Məmməd Araz
poeziyasında Araz obrazı: milli tale rəmzi kimi
Azərbaycan ədəbiyyatının böyük
simalarından olan Xalq şairi Məmməd Arazın
yaradıcılığında Araz mövzusu çox əhəmiyyətli
yer tutur. Arazı özünün şairlik imzasına
çevirən Xalq şairinin bədii irsində Araz adi mənasından
çox milli tale və istiqlaliyyət mənası
daşımaqdadır.
Çox dəqiq müşahidədir ki, Məmməd
Araz yaradıcılığında Araz obrazı və
mövzusu qırmızı xətlə keçir. Akademik İsa Həbibbəyli
bu xüsusda yazır: "Böyük rus
yazıçısı Mixail Şoloxov üçün Sakit
Don, Xalq şairi Səməd Vurğun
yaradıcılığında Kür qırağı,
Qarayazı.., Şərqi Avropa yazıçılarına
görə Mavi Dunay, rus ədəbiyyatının
böyük bir nəslinin təsəvvüründə Volqa
çayı hansı əhəmiyyətə malikdirsə, Məmməd
Arazdan ötrü də Naxçıvan - Xan Araz həmin mənaları
daşıyır. Məmməd Arazın
yaradıcılığında Çadırdaş ətəyindən,
Nursu bulağından başlanan poetik təəssüratlar,
kövrək notlar xan Arazın tərənnümünün
timsalında yüksək vətəndaşlıq mahiyyəti
ilə zənginləşərək tamamlanır".
M.Arazın yaradıcılığında Araz mövzusu
milli istiqlal və bütövlük ideyalarına xidmət
edir, Arazla bağlı həsrət, nisgil özünəməxsus
yer tutur.
Azərbaycanın bütövlüyünü pozan sərhədlər
sənətkarın xəyal gücü ilə bir göz
qırpımında aşılır, ayrılıqlar, sərhədlər
ortadan götürülür, məhəbbət nifrətə,
ədalət zülmə, azadlıq əsarətə, birlik
ayrılığa qələbə çalır. Şairin "Arazın nəğməsi",
"Bu gecə yuxumda Arazı gördüm", "Araz
üstə çinar gördüm", "Yenə Arazı
gördüm", "Arazın işıqları",
"Mən Araz şairiyəm" və başqa şeirləri,
"Araz axır" poeması məhz bu mövzuya həsr
olunub. Araz yarasını hələ gəncliyindən
bütün ağrısı ilə qəlbində hiss edən
şair bir müddət sonra özü haqda "Sən məqamı
gələndə Araza bənd olansan" - yazacaq və
özünün Araz şairi olmasını təsdiq edəcəkdi.
Həmçinin, "Qələm gəldi əlimə,
Araz gəlir dilimə" deyərkən də Araz
mövzusunun yaradıcılığının sənət
kredosuna çevrildiyini bəyan edəcəkdi.
Məmməd Araz öz yaradıcılığında
daha konkret, daha qətiyyətli şəkildə Azərbaycanın
ikiyə bölünməsi səbəbini göstərmiş
və bu səbəbləri kəskin qınaq və tənqidə
də məruz qoymuşdu. Bu baxımdan professor
Y.Qarayev tərəfindən haqlı olaraq deyilən fikirdir ki,
"Poeziyanın dumduru, şəffaf bulağı
başına o, Arazın bulanıq və paralı sahilindən
ayrılıb gəldi, özü ilə poeziyaya Arazın dərdini,
ağrısını da gətirdi". Şair öz
yaradıcılığında Araz mövzusunun mahiyyətinə,
işlənmə məqsədinə, bədii məramına
da izah gətirərək yazmışdı:
...Araz deyəndə
mən,
Yalnız çay düşünmürəm.
O,
tarixdir, baxıram...
Və
yaxud:
Araz
çay deyil yalnız
Araz
neçə milyonluq
İnsanlardır, eldir o.
"Mən Arazın səsiyəm" deyən şair,
Araz mövzusu ilə Azərbaycanın parçalanma tarixinə
nəzər saldığı kimi, onun birləşəcəyi
ümidlərini də bir ideya, ideal olaraq yaşatmağa nail
oldu. O, həm
də buna görə böyük vətəndaş-şairdir
ki, Araza həsr olunan əsərlərində Azərbaycan
sözünü işlətmədən belə, azərbaycançılıq
məfkurəsini əks etdirməyə nail olub.
Ölməz
şairin yaradıcılığında Araz çox zaman fərqli
şəkildə obrazlaşır: Araz özünün dərdli,
həsrətli, bəlalara, ayrılıqlara
salınmış taleyi, əzəmətli xarakterilə yer
alır və dil açıb danışır, hətta bir
lider kimi də əks olunur. Bu baxımdan Araz Məmməd
Arazın yaradıcılığında həm Azərbaycandır,
həm bir ölkənin, vətənin tarixi, taleyi, bir
xalqın, millətin ayrılıq dərdi, həsrətidir,
həm də bir vətəndaş-şairin nisgili, qəlb
yarası, sənət mövzusudur. Filologiya üzrə fəlsəfə
doktoru, dosent Zülfiyyə İsmayıl haqlı olaraq
yazır: "Azərbaycan ədəbiyyatının bir
çox nümayəndələri Araz çayına xitab edərək
əsərlərini onun vəsfinə yönəltmişlər.
Bəzən bu çayı bir xalqı ikiyə bölən qəddar
sədd kimi qiymətləndirənlər, bəzənsə
ona Azərbaycanın birləşməsi önündəki
problem, milli faciələrin baisi, səbəbkarı, buna
görə qınaq yeri kimi də müraciət edənlər
az olmayıb. Amma Məmməd
Araz yaradıcılığında Araz nə zavallı, nə
də günahkardır, Araz hər zaman məğrurluq rəmzidir".
Tənqidçi Vaqif Yusifli də çox doğru ifadə
edib ki, Məmməd Araz yaradıcılığında Təbriz
bütün bir vətəni təmsil edərkən Araz da
böyük amalın və idealın adı olaraq önə
çəkilir. Bu mənada şairin nəzərində
Araz özünü Azərbaycanın istiqlaliyyətinə həsr
etmiş mübariz sərkərdələr olan Xətaidir, Səttarxandır,
Pişəvəridir, Xiyabanidir, Heydər Əliyevdir, əslində.
"Bu gecə yuxumda Arazı gördüm" şeirində
Araz məhz bir lider kimi çıxış edir:
Bu gecə
yuxumda Arazı gördüm...
Arazı bəxtindən çox razı gördüm.
Üstündən
yol atdı: "Cəsarətlə keç!"
Dedi: ...Cəsarət
üstümdə şahə qalxmasa,
Təbriz itirəcək Təbrizliyini.
Məmməd Araz azərbaycançılığın
tərkib hissəsi olan bu mübarizə idealını
"Araz axır" əsərində çox uğurla davam
etdirib. Bu əsərində artıq şairin xəyali bir
mübarizə savaşı, Təbriz uğrunda fədakar
mübarizə naminə ideal öz əksini tapıb.
Şair: "O axır, dağlar yarıb məcrasını
tapacaq", - deyə bu elin öz birliyi,
bütövlüyü uğrunda mübarizəyə ümidlərini
ifadə etmişdir. Həm də
maraqlıdır ki, bu əsər həm rəmzi obrazlar, həm
də gerçəkçi ideyalar üzərində qurulub.
Əsərdə şairin sevgilisi Ayrıgül
obrazı, adından tutmuş bədii mahiyyətinə qədər,
şairin yurd sevgisinin mərkəzində dayanan, bütöv
vətənin tərkibindən qoparılmış Cənubi
Azərbaycandır. Əsərin qəhrəmanı,
şairin lirik məni sevgilisi Ayrıgülü dimdiyi
qanlı qartalın - qanlı istilaçının
caynağından xilas etmək üçün onun ardınca
qaçır. Şair bu təsvirdə
klassik aşiq-məşuq süjetinə oxşar bir şəkildə
özünün vətən sevgisini obrazlı olaraq təqdim
edir. Şair klassik əsərlərdəki
başı dumanlı dağları, coşub-daşan
çayları, divləri bu əsərdə müasir şəkildə
təsbit edərək verir. Lakin bu əsərdə
klassik düşmən obrazları olan divlərdən fərqli
olaraq sərhəd keşiyi çəkən hissiz,
duyğusuz, əmr qulu əsgər təqdim edilir. Şair sevgilisi Ayrıgülün ardınca
qaçıb keçmək istədiyi vətənə
yadelli düşmənləri qovmaq istəyən bir
döyüşçü olaraq gedir, savaşda iştirak
edir, döyüşür və düşmənləri qovan
müzəffər bir ordunun əsgəri kimi təsvir olunur.
Sonralar şair həmin yurda ev tikmək,
yurd salmaq, ocaq yandırmaq üçün bir mühəndis
olaraq yol alır. Əsərin sonunda isə sənətkar,
rəmzi olaraq, "Yubanırsan, vətəndaş!
Yatma, oyan, vətəndaş", - deyə bütöv Azərbaycan
uğrunda azərbaycançılıq məfkurəsinin
mübarizə şüarını səsləndirir.
Məmməd
Arazın şah mövzu kimi seçdiyi Araz motivi, milli
ayrılıq dərdi, bütövlük
nigaranlığı ustad Məhəmmədhüseyn Şəhriyara
həsr etdiyi "Şəhriyar gəlmədi" şeirində
də təsirli, qabarıq ifadə edilib. O, böyük Azərbaycan
şairi Molla Pənah Vaqifin 250 illik yubiley tədbirinə dəvət
almasına rəğmən, İran rejimi razılıq vermədiyi
üçün gələ bilməyən Şəhriyarın
həsrətinə böyük məzmun, ciddi məna qataraq
duyğularını incəliklə ifadə edib.
Yalan
danışın, yalan!
Bütün
qəzəblərə su səpən yalan,
Bütün
əsəblərə mum təpən yalan.
Bir
ölkə düzəldin: yalandan yalan!
Yazın,
nə gözəldir: yalandan yalan!
Böyük
şairini yola salır bax,
Havada yellənir
min əl, min papaq,
Marallar
qoşulub dartır qatarı.
Qardaşı qardaşa qonaq aparır.
Şəhriyar
yollanır Azərbaycana,
Yol
hanı, yol hanı Azərbaycana?!.
Öz ölkəsinin paralanmış "o tay" hissəsinə
yol arayan, yol axtaran bütövlük ideallı şair
qadağaların hökm sürdüyü bir dönəmdə
xəyalən, qəlbən hər zaman Arazla - Azərbaycanı
ayıran, həm də birləşdirən bir simvolla söhbətləşib,
həsb-hal edib. Xalq şairi Məmməd Araz Azərbaycan
nağılları və klassik irsində tez-tez rast gəlinən
və çoxlarının bilmədiyi bir anlayışla Araz
çayı ilə öz aralarındakı söhbətin
dilinə "quş dili", "daş dili", "Araz
dili", - deyə müraciət edirdi. Vaxtilə
yazdığı ilk şeirlərdən olan "Arazın nəğməsi"
adlı əsərində:
Nə qədər
ağırmış dərdin, möhnətin,
Ağrıdır sinəmi acı xəyallar.
Araz, dilin
olsa, sözün, söhbətin,
Min il yazılası bir dastan olar -
- deyə
Araza dil arzulayaraq onun həyat hekayəsindən,
çarpış-vuruş dastanından bəhs etməyi
düşünürdüsə, sonralar ərsəyə gətirdiyi
"Arazüstü çinar gördüm", "Oxuyan Təbriz",
"Bu gecə yuxumda Arazı gördüm", "Araz
dili" və başqa əsərlərini ortaya qoyaraq bu əsərlərdə
artıq "Araz dili"ndən bəhs
açmışdı. Şairin "Araz dili" şeiri məhz
bu ideyanı poetik vüsətlə ortaya qoyan ən
sanballı və təsirli nümunələrdən biridir:
Mən
neçə yol danışmışam Arazla...
Hansı dildə danışmışam? -
Bilmirəm.
Quş dilində danışmışam? -
Bilmirəm.
Daş dilində danışmışam? -
Bilmirəm.
Mən
neçə yol danışmışam Arazla...
...Araz
dili: ürək dili, göz dili,
Torpaq dili, hava dili, göy dili.
Mən neçə yol danışmışam Arazla.
Şeirdən də göründüyü kimi,
şairin poetik kəşfi olan "Araz dili" həsrət
dilidir, dərd, kədər dilidir, bir-birinə yetmək istəyən
iki qardaşın nisgil dilidir. Onun söz
açdığı "Araz dili" bir xalqın tarixi,
taleyi, etnik-mədəni birliyi, həsrət-ayrılıq səbəbi,
vüsal arzusu və qovuşmaq ümididir.
Araz və Azərbaycan sevdalısı Xalq şairi Məmməd Araz bütün həyatı boyu vətənin birləşəcəyinə böyük ümid və inamla baxıb. Bu üzdən onun yaradıcılığında Araz kədəri, Araz dərdi qabarıq təzahür etsə də, gələcəyə inam, birliyə ümid də güclüdür. 1986-cı ildə qələmə aldığı "Böyüklər, uşaqlar..." adlı şeirində:
İnandım: hər uşaq bir od parçası!
İnandım: səngiməz bu od, bu ocaq!
Təbrizlə Naxçıvan arasındakı
Çəpəri yıxan da bunlar olacaq, -
yazmaqla Məmməd Araz Azərbaycanın bütövlüyünü pozan sərhədlərin bir gün mütləq ortadan götürüləcəyinə bəslədiyi sonsuz ümidləri ifadə etmişdi. 1992-ci ildə yazdığı "Sərhəd çəpərləri" şeirində isə bir müddət əvvəlki hadisələr sayəsində gerçəkliyə qovuşmağın astanasına gələn bütövləşmə, qovuşma olayına yer vermişdi.
Ümidvarıq ki, bir gün Xalq şairinin bu
ümid və inam dolu vətəndaşlıq,
bütövlük himnlərini Arazın qovuşdurduğu
vahid Azərbaycan bir ağızdan oxuyacaq!
Ramiz
QASIMOV
Filologiya
üzrə fəlsəfə doktoru, dosent, AMEA
Naxçıvan Bölməsinin əməkdaşı
525-ci qəzet.- 2021.- 3 dekabr.- S.15.