Ünvanına yetişməyən cəbhə məktubları...

 

Ayaz Məmmədov Birinci Qarabağ müharibəsinin veteranıdır. 1974-cü ildə Quba rayonunun Xucbala kəndində doğulub. 1992-ci ilin avqust ayında əsgəri xidmətə çağrılıb və əzəli-əbədi torpaqlarımızın erməni qəsbkarlarından müdafiəsi uğrunda döyüşlərdə rəşadət göstərib. Xocavənd rayonunun Qarakənd kəndi ətrafında gedən döyüşlərdə yaralansa da, 1994-cü ilin mayına qədər Laçın, Qubadlı və Ağdam bölgələrində gedən döyüş əməliyyatlarında iştirak edib.

Uşaq yaşlarından rəssamlığa maraq göstərən Ayaz ağır döyüşlərdən sonra macal tapanda rəsm çəkməklə yanaşı, həm də cəbhə gündəliyi yazıb. Doğma torpaqlarımızın əvvəl-axır yağı düşmən tapdağından azad olunacağına, Birinci Qarabağ müharibəsində gözləri qarşısında şəhid olan neçə-neçə döyüşçü yoldaşlarının qanının, qisasının yerdə qalmayacağına hər zaman inanıb. Tarixi zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra qəlbən rahatlıq tapan keçmiş döyüşçü indi o illərə aid məktubları, gündəliyindən səhifələri həm qürurla, həm də nisgillə üzə çıxarır, kitab halında təqdim etmək üçün hazırlayır...

   

Birinci məktub: vərəqdəki izlər

 

Hərbi hissədə yerləşəndən dərhal sonra təlimlərə başladıq. Təlimlər bitən kimi bizi ayrı-ayrı tağımlara böldülər. Arzuma çatmışdım. Əsgər kimi istədiyimi əldə etmiş, tankçı olmuşdum. Bizi günorta çağında təlim bazasından cəbhəyə yola saldılar. Demək olar ki, bütün döyüşçülərin gözlərində tezliklə düşmənlə üzbəüz gəlib vuruşmaq Qələbə arzusunun işığı parıldayırdı. 1992-ci il sentyabr ayının ortaları idi. Əsgərlərimizin çoxu tankların üstündə oturmuşdu. Tanklarımız irəliləyirdi. Birdən tanklar dayandı. Tankın üst qapağını qaldırıb çölə boylandım ki, harada olduğumuzu öyrənim. Ağdamın Qərvənd kəndindəydik. Demə, bir məktəbin qarşısında imişik. Məktəbin qarşısına toplaşan kənd sakinləri, müəllimlər, böyüklü-kiçikli bütün uşaqlar Milli Ordunun əsgərlərini sevinclə, qürurla salamlayır, cəbhəyə yola salırdılar.

Birdən təsadüfən bizim tankdan xeyli aralıda dayanmış balaca bir qız uşağı gördüm. Məktəbli olmadığından, şagirdlərdən qıraqda durmuşdu. Əlində məktuba oxşar bir kağız parçası var idi. Çəkinə-çəkinə baxırdı. Sanki kimisə axtarırdı. Amma bəlkə də tanklardan qorxduğundan bizə tərəf yaxınlaşmağa ürək eləmirdi. Uşaqlara qarşı həmişə həssas olmuşam. Tankın üstündən düşdüm. Qızcığaza tərəf gedə-gedə həm də onu səsləyib yaxına çağırdım. Balaca qızcığaz ürəklənib dərhal qaça-qaça mənə tərəf gəldi. Çox həyəcanlı idi. Əlləri əsirdi. Əlindəki kağızı mənə uzadıb:

- Məktubdur, - dedi, - atam cəbhədə vuruşur. Bax, atamı tapıb bu məktubu ona çatdırarsan, əmi!

- Baş üstə, - dedim. Məktubu götürüb üstünə baxdım, heç bir ad, soyad yazılmamışdı. İstədim, atasının adını soruşum. Qız isə kağızı mənə uzadıb tez dönüb qaçmışdı. Arxasınca baxdım. Tələsdiyindən arada büdrəyib yıxılsa da, cəld yerindən qalxıb arxaya baxmadan qaçırdı. İndi gəl ad-soyad yazılmayan naməlum bir əsgəri cəbhədə, sadəcə kəndini nişan verməklə axtarıb tap! Məktubu qoltuğuma qoydum. Az sonra tanklarımız irəlilədi.

Mən imkan düşdükcə o kəndi - Qərvəndi nişan verib köhnə döyüşçülərdən qızcığazın atasını soraqlayırdım. Xəbər verən yox idi. Bir gün növbəti döyüş ərəfəsində komandirimiz biz əsgərlərə yaxınlaşıb bildirdi ki, bu gün durduğumuz yerdə gecələcəyik. Vaxtımız var. Kim evə məktub yazmaq istəyirsə, yaza bilər, imkan yaranan kimi ünvanlara çatdırılacaq. Məktub yazmaq istəyən əsgərlərin hərəsi bir tərəfə çəkildi. Necə deyərlər, hamısı kağız-qələmə sarılmışdı. Neçə vaxtdan bəri evdən xəbərim yox idi. Açığı, o vaxtacan heç kimə, heç bir məktub yazmamışdım. Məktubu necə, hansı sözlərlə başlamağı belə bilmirdim.

Birdən neçə vaxtdan bəri ilk döyüşə yollanarkən o balaca qızcığazın mənə verdiyi, hələ də qoltuq cibimdə gəzdirdiyim, ünvanını tapıb çatdıra bilmədiyim məktub yadıma düşdü.

Özlüyümdə bir xeyli götür-qoy etdikdən sonra qərara gəldim ki, açıb məktubu oxuyum. Bəlkə o məktubu oxumaq karıma gəldi. Hərçənd ki, özgəsinin məktubunu açıb oxumaq qəbahət idi. Özümə bəraət qazandırmaq üçün fikirləşdim ki, məktubu açıb oxusam, bəlkə sahibini də tez taparam... Konverti açdım. Mat qaldım. Bir az dəftər vərəqi idi. Əvvəlcə fikirləşdim ki, uzun müddət ərzində qarın, yağışın altında islanıb yaş vəziyyətdə qaldığından sətirlər silinib, bəlkə. Amma sonra ağlıma gəldi ki, əsl səbəb başqadır. Məktub yollayan o qızcığaz hələ yazıb-oxumağı bilməzdi, yəqin fikirləşmişdi ki, atası boş, kağız vərəqinə baxmaqla da qızının ona deyəcəyi ürək sözlərini oxuya bilər... Çünki diqqətlə baxdıqda o dəftər vərəqinin üzərində damcı izlərindən qalan ləkələr aydın sezilirdi...

İkinci məktub: sevgi şeirinin nisgili

Bizim tağımda qulluq edən əsgərlər arasında nişanlı oğlanlar da var idi. Əslən Qəbələ rayonundan, yaxın döyüşçü yoldaşım Müşviq adlı əsgər də, demə, kəndlərində bir qız sevirmiş... Müşviq "ZİL-131" markalı hərbi yük maşınının sürücüsü idi. Onu çoxdan tanıyan, həmyerlisi olan bir zabitimiz Müşviqə xəbər gətirmişdi ki, bəs bu günlərdə ananla atan səni görməyə gələcək. O da bunu biləndən həmin günün - doğmaları ilə görüşün intizarında qalmışdı.

Bir gün gecə saatlarında döyüş mövqeyində durmuşduq. İki böyük dağın arasında mövqe seçmişdik. Laçının dağları idi, dağların ətəyində balaca bir bulaq vardı.

Sübh yenicə ağarırdı. Bulağın ətrafında tanklarımızı saxlamışdıq. Müşviqin idarə etdiyi, arxası top mərmisi dolu "ZİL-131" bizim tankdan öndə durmuşdu. Komandir bulaqda əl-üzümüzü yumağa icazə verdi. Bulağın suyu soyuq olmasına baxmayaraq, bəzi əsgərlər soyunub əməlli-başlı yuyundular. Mən isə "ZİL-131"in arxa təkərinə söykənib oturmuşdum. Oturduğum yerə təzəcə doğan günəşin ilk ilıq şüaları düşürdü, necə oldusa, məni mürgü apardı. Bir göz qırpımında şirin yuxu görməyə başlamışdım. Yuxuda görürdüm ki, göydə uçuram. Uça-uça göydən yerə boylanıram. Aşağıda isə oğlanlı-qızlı neçə-neçə uşaq əl eləyib məni yerə çağırır...

 

Müşviqin səsinə ayıldım:

 

- Ayaz, yatmısan?

 

Gözlərimi açıb hövlnak soruşdum ki, nə olub, döyüşə giririk?

 

- Yox, - dedi. Sonra da həmişə yanımda gəzdirdiyim bloknotdan boş bir vərəq istədi. Təəccüblə onun üzünə baxdığımı görüb fikirli-fikirli: - Məktub yazacağam, - dedi. - Komandir xəbər verdi ki, bir neçə valideyn övladları ilə görüşməyə gəlib, düşərgədədirlər, bizimkilər də onların arasındadır.

Təəccüblə: - Elə isə niyə məktub yazırsan, - deyə xəbər aldım. - Onsuz da gedib onlarla görüşəcəksən də?

 

Müşviq utancaqlıqla: - Bilirsən, - deyə astadan dilləndi, - çoxdandır ürəyimdə bir şeiri pıçıldayıram. İndi onu istəyirəm yazıb anama verib tapşırım ki, bacıma aparsın... Sevdiyim qız... bacımla rəfiqədir. Yəqin ki, məktubu ona çatdırar.

 

Sonra da nigaran tərzdə: - Müharibədir, bir də gördün, qəfil döyüş əmri gəldi... Kim bilir, nə olacaq...

 

Qoltuğumdakı qalın cib dəftərçəmdən bir vərəq çıxarıb Müşviqə uzatdım.

 

Nə fikirləşdisə: - Ayaz, olar ki, şeiri mən deyim, kağıza sən köçürəsən?

 

Müşviq misra-misra şeir deyir, mən də vərəqə köçürürdüm:

 

Baxıram gözünə, qəmli görünür,

Niyə belə pərişansan, ay gülüm?

Solğun bənövşəsən, bükülüb boynun,

Gözün yaş axıdır yaman, ay gülüm..

 

Bu, ilk məktubumdur, yazıram sənə,

Sevirəm, sevirəm, inan eşqimə.

Könül açmamışam hələ heç kimə,

İnan bu sevgimə, inan, ay gülüm...

 

Misraları dedikcə Müşviqin gözləri dolmuşdu. Şeiri yazıb vərəqi Müşviqə verdim. O, heç nə demədən kağızı aldı, səssiz-səmirsiz gedib maşına mindi.

 

Müşviq hündürboy, yaraşıqlı oğlan idi. Bulaqda yuyunub üzünü də taraş etmişdi. Zalım oğlu elə bil axşam bəy masasında oturacaqdı.

 

Aradan bir az keçmişdi ki, qəfil top səsləri yeri-göyü lərzəyə gətirdi. Çoxumuz heç yerə uzanmağa macal tapmadıq. Düşmən tərəfdən atılan mərmilərdən bir neçəsi yaxınlığımıza düşdü. Ani sakitlik yarananda ətrafa baxdıq. Şəhidlərimiz, yaralılarımız vardı. Komandirin əmri ilə təcili döyüşə atılmaq üçün tanklarımıza tərəf cumduq...

 

Təkcə Müşviqin "ZİL"i yerindən tərpənmədi.

 

Bilirdim, Müşviq öz maşında olmalıydı. Tez tankdan aşağı enib maşına doğru qaçdım. Yaxınlaşanda gördüklərimdən sarsıldım. Bir neçə mərmi maşının qapısını deşmişdi. Kabinanın qapısını açanda gözlərimə inanmadım. Maşının kabinası qan içində idi. Müşviqin başı çiyninə enmişdi. Sonradan komandir dedi ki, Müşviq şəhid olmaqla əslində bizi xilas edib. Çünki onun idarə etdiyi yük maşını top mərmilərilə doluydu, əgər irəli hərəkət etsəydik, yəqin, yük maşını hədəfə alınardı və top mərmilərinin partlayışından heç birimiz salamat qalmazdıq...

 

Döyüş dostumuz Müşviqin şəhadəti yoldaşlarımız arasında ən çox məni yandırırdı. Axı Müşviqin mənə yazdırdığı kövrək şeirini, sevdiyi qıza ilk məktubunu ünvanına yollamaq qismət olmamışdı...

 

525-ci qəzet.- 2021.- 3 dekabr.- S.16.