Tofiq Bakıxanovun nəşr olunmuş əsərlərinin sərgisi açılıb
Dekabrın
1-də M.F.Axundzadə adına Azərbaycan Milli
Kitabxanasında Mədəniyyət Nazirliyi və Bəstəkarlar
İttifaqının birgə təşkilatçılığı
ilə Tofiq Bakıxanovun nəşr olunmuş əsərlərindən
ibarət sərginin açılışı olub.
Kitabxanadan
AZƏRTAC-a bildirilib ki, açılış mərasimi Xalq
artisti, görkəmli bəstəkar, “Şöhrət” və
“Şərəf” ordenli, professor Tofiq Bakıxanovun 90 illik
yubileyinə həsr olunmuş Musiqi Festivalı çərçivəsində
baş tutub.
Əvvəlcə
dünən baş verən hərbi helikopter qəzasında həlak
olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Milli
Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, Azərbaycan
xalqı 30 il ərzində belə hadisələrlə
çox rastlaşıb, lakin yenilmədən möhkəmlik
göstərərək ön cəbhədə mübarizəsini
aparıb. Bunun nəticəsidir ki, ötən il Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan
Ordusu 44 günlük müharibə nəticəsində erməni
işğalı altında olan Qarabağı azad edib.
Sonra
direktor Xalq artisti Tofiq Bakıxanovun zəngin
yaradıcılığı, əsərləri haqqında məlumat
verib. Bildirib ki, Tofiq Bakıxanov əsərləri ilə Azərbaycan
musiqisinə, incəsənətinə saysız-hesabsız
incilər bəxş edib. Onun “Nəva”, “Humayun”, “Rahab”,
“Şahnaz”, “Dügah” simfonik muğamları ilə
yanaşı, digər əsərləri də musiqi mədəniyyətimizin
tarixində özünəməxsus yer tutub. Tofiq
Bakıxanovun əsərləri təkcə Azərbaycanda
deyil, bir çox ölkələrdə səslənir. O,
Tofiq müəllimə möhkəm cansağlığı,
həmişə gümrah olmasını və yeni
yaradıcılıq uğurları arzulayıb.
Bəstəkarlar
İttifaqının katibi, Əməkdar incəsənət
xadimi, professor Zemfira Qafarova deyib: “Bəstəkarlar
İttifaqı olaraq biz fəxr edirik ki, belə bəstəkarlarımız
var. Tofiq Bakıxanov operadan başqa bütün janrlarda əsərlər
yaradıb. O, ilk dəfə olaraq birpərdəli Xəzər
balladasını bəstələyib”. Z.Qafarova görkəmli
bəstəkarın yaradıcılığı haqqında
yazılan ilk kitabın müəllifi olduğunu da
iştirakçıların nəzərinə
çatdırıb.
Bəstəkarlar
İttifaqının məsul katibi, professor Cəmilə Həsənova
bildirib ki, Tofiq Bakıxanov Abbasqulu ağa Bakıxanovun
yaradıcılığına müraciət edərək
çoxsaylı romanslar bəstələyib.
Sonda
bəstəkar özünün geniş yaradıcılıq
yolundan bəhs edib və tədbirin belə yüksək təşkil
edilməsinə görə Milli Kitabxana rəhbərliyinə
dərin minnətdarlığını bildirib.
Qeyd
edək ki, Milli Kitabxananın əməkdaşları tərəfindən
“Görkəmli bəstəkar Tofiq Bakıxanov” adlı virtual sərgi
hazırlanıb. Virtual sərgidə dahi bəstəkar
haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin
fikirləri, müəllifi olduğu kitablar, eləcə də
həyat və yaradıcılığına dair kitablar, məqalələr,
fotolar nümayiş olunur.
Sonra
qonaqlar geniş kitab sərgisi ilə tanış olublar.
525-ci qəzet.- 2021.- 2 dekabr.- S.8.