Kədər və
gülüş
AĞ
İT HAQQINDA BALLADA
S.Rostoskinin
çəkdiyi "Qaraqulaq Ağ Bim" filminə ilk dəfə
tamaşa edəndə mən artıq kifayət qədər
yetkin adam idim - əsgərliyimi
çəkmişdim, isti-soyuğun, bərkin- boşun nə
olduğunu yaxşı bilirdim, müəyyən qədər
həyat təcrübəm vardı. Amma boynuma
alıram ki, filmə baxanda özümü saxlaya bilmədim,
kövrəldim, bir küncə çəkilib səssiz-səmirsiz
ağladım. Səbəb təkcə o
deyildi ki, hər şeydə xeyir güdən adamların xəyanəti
fonunda dilsiz-ağızsız heyvanın öz sahibinə sədaqəti
bu filmdə çox təsirli şəkildə verilmişdi.
Səbəb həm də o idi ki, film mənim heç vaxt
unutmayacağım bir epizodu yadıma saldı - cəmi bir
neçə il əvvəl yaşadığım bir hadisə
kino lenti kimi gözlərimin önündən keçdi və
mənim yaddaşımda "dirilən" bu film heç də
"Qaraqulaq..."dan təsirsiz film deyildi.
Amma gərək
bir az əvvələ qayıdam.
Ağlım kəsəndən, dünyanı
tanımağa başlayandan həyətimizdə it
görmüşəm, daha doğrusu, sarı rəngli 2 it. O itlərlə bağlı
yaddaşımda 2 epizod qalıb. Axşam atam
işdən qayıdanda həmişə əlində 2 ədəd
təzə çörək olurdu və bu itlər də dərhal
atamın qabağına yüyürür, quyruqlarını
bulayıb öz paylarını istəyirdilər. Atam bir andaca ətri həyətə yayılan o
çörəklərdən 2 parça kəsib kənarda
yerə qoyur, o ətirli çörəklərdən ilk
dadmaq xoşbətliyi də həmin o 2 itə nəsib olurdu.
Mən o vaxt uşaq idim, hələ heç məktəbə
də getmirdim və bu itlərdən də xoşum gəlmirdi. Səbəb
isə bu idi ki, həmin o ətirli çörəklərini
yeyən vaxt təsadüfən onların yanından keçəndə
yeməklərindən qalmasalar da, gözlərini qəzəblə
sənə dikib acıqlı-acıqlı
mırıldayırdılar. Elə bil bir
himə bənd idilər ki, üstünə atılsınlar.
Bəlkə elə bu antipatiyanın nəticəsidir ki,
o itlərin nə vaxt, hansı şəraitdə həyətimizdən
yoxa çıxdıqlarını xatırlamıram.
Aradan
xeyli keçəndən sonra - o vaxtlar ki, mən artıq məktəbi
bitirib mədəniyyət evində işləyirdim - bir gün atam
evə ağ rəngli bir küçüklə gəldi. Əmim kiminsə ona
bağışladığı bu küçüyü bəyənmədiyindən
atama vermişdi ki, bu "ev" itindən həyət iti
olmaz. Apar ver uşaqlara, qoy onları əyləndirsin.
İt tez böyüyürdü və öz hərəkətləri
ilə göstərirdi ki, əmim yanılmayıb. Onun
qarşımızda çıxartdığı hoqqalar - dal
ayaqları üstə durub gəzməyi, "rəqs" etməyi,
atılıb-düşməyi, burdan-ora, ordan-bura
qaçmağı biz rayon uşaqlarının heç vaxt
görmədiyi sirk nömrələri kimi bir şey idi.
Ağ it dırnaqdan təpəyə kimi,
vücudunun bütün nöqtələri ilə deyirdi ki, o,
həyət, zəncir iti deyil. Amma bu evdə, ailədə
itə yalnız həyətdə hörmət göstərildiyini
də sanki hiss edirdi, elə bil duyurdu ki, onun bu
azadlığı çox çəkməyə bilər və
bəlkə elə buna görə də özünü
qarşıda onu gözləyən bəlalardan
sığortalamaq barədə də
"düşünür", yollar axtarırdı... Ağ
it özünə gün ağlamaq üçün bu evin
başbilənlərini həyətdə də gərəkli
olmağına inandırmalı idi və bu yolda
atdığı ilk addım da bu oldu ki, başladı həyətə
gələn yad adamlara, qonşulara hürməyə, bəzən
bununla da kifayətlənməyib hürdüyü tərəfə
cumurdu da... İş o
yerə çatdı ki, əvvəllər bu həyətdə
öz həyətləri kimi hərəkət edən
qonşu qadınlar küçə qapısından pilləkənə
kimi qısa yolu bizim sığorta tədbirlərimiz olmadan gedə
bilmədilər.
Amma əvvəlcədən
gedib pilləkənin altında gizlənən ağ it qəflətən
sıçrayıb irəli atılanda vəziyyət daha da gərginləşdi
və çox keçmədi ki, atam sadə bir üsulla bu gərginliyi
azaltmağın yolunu tapdı - bir gün evə uzun bir zəncirlə
gəldi, bir ucunu ağ itin boynuna, bir ucunu da həyətin
aşağısındakı gər ağacına
bağladı - necə deyərlər, indi istədiyin qədər
hür!
Bizim ağ itin nə rənginə, nə də xislətinə
uyğun gələn qara günləri başladı, nə
başladı.
O qara
günlərin həm ağ itdə, həm
də məndə yaratdığı psixoloji
sarsıntıları təsvir etmək sizə asan gəlməsin
- bunun üçün xüsusi qabiliyyətlə
yanaşı, adicə bir insan dözümü də
lazımdır. Həmin o günləri yada
salanda isə mən indi də həyəcanlanıram, bədənim
əsir, kövrəlirəm.
Zəncir
ağ itin təkcə boynuna yox, sanki
ürəyinə, ruhuna da dolanmışdı. Onun
bütün ruhu - həyat eşqi, sevinci, bu dünyaya,
insanlara olan inam və etibarı bircə anın içindəcə
iflic olub ağ iti miskin bir vəziyyətə
salmışdı - başını qabaq ayaqlarının
üzərinə qoyub elə hey həzin-həzin zingildəyirdi.
Onun bir nöqtəyə dikilmiş gözlərində
əlacsızlıqdan doğan ağır bir kədər,
qüssə vardı.
Ağ
itin düşdüyü vəziyyət məni əzirdi,
yorurdu, amma yemək vermək üçün ona
yaxınlaşanda gördüklərim məni həm də
sarsıdırdı - sanki mən itin nəzərində onu
başa düşən yeganə şəxs idim və elə
ki, məni görürdü,
başını irəli uzadıb ayaqlarımın
yanında yerə yatır, zingildəyə-zingildəyə mənə
dikili gözləri ilə yalvarırdı: "Məni bu zəncirdən,
bu miskin vəziyyətdən, bu biabırçılıqdan
xilas elə!"
Hətta bir dəfə mən onun gözlərində
yaş da gördüm.
Xeyli təkid
və xahişdən sonra evdəkiləri gecə yatmaq ərəfəsində
ağ iti zəncirdən açmağa
razı sala bildim. Amma it budəfəki
azadlığını artıq əvvəlki sevinclə
yaşaya bilmirdi. Əvvəlcə onun dəhşətli
dərəcədə darıxdığını hiss etdim və
başa düşdüm ki, it bu həyətdən, bu evdəki
adamlardan küsüb və çıxıb getmək istəyir.
Ardınca isə heç yatsam yuxuma da girməyən bir hadisə
baş verdi - hərdən gecənin bir aləmində
ağ it qəfildən canavar kimi ulamağa başladı.
Mayın əvvəllərində
əsgərliyə getdim və ağ it
özünün dünya boyda dərdi ilə məndən min
kilometrlərlə uzaqda qaldı.
Payızda atam yanıma gəlmişdi. Ətraflı
hal-əhvaldan sonra nə barədəsə söhbət
edirdik. Qəfildən atamın gözləmədiyi halda
soruşdum:
- Ağ
it necədir?
Atam
çox sakit və etinasız tərzdə:
- Ağ
it öldü - dedi.
Elə
bil ürəyimə xəncər batırdılar, diksinib
içimi çəkdim:
- Necə
yəni öldü?
-
Öldü də. Sən gedəndən az
sonra öldü.
Ağ
itin həyətimizə təşrif buyurduğu gün, arxa
ayaqları üzərində çıxardığı
hoqqalar, zəncirdəki yazıq görkəmi, qəmli
gözləri və hərəkətsiz cəsədi kino lenti
kimi gözlərimin önündən keçdi və mən
- şanlı Sovet ordusunun dəmir iradəli əsgəri nə
qədər etsəm də, göz yaşlarımı saxlaya və
gizlədə bilmədim.Başımı qaldıranda
atamın mənə zillənmiş gözlərində təəccüb,
heyrət və təəssüf qarışıq qəribə
bir ifadə gördüm
- Heyif səndən,
a bala, bu ürəklə çox uzağa gedə bilməzsən.
Səndən çətin adam ola.
...Tamamilə
doğrudur. Bu dünyada günah yiyəsi olmamaq
üçün adam olmaq azdır...
İnsan
olmağa çalışmaq lazımdır!
"İT
DƏFTƏRİNDƏ" ADI OLMAYAN BİR İT HAQQINDA
Bu il martın 20-də Novruzun gəlişini
Bakıda qeyd edib, ertəsi gün səhər tezdən
Göyçaya getdim ki, sevdiyim bu bayramın sevincini orada da
yaşayım...
Bu dəfə bibioğullardan birigilə
düşdüm və sizə danışacağım əhvalatın
da elə orada şahidi oldum.
Həyətə girəndə zahirən bazbrutlu, necə
deyərlər, qabaritindən Qurdbasara bənzəyən bir it
diqqətimi çəkdi. Bilmirəm nə sirr
idisə, bu itin gözləri, baxışları,
"düşük" hərəkətləri əvvəldən
xoşuma gəlmədi. Bibioğlu qoyunçuluqla məşğul
olurdu, evlərindən
xeyli aralıda - dağların ətəyində ferma tipli
kiçik təsərrüfatı vardı. Düzdür,
müəyyən səbəblər üzündən fəaliyyətini
müvəqqəti dayandırmışdı. Amma onun
tezliklə dirçələcəyinə də şübhə
ola bilməzdi və görünür, həmin
it də bu yəqinliyin təsdiqi kimi gəlib bu həyətə
düşmüşdü.
Bibioğlu
iti göstərib şəstlə soruşdu:
- Hə,
necədir, xoşuna gəlir?
Dedim:
- Yox, gəlmir,
bibioğlu.
Dedi:
- Ayə,
bilirsən nə itdir? Zorla tapmışam ey.
Bazarda 300-400-ə deyirlər...
Dedim:
- Bu itə
verdiyin puldan heyif. Elə bil küçəyə atmısan,
- sonra itin tülkü gözlərinə bənzəyən
gözlərinə baxıb soruşdum:
- Cinsi nədir
bunun?
Bibioğlu
quş kimi cəh-cəh vururdu:
- Qurdbasarla filan cinsin (dediyi söz
yadımda qalmadı) cütləşməsindən
yaranıb. Özgə aləmdir!
Dözə
bilmədim:
-
Bibioğlu, özün bilən məsləhətdir. Amma məndən sənə əmanət - nəbadə
qoyunlarını bu itə etibar edəsən. Bu it öz xislətini zahiri görkəminin kölgəsində
gizlədən qorxağın biridir. Onun
ürəyi Qurdbasar ürəyi deyil. Qurdbasarlar
ağır oturub batman gəlir, daim "fikirli" olur.
Onların üz-gözündən zəhm yağır, belə
qapalı və rahat məkanda özlərini narahat hiss edir,
daim çölə, genişliyə can atırlar... Bu isə...
qurdlarla gizli sazişə girib sürünün axırına
çıxacaq...
Bibioğlu
əminliklə:
- Cücəni
payızda sayarlar - dedi.
Amma payızı gözləməyə lüzum
qalmadı, təxminən 1 saat sonra anladıq ki, payızda
saymağa nəinki cücə, heç yumurta da tapmayacağıq.
Masa arxasında əyləşib bayram plovuna təzəcə əl uzatmışdıq ki, qonşu həyətdə uşaqlar fişəng partlatdılar və həmin andaca "əzəmətli" Qurdbasar başı ilə qapını açıb özünü necə içəri atdısa matımız-mutumuz qurudu. Ardınca it yel kimi yanımızdan keçib özünü qonaq otağına çatdırdı, orada da çarpayının altına girib yazıq-yazıq zingildəməyə başladı.
Vəziyyəti yüngülləşdirmək (həm də bibioğluna sataşmaq) üçün gülə-gülə dedim:
- Bibioğlu, başına "bismillah" eləyin, bir stəkan su verin, içib özünə gəlsin.
Bibioğlu isə karıxıb qalmışdı, bilmirdi nə eləsin. Çırtma vursaydın, qanı damardı... Qəfildən qalxıb qonaq otağına keçdi ki, iti çarpayının altından çıxarsın və sonra da baxsın görsün nə qərara gəlir bu tərifli iti barədə.
Amma həmin o anlarda iti oradan çıxarmaq siçanı öz deşiyindən çıxarmaq kimi çətin iş idi və məsələ o qədər yoğunladı ki, bibioğlunun həyat yoldaşı, uşaqları da köməyə gələsi oldular...
O əhvalatdan
xeyli vaxt keçib. Amma nə işdirsə, həmin itin
sonrakı taleyi ilə maraqlanmağa çəkinirəm.
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2021.- 3 dekabr.- S.13.