Təhsil tələbə
krediti: imkanlar və perspektivlər
Noyabrın 25-dən etibarən Təhsil Nazirliyinin
tabeliyində Təhsil Tələbə Krediti Fondu tərəfindən
müvafiq müraciətlərin qəbuluna
başlanılıb. Təhsil tələbə
kreditinin ayrılmasında məqsəd təhsilin hamı,
xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən
olan şəxslər üçün əlçatanlığının
təmin edilməsi, təhsildə bərabər imkanların
yaradılması və təhsilin əhatə dairəsinin
genişləndirilməsidır. Bu kredit
dövlət dəstəyi ilə çox kiçik faizlərlə
və uzun müddətə verilir.
Nazirlər Kabineti tərəfindən təsdiqlənən
müvafiq qaydaya əsasən, təhsil tələbə
kreditinin sosial və standart növləri mövcuddur. Sosial təhsil
tələbə kreditindən yalnız sosial həssas təbəqəyə
aid ailələrin üzvü olan tələbələr
istifadə edə biləcək və onlara kreditlər güzəştli
şərtlərlə verilir.
Təhsilin normativ müddətində, güzəşt
və möhlət dövründə kreditə faiz
hesablanmır və kreditin qaytarılması tələb
olunmur. Kreditə görə faizlərin hesablanmasında və
kreditin qaytarılmasında təhsilin nəticələrindən
asılı olaraq güzəştlər tətbiq olunur.
Tələbə krediti məzun olduqdan və
güzəşt dövrü bitdikdən sonra qaytarır.
Təhsil krediti üçün müraciət etmək
istəyən tələbənin yaşı 18-dən
aşağı olduqda valideynləri və ya himayəçisi
ilə, yaşı 18-dən yuxarı olduqda isə özü
notarial xidmətə yaxınlaşaraq bir sıra
razılıqları ərizəsi ilə təsdiq etməlidir.
Daha sonra tələbə kredit almaq
hüququnun müəyyənləşdirilməsi
üçün https://e-ttkf.edu.az/ portalına daxil olur. Portala giriş identifikasiya nömrəsi, asan imza və
e-imza ilə mümkündür. Tələbənin
kredit almaq hüququ elektron qaydada müəyyən edilir və
kredit müvəkkil bank tərəfindən verilir. Bunun üçün kredit almaq hüququ olan tələbənin
müraciət zamanı qeyd etdiyi smart telefon nömrəsinə
bank tərəfindən SMS vasitəsilə müvafiq link və
birdəfəlik şifrə (OTP) göndərilir. Tələbə linkə keçid etdikdən sonra
müvafiq OTP şifrəni daxil edir və bu zaman müvəkkil
bankın üz tanıma sistemi işə düşür və
bu sistem vasitəsilə müştəri eyniləşdirilir.
Müvafiq məlumatlar tələbə tərəfindən
sistemdə təsdiq edildikdən sonra kredit müqaviləsi və
kreditin sığorta müqaviləsi rəsmiləşdirilir,
təhsil haqqı təhsil müəssisəsinə
köçürülür.
Tələbə kreditin verilməsi ilə bağlı hər
bir status dəyişikliyi barədə məlumatı SMS vasitəsi
izləyə bilir.
Təhsil nazirinin müavini İdris İsayev deyir ki, Azərbaycanda
146373 tələbə ödənişli əsasla təhsil
alır. Həmin
tələbələrdən 98430 nəfəri bakalavriat, 12051
nəfəri magistratura, 35892 nəfəri isə subbakalavriat
üzrə təhsil alır: "Ödənişli təhsil
alan 146 mindən çox tələbənin
20200 nəfəri dövlət hesabına oxuyur. Onlardan da 17500-ü bakalavr, 1200-ü magistr, 1500-ü
subbakalavrdır. Ödənişli əsaslarla
oxuyan tələbələrdən təhsil haqqı ödəyənlərin
sayı 126173 nəfərdir. Onlardan 80930-u
bakalavr, 10851-i magistr, 34392 nəfəri isə subbakalavrdır. Ödənişli əsaslarla
təhsil alanlardan Təhsil Tələbə Krediti almaq
hüququna malik olan tələbələrin sayı 56208 nəfərdir.
Onlardan 40465 nəfəri bakalavr, 5426-sı
magistr, 10317-si isə subbakalavrdır".
İ.İsayevin sözlərinə görə, birinci tədris
ilinin ilk semestri üçün tələbələrin
standart təhsil tələbə kreditləri (TTK) almaq
hüququ olan tələbənin qəbul imtahanında
topladığı ümumi balın minimal həddi müəyyənləşib. Həmin hədd Təhsil Tələbə
Fondunun himayəçilik şurası tərəfindən qərarlaşdırılıb:
"Bakalavriat səviyyəsi üçün 300-700 bal
aralığında, magistratura səviyyəsi
üçün 50-100 bal aralığı, subbakalvriyat səviyyəsi
üçün 110-300 bal aralığında nəticə
göstərənlər ilk semestrdə kredit almaq hüququna
malik ola bilərlər".
Nazir müavini bildirib ki, standart kreditlər illik təhsil
haqqının 20 faizini ödəyən tələbələrə
veriləcək.
TTK
dövründə aşağıdakı hallar baş verərsə,
kreditin qaytarılmasına möhlət verilir və kredit
müqaviləsinin müddəti həmin müddətə qədər
uzadılır: yuxarı təhsil səviyyəsində əyani
təhsil, həqiqi hərbi xidmət, məhkumluq (4 ildən
çox olmayaraq azadlıqdan məhrum etmə və ya
azadlığın məhdudlşadırılması), işləyən borcalana münasibətdə
hamiləliyə və doğuma görə və
uşağın 3 yaşı tamam olana qədər ona qulluq
etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə
olduğu müddət, sağlamlıq imkanları məhdud 18
yaşadək uşaqlara və birinci dərəcəli əlilliyi
olan şəxslərə qulluq müddəti. Möhlət
müddətində tələbənin əmək və ya
sahibkarlıq fəaliyyəti ilə məşğul
olması faktı aşkarlanarsa, möhlət müddəti bu
fəaliyyətə başlama tarixindən ləğv ediləcək.
Nazir müavininin sözlərinə əsasən,
akademik borcu olan tələbələrə təhsil tələbə
krediti verilməyəcək. Çünki
müraciət vaxtı son semestr üçün olan nəticələrə
baxılır. Normativ təhsil müddətindən
artıq təhsil alan tələbələrə
də kreditlər verilməyəcək.
Təhsili
bitirəndən sonra işə düzələ bilməyən
və krediti qaytara bilməyən tələbələrin aqibətinə
gəlincə İ.İsayev qeyd edib ki, universiteti bitirdikdən
sonra təhsil tələbə kreditini ödəyə bilməsə,
bu vəsait məhkəmə qaydasında ondan alınacaq:
"Biz istəmərik ki, hansısa tələbə işsiz
qalsın. Ancaq qanunvericiliyə görə, əgər
tələbə universiteti bitirdikdən sonra təhsil tələbə
kreditini ödəyə bilməsə, bu vəsait məhkəmə
qaydasında ondan alınacaq".
Kreditin veriləcəyi müddət tələbənin
təhsil pilləsindən və təhsil səviyyəsindən
asılıdır. Ali təhsil pilləsinin bakalavriat səviyyəsində
təhsil alan tələbəyə veriləcək
bu müddət 14-21 il, magistratura səviyyəsində təhsil
alan tələbəyə münasibətdə 12-18 il, orta
ixtisas təhsil pilləsində və peşə təhsil
pillələrinin subbakalavriat səviyyəsində təhsil
alan tələbə münasibətdə 12-19 il ola bilər.
Nazir müavini vurğulayıb ki, tələbə təhsil
krediti alacaq tələbələr üçün özəl
və ya dövlət universitetinin fərqi yoxdur. Ödənişli əsaslarla
oxuyan tələbə kredit almaq hüququna malikdir: "Kredit
yalnız ölkədə qanunvericiliyin tələblərinə
uyğun fəaliyyət göstərən təhsil müəssisələrində
təhsil alan Azərbaycan vətəndaşları
üçün nəzərdə tutulub".
Nazir
müavini xatırladıb ki, ali təhsil
pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura
(rezidentura) səviyyələrində, orta ixtisas təhsili
pilləsində və peşə təhsili pilləsinin
yüksək texniki peşə təhsili səviyyəsində
əyani və ödənişli oxuyan tələbələr
kredit almaq hüququna malikdir: "Qiyabi təhsil alanlar isə
kredit ala bilməzlər".
Əməkdar
elm xadimi, professor Şahlar Əsgərov deyir ki, istənilən dövlətin
inkişafının göstəricisi onun təhsilinin səviyyəsindən
asılıdır. Bu prosesdə ali məktəb
tələbələrinin sayı çox önəmlidir. Ali
təhsilin ödənişli olması təhsili əlçatan
etmirdi: "Çoxlu savadlı gənc ali
təhsildən kənarda qalırdı. Qarşıda
iki yol var idi. Ya valideynlər
olan-olmazını satıb uşaqların təhsil
haqqını ödəməli idilər, ya da gənc növbəti
illəri gözləməli və ya təhsildən
uzaqlaşmalı idi. Başqa sözlə,
gəncliyimizin təhsil trayektoriyası
qırılırdı. Təhsil
Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu tərəfindən
verilən Tələbə Təhsil Krediti hesabına belə
gənclərin təhsil haqqı problemi aradan qalxacaq. Onlar daha təhsildən uzaqlaşmaq məcburiyyətində
olmayacaqlar".
Millət
vəkili Ceyhun Məmmədovun sözlərinə görə,
fond tərəfindən veriləcək təhsil krediti
hesabına təhsil haqqını ödəməkdə
çətinlik çəkən tələbələr bilik
ehtiyaclarını təmin edə biləcəklər:
"Sosial durumu aşağı olan ailələr
övladlarının təhsil haqqını ödəməkdə
bir sıra çətinliklərlə üzləşirlər.
Onlar ya bank, ya da başqa vasitələrlə bu problemi həll
etməyə çalışırlar. İndi isə maddi
durumu aşağı olan ailələr müəyyən
qaydalar əsasında fonda müraciət
edərək kredit əldə edəcək və bu yolla da
övladlarının təhsil haqqını ödəyə
biləcəklər. Tələbə təhsil
müddətini başa vurduqdan sonra həmin kreditləri geri
qaytaracaq. Bu da əsasən imkansız və
sosial həssas qrupa aid olan ailələrin
övladlarının təhsil haqlarının ödənilməsinə
ciddi yardım deməkdir. Tələbənin
yalnız təhsil haqqı yox, tələbələrin
yataqxana, yemək və digər xərclərini də nəzərə
alınacaq. Bu baxımdan bu, tələbələr
üçün yaradılan yeni bir imkandır".
Təhsil
eksperti Nadir İsrafilov bildirib ki, Nazirlər Kabineti tərəfindən
təsdiqlənən müvafiq qaydaya əsasən, təhsil tələbə
kreditinin sosial və standart növlərinin
mövcudluğundan göründüyü kimi, tələbə
kreditləri ali təhsilin əhatəliliyini
və əlçatanlığını artırmaqla bərabər,
rəqabətliliyin də gücləndirilməsinə hədəflənib:
"Sosial təhsil tələbə kreditindən yalnız
sosial həssas təbəqəyə aid ailələrin
üzvü olan tələbələr istifadə edə biləcək
ki, onlara kreditlər güzəştli şərtlərlə
verilir. Təhsil tələbə kreditinin ayrılmasında məqsəd
ali təhsilin hamı, xüsusilə də
əhalinin aztəminatlı təbəqələrindən
olan şəxslər üçün əlçatanlığının
təmin edilməsi, təhsildə bərabər imkanların
yaradılması və ali təhsilin əhatə dairəsinin
genişləndirilməsidir. Bu kredit dövlət dəstəyi
ilə çox kiçik faizlərlə və uzun müddətə
verilir ki, bu da beynəlxalq təcrübəyə
adekvatdır. Bu fondun bir
çox müqayisəli məziyyətləri var ki,
bunların da içərisində tələbə təhsil
krediti alacaq tələbələr üçün özəl
və ya dövlət universitetinin fərqinin olmamasını,
təhsil aldığı müddətdə kreditlərdən
yararlanan tələbə başqa təhsil müəssisəsinə
ödənişli əsaslarla köçürüldükdə,
bu zaman da kreditlərdən yararlana bilməsini, bakalavriat pilləsində
təhsil kreditindən faydalanan tələbənin məbləği
geri qaytarmadan magistratura pilləsinə ödənişli qəbul
olursa, o, kreditdən faydalana biləcəyini, təhsilin
normativ müddətində, güzəşt və möhlət
dövründə kreditə faiz hesablanmamasını və
kreditin qaytarılmasının tələb olunmamasını
xüsusi qeyd etmək olar. O da təqdiredicidir ki, təhsil səviyyəsində
əyani təhsil alan, həqiqi hərbi xidmətə gedən,
məhkum olan, hamiləliyə, doğuma görə və
uşağın 3 yaşı tamam olana qədər ona qulluq
etməkdən ötrü ödənişli sosial məzuniyyətdə
olduğu müddət və sağlamlıq imkanı məhdud
18 yaşadək uşaqlara və birinci dərəcəli əlilliyi
olan şəxslərə möhlət hüququ veriləcək".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 1 dekabr.- S.16.