Nəcib iş
Nəşriyyat işi çox gərəkli,
ağır zəhmət tələb edən şərəfli
bir sahədir.
Mövcud nəşriyyatlarda işıq
üzü görən çox sayda, məzmunlu, çox
çeşidli kitabların sayı-hesabı hüdudsuzdur.
Təəssüf ki, hər sahədən
yazılır, nəşriyyat işindən, orda
çalışan redaktorlardan, naşirlərdən
yazılan kitabların sayı isə barmaqhesabı sayıla
bilər. Burda "Aləmi bəzər,
özü lüt gəzər" atalar sözü çox
yerinə düşür.
Sövet dövründə bolşevik yanaşmasıyla
keçmişimizə loyal münasibətdən doğan
yanlışlıqlara yol verilirdi. Bəzi üzdəniraq
alimlər şahları, xanları bizə geridə
qalmış, məhdud dünyagörüşlü şəxslər
kimi təqdim edirdilər. Əgər belədirsə, bəs
Xaqani Şirvaninin, Nizami Gəncəvinin, Seyid İmadəddin
Nəsiminin, Məhəmməd Füzulinin, Şah
İsmayıl Xətainin əlyazmaları günümüzə
necə gəlib çıxıb. Axı
üzü mahir xəttatların əli ilə böyük zəhmətlə
köçürülmüş kitab-əlyazmaları saray
kitabxanalarında məhz saxlanılaraq gəlib
günümüzə çıxmışdır. Orta əsrlərdə saray kitabxanaları vardı.
Bu kitabxanalarda xəttatlar, münşilər
(gözəl xəttlə yazan), minətürçülər,
zərkublar, səhhaflar (karton cild ustası), müzzəhiblər
(ornamentçi naxış çəkən zərgər),
mücəllidlər (meşin cild ustası), nəqqaşlar və
s. çalışırdılar.
Şahların fərmanlarını, söylədiklərini qələmə
alan pərvanələr (katiblər)
vardı. Bütün bunları unutmaq olmaz.
Əlbəttə, çap məhsullarına gəldikdə,
bizim kitabçılıq tariximiz çox da qədim deyildir.
Mətbəə üsulu ilə çap olunan ən qədim
kitabımız dahi Nəsrəddin Tusinin 1504-cü ildə
Romada çap olunmuş "Təhriri-Öqlidis" əsəridir.
XIX əsrin axırları və XX əsrin əvvəllərində
Mir Möhsün Nəvvabın Şuşada, Ömər Faiq
Nemanzadə və Mirzə Cəlilin Tiflisdə, Oruc, Qəmbər,
Abuzər Orucov qardaşlarının Bakıda
açdıqları mətbəələrdə kitablar da
çap olunurdu. Bütün bunları təqdir etməklə
yanaşı, etiraf edək ki, respublikamızda nəşriyyat
işinin əsası XX əsrin iyirminci illərindən
başlayır. Tədqiqatçı Hacı Həsənov
"Azərbaycan kitabının inkişaf mərhələləri"
kitabında qeyd edir ki, 9 iyun 1920-ci ildə mətbuat və
dövlət nəşriyyatı şöbəsi "Azərmərkəzimətbuat"ın
yaranması haqqında dekret imzalanmışdır. Məhz
"Azərbaycan Dövlət Nəşriyyatı" -
"Azərnəşr"in yaranma tarixi bu dövrdən
başlamışdır. Mən də bu yazımda keçən
il "Azərnəşr"in 100 illiyi münasibətilə
"Təhsil" nəşriyyatında çap olunmuş nəfis
bir kitabdan söz açmaq istəyirəm. Tarix
üzrə fəlsəfə doktoru, BDU-nun
Kitabxanaçılıq-informasiya fakültəsinin müəllimi
Leyla Abasovanın gərgin zəhmətinin bəhrəsi olan
"Azərbaycan Dövlət Nəşriyyatı" -
"Azərnəşr"in yaranması və fəaliyyəti"
kitabı 100 illik bir dövrü əhatə edir. Kitabın elmi
redaktoru və ön sözün müəllifi mərhum
professor Bayram Allahverdiyevdir. Leyla Abasovanın bu dəyərli
monoqrafiyası üç fəsil və nəticədən
ibarətdir. Müəllif birinci fəsildə "Azərbaycan
Dövlət Nəşriyyatının yaranması və
inkişaf tarixindən" bəhs edərək 1920-1940-cı
illəri əhatə edir: "Azərbaycan Dövlət Nəşriyyatının
yaranmasına təsir göstərən amillər",
"Azərnəşr"in ayrı-ayrı elm sahələri
üzrə kitab nəşri sahəsindəki fəaliyyəti",
"Tədris kitablarının yaranmasında və
inkişafında "Azərnəşr"in rolu",
"Azərbaycan kitabının təbliği və
yayılmasında "Azərnəşr"in fəaliyyəti"
başlıqları altında nəşriyyatın fəaliyyətinin
20 ilini əsaslı şəkildə nəzərdən
keçirmişdir. Bu fəsildə biz illər
üzrə "Azərnəşr"in poliqrafiya
bazasının nəticələrini izləyə bilirik.
Məsələn, məlum olur ki, 1933-cü ildə "Azərnəşr"də
aşağıdakı şöbələr fəaliyyət
göstərmişdir: "Kənd təsərrüfatı ədəbiyyatı
şöbəsi", "Uşaq və gənclər ədəbiyyatı
şöbəsi", "Bədii ədəbiyyat şöbəsi",
"Təsviri sənət ədəbiyyatı şöbəsi",
"Elmi texniki ədəbiyyat şöbəsi". Bu şöbələrin adından belə bəlli
olur ki, hansı mövzularda kitablar nəşr olunmuşdur.
O dövrdə S.M.Qənizadənin "Lüğəti-rusi və
türki", B.Çobanzadənin "Türkcə sərf-nəhv",
"Türk-tatar lisaniyyətinə mədxəl",
Hüseyn Cavidin "İblis", "Şeyda", Nəriman
Nərimanovun "Bahadır və Sona" əsərləri
işıq üzü görmüşdür.
Leyla Abasova bu dəyərli monoqrafiyasında çap məhsullarının
dinamikası və tirajına qədər diqqət
yetirmişdir.
Monoqrafiyadan aydın olur ki, "Azərnəşr"
ildən-ilə öz şöbələrinin sayını
artırmışdır. Bu şöbələrin
çoxluğu dövrün müxtəlif illər üzrə
çap edilən kitablara tələbatın artmasından irəli
gəlirdi. Burada bir neçə
şöbələrin adını çəksək yəqin
ki, yerinə düşər. Məsələn,
"Musiqi not ədəbiyyatı şöbəsi", "Təsviri
sənət ədəbiyyatı şöbəsi",
"Uşaq və gənclər ədəbiyyatı
şöbəsi", "Texniki ədəbiyyat şöbəsi",
"Tərcümə ədəbiyyatı şöbəsi",
"Tibb ədəbiyyatı şöbəsi", "Bədii
ədəbiyyat şöbəsi", "Orta məktəb
üçün dərslik şöbəsi", "Ədəbi
irs şöbəsi"... Bu şöbələrin
adından nəinki görülən işlərin
miqyasını, orada çalışanların sayını
belə dəqiqləşdirmək mümkündür.
Müəllif
monoqrafiyanın Azərbaycan Dövlət Nəşriyyatının
fəaliyyətinin əsas istiqamətləri fəslində
1941-ci ildən 1990-cı ilə qədərki dövrü tədqiqata
cəlb edərək aşağıdakı məsələlərə
diqqət ayırmışdır:
"Azərbaycan
kitabının sahə quruluşunda "Azərnəşr"in
yeri", "Azərnəşr"in seriyalı nəşrlərinin
təhlili", "Azərnəşr"in fəaliyyətində
direktorların rolu", "Azərbaycan kitabının
formalaşmasında və inkişafında "Azərnəşr"in
redaktorlarının fəaliyyəti",
"Azərbaycan tərcümə kitabı və Azərnəşr".
Leyla Abasova üçüncü fəsildə
"Müstəqillik illərində Azərbaycan Dövlət
Nəşriyyatının fəaliyyəti və inkişaf
perspektivləri"ndən bəhs edir. Bizim klassik şair və
yazıçılarımızın böyük əksəriyyətinin
N.Gəncəvinin, X.Şirvaninin, Ş.İ.Xətainin,
M.Füzulinin, M.P.Vaqifin, M.V.Vidadinin, M.F.Axundzadənin,
S.Ə.Şirvaninin, M.Ə.Sabirin, Ə.B.Haqverdiyevin, N.B.Vəzirovun,
N.Nərimanovun, C.Cabbarlının və b. əsərləri
məhz "Azərnəşr"də nəşr
olunmuşdur. O dövrdə nəşriyyatın tarixi və bədii
ədəbiyyat şöbəsi fəaliyyət göstərirdi.
Kitabların texniki və bədii tərtibatı
bu şöbələrdə verilirdi. Burada sözü
Leyla Abasovanın özünə verirəm:
"Azərnəşr"də çap edilən
kitabların gözəl olmasına, yayılmasına təsir
göstərən əsas vasitələrdən biri də bədii
redaktorların, rəssamların seçilməsi,
düzgün yerləşdirilməsi ilə əlaqədardır. Bu mənada "Azərnəşr"in
müxtəlif dövrlərdəki fəaliyyətində
xüsusi fərqlənən tanınmış rəssamlar:
Əmir Hacıyev (Əməkdar rəssam), Oqtay Sadıqzadə
(Xalq rəssamı), Elmira Şahtaxtınskaya (Xalq rəssamı),
Rəşid Əmirov, Yusif Ağayev və b.; bədii tərtibat
redaktorlarından: Məmmədhəsən Quliyev, Muxtar Aslanov,
Mikayıl Qasımov, Nəriman Nəsirov və b.; texniki tərtibat
redaktorlarından: Rəhman Hüseynov, Məmməd Zeynalzadə,
Əhməd Səlim, Məzahir Balakişiyev,
Böyükxanım Qurbanova, Solmaz Mirkişiyeva, Sima
Bağırova və b. əməyi təqdirəlayiqdir.
"Azərnəşr" yarandığı gündən,
sözün əsl mənasında, mədəniyyət mərkəzinə
çevrilmişdi. Burada Azərbaycan ədəbiyyatının,
mədəniyyətinin tanınmış simaları
çalışmışlar. Biri az,
biri çox. Kitabın "Azərnəşr"in fəaliyyətində
direktorların rolu bölümündən öyrənirik ki,
1920-1940-cı illərdə Ağababa Yusifzadə, Ruhulla
Axundov, Əhməd Pepinov, Ağali Qasımov, Hənəfi
Zeynallı, Əhməd Triniç, Məmməd bəy
Cuvarlı və b. "Azərnəşr"ə rəhbərlik
etmişdir. İkinci Dünya Müharibəsindən sonra
"Azərnəşr"ə İsrafil Nəzərov, Adil
Əfəndiyev, Nazim Novruzov, Manaf Süleymanov (bu
yazıçı Nazim Süleymanov deyildir), Əjdər
Xanbabayev, Azər Mustafazadə rəhbərlik etmişlər.
Kitabda diqqəti cəlb edən cəhətlərdən
biri də odur ki, müəllif hər bir direktorun, redaktorun
qısa tərcümeyi-hallarını, şəkillərini də
monoqrafiyasına əlavə etmişdir. Buna görə də
kitabın hər səhifəsində 100 il
ərzində "Azərnəşr"də
çalışan insanların surətləri gözlərimiz
önündə canlanır. Qeyri-təvazökar
səslənməsin, bu nəcib işdə kitabın nəşriyyat
redaktoru olaraq mənim də xidmətlərim olub. Bu da səbəbsiz deyildir. 1978-ci
ilin mart ayından bu günə kimi mən nəşriyyat
sistemində çalışıram. O zamandan bu günə
kimi "Azərnəşr"də çalışan hər
kəsi mən də yaxından tanımışam, onların
bir çoxuylə ünsiyyətim olub, bu gün də var.
"Azərnəşr"in
100 illik tarixində burada Seyid Hüseyn, Vəli Xuluflu, Ömər
Faiq Nemanzadə, Yusif Şirvan, Mikayıl Rəfili,
Əliağa Vahid, Abdulla Faruq, Salman Mümtaz, Abdulla Şaiq,
Mirmehdi Seyidzadə, Əbdülbaqi Fövzü, Əyyub
Abbasov, Orucəli Həsənov, Sara Rəhimova, Əziz Mirəhmədov,
Adil Babayev, Əli Tudə, Ələkbər Ziyatay, Şəmsəddin
Abbasov, Nağı Nağıyev, Cəlal Məmmədov, Rasim
Tağıyev, Zəkiyyə Qiyasbəyli, Səkinə
Hüseynova, İsa Hümmətov, Mehdi Mirkişiyev, Məmməd
Araz, Elxan İbrahimov, Mustafa İsgəndərzadə, Cəmil
Əlibəyov, İsmayıl Vəliyev, Əlfi Qasımov,
Mirzə Müştaq və b. Azərbaycan kitabının
inkişafında əvəzsiz xidmətləri olub.
Burada onu
da qeyd edim ki, vaxtilə dövrün tələbatına
uyğun olaraq yaradılmış "Maarif",
"Yazıçı", "Gənclik",
"İşıq" kimi nəşriyyatlar məhz "Azərnəşr"in
müvafiq şöbələrinin bazası əsasında
yaradılmışdır. "Maarif" nəşriyyatı
ancaq dərsliklər nəşr edirdi. "Yazıçı"
nəşriyyatı bədii ədəbiyyat, "Gənclik"
nəşriyyatı uşaqlar və gənclər
üçün, "İşıq" nəşriyyatı
isə teatr, incəsənət üzrə kitablar çap etməklə
məşğul olurdu.
Bu nəşriyyatlar yarandıqdan sonra "Azərnəşr"
əsasən siyasi ədəbiyyat nəşriyyatı kimi fəaliyyət
göstərib və bu gün də göstərməkdədir.
Tarix
üzrə fəlsəfə doktoru, BDU-nun Kitabşünaslıq
və nəşriyyat işi kafedrasının müəllimi
Leyla Abasova "Azərnəşr"in 100 illik tarixini
araşdırmaqla çox nəcib və əhəmiyyətli
tarixi bir iş görmüşdür. Etiraf edək ki, kitab
çap etdirməyə can atanlar çox olsa da, nəşriyyatların
işindən, orada çalışan insanların taleyindən
söz açanlar isə tək-təkdir.
Tarix üzrə fəlsəfə doktoru Leyla
Abasovanın bütün elmi fəaliyyəti əsasən nəşriyyatların
yaranma tarixi, təşəkkülü və inkişaf mərhələlərini
əhatə edir. Onun elmi araşdırmaları elmi məqalələr
və monoqrafiyalar şəklində nəşr olunmuşdur.
Məsələn "Boz Oğuz" nəşriyyatının
yaranması və fəaliyyəti" (monoqrafiya: 2018), "Təhsil"
nəşriyyat poliqrafiya müəssisəsində istifadə
edilən çap texnologiyaları haqqında" (məqalə:
2018), "Azərbaycan Xalq Cümhuriyyətinin mətbəəçilik
və kitab nəşri fəaliyyəti" (tezis: 2019),
"Bakı Fəhləsi" kooperativ nəşriyyatının
yaranması tarixindən" (tezis: 2020), Nurlan və Elm və
Təhsil nəşriyyatının yaranması və fəaliyyəti"
(məqalə: 2020), "Azərbaycan Neft ədəbiyyatı
nəşriyyatı "Azərneftnəşr"in
yaranması və fəaliyyəti" (tezis: 2021), Mütərcim
nəşriyyatının yaranması və fəaliyyəti
(2001-2005)" (tezis: 2021), "İşıq" nəşriyyatının
yaranması və fəaliyyəti (tezis: 2021) və s.
Leyla xanım Abasova isə nəşriyyat işini ürəkdən
sevən və təqdim edən müəlliflərdən
biridir. Hələ
onun bundan sonra görmək istədiyi işlər çoxdur.
Tanrı köməyi olsun.
Mustafa
ÇƏMƏNLİ
525-ci qəzet.- 2021.- 2 dekabr.- S.13.