Dərddən göyərən
ümid
YAZIÇI KAMRAN NƏZİRLİNİN "QOCA UŞAQ" HEKAYƏSİ BARƏDƏ MÜLAHİZƏLƏR
Çağdaş
nəsrimizdə
və publisistikamızda bir Kamran Nəzirli fenomeni var. Azərbaycan və
Belarus Yazıçılar birliklərinin üzvü,
ədəbiyyat cameəsinin
diqqətindən yayınmayan
dəyərli hekayələrin,
povestlərin, romanların
və pyeslərin müəllifi, çeşidli
ədəbi mükafatların,
beynəlxalq ödüllərin
sahibi K.Nəzirli həm də bədii tərcümə
sənətinin kamil bilicilərindəndir. Onun
Cek London, Corc Bayron, Edqar Allan Po, Anton Çexov, Ernest Heminquey,
Oskar Uayld, Uilyam Folkner, Con Qolsuorsi və digər dünya şöhrətli
qələm ustalarının
əsərlərindən dilimizə
çevirdiyi mükəmməl
tərcümələri var.
Yaradıcılığa hekayə ilə gələn yazıçının
"Qoca uşaq" əsəri hələ illər öncə təqdim olunanda ədəbi prosesi hərəkətə gətirən,
necə deyərlər,
silkələyən nəsr
örnəklərindən idi. Əvvəla, "dahi savaş" mövzusunda olması, sonra isə qaldırdığı problematikası
ilə. Hekayə sənətkarlıq
məziyyətlərindən də xali deyil
və bədii dəyəri, siqləti ilə də diqqəti çəkir.
Bu, bir həqiqətdir
ki, kəskin dönüş anı cəmiyyətin ümumi ahəngini, insanların həyatının axarını,
səmtini büsbütün
dəyişir. Zatən bədii nümunələr
zamanının övladı,
öz dövrünün
əks-sədasıdır. "Qoca uşaq"
hekayəsi müharibənin
alovlanması ilə həyatımızda baş
verən köklü dəyişiklikləri real boyalarla
əks etdirdiyinə, içində yaşadığımız
tarixə, üzləşdiyimiz
qanlı savaş dönəminə müəllifin
münasibəti, yanaşması
ilə fərqlidir.
Yazıçı adı çəkilən
nəsr əsərini
Qarabağ həqiqətlərini
söyləmək, var
gücüylə çatdırmaq
amacı, məqsədiylə
ərsəyə gətirib.
Həmin əsər gerçək
bir dövrün, ictimai-siyasi şəraitin
inikası idi. Qələm adamına
fikir söyləmək
imkanı yaradan bir dövrün. Müəllif bu hekayəsi
ilə amansız müharibənin qaçqına,
köçkünə çevirdiyi,
aciz duruma saldığı insanların
düşüncələrinə, psixoloji durumuna, mənəviyyatına boylanmaq,
baş vurmaq istəyirdi. Gün-güzəranımızı çulğalamış ağrı-acılı olayları
saf-çürük etmək
məqsədi də önəmliydi və yazıçının əsas
hədəflərindən idi.
Artıq
yaxşı heç nə vəd etməyən Birinci Qarabağ savaşı günün reallığıydı.
Məğlubiyyətin acısını hər kəs öz taleyində yaşayırdı. Dağlıq Qarabağın və ona bitişik yurd yerlərimizin əhalisi dədə-baba torpaqlarından didərgin
düşərək Aran
ərazilərdə məskunlaşmışdı.
O torpaqlarda isə çadırlara doluşub
birtəhər yaşayan,
əslində isə baş girləyən insanlar nəfəs təngidən istidən, bürküdən cana doymuşdular. Bir leysan yağışı
da yağmırdı ki, bu didərginlər
ürəksıxıcı istidən heç olmasa, bir neçə
saatlığa qurtula bilsin. Çadır adamları təxminən otuz, otuz beş kilometr uzaqda görünən alçaqboylu dağlar qoynundakı kəndlərinə
tərəf arabir baxaraq köks ötürür, daim havalı, külək tutan çinarlığı
xatırlayırdı. Bu,
"doxsan ikidən bəri ermənilərin soxulub zorla qamarladığı",
indi yurddaşlarımızın
tamarzı qaldıqları
kənd idi. Müəllifin təbirincə
desək, "bu, həmin kənd idi ki, orda
kişilər doğulmuşdu;
onların ataları, babaları, uludan da uluları doğulmuşdular, yaşamışdılar,
qurmuşdular... axırda
da bir-iki erməni dığası
rusların köməyilə
gəlib bu kişiləri qovmuşdu ordan; çox da uzağa yox,
otuz-otuz beş kilometr bu tərəfə,
düzəngaha".
Hekayə oxucunu cəlb edən, həyəcanlandıran
və gərginlikdə
saxlayan dramatik süjet xətti üzərində qurulub. Düzəngahın çöllü-biyabanına alışmış,
qaçqınlığın hər üzünü görmüş bu zavallılar yurd həsrətinə də artıq öyrəşmişdilər.
Sısqa bulağa bənzəyən arxın
yanındakı həsirin
üstündə dirsəklənib
söhbət edən üzü tüklü bir neçə yaşlı kişi
çox mühüm bir xəbər gözləyirmiş kimi, böyürdəki çadıra
diqqət kəsilmişdi.
Aralarında qoca görünən
cavan Məmməd də vardı, görkəminə baxan ona əlli-altmış yaş verərdi. Sinnindən böyük görünən
otuz yaşlı Məmməd bir azdan ata olacaq,
ilk körpəsini qucağına
götürəcəkdi. Saç-saqqalı vaxtından
əvvəl ağarmış,
qəlyanını tüstülədən
iki ahıl kişi isə
az sonra baba olacağı anı səbirsizliklə gözləyirdi.
Çadırda isə gərgin anlar yaşanırdı. Qadınların səs-küyü, ana olacaq gəlinin - Mənzərin çığırtısından
işığı zəif
çadırda aləm
bir-birinə dəymişdi.
İlk aylar gah tövlədə, gah vaqonda, gah
da bir məktəbin
uçuq-sökük binasında,
sonra isə çadırda yaşayan,
nəmişlikdən tez-tez
xəstələnən, əzaları
ağrıyan Mənzərin
yeddi il
idi ki, uşağı
olmurdu. Hekayədə
oxuyuruq: "Mənzər
yatsaydı, yuxusuna da girməzdi ki, bir gün
o, çadırda bax beləcə, həkimsiz-filansız
uşaq doğacaq. Və bu uşağı
yeddi il
gözləsə də,
yeddi ilin bütün ağrı-acısı,
soyuğu-sazağı, xiffəti-intizarı
canına-sümüyünə işləsə də, düşünürdü ki,
axır ki nəsə olmalıdı,
belə qalmaz. Ona görə də dözürdü;
lap bəzən yeməyə
bir şey tapmırdılar, yenə də deyirdi ki, ruzu Allahındı,
o bilən məsləhətdi.
Allahın bildiyi məsləhəti
isə bu çadırdan gizlətmişdilər;
bu çadıra onun qətiyyən dəxli yoxuydu".
Yazıçı xeyli vaxtdan sonra
dünyaya uşaq gətirən ananın həyəcanını, sevinclə
kədərin arasındakı
ani zaman kəsiyini məharətlə
qələmə alıb. İntizarla yolunu
gözlədikləri uşağın
saçları ağarmış,
alnında qocalara məxsus qırışlarla
doğulması hamını
şoka salır.
Müəllif bununla belə
bir mətləbi çatdırmaq istəyir
ki, Qarabağımız
azad olunana qədər yaşadığımız
ağrı-acılar, çəkdiyimiz
müsibətlər dünyaya
gələn körpələrimizin
də simasında, zahiri görünüşündə
əksini tapır.
Yəni kədərə bələnib
dünyaya göz açan uşaqlar dərdli qocalartək doğulurlar.
Görkəmli ədəbiyyatşünas alim, mərhum Arif Əmrahoğlu K.Nəzirlinin əsərlərinin
dərdin təzahüründən
yarandığını vurğulayaraq
yazmışdı: "Qarabağ
problemini Kamran qədər sözə çevirən yazar yoxdur. Onun "Şeytan işığı",
"Qoca uşaq" hekayələri ağrıyla,
Qarabağla bağlı
olan ən təsirli əsərlərdəndir.
Kamran Nəzirlinin nəsri dərdli də olsa, işıqsız deyil, onun əsərlərində
dərdlə bərabər,
işıq da var". Bu deyilənlərə
onu da əlavə
edim ki, yazıçının bədii
nəsrində, doğrudan
da, dərdlə ümid qoşadır.
Əgər dərddən göyərən
ümid olmasaydı, hekayənin qəhrəmanı
Mənzərin kədər
dolu ürəyində
bir inam qığılcımı yaranmazdı.
İntizarla gözlədiyi çağasını
sinəsinin üstünə
qoyan gənc ana ona söylənən
"uşağın dərmanı
ana südüdür"
fikriylə qanadlanmazdı.
Məhz ana südünün möcüzəsiylə körpəsinin
alnındakı qırışların
da yoxa çıxacağına
ümid bəsləməzdi.
Bu sətiraltı mənalar həm də müəllifin xoş günlərin gələcəyinə ümid
və inamının nişanəsidir.
Müasir Azərbaycan ədəbi tənqidinin ünlü isimlərindən olan, "hekayə nəsrin "boyca balaca", amma "ağılca" ən yüyrək bir janrıdır" deyən professor Vaqif Yusiflinin də K.Nəzirlinin yaradıcılığı ilə bağlı dəyərli mülahizələri var. Onun fikrincə, "yazıçının hekayələri içərisində oxunmalı, yaddaşa həkk olunmalı nümunələr az deyil. Əsas odur ki, bu hekayələr janrın tələbləri ilə səsləşir, gerçəkliyin hadisə və olaylarını doğru-düzgün əks etdirir, onun qəhrəmanları həyatidir, bədii təxəyyül burada həlledici rol oynasa da, o qəhrəmanlar həyatdan gəlir... Nasirin "hadisə, vəziyyət" hekayə tipinə aid olan "Qoca uşaq" hekayəsini oxuyursan və doğrudan da, təsirlənir, həyəcanlanırsan. Yurddaşlarımızı çadırlarda yaşamağa, səfil-sərgərdan həyat keçirməyə məcbur edən hadisələr, vəziyyətlər insanı düşündürür".
İstedadlı şair-publisist Vaqif Bəhmənliyə görə isə, "O, sözə dəyər verməyi bacarır. Bir kəlmə ilə minlərlə fikri ifadə edə bilən nasirdir. Kamran "söz kimindir? - götürənin prinsipi ilə yazıb-yaradır".
Müəllifin öz personajlarının ruhi-psixoloji durumunu dolğun əks etdirmək üçün yerinə düşən, uğurlu tapıntıları sayılan təsvir vasitələri ilə zəngin, həm də çox rəvan hekayə dili, səlis təhkiyəsi var. Bu hekayə tariximizin konkret bir dövrü haqqında yazıçı baxışının tərcümanı olan dəyərli nəsr nümunəsidir.
Yazıçı müsahibələrinin birində qeyd edib ki, "mən xoşbəxtəm ki, həmişə Allahın adamlarının arasında olmuşam. İnsanın taleyi onun qarşısına çıxanlardan asılıdır. Bu mənada mən bəxti gətirən insanam ki, nurlu insanlara rast gəlmişəm və bu nurlu insanların işığı mənim kimi çoxlarının taleyini həll edib. Yazıb-yaratmaya bilməzdim, çünki qarşıma çıxanlar yaxşı insanlar olub... Mənə görə, həyatın prinsipi çox sadədir - doğulmaq, yaşamaq və ölmək. Mənim qəhrəmanlarım üçün doğulmaq və ölməyin əhəmiyyəti yoxdur. Onlar üçün əsas mahiyyət necə yaşamaqdır".
Yazıçı Qarabağ hekayələrində üzləşdiyimiz
qanlı savaşın taleyimizə gətirdiyi hadisələri
təsvir edəndə də, soydaşlarımızın
iztirabını, yurd həsrətini qələmə
alanda da əsarətdə
olan torpaqlarımızın nə vaxtsa düşməndən azad
olunacağına gün kimi
inanır, böyük
Zəfərimizi ümidlə, intizarla
gözləyirdi. Nə yaxşı ki, bu möhtəşəm Qələbənin doğurduğu sevinc duyğusunu, fəxr-fəxarət hissini yaşamaq ona da nəsib oldu
Zemfira
MƏHƏRRƏMLİ
Yazıçı-publisist
525-ci qəzet.- 2021.- 4 dekabr.- S.