Cəmil Aleksandroviç Nizami məqbərəsində  

 

 (İkinci məqalə)

 

Bu kiçik araşdırma tək "Litva tatarları ili"ndə deyil, həm də "Nizami Gəncəvi ili"ndə aparıldığından Cəmil Aleksandroviçin Nizami irsi, şəxsiyyəti, habelə böyük söz ustasının Gəncədəki məqbərəsinin 1920-ci illərdəki vəziyyəti və bərpası ilə bağlı fikirləri üzərində bir qədər geniş dayanmaq istərdik.

1925-ci ilin iyun ayında Cəmil Aleksandroviç Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin fəxri üzvü, həmin dövrdə Azərbaycan SSR xalq torpaq komissarı vəzifəsində çalışan Dadaş Bünyadzadənin (1888-1938) təklifi ilə Nizami məqbərinin vəziyyətini araşdırmaq üçün Gəncəyə ezam olunmuşdu. Səfərdə onu ayrılmaz dostu və həmkarı, yuxarıda adını bir neçə dəfə çəkdiyimiz İsa bəy Əzimbəyov müşayiət edirdi. Təəssüf ki, həyatı və elmi irsi haqqında çox az məlumata malik olduğumuz İsa bəy Cəmiyyətdə təlimatçı vəzifəsində çalışırdı. Azərbaycanın ilk epiqraflarından idi. Ərəb, fars, rus dillərini mükəmməl bilirdi. Ərəb əlifbasının bütün xətt növlərini oxumağı bacarırdı. Bakıda, Gəncədə, İrəvanda, Qarabağda, Şamaxıda, Lənkəranda bir çox daş kitabələri ilk dəfə oxuyub tərcümə və şərh etmişdi. "Azərbaycanı Öyrənmə Cəmiyyətinin Xəbərləri"ində bir sıra məqalələri dərc olunmuşdu.  Eyni zamanda şair idi. "Məddah" təxəllüsü ilə əsasən klassik janrda  şeirlər yazırdı.

Gəncədə mollanəsrəddinçi şair, həmin dövrdə şəhərdəki orta məktəblərdən birində Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışan Əli Nəzmi (1878-1946) də onlara qoşulmuşdu. Cəmil Aleksandroviçin yazdığına görə, poetik yaradıcılığında satira janrına üstünlük versə də, Nizaminin atəşin pərəstişkarı idi. "Nəzmi" təxəllüsünü də (həqiqi soyadı Məmmədzadə idi - V.Q.) böyük şairin adı ilə həmahənglik, bənzərlik yaratmaq məqsədi ilə götürmüşdü. Əli Nəzminin bu işə cəlb olunmasının başqa səbəbi də vardı. Məqalədə deyilirdi: "Biz məqbərəyə Gəncədə Şeyx Nizamiyə heykəl qoyulması ilə bağlı uğursuz təşəbbüsün şahidi Əli Nəzmi ilə getdik. Onunla məscidi (şəhərin mərkəzindəki Şah Abbas məscidi nəzərdə tutulur - V.Q.) ziyarət zamanı tanış olmuşduq. Əli Nəzmi Nizaminin türbəsi ilə o dərəcədə yaxından maraqlanırdı ki, burada qazıntı işləri aparılmasına Mərkəzin etirazı bildiriləndən sonra şairin nəşinin qalıqlarının təzədən məzara qoyulmasında şəxsən iştirak etmişdi". Elmi ictimaiyyətə o qədər də məlum olmayan bu məsələ barədə Azərbaycan Arxeologiya Komitəsinin "Xəbərlər"ində (I buraxılış, Bakı, 1924, s. 88-89) ətraflı izahat  verilmişdi.

Məsələ belədir ki, proletkultçuluğun meydan suladığı 1922-ci ildə Azarxkomun Gəncə şöbəsi Bakıya heç bir məlumat vermədən Nizamini Gəncənin mərkəzində dəfn etmək, məzarı üzərində yeni məqbərə tikmək, qarşısında isə abidəsini qoymaq fikrinə düşmüşdü. Bu məqsədlə hətta şairin nəşinin qalıqları qəbirdən çıxarılmışdı. Amma Bakının sərt xəbərdarlığından sonra ruhu incidilmiş Nizami yenidən öz köhnə məqbərəsində dəfn olunmuşdu.

Məqalə Gəncə haqda ümumi məlumatla açılır. Müəllif yazır: "Gəncə şəhəri çox ehtimal ki, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Onun ərazisində bürünc dövrü mədəniyyətinin izləri tapılmışdır. Yaxınlıqdakı kurqanlar silsiləsi isə hələ tarixəqədərki dövrdə burada çoxsaylı əhalinin yaşadığını  göstərir. Ancaq müasir Gəncə barədə ilk səhih məlumata bizim Azərbaycanın ərazisindəki ərəb fütuhatı zamanı, yəni VII əsrin əvvəllərindən gec olmayaraq təsadüf edilir. Bu baxımdan şəhərin əsasının qoyulması ərəblərə isnad verilir. Onların zamanında Gəncə özünün ən yüksək çiçəklənmə dövrünü yaşamışdı".

Müəllifin fikrincə, bölgədə Səlcuqlar hakimiyyətinin möhkəmlənməsi ərəfəsində Gəncədə üç xalqın - ərəb, fars və türk zəkasının birgə məhsulu olan mükəmməl bir mədəniyyət mövcud idi. Nizami də ilk növbədə həmin eklektik mədəni mühitin məhsulu kimi meydana çıxmışdı. C.Aleksandroviç dövrün yanlış qənaətini bölüşərək Nizaminin Qumda doğulduğu iddia edir. Dövrünün digər böyük şairləri kimi əsərlərini farsca yazmasını isə türk dilinin hətta metsenat kimi çıxış edən "böyük Səlcuqlar" sarayında da hakim rol oynamaması ilə əlaqələndirir. Lakin şairin bütün həyatı boyu Gəncədə yaşaması, sufi-romantik ədəbiyyatın böyük ustadı kimi burada yetişməsi, "Xəmsə"nin rəngarəng poetik obrazları ilə ilk növbədə Gəncəyə borclu olması mövqeyinə tərəfdar çıxır. 

Deməli, 1925-ci ildə Azərbaycan hökuməti Nizami Gəncəvinin məqbərəsini abadlaşdırmaq qərarına gəlmişdi. Lakin tikilinin vəziyyəti haqda  səhih məlumat olmadığından işlərin hansı istiqamətdə aparılacağı da bilinmirdi. Məlum deyildi ki, mövcud məqbərəni təmir edib yararlı vəziyyətə salmaq mümkündür, yoxsa şairin məzarı üzərində tam yeni bir mavzoley tikmək lazımdır?

Mühəndis-arxeoqraf Cəmil Aleksandroviçlə epiqrafika mütəxəssisi İsa bəy Əzimbəyovun üzərinə ilk növbədə bu suala cavab tapmaq vəzifəsi qoyulmuşdu. Yeri gəlmişkən, hələ 1925-ci ildə rəsmi dövlət səviyyəsində Nizaminin şəxsiyyətinə, irsinə, xatirəsinin əbədiləşdirilməsinə göstərilən diqqət ciddi mətləblərdən xəbər verməkdədir. Məlumdur ki, Rusiya, İran, Ermənistan və bir sıra digər ölkələrdə Nizaminin Azərbaycan mədəniyyətinə mənsubluğunu şübhə altına almaq üçün böyük şairin guya xalqımıza, mədəniyyətimizə Stalin tərəfindən 1936-cı ildə "hədiyyə edildiyi" iddia olunur. Firudin bəy Köçərlinin 1903-cü ildə çapdan çıxan "Azərbaycan tatarlarının ədəbiyyatı" əsərində  "Gəncədə doğulmuş Nizamidən" Azərbaycan ədəbiyyatının nümayəndəsi kimi bəhs etməsi, Mirzə Ələkbər Sabirin ardınca 1920-ci illərdə Gəncədə Nizamiyə heykəl (!) qoymaq niyyəti, məqbərəsinin bərpası, yaxud yenidən tikilməsi təşəbbüsünü ortaya atması bu fikrin cəfəngliyini, həqiqətdən uzaqlığını göstərməkdədir.

Cəmil Aleksandroviç diqqəti belə bir məsələyə yönəldirdi ki, "böyük şairin məzarı üzərindəki məqbərənin acınacaqlı vəziyyəti haqqında indiyə qədər çox danışılıb və yazılıb. Dəfələrlə abidənin bərpasının zəruriliyi fikri irəli sürülüb". Daha sonra müəllif Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərinə istinadən 80 il əvvəl (təxminən 1830-cu illərin ortalarında) rus ordusunun zabiti, görkəmli tarixçi, "Qarabağnamə" əsərinin müəllifi Mirzə Adıgözəl bəyin (1780?-1848) şəxsi vəsaiti ilə məqbərənin abadlaşdırılmasına təşəbbüs göstərdiyini yazmışdı. Təmirin səviyyəsi və keyfiyyəti barəsində fikirlərini əsaslandırmaq üçün Qacarlar dövlətinin Tiflisdəki keçmiş baş konsulu Hüseyn xan Rizazadənin Gəncəyə səfəri zamanı akvarellə çəkdiyi rəsmlərə əsasən o dövrdəki gerçəklikdə gördüyü mənzərə arasında müqayisələr aparmışdı. Və hər hansı bir ciddi təmirin aparılmadığı ilə bağlı düzgün qənaətə gəlmişdi.

Bunu 1880-ci illərdə Gəncəyə səfər edən və rübailərini birində Nizami məqbərəsinin pərişan  vəziyyətindən söz açan Seyid Əzim Şirvaninin aşağıdakı misralarından da görmək mümkündür:

           

Ey Şeyx Nizami, ey nizamı dağılan,

Ey Gəncədə izzü ehtişamı dağılan,

Olmadı cahanda səninlə mən tək

Beyti, evi, məktəbi, kəlamı dağılan.

 

Cəmil Aleksandroviçin təxmininə görə, 1920-ci illər Gəncəsində Nizami məqbərəsi şəhərdən təxminən 4 kilometrlik məsafədə yerləşirdi. Ora aparan əsas yol isə həmin dövrdə Şeyx Nizami küçəsi adlanırmış. Müəllifin başqa bir maraqlı mülahizəsi də diqqəti çəkir: o, ətrafdakı yastı torpaq təpələrə, yarıuçuq binaların qalıqlarına və kiçik kurqanlara əsaslanaraq məqbərənin köhnə şəhərin girəcəyində, hətta mərkəzə yaxın ərazidə olduğu qənaətinə gəlmişdi. Bu fikri heyəti müşayiət edən yerli sakin - Gəncə şəhər İcraiyyə Komitəsinin katibi Kamal Ağayev də təsdiqləmişdi. Üstəlik, bildirmişdi ki, təxminən beş yüz il əvvəl baş verən zəlzələ nəticəsində köhnə şəhər yerlə-yeksan olmuş, türbəyə ciddi ziyan toxunmuşdu. Zəlzələdən sonra əhali ətrafdakı kəndlərdə, qismən də indi Gəncənin mərkəzində qalan Şah Abbas məscidinin çevrəsində məskunlaşmağa başlamışdı.

 

Arxeoqrafiya komissiyası əməkdaşları məqbərənin vəziyyətini araşdırmağa gələndə tikili az qala bir torpaq topası, yaxud təpəcik halına düşmüşdü. Yalnız şimal səmtindəki divar yer səthindən bir qədər yüksəkdə dayanırdı. Qalan hissələr isə əvvəlki qazıntılar zamanı atılan torpaq qalaqları arxasında görünməz olmuşdu. Akademik V.V.Bartoldun 1912-ci ildə apardığı son qazıntı işlərindən sonra heç bir konservasiya tədbiri görülmədiyindən dağıntı daha da artmışdı. Alimin "Rusiya İmperator Arxeologiya Cəmiyyəti Şərq Bölməsinin Elmi Qeydləri"ndə verdiyi şəkil və sxemlərdən də göründüyü kimi, 12-13 il əvvəl məqbərinin iki divarı hələ nisbətən salamat vəziyyətdə imiş. Eyni zamanda, tikilinin daxili quruluşu, məzarın yeri və forması haqda müəyyən təsəvvür əldə etmək olurmuş. 

 

Burada Cəmil Aleksandroviçin diqqət yetirdiyi, lakin sonrakı tədqiqatlarda təsadüf edilməyən maraqlı və mübahisəli məqam diqqəti çəkir. Bu da şairin məzarında digər şəxsin - gənc qadın meyitinin qalıqlarının tapılmasıdır. Cəmil bəy xalq arasında dolaşan rəvayətlərə görə, bu qadının Nizaminin qardaşı, yaxud bacısı qızı (plemyannitsa) şairə Məhsəti Gəncəvi olduğunu iddia edir. Qaynaqlarda orta əsrlərdə Gəncədə yetişmiş iki böyük şairin qohumluq əlaqəsi haqda məlumata təsadüf edilmir. Ona görə də bu barədə yazılanlar çox güman ki, şəhər sakinləri arasında dolaşan rəvayətlərdən başqa bir şey deyildir.

 

Digər tərəfdən, Məhsəti Gəncəvi Nizaminin böyük müasiri idi. Vəfat tarixi fərqli (1159, XII əsrin ikinci yarısı, 1181, hətta 1206 və s. kimi) göstərilsə də, Nizamidən əvvəl (1141-1209) vəfat etməsi şübhə doğurmur. Belə olan təqdirdə, nəşinin kiçik müasirinin türbəsində dəfni ortaya cavabsız suallar çıxarır. Ən azı düşünməyə əsas yaranır ki, şairənin qalıqları ilk məzarından bura sonradan köçürülüb. Lakin mülahizələr heç bir mənbədə təsdiqini tapmadığından bunu sadəcə orta əsrlər Azərbaycanının iki böyük söz ustadı haqqında romantik əfsanə adlandırmaqdan  başqa çıxış yolu qalmır.

Məqbərənin inşa tarixi haqda Cəmil Aleksandroviçin gəldiyi nəticə də maraq doğurur. Abidənin üzərində hər hansı kitabə olmadığı, yaxud günümüzə qədər gəlib çatmadığı üçün dəqiq rəqəm göstərmək təbii ki, imkan xaricində idi. Lakin akademik Bartolda və orta əsrlər Azərbaycan tarixçisi, "Tarixi-aləmarayi-Abbas" əsərinin müəllifi İskəndər Münşiyə istinadən Cəmil Aleksandroviç I Şah Abbasın Gəncəyə yürüşü zamanı (1606) məqbərənin şəhər ətrafında ucaldığı, Səfəvi ordusu qərargahının onun yaxınlığında salındığı faktını təsdiq etmişdi.   belə nəticəyə gəlmişdi ki, əgər  XVII əsrin başlanğıcında şairin türbəsi vətənindən uzaqlarda  tanınırsıda, deməli, kifayət qədər əski tarixə malik idi.

 

Bütünlükdə, tədqiqatçı məzar kompleksinin şairin vəfatından az sonra - XIII əsrin birinci yarısında inşa edildiyi fikrinə tərəfdar çıxmışdı. Lakin bir qeyd-şərtlə: protoməqbərə nəinki müasir dövrə (1920-ci illərə), hətta Şah Abbas zamanına da salamat şəkildə gəlib çıxmamışdı. Ənənəvi künbəz formalı türbə zaman-zaman ciddi dəyişikliklərə uğramış, dəfələrlə təmir, yaxud qismən bərpa edilmişdi. Nisbətən qorunub saxlanmış bünövrəyə və Azərbaycan memarlığı ənənələrinə əsaslanan müəllif məqbərənin ilk variantının üzəri dəyirmi künbəzlə örtülmüş kub şəkilli, yerli kərpicdən tikilmiş bina olması qənaətinə gəlmişdi. Memarlıq baxımından kifayət qədər sadə, hətta bəsit idi. Heç bir bəzək elementinə, naxış və ornamentə təsadüf edilmirdi. Bu mənada hətta qədim qəbiristanlarda rast gəlinən  künbəzlərlə rəqabətdə də uduzurdu. Eyni zamanda, ətrafa dağılmış qırıntılara əsasən  məqbərənin daxildən kaşı ilə  üzlənməsi fikri də istisna olunmurdu.

 

Müşahidələrini davam etdirən Cəmil Aleksandroviç sonda irəli sürdüyü fikirlərlə özü razılaşmamışdı. Əksinə, XIII əsrin Azərbaycan-türk memarlığının çiçəklənmə epoxası olduğunu vurğulayaraq bu dövrdə və sonrakı yüzillikdə Bakıda, Şirvanşahlar saray kompleksindəki Dərviş mavzoleyi, Şeyx Məzid, Şeyx Dursun məqbərələri kimi üslubunun ifadəliliyi, formasının sadəliyi və davamlılığı ilə seçilən abidələrin mövcudluğunu xatırlatmışdı. Və haqlı sual verirdi: əgər belə nümunələr mövcud idisə, o zaman dövrünün seçkin insanı olan Şeyx Nizaminin məzarı üzərində nədən belə bəsit bir məqbərə tikilmişdi?

 

Müəllif bunu tarixin ədalətsizliyi hesab edirdi. Ona görə də məqbərənin bərpası deyil, şairin adına layiq şəkildə tam yenidən tikilməsi qərarını daha düzgün qərar sayırdı. Həm də müəllifin fikrincə, inşa ediləcək kompleks Nizami şəxsiyyəti və sənətinin böyüklüyünü, ümumbəşəriliyini göstərməklə bir sırada XIII əsrin Şərq-Azərbaycan memarlığı üslubundan da uzaqlaşmamalı idi.

 

Cəmil Aleksandroviç bunu açıq yazmasa da, Şeyx Nizaminin məzarı üzərində Osmanlı memarlığındakı kimi özündə müxtəlif funksiyaları birləşdirən təkkə tipli kompleks tikilməsinin tərəfdarı idi: "Böyük şairin dəfn olunduğu yer Gəncədən Goran stansiyasına gedən yolda, kiçik təpənin üzərindədir. Bura hər tərəfdən aydın görünür. Torpaq quru və möhkəmdir. Ərazi dəmiryolu stansiyasından təxminən 2.5 kilometr məsafədə yerləşir. Artıq yuxarıda da qeyd edildiyi kimi, məqbərənin çevrəsi qədim şəhərin qalıqları olan kiçik təpəciklərlə örtülüb. Cənuba doğru uzandıqca onların sayı daha da çoxalır. Ətraf tamamilə boşluqdur. Ən yaxın funksional tikili - Göy İmam (daha çox İmamzada adı ilə məşhurdur - V.Q.) buradan 1,5 km. məsafədə yerləşir. Arada isə dəmiryolu xətti, arxlar, əkin sahələri var. Bu amili mütləq nəzərə almaq lazımdır. Çünki belə yerdə yenidən ucaldılan tikinti istər-istəməz diqqəti çəkəcək. Hətta yağışlı havalarda yolçular burada daldalanmaq imkanı tapacaq" .

 

Gəncə səfərində Cəmil Aleksandroviç və İsa Əzimbəyov tək Nizami məqbərisinin vəziyyətini araşdırıb gələcək bərpası ilə bağlı təkliflər hazırlamaqla  kifayətlənməmişdilər. Şəhərin digər tarixi abidələri haqda qısa bilgi verməyə, müəyyən ilkin araşdırmalar aparmağa çalışmışdılar. Məqalədəki qeydlərdən üzərində Cavad xanın əldə qılınc ruslara qarşı vuruşduğu qırmızı kərpicdən tikilmiş qala divarının ayrı-ayrı hissələrinin 20-ci illərdə şəhər mərkəzində, habelə Gəncəçayın sahilində mühafizə edildiyi məlum olur. 

 

Rəvayətə görə, beşinci (məqalədə səhvən dördüncü kimi göstərilib - V.Q.) imam Məhəmməd Bağırın oğlu İbrahimin məzarı üzərində ucaldılan, künbəzinin rənginə görə bəzən Göy İmam adlandırılan İmamzadə kompleksi də diqqətdən yayınmamışdı. Əslində, VIII yüzilliyə aid məzarlıqda qədim kitabələrə təsadüf olunmasa da, maraq doğuran baş daşlarının estampı çıxarılmışdı. Onlardan hicri 1194-cü (miladi 1779-cu ilə) ilə aid olan, üzərində fars dilində "Dünya - badə, həyat - saqi, ölüm - şərabdır. İnsanlar bu ziyafətin iştirakçılarıdır. Heç kəs o badədən, o saqidən, o şərabdan qaça bilməz", arxa tərəfində isə "Bu dünyaya gələn yoxluğa məhkumdur, yalnız Allah əbədidir" sözləri həkk olunmuş bir məzar daşı Cəmil Aleksandroviçə xüsusi ilə maraqlı və ibrətamiz görünmüşdü. 

 

İmamzadədən şəhərə aparan yolda, Gəncəçayın sağ sahilində isə başqa bir tarixi-memarlıq abidəsi nəzərdən keçirilmişdi. Bu, xalq arasında "Comərd qəssab" (məqalədə farslaşdırılmış "Cəvan-mərdi qəssab" variantından istifadə edilib) kimi tanınan naməlum xalq qəhrəmanının məzarı üzərindəki  məqbərə idi. Məqbərə barədə elmi ictimaiyyətə ilk dəfə 1925-ci ildə C.Aleksandroviç məlumat versə də, orada qazıntı işləri yalnız 1940-cı ildə, Ə.Salamzadənin arxeoloji ekspedisiyası tərəfindən aparılmışdı. Arxeoloq İ.Cəfərzadə  "Qədim Gəncənin tarixi-memarlıq oçerkləri" (1949) əsərində rəvayətlərə istinadən abidənin sonuncu islam xəlifəsi Həzrəti Əlinin (605-661) dövründə yaşamış cəsur, ədalətli bir qəssabın məzarı üzərində tikilməsi fikrinə tərəfdar çıxmış, lakin inşa tarixi haqda bir fikir bildirməmişdi. Ə.Salamzadə isə məqbərənin XVII əsrin memarlıq nümunəsi olmasını daha inandırıcı saymışdı. "Comərd qəssab"ı hər iki tanınmış mütəxəssisdən əvvəl görən və qısa təsvirini verən Cəmil Aleksandroviç də onun çox qədim dövrə aid edilməsi fikrinə qarşı çıxmışdı. Qırmızı kərpicdən düzgün səkkizbucaqlı şəklində tikilən sadə məqbərənin döşəməsindəki mavi və qəhvəyi rəngli kaşı qırıqlarına əsasən  binaya daxildən üzlük çəkilməsi qənaətinə gəlmişdi. Məqbərənin içində heç bir məzar daşı görmədiyini də ayrıca qeyd etmişdi.

 

Heç şübhəsiz, Gəncədə Nizami məqbərəsindən sonra onun nəzərində ən çox maraq doğuran Şah Abbas məscidi olmuşdu: "Gəncənin yerli kərpic binaları arasında Şah Abbas məscidi xüsusi seçilir. O, üzərində nəhəng künbəz yüksələn kifayət qədər böyük tikilidir. Darvazasındakı kitabə  inşa tarixini hicri 1015-ci il (miladi 1606-cı il) göstərir. Məscidin önündəki dördkünc həyət, buradakı fəvvarə, nəhəng çinar ağacları (birinin gövdəsini ölçdüyümüz zaman 7 metr 45 sm. olduğunu gördük - müəllifin qeydi), ibadət edən adamlar - hamısı bir küll halında orijinal Şərq koloriti yaradır. Məscidin həyətinə açılan qapının yanlarındakı qoşa minarə yuxarıya doğru 64 pillədən ibarətdir. Minarələr məscidlə eyni memarlıq üslubunda, lakin nisbətən gec - hicri 1171-ci  (1758-ci il) ildə tikilib". Həyətdə  İ.Əzimbəyovun "Qarabağ və Gəncə bəylərbəyi, Qacar sülaləsindən mərhum Kəlbəli xan Ziyadoğlunun övladı şərafətli Hüseynqulu xan burada uyuyur. Cəmadəl-sani ayı, hicri 1156-cı il (1745-ci il)" şəklində oxuduğu məzar daşı olmuşdu.

 

Məscidə bitişik yardımçı binada isə onlar baş daşı üzərində "Burada Allahın mərhəmətini haqq etmiş mərhum Məmməd Qulu xan Məmməd Əli bəy uyuyur. Allah günahlarını bağışlasın. Zilhiccə ayı, 1107-ci il (miladi 1695-ci il)" yazılmış digər qəbirə təsadüf etmişdilər. Göründüyü kimi, burada dəfn olunan şəxslər arasında Gəncə qəhrəmanı Cavad xanın adına təsadüf edilmir. Bu da təbii ki, müəyyən konspirasiya tədbirləri ilə bağlı ola bilərdi.  Litva tatarı Cəmil Aleksandroviç-Nasifinin "Gəncə və Nizaminin məzarı" məqaləsi Azərbaycan Sovet nizamişünaslığının ilk örnəklərindən idi. Yazının tarixi əhəmiyyətini də hər şeydən əvvəl bu amil müəyyən edir.

 

Bakı, noyabr 2021-ci il.

Vilayət QULİYEV

Azərbaycanın Macarıstandakı keçmiş səfiri

 

525-ci qəzet.- 2021.- 1 dekabr.- S.14;15.