Nizami Gəncəvi irsinin unudulmuş tədqiqatçıları  

 

Azərbaycan tədqiqatçılarının Nizami irsi ilə bağlı ilk araşdırmalarına XIX əsrin birinci yarısında rast gəlirik. İlk olaraq Azərbaycanın böyük mütəfəkkiri Abbasqulu ağa Bakıxanov Nizami haqqında oxuculara məlumat vermişdi. A.Bakıxanov 1846-cı ildə yazdığı "Gülüstani-İrəm" əsərinin bir səhifə yarımını Nizamiyə həsr etmiş, qısa bilgilər yayınlamışdı. Tədqiqdən daha çox informasiya xarakteri daşyan bu yazı Nizaminin doğma vətəni Azərbaycanda onun haqqında yandırılan ilk işıq idi.

Azərbaycan yazıçısı və publisisti İsmayıl bəy Qutqaşınlı 1852-ci ildə Yaxın Şərq ölkələrinə səyahət etdikdən sonra "Səfərnamə" əsərini yazdı. Gəncədən keçərkən Nizaminin məzarını ziyarət edən yazıçı böyük şairə müraciətlə əsərində bu sözləri yazmışdı: "Ey Şeyx Nizami, qəbrini görüb, rəhmət oxuyub ruhundan təvəqqe edirəm: kamalının nöqtə qədərini bizə bəxş edəsən. Rütbənə çatmaq mümkün deyil".

1879-cu ildə Məkkə ziyarətinə gedən tanınmış Azərbaycan şairi Seyid Əzim Şirvani də Nizaminin məqbərəsinin acınacaqlı vəziyyətini görüb yazmışdı:

 

Ey Şeyx Nizami, ey nizamı dağılan,

Ey Gəncədə izzü-ehtişamı dağılan.

Olmayıbdır cahanda bir səninlə məntək,

Beyti, evi, məktəbi, kəlamı dağılan.

 

Bir müddət sonra Azərbaycanın tanınmış maarifçisi, görkəmli yazıçı və dramaturqu Mirzə Fətəli Axundov da Nizami yaradıcılığı haqqında əsaslı fikirlər qeyd edir. Doğrudur, bu məlumatlar da çox geniş və əhatəli olmasa da, Nizami şəxsiyyətinin öyrənilməsinə açılan bir yol idi.

 

Azərbaycanın tanınmış ziyalısı və ictimai-siyasi xadimi Mirzə Məhəmməd Axundov 1909-cu ildə Gəncədə "Şeyx Nizami" monoqrafiyasını nəşr etdirib. Kitabda Nizami Gəncəvinin tərcümeyi-halı, əsərləri haqqında məlumatlar verilib.

 

Qeyd edək ki, M.M.Axundovun "Şeyx Nizami" kitabı 1992-ci ildə filologiya elmləri doktoru X.Məmmədov tərəfindən kiril əlifbasına çevrilmiş və "Ana sözü" jurnalında (1992, ¹1-2) işıq üzü görmüşdü.

 

2016-cı ildə isə filologiya üzrə fəlsəfə doktoru T.Bədəlova həmin nəşri ərəb əlifbasından latın qrafikasına çevirərək çap etdirmişdi.

 

2017-ci ildə isə "Zərdabi LTD" MMC  "Şeyx Nizami" kitabını ərəb, latın əlifbaları ilə, həm də rus dilində bir kitab olaraq nəşr edib.

 

XX əsrin əvvəllərində bütövlükdə Azərbaycan ədəbiyyatının sistemləşdirilib öyrənilməsində görkəmli tədqiqatçı Firidun bəy Köçərlinin əvəzsiz xidmətləri vardır. 300-ə yaxın Azərbaycan şair və yazıçıları haqqında bilgilər toplayan F.Köçərli bu araşdırmalarını 1903-cü ildən başlayaraq nəşr etdirmişdi.

 

F.Köçərlinin bu araşdırmaları sırasında böyük şair Nizami ilə də bağlı əsaslı bilgilər yer alırdı. F.Köçərli Nizami haqqında yazısında görkəmli şairin yaradıcılığını tədqiq edir, oxuculara maraqlı fikirlər çatdırır.

 

Qeyd edək ki, F.Köçərlinin bu araşdırmaları sonradan sovet dövründə, 1925-1926-cı illərdə bütövlükdə nəşr edilmişdi.

 

Sonralar mətbuatda - "Molla Nəsrəddin" jurnalında, "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni iqbal" qəzetlərində daha çox Nizaminin qəbri, məzarının yaxşı vəziyyətdə olmaması ilə bağlı məlumatlara rast gəlirik.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1919-cu ildə tanınmış dövlət xadimi, İranda olan diplomatik nümayəndəmiz Adil xan Ziyadxan "Azərbaycan" kitabını nəşr etdirir və bu nəşrdə Nizami haqqında məlumatlar öz əksini tapır.

 

Cümhuriyyət dövründə nəşr edilən digər mətbuat orqanlarında Nizami haqqında yazılar yoxdur.

 

1920-ci ilin aprelində Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən və burada sovet rejimi yaradıldıqdan sonra yeni ideoloji istiqamətlər əsasında yazıçı və şairlərə yanaşılmağa başlandı.

 

Qeyd edək ki, 1920-ci illərdə Sovet Azərbaycanında Nizami haqqında araşdırmalar aparılmadı. O dövrün qəzetlərindən öyrənmək mümkündür ki, bu illərdə Nizami haqqında yazılar yalnız onun məzarının xaraba görkəmdə olması, orada qazıntıların aparılması, şairin tabutunun tapılması, onun dünyadan köçərkən çox ehtiramla dəfni məsələsinə önəm verilib.

 

Nizami haqqında sovet dövründə ilk araşdırmalara əsasən 1930-cu illərdə başlanılıb.

 

1934-cü ildə İstanbulda professor Ə.Cəfəroğlunun redaktorluğu ilə nəşr edilən "Azərbaycan Yurd Bilgisi" jurnalında azərbaycanlı mühacir Məhəmməd Əli Rəsulzadənin (Rəsuloğlunun) "Gəncəli Nizami" məqaləsi çap olundu. Qeyd edək ki, o, həm də M.Ə.Rəsulzadənin doğma əmisi oğludur.

 

Bu məqaləyə qədər Türkiyədəki tədqiqatlarda, eləcə də Azərbaycandakı araşdırmalarda böyük şair Nizaminin azərbaycanlı və türk mənşəli olması əsaslı şəkildə elmi auditoriyaya təqdim edilməmişdi.

 

Bu dövrdə Türkiyədə yeni islahatların aparılması, Avropaya meyillik, farsdilli yazılardan uzaqlaşmaq, İran yazarlarına çox da önəm verilməməsi şərtlərini nəzərə alsaq, Nizaminin türk mənşəli Azərbaycan şairi kimi M.Ə.Rəsulzadə tərəfindən təqdim olunmasının əhəmiyyəti böyük idi.

 

Bu dövrə qədər isə mühacirlərimizin nəşrlərində və yazılarında Nizami mövzusuna ümumilikdə toxunulmamışdı. Yalnız M.Ə.Rəsulzadənin 1923-cü ildə nəşr edilən "Azərbaycan Cümhuriyyəti, keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti" kitabında, yenə eyni müəllifin 1928-ci ildə çap olunan "Qafqasya türkləri" əsərində Nizaminin adı qısa məlumatla verilmişdi.

 

M.Ə.Rəsulzadə 1936-cı ildə Parisdə "Qafqaz, Türküstan və Ukrayna xalqlar dostluğu" cəmiyyətinin toplantısında rus dilində "Müasir Azərbaycan ədəbiyyatı" mövzusunda məruzə etmişdi. Həmin məruzə kitab olaraq da 1936-cı ildə Parisdə rus dilində nəşr edilmişdi.

 

Öz məruzəsini "Azərbaycan türkləri Ümumtürk mədəniyyətinin inkişafında əhəmiyyətli rol oynamışlar" sözləri ilə başlayan M.Ə.Rəsulzadə böyük şair Füzulinin XIX əsrə qədər Azərbaycan ədəbiyyatına təsir imkanlarını qeyd edir və sonra Nizami Gəncəvinin həqiqi Azərbaycan şairi olduğunu xüsusi vurğulayır: "Əgər diqqətə alsaq ki, ona qədər (yəni Füzuliyə - red.) və ondan sonra Azərbaycanın ən yaxşı şairləri fars dilində yazmışlar, fars ədəbiyyatının böyük klassikləri olan Fələki və Xaqani Şirvanilər, eləcə də Nizami Gəncəvi əsl azərbaycanlı idilər, bax onda aydın olar ki, sözün həqiqi mənasında, Füzuli hansı ədəbi inqilabı etmişdir".

 

Göründüyü kimi, M.Ə.Rəsulzadə 1936-cı ildəki çıxışında və elə həmin ili nəşr olunan kitabında Nizaminin "azərbaycanlı" olduğunu qeyd edir.

M.Ə.Rəsulzadənin Nizami haqqında kitabın nəşri 1951-ci ildə reallaşdı. Bu kitab Türkiyə cəmiyyətində böyük maraqla qarşılandı və 1991-ci ildə "Türk Dünyasını Araşdırma Vəqfi" tərəfindən kiçik bir təqdimatla heç bir əlavələr olmadan, eynən yenidən nəşr edildi.

 

M.Ə.Rəsulzadənin N.Gəncəvi haqqında araşdırması yalnız Şərq, Türk, Azərbaycan ədəbiyyatı tarixində deyil, ümumilikdə bəşər mədəniyyəti sistemində maraqlı bir hadisə idi. M.Ə.Rəsulzadənin bu tədqiqatında Azərbaycan şairi Nizami yaradıcılığının ümuminsanlığa, ayrı-ayrı xalqların inkişafına gərək olan dəyərlərindən danışılır və ciddi faktlar təqdim edilirdi. M.Ə.Rəsulzadə bu əhəmiyyətli araşdırmasında Nizamini Azərbaycanın böyük şəxsiyyəti, fəxri olaraq dəyərləndirirdi.

 

Mühacirətdə yaşayan görkəmli tədqiqatçı, İstanbul Universitetinin professoru Əhməd Cəfəroğlunun da ilkin dövrdəki tədqiqatlarında Nizami yaradıcılığına toxunulur. Əslən Gəncədən olan, Bakı Dövlət Universitetində bir müddət təhsil almış, sonradan Almaniyada təhsilini davam etdirmiş Ə.Cəfəroğlu baş redaktoru olduğu "Azərbaycan Yurd Bilgisi" jurnalında çox dəyərli yazılar çap etdirsə də, Nizami yaradıcılığından araşdırmasına rast gəlmək olmur.

 

1952-ci ildə Ankarada "Xalq Evi"ndə keçirilən bir konfransda Ə.Cəfəroğlu "Azərbaycan dil və ədəbiyyatının dönüm nöqtələri" mövzusunda çıxış edir və N.Gəncəvi irsinə münasibət bildirir. Çıxışında Gəncə mühitindən çıxan şairlərdən Məhsəti Gəncəvinin XII əsr Səlcuq sultanlarından Səncərin sarayında yüksək mövqe əldə etdiyini vurğuladıqdan sonra Əbül Üla Gəncəvi, Fələki Şirvanlı, Xaqani Şirvanlı haqqında bilgilər verir.

 

Türkiyənin tanınmış professoru Əhməd Atəş 1954-cü ildə "Azərbaycan Yurd Bilgisi" jurnalında "Biblioqrafiya" məqaləsini nəşr etdirdi. Bu məqalədə M.Ə.Rəsulzadənin "Azərbaycan şairi Nizami" əsəri ciddi təhlil edilmişdi. Ə.Atəş Nizami haqqında olan kitabı yüksək dəyərləndirərək yazırdı: "Sayın M.Ə.Rəsulzadənin bu əsəri, yazarının bir siyasət adamı olmasına rəğmən, "dünya ölçüsündəki yaradıcılığıyla cahan ədəbiyyatına ölməz şeir tablolarıyla eşq, bağlılıq, namus, iman və fədakarlıq tipləri verən, fəlsəfi yüksək düşüncə və siyasi kəskin görüşləriylə də insanlığın ən səmimi duyğularına və ən əziz ideallarına tərcüman olan bu ilahi sənətkar dünya mədəniyyətinin dahi öndəridir" - deyə təvsif etdiyi Nizaminin sevən, anlayan və dürüst bir ruh tərəfindən çizilmiş və müvəffəq olmuş bir tablosudur".

 

Mühacirət irsində Nizami yaradıcılığı ilə bağlı ilk məqaləni yazan xanım Fatma İlgazdır. Bu xanımın şəxsiyyəti ilə bağlı axtarışlarımız ciddi nəticələr verməsə də, onun böyük şair haqqında məqalə yazan ilk qadın araşdırıcı olması faktı əhmiyyətlidir.

F.İlgazın "Nizami Gəncəvi" adlı məqaləsi G.Göygölün redaktorluğu ilə nəşr edilən "Mücahid" jurnalında çap olunub. Məqalə böyük həcmli deyildir, lakin Nizami yaradıcılığına böyük diqqətlə yazılıb.

F.İlgaz məqaləsini belə başlayır: "Azərbaycanın İslam mədəniyyətindəki rolu, hizməti böyükdür. Ədəbiyyat aləmində Nizami, Füzuli kimi böyük isimlər bunu isbata kafidir.

Əslən azərbaycanlı olan Gəncəvi Nizami dövrünün ədəbi və rəsmi dili farsca ilə əsərlərini yazmışdır: tıpkı (eyni, bərabəri-red) XVIII yüzildə Avropada fransız olmayan yazarların fransızca kitablar qələmə aldıqları kimi. Bununla birlikdə əsərləri ruh və məna baxımından milli və türkdür. Şeirləri - mənaları, ruhi təhlilləri, üslubları, qüdrətli təsvirləri, parlaq təşbihləri üstün fəlsəfəsi ilə ölməzdir".

F.İlgaz məqaləsində Nizamini sadəcə böyük şair deyil, xalq üçün çalışan, vətən üçün yanan idealist bir mücahid adlandırır.

Müəllif məqaləsində Nizaminin əsərlərini sıralanma qaydaları və ümumi məzmun təqdimatı ilə oxuculara çatdırır.

Qeyd edək ki, Azərbaycan mühacirət irsinin öyrənilməsindən də aydın olur ki, N.Gəncəvi yaradıcılığının araşdırılmayan sahələri vardır və gələcəkdə tədqiqatçıların yeni əsərlər ortalığa qoyması mümkündür.

Azərbaycanın dahi şairi N.Gəncəvi yaratdığı əsərləri ilə ümumbəşər mədəniyyətinin inkişafına və zənginləşməsinə müasir dövrümüzdə də böyük faydalar verməkdədir.

Nəsiman YAQUBLU

tarix elmləri doktoru

525-ci qəzet.- 2021.- 2 dekabr.- S.14.