"Orta
məktəblər üçün Multikulturalizm" dərsliyi
Azərbaycan multikulturalizminin qaynaqlarını
öyrənən şagird və tələbə radikalizm
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi 2016-cı ildə
"Azərbaycan multikulturalizminin qaynaqları"
seriyasından "Azərbaycan multikulturalizminin ədəbi-bədii
qaynaqları" kitabını nəşr etdirdi. Sözü gedən kitabda Azərbaycan ədəbiyyatının
min ildən artıq zamanı əhatə edən dövrü ərzində bədii yaradıcılıq nümunələrində
multikultural və
tolerant ideyaların təcəssümünə
dair örnəklər,
onlara istinadla sitat və iqtibaslar
yer alır. Məhz
bu kitabın təqdimatında akademik Kamal Abdullanın bir cümləsi zehnimə əbədi həkk olundu: "Azərbaycanın ədəbi-bədii,
elmi-fəlsəfi, ictimai-publisistik
düşüncəsinə bələd olan şagird və tələbə, eləcə
də, hər hansı sıravi vətəndaş heç
zaman dini, irqi ayrı-seçkiliyə,
radikal təmayüllərə
yaxın durmaz".
Həqiqətən də minillik tarixi olan klassik
ədəbiyyatımızın hər bir parlaq
nümayəndəsi bu
ümumbəşəri dəyərləri
nəinki qəbul edib, hətta onları öz dünyagörüşünün təməl prinsiplərinə
çevirib. Bu ədəbiyyatı
yaradan hər bir milli klassikimiz
yaşadığı ictimai-siyasi
mühitdə irqindən,
rəngindən, dinindən,
dilindən asılı
olmadan bütün bəşəriyyəti öz
sevgisiylə isidib.
Üstəlik, klassik ədəbiyyat
nümunələrinə sahib çıxan, onları milli dəyərə çevirən Azərbaycan
xalqı da ümumbəşəri dəyərlər
xəzinəsinə öz
mənəvi-əxlaqi, ədəbi-bədii
töhfəsini səxavətlə
bəxş edib.
Bütün bu və digər məqamlar "Azərbaycan multikulturalizminin
ədəbi-bədii qaynaqları"
kitabında sistemli şəkildə əksini
tapıb.
Bu il nəşr
olunan "Azərbaycan
multikulturalizminin elmi-fəlsəfi
və ictimai-publisistik
qaynaqları" antologiyası
çoxşaxəli təfəkkür
tariximizin istiqamətlərini
bir daha oxucuların diqqətinə
çatdırır. Azərbaycanın yaxın və uzaq keçmişdə yaşamış alimləri,
filosofları mədəniyyət
deyərkən insanların
həyat tərzini, fərdlərin əxlaqını
və dəyərlərini
nəzərdə tutublar.
Qədim
dövrlərdən üzübəri
həm ayrı-ayrı
insanlar, həm də mədəniyyətlər
öz coğrafiyaları
daxilində bir-biri ilə, eləcə də ətraf mühitlə qarşılıqlı
münasibətdə olub.
Elm tarixində "Azərbaycan
məktəbi"nin nümayəndələri kimi
təqdim edilən, ancaq müxtəlif millətlərə mənsub
olan alim və filosofların başqa ölkələrdə
də təhsil və tədrislə məşğul olmaları,
müxtəlif dövlətlərin
ərazisinə səyahət
etmələri bunu təsdiqləyir.
Azərbaycan multikulturalizminin qaynaqlarını
öyrənən şagird
və tələbə
radikalizm girdabına yuvarlana bilərmi? Yazının altbaşlığına da
çıxarılmış bu aktual sual
məqsəd və məramımızı qısaca
ifadə etmək üçün çox mühümdür. Son dövrlərdə ölkəmizdə
dini maarifləndirmənin
geniş yayılması
ilə yanaşı, bu istiqamətdə qeyri-ciddi mənbələrə
əsaslanma xüsusilə
də şagird və tələbələrin
çaşqınlığına səbəb olur. Dini maarifləndirmədə məsələnin
informativ tərəfi
ilkin səviyyəni formalaşdırır. Belə
ilkin dini məlumatlarla təminat ilahiyyat təhsili verən ali
məktəblərin, Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları
İdarəsinin öhdəsinə
düşür. İkinci saya
biləcəyimiz səviyyə
isə bu informativ məlumatların
da əsaslı şəkildə anlaşılmasını,
təshih olunmasını
və istiqamətləndirilməsini
ehtiva edən daha üstün bir mərhələyə
Azərbaycan multikulturalizmi
prizmasından yanaşılmasını
zərurətə çevirir.
Klassik fəlsəfə kitablarımızda
"cihəti-vahdə" (birlik cəhəti) məfhumuna tez-tez rast gəlinir. Bu məfhum hər
hansı məsələnin
ümumiləşdirilmiş şəkildə, məntiq
və metafizik meyarlara istinadla, başqa sözlə desək, külli nöqteyi-nəzərdən izahını
vermək üçün
işlədilir. Azərbaycan multikulturalizm
modeli məhz bu külli məqamları
özündə əks
etdirdiyinə görə,
şagird və tələbələrin klassik
ədəbiyyatımızı elmi-fəlsəfi və ictimai-publisistik mənbələrə
istinadən öyrənməsi
nəticəsində onların
radikal meyillərə
düşməyəcəyinə zəmanət verir. Çünki min illərin süzgəcindən
keçmiş təsəvvüfi-ürfani
bir səviyyədən
dini, fərdi və ictimai münasibətləri müəyyənləşdirən
multikultural məqamlar
klassik düşüncəmizdə
silinməz izlər qoyub.
Hazırda qırxa yaxın
ali təhsil
müəssisəsində "Azərbaycan multikulturalizmi"
və "Multikulturalizmə
giriş" fənləri
tədris olunur. Mərkəzimizin apardığı
monitorinqlər və şəxsi müşahidələrim
deməyə əsas verir ki, ali məktəblərdə
bu fənn gündən-günə daha
çox mənimsənilir,
tələbə düşüncəsinin
üfüqlərini daha
da genişləndirən
zehni qida rolunu oynayır. Bu nəticələrdən ilhamlanaraq artıq orta məktəblərdə
də Azərbaycan multikulturalizmi modelinin tədrisinə əşəddü-hacət
olduğunu düşünürəm.
Bu multikulturalizm modelini
əks etdirən nəşrlərimizin davamı
kimi "Məktəbli
multikulturalizmi", yaxud
"Orta məktəblər
üçün Azərbaycan
multikulturalizmi" dərsliklərinin
çapı bu sahədə təhsil və tədrisin inkişafına böyük
töhfə ola bilər. Azərbaycan multikulturalizminin ədəbi-bədii,
elmi-fəlsəfi, ictimai-publisistik
qaynaqlarına istinad edən, tolerantlığı
ictimai həyatın ən vacib məqamlarından
biri kimi şərh edən belə bir kitab
orta məktəb şagirdlərinin dini radikalizmdən, irqi ayrı-seçkilikdən, eləcə
də hər cür ifrat meyillərdən uzaqlaşdırılmasına
ciddi təkan verə bilər.
Mövzuya üç nəhəng klassikimizin fikirləri ilə yekun vurmaq istəyirəm. Şihabəddin
Sührəvərdi multikulturalizmin
və tolerantlığın
əsasında duran
"mən və başqası" məsələsini
fəlsəfi tərzdə
belə şərh edir: "Mən özümü sizsiz görmürəm, hesab edirəm ki, siz elə mənsiniz".
Seyyid Mirhəmzə Nigari müsəlman olmanın məzmun və mahiyyətini metafizik nöqteyi-nəzərdən belə
açıqlayır:
Qılma
tədadi-məzahib
(məzhəbləri çoxaldan - R.İ.)
bizə
kim vəhdətdir,
Aləmi-eşqdə, ey xacə,
do (iki) məzhəb olmaz .
Allahı,
Məhəmmədi
və ali sevən dustanız,
Nə sünniyiz, nə şiə,
biz xalis müsəlmanız.
İctimai təfəkkür və
publisistika tariximizin memarlarından olan Həsən bəy Zərdabinin mövzunu bərraqlaşdıran düşüncələri
isə bunlardır:
"Əsl din işıqdan
qorxmaz. Hətta, dəxi artıq
işıqlanıb şəfəqi
uzağa gedər.
Elm təhsil etməklə
din əldən getməz".
Hasili-kəlam budur ki, "Azərbaycan multikulturalizminin
ədəbi-bədii qaynaqları",
"Azərbaycan multikulturalizminin
elmi-fəlsəfi və
ictimai-publisistik qaynaqları",
"Azərbaycan multikulturalizmi",
"Multikulturalizmə giriş"
dərslikləri, eləcə
də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bu istiqamətdə nəşr
etdirdiyi digər əsərlər gənclərimiz
tərəfindən dinin
şüursuz şəkildə
anlaşılmasına, ifratçılığa,
başqasını görməzdən
gəlməyə qarşı,
bir sözlə, dözümsüzlük, radikalizm
girdabına yuvarlanmaq kimi bir fəlakətin
astanasında olan hər kəs üçün tormozlayıcı
funksiyaya malikdir. Məhz
bu mənbələrə əsaslanmaqla
hazırlanacaq "Orta məktəblər
üçün multikulturalizm"
dərsliyi də, inarırıq ki, deyilən
istiqamətdə ciddi boşluqları doldurmaqda faydalı ola bilər.
Rəşad
İLYASOV
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi analitika şöbəsinin
müdiri, fəlsəfə doktoru
525-ci qəzet.- 2021.- 2 dekabr.- S.12.