Dul qadının tənhalığı
(Əvvəli ötən şənbə
sayımızda)
Rəfiqələri bu sözləri yavaş-yavaş
onun ağlına yeridirdilər, bilirdilər ki, bu cavan gəlin
mustanqa bənzəyir, onu yəhərləmək də olduqca
çətin məsələdir. Lakin onlar səylərindən
geri çəkilmirdilər, çünki bu mehriban
qızı yenidən xoşbəxt görmək istəyirdilər.
Onlar çalışırdılar ki, Ruhiyyə
təkcə matəm libasını deyil, könlünə,
ürəyinə çökmüş qara hüzn hisini
çıxarıb atsın, çünki bu davam etsəydi,
onun psixikasına da ağır təsir göstərə, onu
xəstəliyə sala bilərdi. Yaxşı
ki, Hamnet var idi, o, anasını qoruyan, gəmini sahilə
bağlayan kəndir rolunu oynayırdı, əgər oğlu
olmasaydı, bəlkə də, Ruhiyyə lap
ağılsız hərəkətlər də edər, həyatla
vidalaşmaq yolunu da seçərdi.
Rəfiqələri onun özündən eşitdiyi
Südabə xanımdan misal çəkirdilər. Bu nadir istedad sahibi, həm də
vəziyyətə düzgün qiymət verməyi
bacarırmış, başının üstünü kəsmiş
ağır xəstəlikdən də qorxu hissi keçirmək
əvəzinə, öz yaxınlaşan ölümü ilə
də razılaşaraq, ərinin və yenicə yaxın
olduğu bədbəxt qızın taleyini yoluna
qoymağı, onların ailə qurmalarını fikirləşirmiş.
O qadın cəhalətin, primitiv qaydaların, ənənələrin
əsiri olmaqdan çox uzaq imiş. Və
ölümündən sonra da öz xeyirxah işini görmüş,
sağlığında cızdığı planın həyata
keçməsinə nail olubmuş. İlk
növbədə onun təşəbbüsü ilə
Hüseyn və Ruhiyyə bir-birinə
yaxınlaşmış, ailə qurmuşdular. Bu, öncəgörmək qabiliyyətinə malik
olan insan, əgər onlar birləşsələr, məhəbbətin
onların dünyasını zəbt edəcəyini də əvvəldən
görürmüş. Lakin məhəbbətin
belə güclü olacağını, Hüseynlə Ruhiyyənin
bir-birini dəlicəsinə sevəcəklərini güman
etmirmiş. Axı o, yalnız onların
ailə qurmasına, Hüseynin səhvə yol verməməsinə,
Ruhiyyənin taleyindəki bədbəxtlik daşını
atmasına çalışırmış, layihələşdirdiyi
binanın gerçəklikdə belə möhtəşəm
olacağını təsəvvür də edə bilməzdi.
O, güman edirdi ki, böyük arxitektor Antonio Qaudinin
Barselonada tikdiyi "Saqrada Familia"ya bənzər nəsə
yaradacaqdır, lakin bu qarşılıqlı hissin, memar lahiyyəsinin
meydana gətirdiyi gözəlliyi də ötüb, keçəcəyini
heç ağlına da gətirə bilməzdi. O, Qaudi kimi
tez öldü, axı məşhur məbədin də tikilib
başa çatdırılmasını müəllifi görə
bilməmişdi. Əgər görsəydi, təməlini
qoyduğu tikilinin belə göz oxşayacağına
özü də təəccüb qalardı.
Lakin
Südabə xanımın memarlığına da söz ola bilməzdi, Le Korbyuze də, Oskar Nimeyer də
arxitekturadan belə baş çıxardığına, onun
sadə bir rokokonu zəngin naxışları olan barokkoya
çevirmək qabiliyyətinə məəttəl
qalardılar. Arxip Kuinci özünün "Dneprdə yay gecəsi"
tablosunda göydəki ayın çayın kiçik
dalğalarını gümüş rənginə
boyadığının ecazkar təsvirinə nail olduğu
kimi, bu qadın da özünün ölümündən
sonra əri Hüseynin timsalındakı ayın
işığının Ruhiyyə adlı axan sulara belə gözəllik
verəcəyini ağlına da gətirə bilməzdi. Ayın işığı sakit axan suda möcüzəli
səhnə yaratdığı kimi, Ruhiyyənin sönməkdə
olan qəlbində elə şam yandı ki, onun parlaq
işığı öz ölümünə qədər
bu qızın dünyasına qövsü-qüzeh
füsunkarlığı bəxş etdi. Heç
Ruhiyyə də özünün bu hisslərinə və
onların burulğanında yaranan yanar alov xüsusiyyətinə
inana bilməzdi. Bu qızın ailə həyatı
barədə azacıq məlumatı olmasa belə, əri ilə
ona məlum olmayan Romeo və Cülyetta məhəbbətini
yaşamağa başladı, özü də bu
ağılasığmayan əlkimyanın möcüzəsinə
məəttəl qalmışdı. O, heç cür
anlamırdı ki, gur ehtirası ilə Hüseyn adi metalı
qızıla necə də çevirməyi bacardı. Lakin o,
bu ecazkar əlkimyaçını
qoruyub saxlaya bilmədi, qızıl külçəsini
tapdığına nə qədər sevinirdisə, onu
itirdiyinə çox pis oldu, çünki bu itki ilə onun həyata
bəslədiyi ümid, yenicə həzz almağa
başladığı xoşbəxtlik də yoxa
çıxmışdı. O, məhəbbət tonqalı
timsalının qocalana qədər onu isidəcəyini,
soyuqdan, şaxtadan qoruyacağını güman etdiyi halda,
leysan yağış bir andaca ölüm adlanan zərbəsi
ilə bu tonqalı söndürdü, onun xırda bir
közündən də əsər-əlamət qalmadı.
Ruhiyyənin
valeh olduğu ərəb qızı və iranlı
bacılar
Ruhiyyə rəfiqələrinin ona qayğı göstərmələrindən,
dərddən onu uzaqlaşdırmaq sahəsindəki
aramsız cəhdlərindən çox razı
qalırdı, başa düşürdü ki, onların
dedikləri təskinlik sözləri və nəsihətləri
olmasa, onun gəmisi dəniz sularının gizlətdiyi mərcan
riflərinə toxunub, bütünlüklə məhv
olardı. Bu riflər, onu yaradan mərcanlar elə bil ki, öz
təyinatlarını unudub, onun xoşbəxtlik gəmisinin
altını deşməklə, onu batırmaq istəyirdilər
və buna da nail oldular. Axı bu bədbəxtlik
niyə məhz onu tapdı, onsuz da o, elə də uzun olmayan
ömrünün böyük hissəsini onun məngənəsində
keçirmişdi. O, özü barədə tale adlanan məhkəmənin
verdiyi hökmdən etiraz edə bilməzdi, lakin bu
hökmün icrası bir qədər təxirə
salınıb, geri çəkilə bilərdi. Onsuz da bəxtinin
kor olduğu onun üçün sirr deyildi, lakin Hüseynə
ərə getməsi ilə gözlərinə işıq gəlmişdi,
bu işıq niyə onu tərk etməli idi, niyə o, yenə
də kor adamlar kimi kiminsə köməyinə ehtiyac
duymalı, həyatından narazı qalmalıydı. Məgər təbiət ona azacıq gözəllik
vermişdir ki, onun nəyəsə nail olmaq vasitəsinə
çevrilməsi əvəzinə, ancaq xarabalıqlarına
qarovul çəksin. Gözəllik
yalnız mövcud olduğu vaxt qiymətləndirilir, diqqəti
cəlb edir və sahibinə çox arzuladığı
xoşbəxtlik, firavanlıq qapılarını
açır. Əvvəllər olduğu
kimi, onu xırda pul kimi xərcləmək
ağılsızlıqdır, məhvə aparan bir yola
düşməkdən başqa bir şey deyildir. Gözəllik heç vaxt uzunömürlü olmur,
dağ yamacının çiçəyi kimi bir qədər
vaxt keçdikdən sonra və ya günəşin
yandırıcı istisi ilə solmağa, məhv olmağa
üz tutur. Əslində, gözəllik
ilin fəsillərini andırır. Onun
baharı uzun müddət davam etmir, sonra payızı və
qışı gəlir. İlin fəsillərindən
isə bir xoşagəlməz fərqi ondadır ki, heç
vaxt qışdan sonra onun yenidən ikinci baharı gəlmir,
çünki ömür heç də bir-birini əvəz
edən illərə bənzəmir, bir nöqtədən
çıxıb, düz xətlə irəliləməklə,
axırda sona çatır. Ona görə də bahar gələndə
onun xoş havasından, könülü, ruhu oyatmasından
istifadə etmək lazımdır, çalışmalısan
ki, bu arzuladığın ağac çiçək
açsın, bu çiçəkləri yağış məhv
etməsin, heç olmasa onun cüzi hissəsi mayalanıb,
qönçəyə, sonra meyvəyə çevrilsin.
Könül verdiyin adam bu meyvələri
dadıb, onların şirinliyinə, ləzzətinə qiymət
verməyi bacarsın. Sərraf adama rast gələndə
bu meyvələr öz qiymətini alır. Hüseyn məhz belə bir insan idi, o, bu cavan
qızı könlünün bütün qəsəmələri
ilə sevirdi, onun hər bir istəyinə, arzusuna, gözlədiyi
hər şeyə nəcibliklə, bəlkə də bədxərcliklə
cavab verirdi. O, bu çiçəkləri elə əzizləyirdi
ki, elə bil ki, onlardan adi deyil, qızıl almalar əmələ
gələcəkdir. Onun cəhdləri cavabsız qalmadı, allah onlara Hamnet kimi sevilməyə
bütünlüklə layiq olan bir övlad verdi.
Oğlunun məlum həyət davası baş verəndə ağlamağı, söylədikləri onu çox məyus etmişdi, axı onlar indi müdafiəsiz idilər. Hüseynin sağlığında heç kəs onun keçmişini yada sala bilməzdi, onu nəinki təhqir etməyə, hətta ona sancmalı bir söz deməyə heç kəs cəsarət etməzdi. Çünki onun əri, qoruyucu mələyi vardı. İndi isə o, özünü və oğlunun qorumalı, müdafiə etməli idi. Onun buna gücü çatacaqdımı, axı gələcəkdə daha qorxulu əclaflar üzə çıxıb, ona hücum edə bilərdi. Onlardan necə qorunmaq yollarını da o, bilmirdi. Gözəgəlimliyi də ona bir bəla olmuşdu, qarşısına çıxan kişilər, hətta cavan oğlanlar ona söz deməmiş keçmirdilər, yollarına davam etmirdilər. Ruhiyyə özü həmin ölkələrdə olmasa da, Hüseyn danışırdı ki, Avropa şəhərlərində, hətta Parisin, ya Venetsiyanın özündə heç kəs qadına söz atmır, hamı gözəl qadınları sezməkdən həzz alır, baxış hər şeyi deyir. Lakin bu vaxt bizdə olduğundan fərqli olaraq dil işə düşmür, heç kəs şit hərəkətlərə yol vermir. Bizdə, Türkiyədə isə rus turist qadınlarına münasibətdə vəziyyət başqadır, hamı gözəl qız, gözəl qadına elə bil ki, söz atmaq yarışına girişmişdir. Bundan onların əlinə heç nə keçmir, heç nə qazanmırlar, ancaq əvvəllər küçədə oturub meyxana deyənlər kimi qıza, qadına söz atmasalar, bağırları çatlayar. Olduqca pis bir adət yaranmışdır ki, əgər sən kişisənsə, hökmən qadına söz atmalısan. Əvvəllər buna görə qızın qardaşı, ya nişanlısı yortmaqla, bıçaq işlətməklə cavab verirdi. Bu köhnəliyin qalığı olan adət sıradan çıxmışdırsa da, ona səbəb olan digər iyrənc adət - qadına söz atmaq hələ də qalmaqdadır.
Ruhiyyə Hüseynlə iki dəfə Əbu Dabidə, həmçinin, Dubayda olmuşdu, burada onun ərinin bacısı oğlu bir varlı ərəbin gənc, olduqca gözəl həkim qızına evlənmişdi. Onlar bircə dəfə Bakıda olmuşdular və Ruhiyyəgil də onların şərəfinə yaxşı məclis düzəltmişdilər. Hüseyn qaydanı pozub, bacısı oğlu ilə birlikdə onun gözəl xanımının şərəfinə fransız şampanı içmişdi. Fatimə adlı bu qız Əbu Dabidə ingilis məktəbində oxuduğundan və Tibb universitetində təhsilini də ingilis dilində aldığından islamın əndazədən çıxan qaydalarını bəyənmirdi, lap yeniyetməliyindən valideynləri nə qədər məcbur etsə də, hicab geyinməmiş, özünü müasir avropalı qız kimi aparmışdı. Əri ilə o, bir-birinə çox yaraşırdı və artıq ərinə iki oğul da doğmuşdu və onlara, atasının məsləhəti ilə əslən yəhudi olan peyğəmbərlərin adlarını qoymuşdular.
Hüseynin Təbrizdən olan azərbaycanlı dostunun iki qızı da anası ilə birlikdə onlara qonaq gəlmişdi. Mehmanxanada yaşayırdılar, lakin Hüseynlə Ruhiyyə onları bəzən nahara və şam yeməyinə restorana aparırdı. Qızlar spirtli içkini də xoşlayırdılar. "Annessi" ("Hannessy") fransız konyakını çaynikə töküb, guya çay kimi armudu stəkanlarda içirdilər. Bakılı cavanların onlara diqqət yetirməsi, milli rəqs vaxtı onlara yaxınlaşması da xoşlarına gəlirdi. İndi Təbrizdə yaşasalar da, ataları Ərdəbil şəhərindən idi, analarını, 14 yaşı olanda məktəbdən götürüb qaçmışdı. Yazıq arvad ərindən xeyli qoca görünürdü, ona Ruhiyyəgil "Həccxanım" deyə müraciət edirdilər. Çünki əri kimi Məkkəni ziyarət etmişdi.
Ruhiyyənin bu qonaqlarından aldığı təəssürata görə ərəb və iranlı qızlar arasında xeyli fərq var idi. Birləşmiş Əmirlikdən olan gəlinlərinin geniş intellektə malik olması ilə yanaşı, davranışında xoşa gələn bir nəciblik var idi. Müasir qız olsa da, namus, qeyrət məsələsində əsl müsəlman qızı kimi özünü aparırdı. Təbrizli qızlar isə azərbaycanlı olsalar da, öz hərəkətlərinə o qədər də nəzarət etmirdilər, restoranda rəqs etməkdən yorulmurdular, gedib müğənni qızla, kişi ilə şəkil çəkdirirdilər.
Bir sözlə, qadın azadlığından nə qədər söhbət getsə də, Şərqdə qadınları daim məhdudiyyətlər əhatə etmişdi. Təbrizli qızlar isə müəyyən çərçivədə olan bu məhdudiyyətlərə məhəl qoymayanda, bu, heç də yaxşı hisslər doğurmurdu.
Ərəb qızı olduqca mehriban bir insan idi, Ruhiyyəyə öz rəfiqəsi kimi yanaşır və tez-tez onlara qonaq gəlmələrini xahiş edirdi. Ruhiyyə ingiliscə yaxşı bilmirdi, ona görə də əri onların söhbətlərini tərcümə edirdi.
Əbu Dabidə onları şah ailəsini qarşılayan kimi qarşılayırdılar, səhər yeməyi də, nahar da, şam da Fatimənin atasının şəhər yaxınlığındakı imarətində əsl ziyafət xarakteri daşıyırdı, ət, toyuq əti, balıq xörəkləri, milli xörəklər, ləvəngi bir-birinə qatışırdı. 10-12 nəfərlik məclisin süfrəsinə, bəlkə də, yüz nəfərlik xörəklər düzülürdü.
Ümumiyyətlə, ərəblər çox qonaqpərvərdir, Hüseyngilin gəlinləri hesab etdiyi Fatimə isə mələk kimi insandır, o, Hüseynlə arvadına xüsusi mehribanlıq göstərirdi, özünü elə aparırdı ki, sanki axırıncılarla son iki ildir ki, yox, 20 ildən artıq bir müddətdə tanışdır. Olduqca gənc olmasına baxmayaraq, Əmirliyin paytaxtının ən məşhur ginekoloq həkimlərindən biri idi. Əri Arif də çox gözəl xasiyyətə malik idi. İngiltərədə universiteti bitirmiş, oradakı ispan bankında çalışmış, sonra tələbə dostu, sonradan qaynı olan Əbdürrəhmanın təkidi ilə Londondan Əbu Dabiyə gəlmiş və oradakı İslam bankında yüksək vəzifədə işləməyə başlamışdı. Fatimə ilə tanış olduqdan sonra bir-birinə vurulmuş, qızın atası Şəms də gənclərin qərarına etiraz etməmiş və onlar ailə qurmuşdular. Digər bir neçə qohumla birlikdə Hüseynlə Ruhiyyə "Formula-1"in böyük kompleksindəki restoranda keçirilən nişan mərasimində, sonra da şəhərdəki "Sofitel" otelindəki toy məclisində iştirak etmişdi. Arifin atası Bakıdan toya gedənlərin bütün xərclərini özü çəkmişdi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2021.- 4 dekabr.- S.22.