Poetik düşüncənin
bənzərsizliyi
Gülnarə İsrafil imzası mənə bir neçə
ildir ki, tanışdır. Özünəməxsusluq,
bənzərsizlik onun poeziyasının əsas özəlliyidir.
İlk baxışdan çoxlarına, bəlkə
də, çatmayan bu poeziyanı mən çox sevdim, hər
kəlmənin, hər misranın alt qatında gizlənən
sirri çözməyə çalışdım. Şeirin məna dərinliyini bəzən çox
rahat, bəzənsə dəfələrlə
düşünərək əldə etdim. "Mən
adlı kim qaldı ki..." şeirini də
oxuyanda eyni mənzərə ilə qarşılaşdım. İnsan ömrünün fəsilləri ilə, nə
qədər yaşlı olsa da, hamını dəhrəsindən
keçirən Dünya qarının üz-üzə
dayanmasının şahidi oldum. Fəsillər imdad diləyirmiş
kimi birər-birər üstümə yürüdü:
Yaz gecəsində
görüşdük,
ağaclar qırov bağlamışdı nəfəsindən,
dolanmışdı qapımıza qaranlığın
zolağı,
nəyisə xatırladırdı, ya da anladırdı -
misralarında təsvir edilən yaz gecəsi mənə
insanın doğuluşunu xatırlatdı. Qaranlıqdan
işığa çıxmaq üçün uzun yollar
keçən lirik qəhrəmanı qarşılayan yaz gecəsi
öz məna tutumu ilə tərəzinin gözünü tərpənməyə
qoymadı. Gözlərim
qarşısında heç kimə, hətta yenicə
doğulan yaz nəfəsli körpəyə güzəştə
getməyən Dünya və isti nəfəsi ilə yer
üzünü isitmək, məsum baxışları ilə
bütün qaranlıq köşələri nurlandırmaq
istəyən körpə canlandı. O körpə ki,
doğulduğu gün üzünə açılan qapılarda
qaranlığın qara zolağı ilan kimi onun pak cisminə
doğru meyllənir və bəlkə də, həyatın məhz
bu qara zolaqdan başlanacaq çətinliklərini anlatmaq istəyir.
Ömrünün baharını yaşayan körpə isə
bunu dərk etməkdən çox uzaqdır:
"Onda
nəfəsim çox istiydi, kin-küdurətsizdim", -
misraları məsumluğun ən gözəl göstəricisi
kimi insanı düşündürür. Zamansa
dayanmır, iki fəslin qovşağında yolunu müəyyənləşdirməkdə
çətinlik çəkən qəhrəmanın pak
ruhunu Dünyanın sırsırası ovlayır, onu təslim
olmağa məcbur edir. Onun:
"İllər
keçdikcə -
soyuqluğun ciyərlərimə dolurdu,
buzladırdı ciyərlərimi;
nəfəs almaz olurdum", - etirafının üstündən
ağrısız keçmək olmur.
Çünki
ömrünün yay fəslini yaşayan lirik qəhrəman
bilmirdi ki, ilk dəfə gözünü açanda
gördüyü qara zolaq ondan əvvəl böyüyüb
qarşısına bir "ərməğan" kimi
çıxacaq, qara dünyanın qara kabusu kimi onun ruhunu
çalacaq, isti nəfəsini buza çevirəcək. Nəfəsindən cənnət ətri çəkiləcək.
Nə üçün təngnəfəs
olduğunu belə anlamayacaq.
"Yay
gecəsində, təngnəfəsdim,
öləcəyimdən ölmüşümə gedirdim.
Öldükcə ölürdüm", - deyən qəhrəman
zərurət qarşısında acizliyini dərk etdikcə
geriyə də boylanır.
"Bir
qığılcım vardı ovcuma
topladıqlarımda,
Ovcumdan atdıqlarımda.
Gömülməyə
gedirdim ürəyində,
getdim,
fəsillərim qarışdı", - misraları ömrün xəzan
çağının təzahürüdür - axirətə
gedən yolun sonu, əbədiyyətin
başlanğıcıdır, bütün ömrü boyu
ikiliklər arasında doğrunu tapmamağın acı
ağlartısı, bir tərəziyə sığmayan
qazanılan və itirilən savabların hesabıdır. Günahkar kimdir? Yaşamağa
deyil, ölümə - varkən yoxluğa məhkum edən həyatmı?
Əlbəttə ki, yox. Bəzən
bir qığılcımın oyanışa səbəb
olduğunu bilən qəhrəman ümidsizləşmir,
özünü də Dünya boyda qəlbdə dəfn edir və
bu ölüm yeni həyatın doğuluşu kimi yadda
qalır.
Gülnarə
İsrafil yaradıcılığı təzadlarla
aşıb-daşan bir "Həyatdır" - istisi ilə
soyuğu, sevinci ilə kədəri, uşaqlıq xatirələri
ilə bu gününün reallığı "naməhrəm"
olduğu qədər bir-birini tamamlayan "məhrəm"lərdir!
Lirik qəhrəmanını "xoşbəxtlik
axtarışına çıxaran, tapdığı anda əlindən
uçuran" şairin şeirlərində fəlsəfi
anlam çox güclüdür:
Xoşbəxtlik nədir ki?
Xoşbəxtlik bu qızın əllərindən
uçandır.
Torpaqlaşandır, bəlkə də.
Telefonun yaddaşında qalandır.
Qayğıdır, bəlkə də.
Xoşbəxtlik nədir ki?
Bir misradır.
Bir layladır.
Bir də
yüksüz, dərdsiz,
yox, yox,
dərdli, amma yüksüz,
yüksüz bir şeydir, nədirsə...
"Şəkilləşən
şəkillərdən şəklə düşən"
insanın düşüncələri oxucunu bəzən
özündən alır, onu əl çatmayan, ün yetməyən
bir dünyaya aparır və "yox olma" adı ilə
şəklini dəyişərək yenilənən
dünyanın cazibəsindən çıxmaq mümkün
olmur.
İtən
və yenilənən şəklimdə
adama
xəritə şəklində
uşaq
geyindirmişəm birnəfəsə, - misralarında
qalaktikamızda görmək istədiyi saflığa,
paklığa işarə "boz sərçələr
etibarlı olur" misrasında vətənə, yurda, ən
böyük anlamda isə dünyaya sədaqət
çağırışı ilə bütövləşir.
G.İsrafilin poeziyası yalnız deyim tərzi ilə
seçilmir.
Bu baxımdan hərəsi bir dünya olan üç bəndlik
bir şeir diqqətimi cəlb etdi... Üç dünya və
bu dünyaların ən böyük fəlsəfəsi - dərk
edən insanın bitməz-tükənməz
düşüncələri, arzuları, həyat eşqi...
İnsanın mənəvi böyüklüyü... Və mənəvi
böyüklükdən danışarkən Nəsimini
hörmətlə yad edirəm: iki dünyanı ruhuna
sığdıran, amma özü "cahana
sığmayan" insanın əzəmətinə Füzuli
dühası ilə cavab verirəm: "Heyrət, ey büt,
surətin gördükdə lal eylər məni..." Bütə çevrilən insan görən
gözdür, qaranlıq dünyaları
aydınlaşdıran gündüzlərin özü boyda bir
nurdur. Elə bir nur ki, "baca-baca
açılaraq" zülmətləri "oxu"yur,
baca-baca açılanda tükənmir, "oxu"yanda
böyümür. Bu nur zərrə kimi qopmağı
da, bütövünə qovuşmağı da bacarır:
"Mən
qaranlıq bir dünyanın,
Gündüz boyda Gün içiyəm.
Baca-baca
açılmışam,
Nə böyüyəm, nə kiçiyəm".
"Nə
böyüyəm, nə kiçiyəm" deyərək
dünyaya filosof gözü ilə baxan şairin ağ rəngə münasibəti də tamam fərqlidir.
Ağlıq həm ucalıq, həm paklıqdır, amma:
"Tellərimdə
ağ uçqundur,
Yarğan-yarğan dağ uçqundur", -
misralarındakı ağlıq "qara dünya"nın
qara bağrından qopan dərdlərdən mayalanan ağ
tüstüdür, "ağ" yaralardır - sinələrə
çəkilən dağların uçqunu -
harayıdır. Elə bir haray ki, dağ uçqunları
kimi kükrəyəndə qarşısında dayanmaq
mümkün deyil. Bu haray ömrü məşəqqətdə
keçən ali varlığın
sağkən parça-parça bölünməsidir,
yurdsuzluğu, evsizliyidir, dünyanı çalxalayan ictimai bəlalardır:
"Yaşlandığım
sağ uçqundur,
Nə bir evəm, nə evciyəm".
Şeirin son bəndi fəlsəfi anlamı ilə daha
çox seçilir. Özünü bəxtin kəm
ömrü zənn edən lirik qəhrəman bədbəxtdirmi?
Əlbəttə, yox. Bəlkə də,
bu səbəbdən insanın ölümsüzlüyünə
inam yeni deyim tərzində diqqəti daha çox cəlb edir
və yeddi qat torpağın hər layına qətrə-qətrə
hopan insan nəfəsi (cismi) ilə yeddi qat göylərə
yüksələn ruhun əbədi yaşaması fikri
bir-birilə gözəl səsləşir:
"Bəxt-yığvalın
kəm ömrüyəm",
Ölümlükdə
heç ölmüyən,
Yeddi qatda
gömülməyən
Nə sirsizəm, nə "Sirçiyəm".
Yekrənglik Gülnarə İsrafil
yaradıcılığına yaddır. Bəlkə də, buna
görə hər gün təkrarlanan həyatın
özündə xanım şairimiz bir yenilik, gözəllik
axtarır:
Dayanacaqda
bir
çılğın həyatın axışında hərəkət
insanlığın üzündə
bütün rənglərini bəlli edir.
Və həyat
yeriyir...
Müəllif də bu həyatın yolçusudur, amma
tamam fərqli düşüncə sahibidir. O, həyata
"yaşıl köynəkli adam kimi eynək
arxasından baxmır, çünki həyat özü bir eynəkdir,
yeknəsəqliyi xoşlamır, daim hərəkətdədir.
İnsanların bir qisminin bu "Eyniyyət"ə
uyması adi yaşam tərzinə çevrilsə də, zərurət
deyil.
Gülnarə İsrafil
yaradıcılığının əsas dayağı Vətəndir
və bu vətənin müəllif üçün o
baş-bu başı yoxdur. Zəmanənin tərs şilləsinə
hədəf olan "Kəndlərimiz"in dünəni ilə
müqayisədə kimsəsizləşən bugünü
müəllifi çox-çox uzaqlara aparır: quruyan
şır-şır bulaqlar, sinəsi sökülən
dağlar, qurulmayan çadırlar, gəncliyin susan
səsi nə qədər üzücü olsa da, xəyallar
qoynunda yaşanan uşaqlıq onu həyata bağlayır və:
Elçi
daşın üstə təsbeh çəkənlər
Qan düşəndə yatırardı qalları.
O diyarda bəy
doğulan, bəy kökən -
Bir Ulunun,
bir Çinarın dalları, -
bəndində şair eyni kökdən gələn nəsillərin
özünə qayıdışını yaşayır. Bu
qayıdış "Vətən" adlı vətənləşən
şəhiddən başlayır:
Bir şəhid
gördüm ki, mən
Vətən
olmuşdu,Vətən! -
misraları bunun bariz nümunəsidir. Zamanı
torandan, torpağı virandan arıdan, and, qürur mənbəyinə
çevrilən, alnımıza zəfər
möhürünü vuran, buludların üstündə zəmiləşən
Şəhidin, ağrıları qəlpə-qəlpə səngərləşən,
fəryadına tapınaraq əzabımıza çevrilən
Qazinin "Portret"i bu qayıdışın himni kimi səslənir.
Gülnarə İsrafil yaradıcılığı həm poetik gözəlliyinə, həm dilinin şirinliyinə, həm də məna tutumuna görə az-az təsadüf edilən obrazlı ifadələrlə zəngindir.
"Gedişimin layları ağ kəpənək", "Gələn səhər eynəyimi gətirmir", "Xəyalımın yuvasından köçürəm", "Yaxınlığın kor bucağı dibdədir", "Yollarında çəm əyirir yolları", "Bir şahı var ərşə çıxan nalənin", "Qəm darayır, qəm əyirir qolları", "mən ölümü neynirəm, ölüm məndə öldü ki", "Bənövşəni ağlayanda toplayıb süsləmişəm özlüyümü Xəzərdən", "Mən gülümü neynirəm, gülüm məndə göldü ki" kimi ifadələr məna yükünün ağırlığı və gözəlliyi və ilə diqqəti cəlb edir.
İstedadlı şairimiz "Fəsillərim
sis tamğalı ötənək" desə də, "Mən
Günəş ömrü yaşayıram" misrası ilə
sanki yaradıcılıq zirvəsində
dayandığına işarə edir. Mən də inanıram
ki, Gülnarə İsrafil qələminin sehri
çoxlarını öz təsir dairəsinə salacaq.
Naibə
YUSİF
Filoloq
525-ci qəzet.- 2021.- 3 dekabr.- S.14.