İncəlik, inandırıcılıq, möhtəşəmlik...
SƏNAN EYNULLAYEVİN YARADICILIQ ÜSLUBU VƏ SƏNƏT UĞURLARI HAQQINDA QEYDLƏR
Müstəqillik dövrü təsviri sənətimizin yeni və maraqlı əsərlərlə zənginləşməsində
qardaş Türkiyədə
fəaliyyət göstərən
rəssam və heykəltəraşlarımızın da duyulası xidmətləri olub. Belə yaradıcılardan
biri Sənan Eynullayevdir. Etiraf edək ki,
1992-ci ildən İstanbulda
yaşayan sənətkarın
ərsəyə gətirdiyi
rəngkarlıq əsərləri
təkcə milli təsviri sənətimiz üçün yeni olmayıb, bütünlükdə,
bədii yozumuna görə çox orijinal qəbul olunmaqdadır. Əlavə
edək ki, Azərbaycan rəssamının
gerçəkliyə və
insanlara münasibətində "Domye baxışı"
ilə səsləşən
nisbi məqamlar sezilsə də, mahiyyətcə, fərqli
görünməkdədir. Bu
müxtəlifliyi şərtləndirən
başlıca səbəbsə
Sənan Eynullayevin, öz əsərlərində
tənqidə üstünlük
verən fransızdan fərqli olaraq, hadisə və obrazları xeyirxah ironiyaya bələyə bilməsidir.
Maraqlısı bu cür yanaşmanı
yaradıcılığının leytmotivinə çevirən
rəngkarın müraciət
etdiyi süjetlərə
ironiyanın inandırıcılığına
əsas verən bədii yozum tapa bilməsidir. Əhatələndiyi cəmiyyətin ən müxtəlif sahələrinə
diqqət yetirən rəssam, görüntüyə
gətirdiyi ən adi hadisələrə və obrazlara tamaşaçısını ən
azı qımışdıra
biləcək poza-jest
və mimika verməyə nail olub.
Qənaətimizcə, əsərlərin cəlbediciliyinin kökündə
ilk növbədə müəllifin
incə müşahidə
qabiliyyətinə malik
olması durur. Belə olmasaydı, onun qonaqlığa, çayxanadakı
və çimərlikdəki
qələbəliyə, sevgililərin
görüşünə, sərgi tamaşaçılarına,
rəssam emalatxanasına
verdiyi bədii şərhlər bu qədər ovqatyaradıcı
olmazdı. Doğrudan
da rəssamın kinayəli ironiyadan uzaq olan personajlarını
səciyyələndirən milli xüsusiyyətləri və əlamətləri xüsusi
vurğulamasının doğurduğu
estetik tutum həm də yüksək sənətkarlıqla
- gözoxşayan bədii
stilizə ilə gerçəkləşdiyindən, kompozisiyalar ovsunlayıcı
bütövlüyü ilə
diqqət çəkir...
Əgər Sənan Eynullayev
rəngkarlıq tablolarında
sənətsevərləri əldə etdiyi incəliklə heyrətləndirməyi
bacarıbsa, ərsəyə
gətirdiyi heykəltəraşlıq
əsərlərində isə
qeyri-adi möhtəşəmliyə
nail olub. Türkiyə,
Macarıstan, Azərbaycan
və digər ölkələrdə ucaldılan
abidələri onun bu sahədə özünəməxsus yaradıcı
potensiala malik olduğunu sərgiləyir.
Müəllifin İstanbulu
fəth edən Osmanlı hökmdarı Fateh Sultan Mehmetə və Türkiyə Cümhuriyyətinin qurucusu
Mustafa Kamal Atatürkə
ucaltdığı (hər
ikisi İstanbulda yerləşir) tunc abidələr duyulası monumentallığı ilə
diqqət çəkməkdədir.
Tişə ustasının İstanbulda
yer almış "Hüseyn Cavid" və "Çingiz Aytmatov" abidələri
də qərarlaşdıqları
məkana özünəməxsus
aura bəxş edən
plastika nümunələridir. O, türk
dünyasının qürur
duyduğu bu söz xiridarlarına xas olan ikonoqrafik
cəhətlərin inandırıcılığını
əldə etməklə, həm
də onların obrazlarına xas məziyyətlərin cəlbedici
psixoloji-dramatik tutumda təqdimatına nail olmuşdur.
Sənan Eynullayevin bal mumundan hazırladığı
heykəllər onun yaradıcılığında xüsusi yer tutur. Bu vaxta kimi o, Türkiyənin bir neçə siyasətçi və dövlət adamlarının
(Rəcəb Tayyib Ərdoğan, Müəmmər
Gülər, Cəlaləddin
Cərrah və başqaları) inandırıcılığı
danılmaz olan fiqurlarını yaradıb...
Son bir qərinə ərzində Türkiyədə yaradılan
rəngkarlıq diaramalarının
böyük tamaşaçı
marağına səbəb
olmasındandır ki,
hazırda ölkənin
neçə-neçə şəhərində
belə muzeylər fəaliyyət göstərməkdədir.
İstanbulun Bağçılar rayonundakı Şəhidlər
parkındakı diaramanın
müəllifi isə
azərbaycanlı fırça
ustasıdır. "Çanaqqala şəhidləri"
adlanan möhtəşəm
diaramada (5x20 metr) Türkiyə tarixinin ən qanlı savaşında yaşananlar
çox inandırıcı
tutumda öz əksini tapıb. Rəssam bu cür layihələri Azərbaycanda - Gəncə
və Şuşa
şəhərində də
həyata keçirmək
niyyətindədir. Yeri gəlmişkən
o, Vətən müharibəsindəki
şanlı qələbədən
sonra Şuşanın
bərpasına cəlb
olunub. Onun görkəmli musiqiçi
Bülbülü on dörd
yaşında təsvir
edən portreti artıq
sənətkarın Şuşadakı
ev-muzeyinin ekspozisiyasını
bəzəməkdədir...
Bu vaxta
qədər təkcə Türkiyədə 50-dən çox fərdi sərgi təşkil edən
həmyerlimiz, qardaş ölkədə
memarlıq məkanlarına yeni və müasir görkəm verə bilən sənətkar
kimi tanınır. Bunu
onun Ankara, Çanaqqala, Samsun və başqa şəhərləri
bəzəyən abidələri də təsdiqləyir.
Ziyadxan Əliyev
525-ci qəzet.- 2021.- 4 dekabr.- S.23.