Zəngin irsdən səhifələr: Dədə Ələsgər və aşıq rəvayətləri  

 

Azərbaycan aşıq sənətinin inkişafında Aşıq Ələsgərin xidmətləri böyükdür. Bir çox aşıq şeir şəkillərinin yaradılması onun adı ilə bağlıdır. Aşıq Ələsgər yaradıcılığı həm də aşıq rəvayətlərinin yaranması, inkişafı, janr xüsusiyyətlərinin sabitləşməsi sahəsində əvəzsiz bir mənbədir. Aşığın öz həyatı da rəvayətlərlə zəngin bir kimlikdir. Onun gözəlləmələri, tərifnamələri, şikayətnamələri, ustadnamələri, həcvləri, hərbə-zorbaları, bağlamaları (qıfılbəndləri), təcnisləri, divaniləri və deyişmələri haqqında rəvayətlər mövcuddur ki, bunları da İslam Ələsgərov toplamış və çap etdirmişdir. Aşıq Ələsgərlə bağlı rəvayətlərin bir qismi onun ailə həyatı, səfərləri, toylardakı sənətkarlıq məharəti ilə bağlıdır. Bir çox aşıq rəvayətinin məzmununu Aşıq Ələsgərin özünün başına gələn hadisələr təşkil edir.

Aşıq Ələsgərin şeirləri əsasında yaradılan rəvayətlər bəzi hallarda dastan-rəvayət, hətta dastan kimi təqdim olunur. Aşıq rəvayəti rəvayət janrının bir növüdür. Lakin rəvayətdən fərqli olaraq, aşıq rəvayətində aşıq havaları üstündə ifa olunan nəzm parçaları olur. Rəvayətlər dastanın resurslarından biri sayılır. Mifləri, əfsanələri, nağılları da dastanın mənbələri sayırlar. Aşıq havaları üstündə oxunan nəzm parçaları olmayan mətnlər "qara nağıl" adlanır və aşıq sənətinin ilkin mərhələsində ancaq qara nağıletmədən istifadə olunmuşdur. Ustad sənətkarlar qara nağıletmədən bu gün də istifadə edirlər. Rəvayətlər nağıldan fərqli olaraq, real hadisələr üzərində qurulur. Rəvayətlərin bir çoxu sonradan aşıq rəvayətlərinə çevrilmişdir. Buna görə də rəvayətlər "dastanlaşma prosesi üçün əsas qaynaqlardan biri" sayılır. Azərbaycan aşıq sənətinin araşdırıcıları Məhərrəm Qasımlı və Mahmud Allahmanlı aşıq rəvayətlərini "İnformativ-bioqrafik rəvayətlər", "yurd rəvayətləri", "Lətifə-rəvayətlər", "Dastan-rəvayətlər" qruplarına bölürlər.

 

Aşıq Ələsgərin yaradıcılığı haqqında araşdırmalar aparan və onun şeirlərini toplayıb çap etdirən İslam Ələsgərov özü və oxucuları qarşısında belə bir sual qoyur: "Aşıq Ələsgər dastan yaratmışdırmı?" İ.Ələsgərov bu suala özü cavab verməyə çalışır: "Şübhəsiz, onun həm özünün, həm də Həcər xanımın dilindən şeir deməsi, eləcə də Zöhrənin və Qozqara kötüyünün dilindən öz şeirinə cavab verməsi dastan elementləridir. Amma dastan-rəvayətlər kimi, "Həcər xanım", "Ələsgərlə Səhnəbani" və "Qozqara kötüyü"nü də Ələsgərin özü deyil, şəyirdləri, ya da başqa aşıqlar qoşub-bağlamışlar". Aşığın yetirdiyi saz və söz ustaları onun ənənələrini yaşatmaqla yanaşı, şeirlərini məclislərdə ifa edir, bu şeirlər haqqında rəvayətlər söyləyirlər. Göyçədən Aşıq Nəcəf, Qızılvəngdən Aşıq Mustafa və Aşıq Yusif, Çaxırlıdan Aşıq Hüseynalı, Zoddan Aşıq Qasım və Aşıq Ağayar, Hüseynqulağalıdan Aşıq İsa və Aşıq Mikayıl, Kəsəməndən Aşıq Nağı, Böyük Qaraqoyunludan Aşıq Əsəd, Sarıyaqubdan Aşıq Məhəmmədəli və Aşıq Paşa, Böyük Məzrədən Aşıq Qiyas, Zərzibildən Aşıq Nağı və Aşıq Sayad, Ağkilsədən Aşıq Qurban, Aşıq İman, Aşıq Talıb və digər aşıqlar aşıqlıq sənətinin sirlərini Aşıq Ələsgərdən mənimsəmişlər. Şəyirdlərin yayım arealı Aşıq Ələsgər şeirinin mövqeyinin göstəricisidir. Bu areal həm Aşıq Ələsgər haqqında aşıq rəvayətlərinin necə geniş bir məkanda yayıldığını göstərir.

M.H.Təhmasib dastanların yaranmasında aşıq rəvayətlərinin rolunu yüksək qiymətləndirərək yazır ki, təkcə Aşıq Ələsgər haqqında xalq arasında onlarca rəvayət gəzməkdədir. M.Qasımlıya görə, bu kimi  folklor mətnlərinin böyük əksəriyyəti ustad sənətkarın özü tərəfindən deyil, yetirmələri, sənət yoldaşları və sonrakı dönəmin yaradıcı aşıqları tərəfindən düzülüb-qoşulub: "Ancaq bütün hallarda əsas istinad mənbəyi Aşıq Ələsgərin başına gələn əhvalatlar, eləcə də onun şeirlərində qərarlaşmış avtobioqrafik hadisə və məqamlardır".

Aşıq Ələsgər yaradıcılığında mühüm yer tutan aşıq rəvayətləri struktural və tematik imkanlarına görə epik növün rəvayət janrının hüdudlarını aşır və dastanla rəvayət arasında dinamik mövqe tutur. Başagəldilər, deyişmələr üzərində qurulan aşıq rəvayətləri aşığın başına gələn rəvayətlərdən və aşığın özünün söylədiyi rəvayətlərdən ibarətdir. 1963-cü ildə çap olunmuş "Əsərlər"ində Aşıq Ələsgərin 8 dastan-rəvayəti verilib. 1973-cü ildə işıq üzü görmüş "Aşıq Ələsgər" adlı ikicildliyin ikinci kitabında isə 9 dastan-rəvayət yer alıb. 2001-ci ildə nəşr olunan "Göyçə dastanları və aşıq rəvayətləri" toplusunda Aşıq Ələsgərin yaradıcılığından qidalanan və dastan kimi təqdim olunan 15 aşıq rəvayəti vardır. Aşıq Ələsgərin 15 dastan-rəvayəti 2009-cu ildə çap olunmuş "Göyçə aşıqları və el şairləri" adlı kitabda da oxucuların ixtiyarına verilib. Burada Aşıq Ələsgərin rəvayətləri "Dastanlar" adıyla təqdim edilir. Lakin həmin nümunələr kitabın "Qeydlər və izahlar" bölməsində "dastan rəvayəti", "dastan-rəvayət", "aşıq rəvayəti" kimi verilir. Bu tipli dastanlar əsasən deyişmələr üzərində qurulan aşıq rəvayətləri və qıfılbəndlər (bağlamalar) əsasında yaradılan aşıq rəvayətləridir. Təqdim olunan "Ələsgərlə Səhnəbanu" və "Anaxanımın küsməyi" aşıq rəvayətləri informativ-bioqrafik rəvayətlər qrupuna daxildir. Kimliyi (avtobioqrafiyası) rəvayətdən, əfsanədən fərqlənməyən Aşıq Ələsgərin ailə qurması haqqında çoxlu söyləmələr mövcuddur. Bunu rəsmi kimlikdən də görmək mümkündür: "Ələsgər 13-14 yaşlarına çatanda Alməmməd kişi onu Kərbəlayı Qurban adlı birisinə nökər vermişdi. Bircə qızından başqa övladı olmayan Kərbəlayı Qurban, Ələsgərlə mülayim rəftar etmiş, hətta qızı Səhnəbanı ilə onun arasında məhəbbət yarandığını bildikdə də çox şad olmuş, onu həmişəlik öz evində saxlamaq fikrinə düşmüşdü. Lakin Kərbəlayı Qurbanın qardaşı Pullu Məhərrəm bu işi pozmuş, Səhnəbanını güclə öz oğlu Mustafaya almışdı". Bu əhvalat "Ələsgərlə Səhnəbanı" aşıq rəvayətinin əsasını təşkil edir. Digər aşıq rəvayəti Aşıq Ələsgərin həyat yoldaşı Anaxanımla bağlıdır. Səhnəbanıdan əli üzülən Aşıq təxminən qırx yaşlarında Kəlbəcərin Yanşaq kəndində yaşayan Nəbi adlı bir kəndlinin qızı Anaxanımla evlənmişdi. Aşıq Ələsgər həyat yoldaşı Anaxanım haqqında çoxlu şeirlər yazmışdı, hətta ehtimal olunur ki, Səhnəbanının adına çıxılan qoşmaların da bir qismi əslində Anaxanıma söylənmişdi. Bioqrafik məlumatlarda Anaxanımla bağlı rəvayətlər əsas yer tutur. Qeyd etmək yerinə düşər ki, Aşıq Ələsgərin özü və sözü haqqında olan rəvayətlərin böyük əksəriyyəti aşıq rəvayəti, dastan-rəvayət şəklinə düşməmiş, sadəcə, əhvalat, məlumat, hekayət kimi günümüzə qədər gəlib çıxmışdır, onları toplayıb aşığın kitablarına qeyd və izahlar kimi əlavə etmişlər.

"Göyçə dastan-rəvayətləri" təsnifatına daxil edilən iki bölgü də maraqlıdır. Bunlar aşıqlarla bağlı dastan-rəvayətlərdən və başqa görkəmli şəxsiyyətlər haqqında dastan-rəvayətlərdən ibarətdir. "Göyçə dastan-rəvayətləri" mətn tiplərinə də bölünür, rəvayətlər, əhvalatlar və səfərlər ayrıca qruplaşdırılır.

Yurd rəvayətləri və aşığın səfərləri ilə bağlı rəvayətlər (səfərlər) eyni mahiyyətlidir. Bu dastan-rəvayətlər sırasına "Aşıq Ələsgərin Türkiyə səfəri", "Aşıq Ələsgər qarabağlıların yaylağında", "Aşıq Ələsgərin Qaraqoyunlu səfəri", "Aşıq Ələsgər Yanşaqda", "Aşıq Ələsgərin Qarabağ səfəri", "Aşıq Ələsgərin İrəvan səfəri", "Aşıq Ələsgər Kəlbəcərin Qılışlı kəndində" kimi nümunələr daxildir. Aşıq öz sənəti ilə bağlı çox gəzmiş, Gəncə, Qazax, Şəmkir, Şınıq, Borçalı, İrəvan, Naxçıvan, Dərələyəz, Şərur, Kəlbəcər, Qarabağ və başqa yerlərdə el şənliklərini aparmışdır.

Rəvayətlərin bir qisminin əsasında deyişmələr dayanır. Aşıq Ələsgərin Aşıq Alı, Şəmkirli Aşıq Hüseyn, Göyçəli Aşıq Musa, Zodlu Məhəmməd, İrəvanlı Mirməcid, Həcər xanım və Zöhrə ilə deyişmələri vardır. Aşığın "Qozqara kötüyü ilə deyişmə"si özü kiçik bir rəvayətdir. Digər rəvayətə görə, Aşıq Ələsgər öz taleyini özü həll etməyi qət etmiş Həcər adlı qızın dilindən söylədiyi qoşmanın əsasında "Həcər" adlı dastan rəvayəti yaranmışdı. Xüsusi bir rəvayət şəklinə salınan deyişmələrdən biri Aşıq Ələsgərlə onun ustadı Aşıq Alı arasında olub. Deyişmə əsasında yaradılan rəvayətin məzmunu belədir: "Aşıq Alı, Ələsgəri tam yetirib hazırladıqdan sonra bir toy məclisində onunla deyişir, el içində hörmətini qaldırıb şöhrətləndirmək məqsədi ilə məğlub olmuş bir aşıq kimi öz sazını da ona təhvil vermək istəyir. Ələsgər isə onun bu xeyirxah hərəkəti ilə razılaşmayaraq deyir:

 

Bir şəyird ki, ustadına kəm baxa,

Onun gözlərinə damar, damar.

 

İrəvandan, Şəmşəddindən və başqa yerlərdən də aşığa bağlamalar, həcvlər göndərilmiş, "aşıq bu söz-fikir bağlamalarının hamısını açmış, həcvlərə isə ironik boyalarla tutarlı cavablar vermişdir". Bu deyişmələrdən, bağlamalardan, həcvlərdən "Aşıq Ələsgərin Dəli Alının toyuna gəlməsi", "Aşıq Ələsgərlə Aşıq Nəsbin qabaqlaşması", "Aşıq Ələsgərlə Şəmkirli Aşıq Hüseynin görüşü", "Aşıq Ələsgərlə Mirməcid ağanın görüşü", "Aşıq Ələsgərlə Şair Nağı" kimi aşıq rəvayətləri yaranmışdır.

İslam Ələsgərov aşığın haqqında olan və onun şeirləri əsasında yaradılan rəvayətlərin əslində sənətkarın həyat və yaradıcılığı ilə bağlı müəyyən təsəvvür oyatdığını bildirir: "Dildə-dodaqda Ələsgərin həyatı və yaradıcılığı ilə bağlı müxtəlif rəvayətlər, tarixi həqiqətlər kimi qələmə verilən çoxçeşidli epizodlar mövcuddur. Həmin yarıəfsanəvi, yarıgerçək əhvalatları aşıqlarımız toy və şənliklərdə bəzək-düzək vurub danışır, lakin "dastan" yox, "əhvalat", ya da "hekayət" adlandırırlar".

Yekun olaraq qeyd edə bilərik ki, aşıq rəvayətinin janr kimi təkmilləşməsində Aşıq Ələsgər yaradıcılığı mühüm bir mərhələni təşkil edir.

Bilal ALARLI HÜSEYNOV

Filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2021.- 2 dekabr.- S.15.