"30 yaşlı Musa Uruda deyərdim ki...  

...Allah və vətən sevgisi arasında dürüst, xoşbəxt yaşaya bildiyin üçün sağ ol!"

 

Millət vəkili, şair-publisist Musa Urud (Quliyev) noyabrın 25-də 60 illik yubileyini qeyd etdi. 60 yaşın ilk müsahibəsini "525-ci qəzet"ə verən millət vəkili həyata, yaradıcılığına, siyasi fəaliyyətinə dair suallarımızı cavablandırdı.

 

***

 

- Musa müəllim, 60 yaşın ilk günündə özünüzü necə hiss edirsiniz?

- Çox yaxşı. Xüsusən, 44 günlük Zəfər müharibəmizdən sonra bütün xalqımızın əhval-ruhiyyəsi tamamilə dəyişdi, pessimizm aradan qalxdı, içimizdəki məğlubiyyət kompleksinə qalib gəldik, onu dəf etdik. Qalib xalqın əhval-ruhiyyəsi daha çox qurmağa, yaratmağa, yeni qələbələrə və nikbinliyə köklənir. Doğrudur, bu gün dünyada koronavirus pandemiyası səbəbindən çox gərgin bir dövr yaşanır, pandemiya özüylə sosial və iqtisadi çətinliklər gətirib, iqlim dəyişiklikləri problemləri, xüsusən, qlobal istiləşmə, quraqlıq kimi məsələlər dünyada bütövlükdə iqtisadi və sosial gərginlik yaradıb, ərzaq qıtlığı var. Biz çox zaman öz ölkəmizdən kənara baxmırıq, hesab edirik ki, tək gərginlik içərisində bizik. Amma nəzərə almalıyıq ki, dünyada bu gün 2 milyard insan aclıq çəkir. Buna baxmayaraq, Azərbaycanda bu problemlər elə də ciddi şəkildə hiss olunmur. Bəli, pandemiya və postmüharibə dövrünün ümumi gərginliyi var. Lakin əsas məsələ odur ki, bizim güclü dövlətimiz, güclü liderimiz var. Həmçinin, Vətən müharibəsindəki Zəfərimizdən sonra xalqımızın böyük bir nikbinliyi var. Bütün Azərbaycan xalqının həyatında olan bu dönüş, bu nikbinlik seçicilərimizin və oxucularımızın da həyatında hiss olunur. Siyasətçilər də, yaradıcı insanlar da bunu hiss edirlər. Düzdür, son 6 ayda müəyyən qədər sosial gərginliyi də hiss edirik, xüsusən qiymətlərin bahalaşmasıyla bağlı. Amma bu, qaçılmaz bir haldır və təkcə Azərbaycanın yox, bütün dünyanın problemidir. Onları da önləmək üçün lazımlı addımlar atılır. Cənab Prezidentin əhalinin sosial rifahının qorunmasıyla bağlı 16 oktyabr Sərəncamı oldu və biz parlamentdə dövlət büdcəsini müzakirə edirik. Artıq 2 oxunuşda qəbul olunub, yəqin yaxın günlərdə tamamilə qəbul ediləcək. Orda da gələn ildən bütün bu bahalaşmanı kompensasiya edə biləcək artımların hamısı nəzərdə tutulub. Demək olar ki, bizim hamımızın əhval-ruhiyyəsi cəmiyyətin əhval-ruhiyyəsinə birbaşa bağlıdır, az və ya çox dərəcədə. Ona görə məndə də ciddi fərqlilik yoxdur. Sadəcə bu günlərdə 60 illik yubileyimlə bağlı həm geriyə baxmaq, həm də dostlarla görüşmək fürsətim oldu. Həmçinin, zənglər, məktublar, sosial şəbəkələrdəki təbriklər və ən nəhayətində, şübhəsiz ki, cənab Prezidentin mənim kiçicik əməyimə göstərdiyi böyük diqqətdir ki, məni "Şöhrət" ordeni ilə təltif etdi. Buna görə minnətdaram cənab Prezidentə və bu, məni daha da ruhlandırır ki, millətimizə, xalqımıza, vətənimizə daha da ləyaqətlə xidmət edim.

 

Bilirsinizmi, insanın həyatında müəyyən kredolar olur ki, o çərçivədə çalışır və yaşayır. Uşaq ikən tamam başqa qayğılarımız, vəzifələrimiz vardı. Yaş ötdükcə o qayğılar da, o vəzifələr də artır. Ancaq gəlib bizim kimi müəyyən vəzifəyə, statusa çatmış insanların, məsələn, millət vəkillərinin, yüksək rütbəli dövlət adamlarının həm vəzifə, həm də vicdan borcları bütövlükdə dövlətin, xalqın problemləriylə məşğul olmaq və düşünməkdir. 60 ildən geriyə baxanda sual verirəm ki, daha nə etməliydik və daha nəyi edə bilərik... Heç zaman insan öz ömrünə obyektiv qiymət verə bilmir. Ətrafdan onun ömrünə verilən qiymətlər də kifayət qədər obyektiv olmur, subyektiv olur. Nə qədər insan var, o qədər fikir var. Məncə, insana ən doğru qiyməti o, dünyadan gedəndən sonra verirlər. O qiymətin də yalnız iki kriteriyası var: ya deyirlər, yaxşı adam olub, ya da deyirlər ki, pis adam idi. Gərək çalışaq ki, yaxşı adam desinlər bizə.

 

- Deyirlər, insanın üç yaşı var: sənəddəki yaş, xarici görünüşünə görə göstərdiyi yaş və hiss etdiyi yaş. Musa Urud bu gün özünü hansı yaşda hiss edir?

 

- Çox maraqlı sualdır. Mən kənddə doğulub-böyümüşəm. 17 yaşıma kimi kənddə qalsam da, sonrakı 10 ilim də, Bakıda, Gəncədə işləməyimə baxmayaraq, kəndlə bağlı olub. Yayda gedib-gəlirdim. 1988-ci ildə həmin kənd dağıldı, Ermənistandakı digər 261 yaşayış məntəqəmiz kimi bizim kənd də etnik təmizləməyə məruz qaldı və biz oranı tərk etməli olduq. Biz kənddə uşaq ikən 50 yaşlı insanlara qoca kimi baxardıq. 60 yaşlı biri üçün düşünürdük ki, bu yaşa kimi də insan yaşayarmı? Amma gəlib bu yaşa çatandan sonra düşünürəm ki, insan o vaxt qocalır ki, onun yeni ideyaları, düşüncələri yoxdur. Bir sözlə, arzu tükənəndə insan da tükənir. Bu mənada hesab edirəm ki, insanın yaşı öz arzularının yaşı qədərdir. Arzular da müəyyən yaşlarda yenilənir, dəyişir. İndiki zamanda bizim ictimai və qlobal mənada arzumuz torpaqlarımızın işğaldan azad edilməsi idi ki, şükürlər olsun, Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman ordumuzun, şəhidlərimizin, qazilərimizin qanı bahasına bu arzumuz gerçəkləşdi. Bir də hər insanın fərdi arzuları var. İstər özüylə, istər yaxınları, ailəsiylə bağlı arzular. Bu baxımdan düşünürəm ki, insan nə qədər arzuları istiqamətində fəaliyyətdədir, o, həmişə gəncdir, enerjilidir. Xüsusən, yaradıcı insan üçün o yaşı təyin etmək çox çətindir. Allah rəhmət eləsin, Fikrət Qocanın sözü idi ki, şair qara qələmdir, yazılır və qurtarır. Biz də nə qədər qara qələm kimi yazılırıqsa, deməli, özümüzü gənc hesab edə bilərik.

 

- Qarabağ zəfəri bir Urud kəndinin sakini kimi sizi həyəcanlandırdımı?

 

- Əlbəttə. Əslində, Qarabağ Uruddur, Urud Qarabağdır. Hər birimiz üçün o torpaqların hamısı əzizdir. Böyük şairimiz Bəxtiyar Vahabzadə necə deyirdi, daş da qiymətlidir əldən gedəndə. Qaytardığımız bu torpaqlar bizim həm də yeni ümidlərimizin bir qığılcımı oldu ki, əgər biz bu torpaqları qaytardıqsa, deməli, bundan əvvəl itirlən torpaqlarımızı da qaytara bilərik. Buna bizim gücümüz də çatar, İlahi ədalət də imkan verər.

 

Görürsünüzmü, biz artıq Zəngəzurdan danışırıq. Halbuki bu zamana kimi nəinki Zəngəzur, hətta Qarabağdan belə, bir qədər tərəddüdlə danışırdıq ki, görəsən, biz onu görəcəyik, ya yox. Amma indi Zəngəzur dəhlizinin açılması gün məsələsidir. Artıq Şərqi Zəngəzuru abadlaşdırmağa, orda hava limanları tikməyə başlamışıq.

 

Hər birimizin iki vətəni var. Biri doğulub-böyüdüyümüz kiçik vətən, digəri isə xalqımıza, dövlətimizə məxsus olan, ərazisini və sərhədlərini gözbəbəyi kimi sevib-qoruduğumuz böyük vətəndir. Əlbəttə, kiçik vətən olmayanda, böyük vətən də yarımçıq olur və sənin vətən sevgin də bir qədər yaralı olur. Təbii ki, biz ora mütləq qayıdacağıq. Bunu cənab Prezidentimiz də son çıxışlarında dəfələrlə deyib ki, biz İrəvana da, Zəngəzura da, Göyçəyə də gedəcəyik. Necə, hansı vasitəylə gedəcəyimizi isə biz bilərik və zaman göstərər.

 

- 60 il boyunca özünüzdə, xarakterinizdə dəyişməyi istəyib də, dəyişə bilmədiyiniz hansısa cəhətiniz varmı?

 

- Gənclik illərimdə dəyişmək istədiyim xarakterlərim var idi. İndi isə yoxdur. Xarakter paltar kimidir, bir az geyinəndən sonra əyninə oturur və onun içində çox rahat olursan. Gəncliyimdə utancaqlığım, çəkingənliyim vardı. Arzularımı, təkliflərimi deməkdə çətinlik çəkirdim ki, kiminsə xoşuna gələr, ya gəlməz. Həmçinin, həddindən artıq təvazökarlıq vardı. Məsələn, mən pis şair deyiləm, bunu özüm bilirəm. Bu günlərdə yeni kitabım çıxdı, orda "Sandıqda qalan şeirlər" bölməsi var. Təsadüfən arxivimi araşdıranda o qədər şeir çıxdı ki qarşıma, baxıram, çox gözəl şeirlərdir. Öz-özümə deyirəm ki, axı mən bunu niyə çapa verməmişəm? Bax, o tərəddüd hissi bunlara yol açıb. Hər bir insanın içində natamamlıq kompleksi olur. Biz illər keçdikcə gərək o natamamlığı tamamlayaq. Bunu vərdişlərimizləmi, uğursuzluqlarımızdan dərs götürərəkmi, kitablar oxuyaraqmı, ətrafımızdakıları müşahidə edərəkmi tamamlayırıq, bu, hərənin özündən asılıdır.

 

Mən iddiasız adamam həm də. Düzdür, iddiasız adamlar çox uğur qazana bilmir, amma mən aza qane olan, kifayətlənən insanam. Hesab edirəm ki, ağlım da, daxili aləmim də, potensialım da yalnız özümə məxsusdur. Onu kiməsə göstərməyə çalışmıram, mütəvazi yaşamağa üstünlük verirəm. Fikrimcə, insanın xarakteri onun genetikası və düşdüyü mühitlə də sıx bağlıdır. Bu baxımdan öz mühitimdə özümü rahat hiss etdiyim üçün nəyisə dəyişməyə çalışmıram.

 

- Millət vəkili kimi verdiyiniz qərarlara şair Musa Urudun təsiri çoxmu olur?

 

- Şairlik insan doğularkən verilən Allah vergisidir. Fikrimcə, hər bir adam şair kimi doğulur. Amma hər bir adam özünü cəmiyyətə şair kimi təqdim etmir, ya da edə bilmir. Şairlik bizdən öncə bizə yazılan qismətdir. O, nəinki mane olur, hətta hər bir fəaliyyətimizdə bizə kömək edir. Hər birimizin içində şairlik olsa, düşünürəm ki, ədalət də olar, proseslərə istedadlı yanaşma da. Bu mənada şairlik siyasi çıxışlarımda, yazılarımda da bəzən mənə kömək edir. Amma siyasətçi olmağımız şairliyimizə çox mane olur. Yadımdadır ki, 2000-ci ildə Milli Məclisə yeni seçilərkən "Gülüstan" sarayındakı bir tədbirdə rəhmətlik Xalq şairimiz Söhrab Tahir məni təbrik elədi və dedi ki, bu sözü Nəbi Xəzri Bəxtiyar Vahabzadəyə deyib, mən də sənə deyirəm, siyasət poeziyanı qurudur. Çalış ki, poeziyanı qurutmayasan, sənin yaxşı şeirlərin var, yaradıcılığa davam et. Sonralar gördüm ki, nə qədər haqlıymış. Biz hər çıxışımızda, yazımızda şairlikdən müəyyən qədər xərcləyirik.

 

- Heç kimə sirr deyil ki, cəmiyyətdə müəyyən bir kəsim var və o kəsim üzdə olan insanlara, xüsusən, siyasətçilərə, məmurlara qarşı aqressiya ilə doludur. Sizcə, bu aqressiya nədən qaynaqlanır və sizin özünüzə qarşı zaman-zaman yönələn tənqidlərə reaksiyanız necə olur?

 

- Əvvəllər belə bir şey olmayıb. Bu, son dövrlərdə yaranan sosial şəbəkələrin problemlərindən biridir. Hətta mən hesab edirəm ki, sosial şəbəkələr elə imperialist dövlətlərin xüsusi xidmət orqanları tərəfindən məhz buna görə yaradılıb ki, yeni yaranan dövlətləri, orta, zəif dövlətləri tam öz idarəçiliklərinə keçirsinlər. Bu fikrin nə qədər doğru olub-olmadığını zaman özü göstərəcək. Amma biz öz həyatımızda bunu hiss edirik. Qəribədir ki, sosial şəbəkələrdən kənarda o aqressiyanı görmürük. Mütəmadi şəkildə seçicilərlə, oxucularla görüşlərə gedir, başqa kütləvi tədbirlərdə vətəndaşlarla görüşürük. Düzdür, problemlər deyilir, narazılıqlar dilə gətirilir. Amma fərdi söhbətlərimizdə o aqressiya yoxdur. Nəinki tək bizə qarşı, digər qurumların rəhbərləri və məmurlara qarşı da. O aqressiyanı biz sosial şəbəkələrdə görürük və hesab edirəm ki, bu da idarə olunan aqressiyadır. Özü də o adamlar çox deyil. Sadəcə məsələn, bir şəxs müxtəlif saxta hesablarla bütün qrup və səhifələrdə paylaşımlar edir, hər yerdə yazıb cəmiyyəti qızışdırmağa çalışır. Bunlar erməni də ola bilər, ermənidən maliyyələşən də, milli satqınlar da, dini və siyasi radikalizmin təsiri altına düşənlər də. Bir qisim də var ki, doğrudan da narazıdırlar və onların narazılıqları da kifayət qədər obyektiv səbəblərlə bağlıdır. Məsələn, yoxsulluq, işsizlik, hüquq-mühafizə sistemində üzləşdiyi haqsızlıq və ya öz potensialını reallaşdırmaq imkanının olmaması, məhdudlaşdırılması və sair. Bu kimi hallar da var, amma onlar çox az bir qisimdir. Onların da aqressiyası bütövlükdə məmura və ya dövlətə yox, konkret adamlara qarşı yönəlib. Amma sosial şəbəkələrdəki aqressiya bütövlükdə dövlətə qarşı yönəlib və bu da məqsədli idarə olunur. Səbəb də cənab Prezidentin siyasətini dəstəkləyən insanları müxtəlif yollarla bezdirmək, çəkindirmək və susdurmaqdır. Bu, siyasi prosesdir, Azərbaycandan kənarda formalaşıb və Azərbaycandan kənarda idarə olunur. Bunu təkcə bizdə yox, digər inkişaf etməkdə olan ölkələrdə də görmək mümkündür və çox güman ki, bir mərkəzdən idarə olunan prosesdir.

 

Yadınızdadırsa, bir neçə il qabaq sosial şəbəkələrin Azərbaycan daxilindən idarə olunmasıyla bağlı bir fikir irəli sürmüşdüm. O da doğru qarşılanmadı, mənim özümə qarşı yönəldi. Dedilər ki, guya Musa Urud feysbukun bağlanmasını tələb edir. Feysbuku mən açmamışam, ya da bizim ölkə açmayıb ki, biz də bağlayaq. Sadəcə mən demişdim ki, feysbuku yaradan ölkə və şirkətlə Azərbaycan danışıb, təklif etməlidir ki, data bazanı Azərbaycana yerləşdir və biz lazım olan insanlar haqqında informasiya götürə bilək. Nəyə görə? Çünki biz erməni aqressiyası ilə üz-üzəyik, torpaqlarımız işğal olunub və feysbuk vasitəsiylə ermənilər istənilən zaman asayişi poza, panika yarada, müxtəlif cəfəng fikirlərlə kütləvi qorxu və inamsızlıq aşılaya bilərdilər. İndi də o proseslər gedir. Mən bu baxımdan demişdim, amma bunu düzgün anlamaq istəmədilər, sosial şəbəkələrdən təhqirlər yönəltdilər. Biz tənqidə hər zaman açığıq, özümüz də tənqid edirik. Hökumət hesabatlarında, büdcə müzakirələrində, ayrı-ayrı məsələlərdə də tənqidlərimi görə bilərsiniz. Amma bizim tənqidlərimiz xoşniyyətli, problemin həllinə yönəlmiş tənqiddir. Təhqirlərə isə heç bir insan hazır və dözümlü deyil. Xüsusən, tək sənin özünü yox, ailə üzvlərini, yaxınlarını təhqir edirlərsə. Həm də bilirsən ki, bu təhqiri edənlərin hamısı canlı insan yox, saxta hesablardır. Əgər buna alışsaq və normal qəbul etsək, onda düşünürəm ki, cəmiyyəti bir təhqir bataqlığına çevirə bilərik. Buna qarşı da ciddi addımlar atılmalıdır. Amma bu, mənim, sizin işiniz deyil. Buna qarşı dövlətin aidiyyatı orqanları, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tədbirlər görməlidir. Söhbət Musa Urudun və ya başqasının təhqir olunmasından getmir. Söhbət bütövlükdə cəmiyyətin mənəvi aşınmasından və əxlaqsızlaşmasından gedir ki, bu da çox təhlükəli bir şeydir.

 

- Sizinçün millət vəkili olmağın ən gözəl tərəfi nədir?

 

- Gözəl tərəfi deməzdim, məsuliyyətli və şərəfli tərəfləri var. Çünki sən bütövlükdə dövlətinə və xalqına xidmət etmək, yəni tək özünün deyil, onminlərlə adamın sözünü və səsini çatdırmaq imkanı qazanırsan. Eyni zamanda, böyük bir məsuliyyət hissi var ki, sən axı, hər sözü danışa, hər hərəkəti edə bilməzsən. Hər kəsin özünə rəva gördüyü azadlıq səndə yoxdur. Bu məsuliyyəti tək özünün, ailənin deyil, bütövlükdə millətinin, seçicilərinin qarşısında hiss edirsən. Kitablarımdan birinin "Ön söz"ündə yazmışdım ki, Allah şairləri şərəfli iş üçün yaradıb, amma xoşbəxtlik üçün yaratmayıb. Çünki şair özündən başqa, cəmiyyətin, hətta dünyanın dərdini öz içində çəkir və elə bilirik ki, bunu da biz həll edəcəyik. Eyni zamanda, siyasətçilər də elə. Ən xoşbəxt siyasətçilər o adamlardır ki, özlərindən sonra bir iz qoyub gedirlər. Ümumən bu, insanın xoşbəxtliyidir.

 

- Həyatınızın ən böyük sevincini necə xatırlayırsınız?

 

- Bunu konkret demək olmur. Hər günün, hər anın, hər yaşın öz sevinci var. Məsələn, orta məktəbi qızıl medalla bitirmişdim, ağır imtahanlardan sonra istirahət üçün o vaxtkı Leninqrada getməyə hazırlaşırdım. Hətta biletim də alınmışdı. Bir gün xəbər gəldi ki, səni İrəvana imtahana çağırırlar. Heç vaxt elə bir şey olmamışdı. Biz rayonda imtahanımızı verib bitirmişdik. Məcbur olub bileti qaytardıq və atamla İrəvana getdik. Orda məlum oldu ki, 38 nəfər medalçının qiymətləri erməni ekspertlərinə şübhəli gəldiyindən təkrar imtahana çağırıblar. Təsəvvür edin, 38 nəfərin 36-sı azərbaycanlı idi. 38 nəfərdən bircə mən "5" aldım, qalan hamısının qiymətini endirdilər. O "5"i də vuruşa-vuruşa, heç bir səhvim olmadan aldım. Düz 4 saat ermənilər tərcüməçi vasitəsiylə məni sorğu-sual etdilər. Bəlkə də ən böyük sevinci onda yaşamışdım. Hətta ali məktəbə qəbul olunanda belə o qədər sevinməmişdim. Çünki atam çöldə böyük həyəcanla məni gözləyirdi.

 

2006-cı ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatı xətti ilə bir iclasda iştirak etmək üçün İrəvana getmək imkanı yaranmışdı. İrəvanda ikən səhər Uruda gedəcəyim gecəni sevincdən yata bilməmişdim. Amma təəssüf ki, 5-6 saat sonra o sevinc böyük bir kədərə çevrilmişdi. Mən öz kəndimin bütövlükdə qəbrini gördüm. Bəlkə də dünyada öz kəndinin qəbrini görən ilk insanam. Kənd boyda qəbiristanlıq görmüşəm.

 

Həmçinin, övladımın doğulduğu, ilk kitabımın çıxdığı, Xalq şairimiz Məmməd Arazın yazdığı "Uğurlu yol"la ilk dəfə iki şeirimin "Azərbaycan gəncləri" qəzetində çap olunduğu günlər böyük sevinclərimdir. Yadımdadır, həmin gün köşkdəki bütün qəzetləri aldım və qabağıma çıxan hər kəsə paylayırdım ki, baxın, şeirim çap olunub.

 

Bir də heç şübhəsiz ki, Şuşanın işğaldan azad olunması və Ermənistanın təslim olma aktına qol çəkməsi xəbərini eşitdiyim gün hər bir azərbaycanlı kimi, mənim də ən sevincli günlərimdən biridir.

 

Amma fikrimcə, bəlkə də bizim ən sevincli günlərimiz hələ qabaqdadır. Ona görə düşünürəm ki, nə qədər insan yaşayırsa, sevinməyə də, sevilməyə də haqqı var.

 

- İçinizdə nəyin peşmanlığını daşıyırsınız?

 

- Demədiyim sözlərin... Bir şeirimdə deyirəm:

 

Ömür cana sarmaşıqdı,

Ağrı qandı, söz qaşıqdı,

İçimdə qalan işıqdı

Qaranlıqların o üzü...

 

İçimizdə qalan o sözlər çox qaranlıqlara işıq sala bilərdi. Kaş zamanında sözlərimizi deyə bilərdik. Bəzən cəmiyyətin özünün müəyyən etdiyi tabular, bəzən içindəki cəsarətsizlik, bəzən qorxu mane olur onları deməyə. Deyirlər ki, insan üçün vacib olan əsas komponentlərdən birincisi sağlamlıqdırsa, ikincisi azadlıqdır. İnsan azad deyilsə, xoşbəxt ola bilməz. Bu mənada bütün bəşəriyyət hər zaman azadlığa can atır.

 

- Ədalət tərəzinizin sizi yanıltdığı olubmu?

 

- Yox, ədalət tərəzim məni heç vaxt yanıltmayıb. Məni yanıldan ədalətsizliyin tərəzisi olub. Əvvəllər daş tərəzilər vardı. O tərəzilərin çoxunda daşların içi oyulub qurğuşun yerləşdirilərdi ki, ağır gəlsin. Bax, bizi yanıldan o qurğuşunlu daşlar olub. Bəzən baxırsan ki, bu, çox böyük adamdır. Amma zaman keçəndə görürsən ki, içi boşmuş, onu "ağır və sanballı" göstərən oyulmuş içinə doldurulmuş qurğuşun imiş.

 

- Deyirlər, ən xoşbəxt kişi səhər işə, axşam evinə sevinərək gedən kişidir. Bu mənada özünüzü xoşbəxt hiss edirsiniz?

 

- Ondan qabaq deyilib, deyilmədiyini bilmirəm, amma mən bunu ilk dəfə Nazim Hikmətin yazılarında oxumuşam. Bəli, tamamilə doğrudur. Tək kişi yox, elə qadına da aiddir. O insan xoşbəxt insandır ki, səhər işinə, axşam evinə tələssin. İnsanın evi onunçün ən çox rahatlıq tapdığı məkan olmalıdır. Təkcə fiziki mənada yox, həm də mənəvi mənada. İş də o mənada ki, insan gərək faydalı olsun. İnsanın qiyməti onun faydalı olmağındadır. Sən öz ailən, ətrafın, cəmiyyətin üçün faydalı deyilsənsə, sənin heç bir gərəyin yoxdur. Mən də hər iki mənada özümü xoşbəxt hiss edirəm.

 

- Millət vəkili Musa Quliyev insanların sosial, şair Musa Urud mənəvi, duyğusal problemlərini, doktor Musa isə sağlamlıq problemlərini həll etməyə çalışır. Bəs insan Musanın özünün yaralarını nə sağaldır, problemlərini kim həll edir?

 

- Çox yaxşı sualdır. İndiyə qədər belə bir sual verən olmayıb mənə. Nəyi bacarmağımızdan, hansı mərtəbədə, səviyyədə çalışmağımızdan asılı olmayaraq, gərək hər birimiz öz sahəmizdə faydalı olaq. Bəli, 10 il praktik həkim olmuşam, sonrakı illərdə isə Səhiyyənin təşkili və qanunvericilik məsələləri ilə məşğul oldum. Bu fəaliyyətim indiyə qədər də davam edir. Hesab edirəm ki, kifayət qədər faydalı işlər görmüşəm. 15-ə yaxın sosial siyasət və səhiyyə haqqında qanunun hazırlanmasında işçi qrupun rəhbəri olmuşam, çoxunun da ideyasını elə özüm vermişəm. Amma təbii ki, bizim özümüzün də aldığımız travmalarımız, kifayət qədər uğursuzluqlarımız var. Fikir mübadiləmizdə bəzən bizi düz anlamırlar. Bunları ancaq zaman sağaldır. Ən doğru hakim də, ən doğru həkim də zamandır.

 

- Dostoyevski deyirdi ki, hər şeyi zamana buraxın, zaman unutdurur. Bukovski isə deyirdi, zaman unutdurmur, zaman keyidir. Siz bu fikirlərin hansıyla razısınız?

 

- Məncə, hər ikisi doğru deyib. Elə yaralar var ki, onu zaman unutdurmur, onu ancaq keyitmək mümkündür. Amma elə yaralar da var ki, onları zaman müalicə edir, sağaldır və yaddan çıxıb gedir. Bir dəfə Ulu öndər Heydər Əliyevə sual verdilər ki, hər şeyin - çəkinin, mayenin, məsafənin ölçü vahidi var. Bəs sədaqətin niyə ölçü vahidi yoxdur? O cavab verdi ki, sədaqətin, etibarın da ölçü vahidi var, bu, zamandır. Sənin nə qədər sədaqətli olduğunu zaman göstərər.

 

- 60 yaşlı Musa Urud indi olduğu yerdən geriyə baxanda 30 yaşlı Musaya, gələcəyə də baxanda, Allah sizə ömür versin, 80 yaşlı Musaya nə demək istərdi?

 

- 80 yaşlıya heç nə, çünki kiçiklər böyüyə heç nə deyə bilməz, onlardan ancaq xahişi və təmənnası ola bilər. Amma 30 yaşlı Musa Uruda deyərdim ki, sağ ol, sən ədalətli yaşadın, özünü, ailəni, nəslini, millətini xəcalətli edəcək bir iş görmədin! Ömrün boyu haqsız iş görmədiyin, hamıya yaxşılıq etməyə çalışdığın və öz gücün daxilində bunu bacardığın, Allah və vətən sevgisi arasında dürüst, xoşbəxt yaşaya bildiyin üçün sağ ol!

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2021.- 1 dekabr.- S.10-11.