Oxu, oxu, Vətənim...   

 

Viran edilən, dağıdılan, 30 il öncəki gözəlliyindən, güllü-çiçəklı, barlı-bağçalı həyətlərindən, tarixi abidələrindən, bir-birinə bənzəməyən, göz oxşayan mülklərindən, yaşayış evlərindən əsər- əlamət qalmayan Qarabağım, Şərqi Zəngəzurum!  Sən təkcə doğma sakinlərinə deyil, sinəndə doğulan, dünyaya yayılan  nəğmələrə, muğamlara, könülləri vəcdə gətirən şərqilərə həsrət qaldın.  44 günlük birlik, qəhrəmanlıq dastanımızın bir  səhifəsi məhz bu mili-mənəvi dəyərlərimiz - sənin dağında, daşında, qayanda, dağıdılan yurd yerlərimizdə səslənən nəğmələrimiz, xalq mahnılarımız oldu. Qılıncdan da kəsərli təsirli olan bu könül harayları ürəklərdə qaynayıb  dağlarda, daşlarda əks-səda verdikcə düşmənin bağrı çatlamazmı? Məhz bu baxımdan ana televiziyamızın - Az.TV-nin çox uğurlu layihəsi olan "Oxuyur Vətən"də səslənən nəğmələr, bayatılar, milli musiqilər, muğamlarımız bizim qürurumuza, sevincimizə, kövrək duyğularımıza çevrildi. Qələbə - böyük Zəfər xəbərini necə həyəcanla qarşılamışdıq, bax o mahnıları da eyni könül çırpıntıları ilə ruhumuza çəkirik.

Şuşamız ermənilər tərəfindən işğala məruz qaldıqdan sonra Xalq şairi Bəxtiyar Vahabzadə qələmə aldığı şeirlərdə erməni cəlladlarının torpağımızda necə qan əkdiyini poetik dilə gətirib: "Oxuma Bülbülüm oxuma, Şuşan ağlar qalıb, şirin cəh-cəhinə dəm tutanın yox",  "boz qarğa bülbülə tay ola bilməz", "Vallah, inanmıram, bülbül nəğməsi hayların dilinə uyuşa bilməz". Çünki bülbülün hikmətini əli qanlı cani anlamaz. Bu yerlərin gül-çiçəyi igidlərimizin qanı ilə sulanıb. Təbiət halallıq sevir. Məhz bu halallıq da 44 gün ərzində igidlərimizin qoluna qüvvət verdi, ordumuzun, dövlətimizin, Ali Baş Komandanımızın əzminə çevrildi. Bir qərinəlik həsrətə, intizara, möhnətə son qoyuldu.

Suqovuşanda, Hadrutda, Füzulidə, Xudafərində, Zəngilanda, Qubadlıda, Şuşada, Ağdamda... "Oxuyur Vətən"in ifaçıları sözün əsl mənasında bir qəhrəmanlıq simfoniyası yaradırlar. Xudafərində Arazın sahilində dik bir qayanın başında Xalq artisti Mələkxanım Əyyubovanın oxuduğu "Qarabağ Azərbaycandır" mahnısının həm musiqisi, həm sözləri, üstə- gəl, Mələkxanımın ürəklə ifası bir dinləyici kimi məni çox həyəcanlandırdı.  Mahnının möhtəşəmliyi öz yerində, məni qorxudan müğənnimizin durduğu yer idi...  Ayaqyalın dayansa da, hər an  yıxıla bilərdi. Özündən bu barədə soruşanda kədər qarışıq bir təbəssümlə dedi: "İgidimiz Xudayar Yusifzadə "gəldi xəyalıma öz gözəl yurdum..." oxuya-oxuya düşmənin belini qırdı özü şəhid oldu. İndi biz öz canımızdan qorxmalı deyilik. Arzum budur ki, bütöv Zəngəzurda ən uca dağ başında yenə elə qürur ürəklə oxuyum   bütün aləmə yayılsın: "Zəngəzur Azərbaycandı!.."

Mübariz Tağıyevin ifasdında  "Vətəndən pay olmaz", Güllüstan Əliyevanın oxuduğu "Ey Vətən",  Arzu Ələsgərlinin  səsləndirdiyi "Vətən balladası", Mənsum İbrahimov,  Azər Zeynalov, Fidan Hacıyeva, Ehtiram Hüseynov, Babək Niftəliyev, Gülyanaq Gülyaz Məmmədovaların,  eləcə onlarca başqa müğənnilərin böyük şövq məhəbbətlə, fəxrlə nəfəs verdiləri mahnılar məhz  Qarabağımızın öz səsi sevinci idi. "Sarı gəlin" xalq mahnısının musiqi sədaları altında rəqqas qızlarımızın  o çətin şəraitdə gözəl rəqsi vaxtı ilə bu məşhur mahnımızı oğurlayıb adlarına çıxan  haylara əslində bir mənəvi zərbədir. Bəli, yer üzünün düşməni  olan erməni, sən bütün sahələrdə öz cavabını alırsan. Necə deyirdi  A.S.Puşkin:" Sən oğru, sən kölə, sən ermənisən".

İllərdi yağılar tərəfindən tapdanan, xarabazara çevrilən, yandırılan yurd yerlərimizi əvvəlcə düşmənin zülmündən xilas etdik, yollarını abadlaşdırdıq, həyat üçün lazım olan obyektlərin bünövrəsini qoyduq. İndi bu doğma yerlərdə əsgərlərimizlə bərabər quruculuqla məşğul olan insanlarımız çalışırlar. Görün, "Oxuyur Vətən"in sədası onlara necə gözəl təsir bağışlayır. Əlbəttə, bizə xoş gələn, ermənini xar edər. Bax bu fkirlə yaradılan uğurlu layihənin rəhbəri rejissor Elnur Qədirovu  alqışlayıram. Oxuyan təkcə müğənnilərimiz deyil, onlarınn səsində, nəfəsində məhz  Vətənimiz oxuyur! İllərlə erməni zülmündən donan, saralan, dağıdılan Qarabağımızı, Şərqi Zəngəzurumuzu nəfəsimizlə isidir, əllərimizlə siğallayır səsimizlə vəsf edirik:

 

Nəğmə dolu bir ürəyəm,

Torpağına baş əyərəm,

Ey Vətən!..

Flora XƏLİLZADƏ

 

525-ci qəzet.- 2021.- 1 dekabr.- S.12.