum bəzi faktları sizinlə bölüşməyi
özümə borc bilirəm. Bu fikirlərimi əvvəllər də
mətbuatda bildirmişəm, yenə təkrar edirəm, mənim
gəldiyim qənaət və müşahidələrim ondan
ibarətdir ki, möhtərəm Prezidentimizi hakimiyyətə
gələndən narahat edən ən mühüm məsələ,
nəyin bahasına olur-olsun Qarabağ məsələsini
bizim xeyrimizə həll etmək olub. Hələ
2005-ci ilin mart ayında ikilikdə görüşümüz
zamanı cənab Prezidentlə iki saata yaxın Qarabağ
münaqişəsi və Laçının coğrafi vəziyyəti
barədə ən xırda məsələləri təhlil
etdik. Həmin dövrdə gündəlikdə məlum
5+2 variantı, yəni razılaşma əldə olunarsa, əvvəlcə
ətraf 5 rayonun, sonrakı mərhələdə -
Dağlıq Qarabağın statusu müəyyənləşdikdən
sonra isə Laçın və Kəlbəcərin azad olunması məsələsi
var idi. Bu zaman Laçından keçən yolların (dəhlizin)
şəhərdən kənara çıxarılması, yəni
Xankəndidən, Göytala, Aşağı Qaladərəsi,
Yuxarı Qaladərəsi kəndlərindən,
Laçının Dəyhan düzünədən,
Qayğı qəsəbəsindən və Gorusun
Xınzırək kəndindən keçməklə
Gorus-İrəvan yolu ilə birləşmək, yola nəzarətin
isə yol polis xidməti vasitəsilə həyata
keçirilməsi məqsədəmüvafiq hesab
olunmuşdu. Bütün bu məsələləri müzakirə
etdikdən sonra cənab Prezident xarici işlər nazirinə
tapşırıq verib dedi ki: "Elbrus müəllimi qəbul
et, onda bizə yarayan fikirlər var, öyrən
və Laçından keçəcək yolun xəritəsini
hazırlayın, tərəflərlə müzakirə edib
razılaşaq". Bundan sonra məni həmin
dövrdə Qarabağ münaqişəsi ilə məşğul
olan səlahiyyətli nümayəndə, xarici işlər
nazirinin müavini Araz Əzimov qəbul etdi və məsləhət
bildi ki, təklif olunan yolun xəritəsini hazırlayıb
ona verim. Mən də həmin xəritəni
hazırlayıb iki nüsxədə Araz Əzimova təqdim
etdim. Bundan sonra həmin xəritədən
işçi qruplarının söhbətlərində
istifadə edildiyinin şahidi oldum. İndi ümid edirəm
ki, bu gün təkcə laçınlılar yox,
bütün respublika ictimaiyyəti arasında narahatlıq
doğuran "Laçın dəhlizi" məsələsi
15 il bundan əvvəl mənim təklifimə uyğun xətt
üzrə həll olunacaq. Çünki bu məsələ
yüksək səviyyədə - cənab Prezidentlə
müzakirə edilib müsbət
qarşılanmışdı. Fikrimcə,
bundan sonra hansısa başqa təklifin müzakirəsi qəbuledilməzdir.
- Elbrus
müəllim, siz uzun illər Laçın rayonunda müxtəlif
məsul vəzifələrdə fəaliyyət göstərmisiniz,
ermənilərlə qonşuluqda yaşayıb işləmisiniz.
Kifayət qədər təcrübəyə
malik bir şəxs kimi necə
düşünürsünüz, bundan sonra da ermənilərlə
birgə yaşamaq, qonşuluq etmək baş tutacaqmı?
- Bu məsələ
barədə cənab Prezidentlə, eləcə də əlaqədar
dövlət qurumlarının məsul şəxsləri ilə
müzakirələr aparmışıq və qənaətə
gəlmişik ki, 1905-1907, 1915-1918-ci illərdə, eləcə
də ondan sonrakı dövrlərdə baş verən
konfliktlər zamanı da bu kimi hadisələr olub və sonra
baş verənləri unudub birgə yaşamışıq,
indi də təkrar barışıq olacaq. Mən söz
vermişdim ki, ağsaqalları, hörmətli şəxsləri
yığıb, onlarla iş aparıb
barışığı təmin edəcəyik. Lakin son vəziyyət, yəni yerlərdə
onların törətdikləri vandalizm hərəkətləri
belə tədbirlərın görülməsində tərəddüdlər
yaradır.
- Siz
tez-tez həm rayonun, həm də respublikanın ictimaiyyət
nümayəndələri ilə təmasda olursunuz. Yerlərdə Qarabağ münaqişəsinin
yekunları, qələbə ilə bağlı nə kimi
fikirlər var?
- Birmənalı
şəkildə qeyd etmək lazımdır ki, əldə
olunan qələbə ilə bağlı dövlət
başçısının siyasətini vətənini sevən
hər bir ölkə vətəndaşı ürəkdən
bəyənir və müdafiə edir. Bir daha səfərbərlik
olacağı təqdirdə, hətta yaşı
keçmiş, əli silah tutan insanların da arasında
müharibəyə qatılmaqla bağlı heç bir tərəddüd
yoxdur. Lakin bəzi siyasətbazların mətbuatda
ikibaşlı fikirlər söyləməsi ürək
bulandırır, görülən işə kölgə
salmaları təəssüf doğurur, Qarabağın
dağlıq hissəsi, Laçın yolu barədə mətbuatda
gedən əsassız fikirlər narahatlıq və
narazılıq yaradır.
- Böyük tarixi qələbədən ötən bir ildən sonrakı vəziyyəti necə qiymətləndirirsiniz? Gələcəyi necə görürsünüz?
- Ən müsbət məqamlarıdan biri odur ki, görülən bütün işlər barədə televiziyalarda, mətbuatda açıq, heç nə gizlədilmədən, dəqiq məlumatlar verilir, hər kəs öz düşüncələrini və fikirlərin açıq söyləyə bilir. Bayaq qeyd etdiyim kimi, dövlət başçısının apardığı siyasətlə bağlı heç bir mənfi rəy yoxdur, əksinə, hamı qələbəni, böyük zəfəri alqışlayır. Mən hələ 1970-ci illərdən Ümummilli lider Heydər Əliyevin, onun layiqli davamçısı İlham Əliyevin siyasətini dönmədən müdafiə edən bir şəxs kimi bir daha arzu edirəm ki, möhtərəm Prezidentimizin Qarabağ, bütövlükdə Azərbaycanla bağlı nəzərdə tutduğu amallar sonadək həyata keçsin. Əminəm ki, onun amalları həmişə xalqımızı və millətimizi qayğısız, sağlam və xoşbəxt görməklə bağlıdır. Son dövrlər müxtəlif beynəlxalq təşkilatlarda keçirilən tədbirlərdə Azərbaycanda aparılan siyasətin böyük dəstək qazanması, İqtisadi Əməkdaşlıq Təşkilatında möhtərəm Prezidentimiz İlham Əliyevin siyasətinə verilən yüksək qiymət də göstərir ki, dövlət başçımızın fəaliyyəti təkcə ölkə vətəndaşları tərəfindən yox, beynəlxalq aləmdə də böyük rəğbətlə qarşılanır. Bütün bunları nəzərə alaraq təklif edirəm ki, Milli Məclisdə cənab İlham Əliyevə 18 illik prezidentliyi dövründəki fəaliyyətinə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı, İkinci Qarabağ müharibəsindəki Ali Baş Komandan kimi müzəffər faaliyyətinə görə Vətən Müharibəis Qəhrəmanı adlarının verilməsi barədə qərarların qəbul olunması ilə əlaqədar məsələsə qaldırılsın. İnanıram ki, bütün xalqımızın ürəyincə olacaq bu təklifin gerçəkləşməsi üçün müvafiq qurumlar lazımi addımlar atacaqlar.
Sevinc
QARAYEVA
525-ci qəzet.- 2021.- 1 dekabr.- S.17.