Elmi əsər adı altına sığınan önəmsiz çalışmalar

 

 

Son zamanlar ölkəmizin elm təhsil müəssisələrində çalışan bəzi "alimlərimiz" özlərinin "Elmi əsərlər" dosyelərini sürətlə "kirlətməyə" davam edirlər. Burada məqsəd süni şəkildə özlərinin elmi əsərlər siyahısını önəmsiz çalışmalarla genişləndirib, bu yolla müxtəlif hesabat müsabiqələrdə layiq olmadıqları uğurlara yiyələnməkdir. Bu yazıda belə önəmsiz çalışmalara iki aspektdən baxacağıq.

Birincisi, konfranslarda tezis deyilən bir-iki səhfəlik hansısa yazını elmi əsər kimi ictimai nəzərəti sıfırlanmış elmi ictimaiyyətimizin gözünə soxurlar. Bu bir-iki səhfəlik yazılar da çox zaman ordan-burdan köçürmə olur. Elə üzdəniraq "alimlərimiz" var ki, son 10 ildə məqalə yox, yalnız regional konfranslara tezislər yazmaqla milləti aldadıb, hər il ən azı 5-10, toplamda isə 50-100 belə cızma-qara ilə "pripiska" (artırma) üzrə mütəxəssisə çevriliblər. Sonra da bu "alimlər" bütün illər üzrə elmi əsərlərinin siyahısı yazılanda 300-400 elmi "əsərləri" ilə qarşımıza çıxıraq, həqiqi elmi hesabat müsabiqələrin aparılmasına əngəl yaradıblar. Əslində isə konfrans fəaliyyəti iki şəkildə olmalıdır:

a) Konfrans iştirakçısı şəklində (tezisli ya tezissiz). Bu, bir elmi fəaliyyətdir, amma elmi əsər deyil;

b) Konfransda seçilmiş ciddi rəydən keçmiş məruzələrin məqalə şəklində çap olunması (elmi əsərlər siyahısına bunlar daxil edilməlidir). Belə məqalələr ya hər hansı jurnalın xüsusi bir nömrəsində (bu jurnal indeksli olsa daha da yaxşı olar), ya da konfransın materialları kitabında (bu materiallar kitabı "Web of Science Conference Proceeding" indeksinde olsa, daha çox diqqət çəkər);

İkinci aspekt pul ödəyərək məqalə çap elətdirməkdir. Qeyd edək ki, bu ödəmələrin məbləği hər bir məqalə üçün 500-2500 dollar arasında dəyişir. Son zamanlar bu hal kütləvi xarakter alıb. Bəzi ölkələrdə artıq bu şəkildə çap olunan məqalələri akademik yüksəltmələrdə və elmi müsabiqələrdə səlahiyyətli komissiyalar diqqətə almırlar. Çox təəssüf ki, ölkəmizdə bu istiqamətdə pozitiv yaxınlaşma hələlik yoxdurbuna görə də bu işlə məşğul olan bəzi "üzdəniraq alimlərin" həm gənc tədqiqatçıların (elmi rəhbər ödəməni tələbəsinə ödətdirir), həm də dövlətimizin (dövlətin əsl elmə ayırdığı maliyyə resurslarını istifadə etməklə) büdcəsinə ziyan vurmaq fəaliyyəti vüsat alıb. Bunun səbəbi analiz edildikdə məlum olur ki, bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də akademik yüksəltmələrdə və elmi müsabiqələrdə Web of Science (Clarivate Analytics) və digər elmi məlumat bazalarının nüfuzlu indekslərində olan jurnallarda məqalə çap elətdirmək zəruri şərt olaraq irəli sürülür, bu mütərəqqi və alqışlanacaq bir yaxınlaşmadır. Pulsuz indeksli nüfuzlu jurnallarda çap olunmaq əsl elmlə məşğul olmaq deməkdir. İndeksli nüfuzlu jurnallarda çap olunmaqda yaranan Open Access "boşluğundan" həm külli miqdarda pul qazanan nəşriyyatlar, həm də kirlənmiş elmi əsərlər dosyasını daha da genişlətmək istəyən "üzdəniraq alimlər" başarılı bir şəkildə istifadə edirlər. Belə nəşriyyatlara misal olaraq mərkəzi offisi İsveçrədə olan MDPI (Multidisciplinary Digital Publishing Institute) və mərkəzi offisi İngiltərədə olan, 2021-ci ildə ABŞ-ın Wiley şirkəti tərəfindən satın alınan, Misir mənşəli Hindawi kommersiya nəşriyyatlarını göstərə bilərik. Qeyd edək ki, MDPI nəşriyyatının 369 jurnalından təqribən 91-i, Hindawi nəşriyyatının isə 230 jurnalından 71-i Web of Science elmi verilər bazasının nüfuzlu SCIE (Science Citation Index Expanded) indeksinə daxildirOpen Access kommersiya jurnallarının böyük əksəriyyəti MDPI və Hindawi nəşriyyatları tərəfindən çap olunmaqdadır. Yuxarıda söyləndiyi kimi, bu iki nəşriyyatın Web of Science bazasındakı SCIE indeksindəki jurnal sayı 91+71=162-dir, bu isə bütün Web of Science bazasının SCIE jurnallarının ümumi 8500 sayısının təqribən 2 faizidir. Ümumiyyətlə SCIE indeksli Open Acess junallarının ümumi sayı təqribən bütün SCIE indeksli jurnallarının 5 faizini aşmır. Təbii olaraq sual olunur: Niyə bəzi alimlər SCIE jurnallarının 95 faiz təşkil edən jurnallar sinifinə deyil, 5 faizlik sinifə yönəliblər? Düşünürəm ki, yuxarıdakı izahlarımla verilən suala əsasən cavab tapmaq olar.

 

Arif SƏLİMOV

Əməkdar elm xadimi, Türkiyə Dövlət Mükafatı laureatı,

BDU-nun kafedra müdiri, professor

 

525-ci qəzet.- 2021.- 1 dekabr.- S.15.