"Səhnənin elə qəribə təsiri var ki..."  

Elnur Qədirov: "Teatrda dava-dalaşla heç nə qazana bilmərik, primitiv söhbətləri böyüdüb problemə çevirmək lazım deyil"

 

Aktyor Elnur Qədirov 1985-ci ildə Bakıda anadan olub. Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki 104 saylı orta məktəbi bitirib. Orta məktəbdə oxuduğu illərdə, daha dəqiqi, 2001-ci il noyabrın 3-də - öz doğum günündə Akademik Milli Dram Teatrında böyük səhnəyə çıxıb. Rejissor Vaqif İbrahimoğlunun quruluş verdiyi, Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri" əsərinin tamaşasında iştirak edib. Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru fakültəsinə qəbul olunub. Əliabbas Qədirov, Cənnət Səlimova və Bəhram Osmanov kimi sənətkarlardan yaradıcılıq dərsləri alıb. Universiteti bitirdiyi il teatrda ştatlı işçi olaraq əmri verilib. O vaxtdan bu günədək səhnə fəaliyyətini davam etdirir.

***

 

- Orta məktəbdə oxuyan bir şagird kimi teatrla da əməkdaşlıq etmək elə də asan olmazdı. Hardan idi teatra bu sevgi?

- Əliabbas Qədirov atamla qohum idi. Uşaq vaxtından tamaşalara gedib baxardım və mən onda uşaq teatrlarına yox, məhz Akademik Milli Dram Teatrına gedərdim. Məktəbdəki tədbirlərdə də iştirak edirdim. Hətta ölkə üzrə keçirilən tədbirlərdə də "Topal Teymur"u oynamışdım və məhz buna görə məktəbimizə təşəkkür gəlmişdi müxtəlif yerlərdən. Əliabbas müəllimə bir gün müraciət etdim ki, olarmı teatra gedib-gəlim? Razı oldu. Və mən onun köməyilə teatrla əməkdaşlığa başladım. Kiçik epizodik rollardan, uşaq rollarından başladım.

- Heç olub ki, rollarınız ürəyinizcə olmasın?

- Əslində, mənim o yaşım yoxdur ki, rolumdan şikayət edim. Bunu qocaman aktyorlar deyə bilər, məncə. Amma tanrı bizim hər birimizi sevir. Biz də rollarımızı eynilə. Çünki bizim məhsulumuzdur nəticə etibarilə. Ən zəif, kiçik rolumuza belə sevgimizi qatırıq.

- Rol seçiminə görə rejissorla problem yaşamısınız?

- Yox, amma teatrdaxili problemlər olub. Məncə, bu da normaldır. İnsan özünə hörmət edirsə, icazə verməməlidir ona artıq-əskik söz deyilsin.

- Bəs bu sənəti seçdiyinizə görə, peşman olmusunuz heç?

- Deməzdim. Uşaqlıqdan sevmişəm bu sənəti. Düşünürəm, ağlı olan insan üçün sonrakı peşmanlıq olmur. Yəni məcburi seçim deyil. Bu sənəti seçməklə paralel, televiziyada rejissor olaraq da çalışıram. Peşman olmaq üçün səbəb görmürəm.

- Axı bu sənət gəlir gətirən sahə deyil...

 

- Əgər bu gün ac deyiliksə, bir tikə çörək yeyə biliriksə, çox şükür. İnsan dünyasını dəyişəndə özü ilə heç nə aparmır. Bir də ki, çox pulun da çox dərdi olur.

- Maraqlıdır: teatr və televiziya... Birində aktyorsunuz, digərində rejissor. Elnur Qədirov özünü əsasən hansında tapır?

- Mən ayırd etmirəm. Hər iki işi sevərək görürəm. Və zövq alıramsa, mənimçün fərq yoxdur. İlk dəfə Azərbaycan Televiziyasına Telman Adıgözəlovun sayəsində çıxmışdım. Teatrda işləyirdim, Telman müəllim o zaman "Kinoklubda görüş" verilişinə çəkilirdi, televiziyada tanışları çox idi. Ondan xahiş etmişdim ki, imkan verilsin, paralel olaraq televiziyaya da gedim. Telman müəllim tapşırdı və mən elə o vaxtdan AzTV-də çalışıram. Rövnəq Həsənzadənin bu işdə mənə çox köməyi oldu, televiziya sahəsində rejissorluğu ondan öyrəndim. Çünki mən rejissor sənəti ixtisasına yiyələnməmişdim.

 

- Pandemiya teatrlara böyük zərbə vurdu. Bu dönəmdə nə etdiniz? Rollarınızı unutmaq kimi hallarınız oldumu?

 

- Əslində, iki ilə yaxın teatr olaraq evdə qaldıq və onlayn tamaşalar oldu. Kənardan özümüzü izlədik. Teatr açıldıqdan sonra isə bütün tamaşaları məşq edirik. Və bir şeyi xüsusilə vurğulayım: səhnənin elə qəribə təsiri var ki, ora çıxdıqda, unutduğun hər şey - mizanlar da, sözlər də yaddaşında yenidən canlanır.

 

 

 

- Pandemiyadan söz düşmüşkən, bu müddət ərzində televiziyada nə baş verdi?

 

- Deyərdim ki, çox böyük uğura imza atdıq. Ən böyük layihəmiz "Eyvana çıx" oldu, bu, Mintac Elsevərin ideyası idi. Müxtəlif eyvanlarda sənət adamları konsert verirdi. Bu, çox böyük fərəh hissi gətirirdi. İnsanlar əllərində bayraqla eyvana çıxırdılar. Tutarlı bir layihə alındı.

 

- Serial, film, yoxsa tamaşa?..

 

- Teatrla müqayisə etmək doğru yanaşma deyil, mənim fikrimcə. Amma teatr aktyorları filmə də, seriala da çəkilə bilər, filmdən gələnlər isə teatrda özünü tapa bilmir. Çünki teatrda böyümək tamam başqadır.

 

- Sənətdə nəsillərarası ziddiyyətlərə necə baxırsınız? Özünüzdən əvvəlki və sonrakı nəsillə probleminiz olur?

 

- Qətiyyən. Uşaq vaxtımdan böyük sənətkarların yanında olmuşam, hətta teatrın gərgin vaxtlarında belə, həmişə böyük-kiçik yeri gözləmişik. Nurəddin Mehdixanlı, Bəhram Osmanov, Bəsti Cəfərova kimi sənətkarlarla doğma münasibətdəyik. Özümdən sonrakı nəsillə də eyni qaydada davam edirik. Teatrda dava-dalaşla heç nə qazana bilmərik. Primitiv söhbətləri böyüdüb problemə çevirmək lazım deyil.

 

- Rollarınız arasında sizi daha çox ifadə edən hansıdır?

 

- Bütün obrazlar dramaturqun qələminin məhsuludur, daha sonra rejissorun. Yekunda isə bizim - aktyorların. Heç bir obraz bütövlükdə insanı ifadə edə bilməz. Axı sən öz taleyini oynamırsan.

 

- Yaratdığınız obrazlar çox diqqətçəkən olur, məncə. Bu, bir seçimdir, ya təsadüfi alınır?

 

- Əgər belədirsə, buna çox sevinirəm. Amma teatr kollektiv işdir. Hər birimiz çalışırıq ki, orada öz istedadımızı nümayiş edək. Bu, bir ev tikməyə bənzəyir. Hər kəs bir daş qoyur. Amma vay o günə ki, ora daş qoyulmaya.

 

- Baş rolu üstün tutursunuz, yoxsa yaddaqalan obrazı?

 

- Məncə, yaddaqalan... Çünki özünü müsbət şəkildə göstərmək üçün yaddaqalan rol daha yaxşıdır. Və rol seçimini elə etməlisən ki, bu, sənə xələl gətirməsin, roluna görə utanmayasan.

 

- Tamaşanın ortasında alqış mane olmur ki?

 

- Ancaq stimul verir. Düşünürsən ki, deməli, yaxşı nəsə etdim... Tamaşaçı ağıllıdır, çox şeydən məlumatlıdır. Əvvəlki dövr deyil ki, bir televiziya və bir-iki teatr ola. İndi tamaşaçını aldatmaq mümkün deyil. Həm tamaşaçını niyə aldadasan ki...

 

- Bugünkü tamaşaçı teatrdan nə gözləyir?

 

- Yüksək keyfiyyətli, zövq ala biləcəyi tamaşa. Axı onlar teatra gələrkən iki şey itirir: pul və vaxt. Yəni fayda görmədiyi bir yerə heç kim nə pulunu, nə vaxtını sərf edər.

 

- Bu gün uğura sevinən az, amma uğursuzluğu mediaya sızdıranlar çoxdur. Buna münasibətiniz?

 

- İnsanın qəlbi təmiz olmalıdır. "Yaxşı düşün, yaxşı olsun" məsələsi. İnsan xislətində nə varsa, odur. Qəlb müqəddəsdir, qəlblərə toxunmaq, pislik etmək lazım deyil.

 

- Sizcə, sosial şəbəkələr televiziyanı geridə qoya bilər?

 

- Televiziya hər zaman doğru xəbərin ünvanıdır. Hətta "televizora baxmıram" deyənlərin də müharibə dönəmində gözləri ekranda qalırdı, qulaqları səsdə idi. Sosial şəbəkələr kifayət etmədi, insanlar  televiziyaya üz tutdular.

 

- Televiziyadakı işi ilə bağlı Elnurdan daha hansı yeniliyi gözləyə bilərik?

 

- İlk dəfə inzibatçı, sonra müxbir, rejissor asistenti, rejissor və sonra baş rejissor oldum. Hazırda "Musiqi" redaksiyasının baş redaktoruyam. Düşünürəm ki, özümə hesabat verəndə həzdən başqa bir şey almıram. "Oxuyur Vətən" adlı yeni layihəmiz var - işğaldan azad olunmuş torpaqlarda çəkilir. İlk olaraq Suqovuşanda, Hadrut, Qubadlı, Zəngilan, Ağdam, Şuşa və Xudafərində çəkmişik. İstəyirik, bunu bütün Azərbaycan torpaqlarında çəkək. Redaksiya olaraq dövlət əhəmiyyətli tədbirləri işıqlandırırıq, festivalları çəkirik. Teatrda isə hazırda repertuarda olan tamaşaları yada salıb məşq edirik. Pandemiyadan öncə bir tamaşa üzərində işləyirdik. Nicat Kazımovun rejissorluq etdiyi, Eduard de Flipponun "Flimeno Marturano" əsəridir. Baş rolları Bəsti Cəfərova və Ramiz Novruz oynayır. Biz isə üç qardaşıq - mən, Vüsal Mustafayev və Corc Qafarov, tamaşada Bəsti Cəfərovanın oğullarıyıq. Tezliklə premyerası olmalıdır. Səbirsizliklə gözləyirik. Məncə, çox maraqlı tamaşa olacaq. İnşallah, növbəti il üçün, Azər Paşa Nemətov başda olmaqla, yeni uğurlara imza atarıq.

 

Şəlalə CAMAL

525-ci qəzet.- 2021.- 4 dekabr.- S.20.