Bölgələrə kitabla gəlirik!
"I
GƏNCƏ KİTAB SƏRGİSİ" BARƏDƏ
TƏƏSSÜRATLARIM
Yazıçı və naşirlər olaraq tez-tez
oxucuları günahlandırır, kitab
oxumadığını deyirik. Əslində, düz də deyirik:
bütün statistikalar bunu açıq-aydın göstərir
- Azərbaycanda mütaliə mədəniyyəti çox
aşağıdır; kitabxanalar yeni kitablarla vaxtında təmin
edilmir, bölgələrimizin heç birində
doğru-düzgün kitab mağazası yoxdur, məktəblərdə
ədəbiyyat vərdişləri istənilən səviyyədə
deyil, çağdaş Azərbaycan yazıçıları
ədəbi mühitdə aparıcı rol oynaya bilmir, ədəbi
tənqidçilik əsərləri təqdim və təbliğ
etmir, televiziyalar reytinq olmadığından kitaba efir vaxtı
ayırmır, ciddi iş adamları, şirkətlər bu sahəyə
sistemli sərmayə yatırmır və sair.
Problem ciddidir və həddindən çoxdur. Azlıq təşkil edən
oxucu kütləsi isə "Yaxşı əsər
yazılmır, tərcümə edilmir, kitablar bahadır"
- deyib əks tərəfi günahlandırır: əslində,
onlar da haqlıdır. Oxucu məktəbi yox dərəcəsindədir.
Səbəblər müxtəlifdir, amma istənilən
halda bu mövzu ciddi araşdırma tələb edir.
Vəziyyətin
düzəlməsi üçün hansı addım(lar)ı
atmışıq ki, oxucu da bunu dəyərləndirsin? Heç vaxt özümüzə bu cür suallar
verməmişdik. Məhz bu səbəbdən biz də
ulularımızın yolu ilə getməyə başladıq:
"Sən gəlməsən, özüm gəlləm" -
deyib əlimizdə kitabla oxuculara doğru addımladıq. Sözsüz, kiminsə kitabı görüb
qaçmayacağını əvvəlcədən
yaxşı bilirdik, amma bu qədər sevgi ilə qucaqlayacağını
gözləmirdik.
Düz
bir il öncə yeddi-səkkiz nəşriyyat
bu boşluqdan narahat olaraq, təşkilatlanmağın vacib
olduğunu düşünərək yeni birliyin yaranması
ideyasını irəli sürdü. Xeyli müzakirə və
mübahisədən sonra bir araya gəldik və "Azərbaycan
Nəşriyyatları Assosiasiyası" İctimai Birliyini
qura bildik! Artıq bir ildir ki, varıq və bu
keçən ildə hər aya iki iclas keçirmişik.
Bu arzumuzu Mədəniyyət Nazirliyi də müsbət
qarşıladı: Nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla
iş şöbəsinin müdiri Akif Mariflinin məsələ
ilə şəxsən maraqlanması, gücü çatan
köməyi etməsi də prosesə stimul oldu.
Toplantılarımızda fəaliyyət
planlarını, görüləcək işləri, gənc
naşirlərin düşüncələrini, ürək
dolusu arzularını
yığıb-yığışdırmaq olmurdu. Sonda verdiyimiz
qərar bu oldu ki, "Bölgələrə kitabla gəlirik"
şüarı ilə yola çıxmalı, kitabdan uzaq
düşən bölgələrdə kitabın
varlığını xatırlatmalıyıq. Birliyin üzvü olan on-on iki nəşriyyat
direktoru əlini daşın altına qoyaraq bütün
işləri üzərinə götürdü.
ANAİB-in bu günə qədər cəmi bir nəfər
maaşlı işçisi var, bunu da naşirlərin
üzvlük haqqı ilə qarşılayırıq:
başqa hansısa maliyyə qaynağımız yoxdur. Ona görə də sərgilərin təşkilində
masaların daşınmasından tutmuş, afişaların
dağıtımına qədər hər şeyi məhz bu
gənc naşirlər etdi. Elə həvəslə
iş görüldü ki, sanki hamı ən əziz qohumunun
toyuna hazırlaşır. Eynilə kənd
toylarımızdakı kimi - sevgi və doğmalıqla, təmənnasız...
Əvvəlcə "I Sumqayıt Kitab Sərgisi"
ANİB-2021-i təşkil etdik və bu sərgi iki gün
müddətində gözləntilərdən dəfələrlə
yüksək şəkildə baş tutdu. Bu, artıq
özünütəsdiq idi. Yeni qurulan birliyə istər-istəməz
o qədər də inam olmur: bəziləri necə nəticələnəcəyini
görmək üçün prosesi kənardan izləyir, digərləri
isə ümumiyyətlə, birlik haqda düşüncələrini
bölüşmür. Həmişə inanmışam ki,
sevgi ilə başlanılan iş heç vaxt
yarımçıq qalmır, hamını məmnun edə
bilir. Sumqayıtda baş tutan möhtəşəm
kitab şölənində məhz bunun şahidi olduq. Bəzi kitab mağazalarından da sərgidə
iştirak etmək istəyi gəldi, sevə-sevə
razılaşdıq. Hətta sərgi
zalında onlara ən yaxşı yeri təqdim etdik.
"I Sumqayıt Kitab Sərgisi"ni elan
edərkən bundan sonra Gəncəyə kitabla gedəcəyimizə
qərar vermişdik. "Sözümüz
imzamızdır" deyib Gəncəyə doğru yola
çıxdıq. Sumqayıt sərgisindən
sonra artıq ANİB-in üzv sayı on səkkiz olmuş, Gəncəyə
gedəcək naşir və kitabçıların sayı
artmışdı. Bu o deməkdi ki, kitab
çeşidi də çoxalmışdı. Əgər Sumqayıtda otuza yaxın nəşriyyat
və mağaza iştirak etmişdisə, Gəncədə
iyirmi doqquz nəşriyyat, on bir kitab mağazası vardı.
Böyümüş, işi daha da sistemləşdirmişdik.
Bu üç gün dolu keçməli idi.
Daha çox birlik üzvləri ilə
müzakirələrdə olsaq da, şəxsən kimsədən
bir dəfə də eşitmədim ki, görəsən, xərcimiz
borcumuzu ödəyəcək, ya yox? Yəni
çəkilən xərclə satış ən azından
bərabər olacaqdımı? Bəli, bu
sual olmadı, çünki bu işə maarifçilik və
ideoloji hərəkat kimi baxmağı bacardıq.
"I Gəncə Kitab Sərgisi" barədə təəssüratlarımız
bitib-tükənməzdir. İlk dəfə idi
ki, Azərbaycan naşirlərinin bu qədər möhtəşəm
birliyini, təşkilatlanmasını görürdük.
Bu təşkilatlanma Gəncə sərgisini necə
təşkil etdi?
- Gəncədə
keçiriləcək sərgi üçün işçi
qrupu formalaşdırıldı;
- "I Gəncə
Kitab Sərgisi"nin xüsusi brendinqi
hazırlandı;
-
Xüsusi qeydiyyat linki yaradılıb iştirakçılara
göndərildi;
-
İştirakçıların gediş-gəlişi
üçün xüsusi avtobus ayrıldı (Bakı-Gəncə,
Gəncə-Bakı);
- Prosesə
40 nəfərə qədər könüllü cəlb
edildi;
-
Bütün təşkilatçılara bəciklər, o
cümlədən, nəşriyyat və kitab evlərinə
brend-pankartlar hazırlandı;
- Yüklərin
daşınması üçün 16 metrlik TIR
ayrıldı;
- Stendlərə
ümumən yüz min çeşiddən çox kitab yerləşdirildi;
- Sərginin
rəsmi açılışında Gəncə İcra
Hakimiyyətinin başçısının iştirakı təmin
edildi;
-
Açılışdan sonra bütün naşirlərin
iştirakı ilə qala gecə keçirildi;
- Gəncə
şəhər turu təşkil olundu, Şəhidlər
xiyabanı ziyarət edildi;
- Nəşriyyat
və kitab mağazası rəhbərləri, eləcə də
proqram qonaqları üçün otellərdə qonaqlama təşkil
edildi;
- Yüzə
yaxın şəhid övladı üçün ayrıca tədbir
hazırlandı və naşirlərin iştirakı ilə
bu uşaqlara kitab hədiyyələri verildi;
- 3
gün müddətində 38 yazıçı və
ziyalı ilə görüş, imza mərasimi və
nağıl saatı təşkil edildi;
-
Bütün iştirakçı və könüllülərə
sertifikat və təşəkkürnamələr təqdim
edildi;
- Son
gün isə bütün iştirakçıların
Göygölə səfəri baş tutdu.
Bəlkə
də, bunları sadalamağa ehtiyac yox idi, amma demək istədiyim
odur ki, bir-birinə rəqib olan, amma eyni amala xidmət edən
naşirlərin təbii yolla birliyini görə bilmək,
bir-birilə dərdləşmək, tanış olmaq,
ünsiyyət qurmaq imkanının olması Azərbaycan
tarixində böyük hadisədir, çünki indiyə qədər
heç vaxt belə olmayıb! Yerli ziyalı və
oxucularla paytaxt naşir və yazarlarının
tanışlığı, eləcə də əməkdaşlıqların
qurulması isə bu məsələnin necə əhəmiyyətli
olduğunu ortaya çıxardı.
Nizami yurdu, Cavad xan oylağı Gəncə bu möhtəşəm
birliyə şahidlik etdi, şərəfli bir imza atdı. İlk
gündən Mədəniyyət Nazirliyi, Gəncə Şəhər
İcra Hakimiyyəti, ilk partnyor təşkilatımız olan
Gəncə İctimai İştirakçılıq Məclisindən
çox ciddi - həm maddi, həm də mənəvi dəstək
aldıq. Ən önəmlisi isə bu
müqəddəs işə gəncəlilərin
böyük ruh yüksəkliyi və sevgi ilə qucaq
açmasıdır. Heç kim
heç nədən qaçmadı. El birliyi ilə
Gəncə oxucularını sevindirə bildik və sevindik.
Gəncə Şəhər İcra Hakimiyyətinin
başçısı Niyazi Bayramovun iki dəfə sərgiyə
gəlməsi, sıxlığı görərək sadəlik
nümayiş etdirib ayaq üstə tanınmış
yazıçı Elxan Elatlı ilə oxucuların
görüşünü izləməsi, bu
yazıçını yeməyə xüsusi dəvət etməsi,
Gəncə İctimai İştirakçılıq Məclisinin
sədri Müzadil Həsənovun Gəncədən
çıxan saata qədər hər addımda
yanımızda olması, lazım olan hər şeyi öz əlaqələri
hesabına həll etməsi, Gəncə Regional Mədəniyyət
İdarəsinin rəisi Vasif Cənnətovun hər gün
iki dəfə olmaqla sərgiyə gəlişi, naşirlərlə
maraqlanması, bölgə rəsmilərini sərgiyə dəvət
edib gəzdirməsi kitaba olan dəstəyin ən bariz
nümunəsi, Gəncə qonaqpərvərliyinin tərənnümü
idi.
Sadə
bir oxucunun Gəncənin rəmzi olan Nizami Məqbərəsinin
simvolu kimi maqnitli süveniri mənə verərək təşəkkür
etməsi, könüllülərin dostlarına mesaj ataraq
"Gəlin, Gəncə kitab sərgisində iştirak
edin" cəhdləri, ziyalıların "Üç aydan
sonra bir də gəlin" səmimi təklifi, gəncəli
yazıçı və şairləri bizə təqdim etmələri,
birinci günün sönük
iştirakçılığını görüb, cidd-cəhdlə
"Gəncədə oxucu, ziyalı çoxdur, yəqin xəbərləri
yoxdur" deyərək inandırmağa
çalışmaları qürurverici idi.
Bütün bunlar göstərir ki, bölgələrimiz
(gəncəlilər Gəncəyə "bölgə" deyilməsinə
hirslənirlər) kitaba acdır, çünki bu ənənələr
qırılıb, yox dərəcəsindədir. Buna naşirlər də
acdır, öz fəaliyyətlərini formalaşdırmaq
üçün bölgələrimizlə tanış
olmaq, durumu bilmək çox vacibdir.
Olduqca sevincliyəm ki, sədrliyi mənə etibar edilən
bu birlik, sözün həqiqi mənasında, naşirlərin
birliyini təmin edə, heç kimi incitmədən, maksimum həssas
şəkildə bütün problemlərə sinə gərə
bildi. Bu gündən belə bunu yaşatmaq, inkişaf
etdirmək, böyütmək var. Gəncə sərgisi bitdi,
amma yollar bitmədi, bitməyəcək də. Bir
anlıq düşünürəm ki, indi Cəlil Məmmədquluzadənin,
Nəriman Nərimanovun, Məmmədağa
Şahtaxtlının, Həsən bəy Zərdabinin, Firudin
bəy Köçərlinin, Əli bəy Hüseynzadənin
ruhu şaddır, çünki bir zamanlar onların min zillətlə
formalaşdırdığı maarifçilik əmin əllərdədir.
Güclü dövlətimiz, bir olmağı bacaran millətimiz,
fərd olaraq millət üçün fədakarcasına
çalışan ziyalılarımız var!
Cənab
Ali Baş Komandan "Biz birlikdə güclüyük" deməklə
zəfəri daddırdı, biz isə bu ənənəyə
sadiq qalmalı, millətimizin intellektual gəncliyinin
formalaşması üçün birliyi daha da gücləndirməli,
hər bir evi kitabla qovuşdurmalıyıq!
İndi də
bu şövqlə düşünürəm:
"Görəsən,
silsilə sərgilərimizin növbəti dayanacağı
hara olsun: Naxçıvan, Lənkəran, Şəki, yoxsa
Quba?
Naşirlərin I Formunu harda və nə vaxt keçirək?
Azərbaycan ədəbiyyatını beynəlxalq arenaya
necə və hansı yollarla təqdim edək?
ANAİB
"I Bakı Kitab Sərgisi"ni nə
vaxt keçirək?
Nəşriyyat sahəsində
çalışanların Əmək Yarmarkasını
hansı formatda edək?
Qarabağda açılacaq ilk kitabxana hansı bölgəmizdə
olacaq və biz necə dəstək olaq?"
Bəli,
arzular çox, qayğılar ondan da çoxdur! Bütün
müqəddəs ideyalar kitabla gəlib, kitabla inkişaf edib!
Bizə isə bunun fərqində olmaq və dəyərini
bilmək qalır!
Şəmil
SADİQ
525-ci qəzet.- 2021.- 3 dekabr.- S.12.