Milli ideya və
ideologiya düşüncələri
Milli
kimlik, milli ideya, dövlət ideologiyası - Azərbaycanda
yüz əlli ilə yaxındır Avropada və Rusiyada gedən
prosesləri izləyən, bilən və xalqın
bütövlüyünü, azadlığını
düşünən ziyalıların əsas
qayğılarından və müzakirə
mövzularındandır... O başda bu məsələni ən
dərindən araşdıran dahi Mirzə Fətəli
Axundzadədir, bu başda akademik Yaşar Qarayev.
Lakin milli
kimlik və ulusal ideya, Azərbaycan dövlətinin
ideologiyası ilk dəfə 1918-1920-ci illərdə, Xalq
Cümhuriyyətinin qurucuları tərəfindən rəsmiləşdirilmişdi:
türk kimliyi, çağdaş yaşam tərzi və islam inancı... Bayrağımız
da bu ideologiyanın rəmzidir.
Bununla yanaşı, cümhuriyyət
qurucuları Cənubi Qafqazın türklər və müsəlmanlar
yaşayan bu bölgəsinin qədim və halal "Azərbaycan"
adını da unutmamışdılar. Türk etnosunun hələ türk
adını almamış çağlarından yol alıb,
çeşidli adlar altında tarix dərələrini
yara-yara gələn az, azər, Azərbaycan
bu bölgədə öz mülkiyyət, sahiblik, liderlik
haqqını, varlığını qorumaq üçün
elə türk sözü qədər çətin bir
mübarizə yolundan keçmişdir.
Məhəmməd Əmin Rəsulzadə türk
kimliyini önə çəkərkən, Azərbaycançılıqla
türklük arasında heç bir fərq görmədiyini
deyirdi.
1991-ci ildə müstəqilliyimizin bərpası Milli
ideologiyamızın da bərpası oldu. Ermənistanın
torpaq iddəası və müharibə ucbatından müstəqilliyin
ilk illərində bir çox vəzifələrimiz yerinə
yetirilməmiş qaldı. Ölkənin
parlamentdə seçilən ilk prezidenti Ayaz Mütəllibov
iqtisadçı idi və ölkənin gələcəyini
daha çox iqtisadiyyatın liberallaşmasında,
sahibkarlığın inkişafında görürdü.
Hakimiyyətə xalqın-kütlənin
içindən gəlmiş Əbülfəz Elçibəy
milli dəyərlərə söykənməklə daha
çox türk kimliyinin bərpasına
çalışırdı. Sovetlər birliyinin liderlərindən olmasına
baxmayaraq, xalq arasında nüfuzunu saxlayan və kommunist
erasının bitdiyini, milli dövlətçilik
zamanının gəldiyini görən Heydər Əliyev əsas
diqqətini ölkə daxilindəki birliyin qorunmasına, Azərbaycançılığa
və iqtisadi inkişaf yollarının axtarışına
yönəltdi.
30 il torpaq itkisi, bir milyon insanın taleyi,
savaşda uduzmağımız - xalqın əsas
qayğısı idi və böyük milli ideallarımız
da bu qayğıların içində səbirlə gözləməli
oldu.
Bu arada müharibə şərtləri ilə
uyuşmayan "zorən demokratikləşmə", yəni
çoxlu partiyanın və partiya adı daşıyan
qurumların meydana çıxması bir hissəsi köhnəlmiş,
bir hissəsi yeni olan bir sıra ideologiyaların yolunu
açdı.
"Kommunist", sosial-demokratiya
illüziyalarını qorumağa çalışanlarla milli
istiqlalçılar, müsavatçılar,
xalqçılar, həmrəyçilər yan-yana
dayandılar. Lakin 30 illik gözləmə
dövrü bu ideyaların çoxunu
solğunlaşdırdı, qocaltdı.
İkinci Qarabağ savaşındakı qələbə
Azərbaycan tarixinin yeni bir başlanğıcıdır və
savaş öncəsi milli birlik zərurətinin ortaya
atılması, iqtidarla müxalifətin vətəndaş həmrəyliyi
ideyası ətrafında bir araya gəlməsi qələbəmizi
şərtləndirən amillərdən biri olmaqla,
müharibədən sonrakı həyatımızın da əsas
əlamət və uğurlarındandır.
İndi milli ideya və dövlətimizin ideologiyası
haqqında həm nəzəri aspektdə, həm də real
qaynaqlar və hədəflər öyrənilməklə,
keçmişi və gələcəyi düşünərək
danışmaq imkanı genişlənib və zərurətə
çevrilib.
Siyasi partiya məfhumu, partiyalarin ideoloji özəllikləri
əsasən, son əsrlərin məhsuludur. Ancaq milli ideya
anlayışlarının əhatə etdiyi məna,
çeşidli adlar altında xalqların və dövlətlərin
meydana çıxdığı uzaq çağlarda onlarla
bir yerdə doğulmuşdur. Avropa
filosofları ideya sözünün arxasında daha çox
ictimai və mənəvi azadlığı nəzərdə
tuturdular (İdeya sözünü fəlsəfi termin kimi
ortaya atan Kant olmuşdur). Şəxsin
daxili azadlığını və ruhi
rahatlığını düşünən fəlsəfə
dinə yaxınlaşır, insanın qısa
ömrünü stress və bədbinlikdən qurtarmaq
üçün dinə bağlılığın gücləndirilməsini
zəruri sayırdı.
İdealın
nə demək olduğunu anlatmaq üçün çox vaxt
"proobraz" sözünü qullanırlar; yəni xəyal
etdiyimiz, arzuladığımız, hər zaman
güzümüzün önündə olan, lakin yetə bilmədiyimiz
bir "gözəllik ilahəsi", yol göztərən
işıq, durna çırağı, ağ zirvəsiylə
uzaqdan görünən və çağıran uca dağ,
dağlar...
İnsan üçün ideal - özünün, ailəsinin,
yaxınlarının sərbəst, azad, ehtiyacsız
olması, təhlükəsiz bir mühitdə xoşbəxt
yaşamasıdır.
Xalq da belədir. Onun da idealı ayrı-ayrı fərdlərin
arzularının cəmidir. Fərdlər
düşüncə, əxlaq, ədalət,
qarşılıqlı sayqı, mərhəmət,
çalışqanlıq, cəsarət baxımından nə
qədər kamil olsalar, onların cəmiyyəti və
xalqı da o qədər yüksək ideallara can atacaq. Xalqların yolu, sözü, həyat
və hərəkət tərzi bu şəkildə
biçimlənir, qurduqları dövlət də o xalqın
ruhundan doğan müəyyən məqsədlərə xidmət
edir, bəlli bir hədəfə çatmaq üçün
çalışır.
Milli ideyaların yaranması, inkişafı və sonda
dövlət ideologiyasına çevrilməsində
böyük şəxsiyyətlərin, liderlərin, ədəbiyyat
və siyasət adamlarının, filosofların rolu
danılmazdır. Tarixdə güclü sərkərdələrin
və dövlət başçılarının öz inam və
iddəalarının kütləviləşib xalqları və
dövlətləri hərəkətə gətirən, qələbəyə,
zirvəyə, bəzən də uçuruma aparan gücə
çevirdiyinə aid çox misal var. Hitlerin simasında
faşizmin aqibəti onlardan biridir. Pasianarlığın
və çöküşün başlanmasında da şəxsiyyət
amili danılmazdır. Təbii ki, başqa
amillərlə bir sırada.
Zəngin
şifahi ədəbiyyat, atalar sözləri və misallar,
dastanlar - türklərin mənəviyyat
və ruh xəritəsidir! Böyük millət
olma yolları orda çox aydın izlənir. Törələr,
ictimai əxlaq güzgüsü olan xalq deyimləri, keçilən
yollar və yaşam tərzi, onlara güc verən dəyərlər
haqqında tarix kitablarından daha artıq material verir.
Orxon-Yenisey
yazılarında - "Üstə mavi göy çökmədikcə,
altda yer yarılmadıqca sənin düzənini kim poza bilər"
nidası və budunun (millətin) birliyə
çağırılması, "dövlət dövlət
oldu, xalq xalq oldu" deyə bu iki anlayışın
biri-birindən asılılığının önə
çəkilməsi - bugünkü düşüncə baxımından tərtəmiz
bir ulusal ideyadır. "Mavi göy
çadırımız, günəş
bayrağımız!" deyimi də xalqın qüdrətini,
yaşayış dairəsinin genişliyini, iradəsini və
kürəsəl iddəasını göstərən bir
ifadədir; səfərbəredici və birləşdirici
gücdür, dini ayinlər səviyyəsində sehirləyici,
insanı kosmik bütövlüyə qovuşduran səmavi
sözdür, millətin əbədi şüarıdır,
bugünkü anlayışla həm milli, həm dövlət
ideologiyasıdır.
Şah İsmayıl Xətainin "Sizə Azərbaycan
lazımdır, yoxsa Gülüstan qalası?" sorusu da
qurduğu dövlətin hədəfini və
ideologiyasını göstərirdi. Savaşa girməzdən qabaq səsləndirilən
saz havaları, türkcənin ordu dilinə, ümumişlək
dilə çevrilməsi yazılmamış Ana Yasanın əsas
maddəları idi və Şahın milli durum və niyyətini
göstərirdi!..
Savaş öncəsi təkbirlər - Allaha
bağlılıq əzmindən, böyük inancdan və
sevgidən doğan ayinlər idi, müqəddəs sözdən
güc almaq inamı idi. Bütün mövsüm və mərasim
nəğmələri, milli birliyə xidmət edən
bütün adət-ənənlər də o
yazılmamış Ana Yasanın qızıl sətirləri
idi.
Türklərə,
o cümlədən, Azərbaycan türklərinə xas bir
çox özəlliklər - böyüklərimizin yaradıcılığından
süzülərək yüz illəri aşan fikir
axınlarına - millətin dini və dünyəvi aləmini
biçimləndirən sistemə çevrilmişdir.
İsmayıl Qaspıralının məşhur "fikirdə,
sözdə, əməldə birlik"
çağırışı, Əli bəy Hüseynzadənin
türkçülük, çağdaşlıq və
islamçılıq ideyası da əslində öz mənbəyini
min illərin yaddaşından,
Vətəni, insanı, Allahını sevmək və
qorumaq etiqadından, səlib müharibələrinə dirənişlərdən,
Nizaminin evrənsəl və zamanı qabaqlayan humanist təfəkküründən,
ədalətli dünya axtarışından, Əhməd Yəsəvinin
Türküstanda və Anadoluda türklüyü və
İslamı yayan müridlərinin yorulmaz təlimlərindən,
Nəsiminin insanı qutsallaşdıran və Allaha
qovuşduran fəlsəfəsindən, Füzulinin
böyük sevgisindən, M.F.Axundzadənin xalqı
çağdaş mədəniyyətlər səviyyəsinə
qaldırmaq yolunda qəhrəmancasına mübarizəsindən, ürəyini məşələ
çevirən ziyalı nəsillərinin fədakarlığından,
şəhadət xoşbəxtliyindən, vətəndaş
dayanışmasından və milli birlikdən başqa yolun
olmadığının dərkindən
götürmüşdü.
Ən qədim çağlardan bəri türklər həmişə
öz geniş dünyalarında quş kimi azad, təbiətin
bütün sirrini və gözəlliyini duya-duya, daim gözlənilməz
təhlükələrə hazır, havanın, suyun,
torpağın bir parçası kimi, ölümlə nəfəs-nəfəsə
yaşayıblar. Tanrıçılıq onları sonsuz
göylərə bağlayıb; İslam ölümün son
olmadığına, Haqq dünyasına inandırıb.
Yurd, ailə, soy, tirə, qövm sevgisi
onları təbii şəkildə birləşdirib, gərəkəndə
vahid gücə çevirib.
Eyni
zamanda, hər türk bir qəhrəmandır; dastanlardan,
nağıllardan gördüyümüz kimi, yurda gələn
fəlakəti təkbaşına önləmək istər,
düşmən üstünə tək gedər, hiylədən
uzaqdır, sözündən qaçmağı kişilikdən
saymaz, sözünü əyməkdənsə cəzanlanmağı
seçər, qılıncına, atına, qolunun
gücünə güvənər, mərddir və kimsədən
namərdlik gözləməz, Tanrı ilə söhbət
edirmişcəsinə təkbaşına - solo oxuyar,
bütün yolların geriyə - ata yurduna dönməsini
arzular, ilahi ədalətə, balansa, bu dünyada itirdiklərinin
əvəzini o dünyada alacağına inanması onun daxili
azadlığının mənbəyidir. Halaldır,
düzdür, mərhəmətlidir, el içində
üzüağdır... Milli xarakter, milli ideya və yaşam tərzi
buradan doğur. Tarix boyu düşüncəsinin
düzlük, halallıq, saf sevgi, ədalətə inam və
azadlıq üstündə qurulması bəzən sadəlövhlük
dərəcəsinə çatıb, bu saflığın,
inanmaq xəstəliyinin əzabını da görüb.
Lakin əqidəsi və yolundan dönməyib.
Dünya
Cəhalət qaranlığında ikən Babək azad cəmiyyət
arzusu ilə yaşayırdı, Qərbin qanlı
xaçlı yürüşləri uc-uca calananda Nizami Gəncəvi
xalq iradəsi ilə idarə olunan əsl ideal və ya utopik
dövlət modelini vəsf edirdi, Əxilik-Qardaşlıq təşkilatları
bütün Yaxın Şərqdə birliyin,
qarşılıqlı yardımın inkişafın əsas
şərtlərindən biri olduğunu təbliğ edirdi,
ürfan ocaqlarının hikmətləri Birləşmiş
Millətlər Təşkilatının bugünkü
konsepsiyası səviyyəsində dayanan dünya düzəni
təlimi idi.
Amma sonra
xarici düşmənlər və daxildəki çəkişmələr
düzəni pozdu, çöküş başlandı,
parçalandıq, bir-birimizə düşmən olduq,
başqalarının yeminə çevrildik,
kökümüzü, yolumuzu, dinimizi, törəmizi, dəyərlərimizi
unutdurmağa çalışdılar və buna qismən də nail oldular...
Azərbaycan Cümhuriyyətinin öz dövlət rəmzlərini
və idelogiyasını müəyyənləşdirərkən
türklüklə yanaşı, İslam inancımızı
əsas seçməsi yuxarıda
sadaladıqlarımızı tamamlayır. Milli ideyada dinin
özəl bir yeri var. Katolik avtoritarizmi, protestant fərdiyyətçiliyi
(Berdyayev) ilə müqayisədə insanların Allah
qarışısında bərabərliyi
haqqında İslam inancı
müsəlman qardaşlığının əsasıdır
və milli ideyamızın formalaşmasına ciddi təsir
göstərmişdir.
Milli ideya - Azərbaycan xalqının əxlaqını,
inancını, niyyətini, təbiətə və insana
münasibətini, tarixindəki yerini, simasını, yaşam
tərzini, gələnəklərə
bağlılığını və gələcək
haqqında arzularını cəmləşdirir. Bunlar bir yerdə
həm də azərbaycanlıların başqa toplumlar
sırasında yerini göstərir, onu tanıdır.
Dözümlülük,
mərhəmət, təbiət sevgisi, ocağa, ata-anaya,
övlada bağlılıq, tarixə dərin sayqı, Vətən
yolunda şəhadət sevinci, dünya malından imtina edib
özünü haqq dünyasına hazırlamaq
gözütoxluğu, tale hökmünə, qəzaıü-qədərə
boyun əymək və bundan doğan biganəlik...
Bütün bunlar Azərbaycan ərazisində yaşayan
bütün xalqları, özəlliklərini qorumaqla, vahid gücə
çevirmişdir və onların ümumi ideya
qaynağıdır.
XX yüz
il qanlı dünya müharibələri qədər
zərər verən qansız ideoloji müharibələrə
yol açdı. Marksizm, Leninizm, Stalinizm, Sosializm... Bunlar
insanı göylərdən, inancdan, mifdən, Allahdan
qoparıb yerə endirdi və yerdə əzdi; ideya olaraq nə
qədər parlaq görünsələr də, yaşaya bilmədilər.
Kollektivin şəxsiyyətə qarşı qoyulması, fərdin
cəmin içində əriyib itməsi, xalqların min illərlə
formalaşmış düşüncə, əxlaq, inanc və
yaşayış sistemlərinin dağıdılması,
onları manqurt, idarə olunan bir sürüyə,
böyük əmək və qazanc alətinə çevrilmək
istəyi uzun müddət yaşaya bilməzdi.
Bunun ardınca dünya liberalizmə, pasifizmə qədər
bir çox başqa tez yanıb tez sönən izmləri
dişinə vurandan, onların gətirdiyi fəlakətlərin
şahidi olandan sonra bir ideologiyasızlaşdırma, rəsmi
dövlət ideologiyalarını inkar dövrü
başlandı.
Lakin tezliklə bəlli oldu ki, aydın ideoloji xətt
olmayanda dövlətin fikir yönəticiliyi oliqarx
ideologiyasının, pul və ya qazanc mafiyasının, mason
qruplarının əlinə keçir və bunlar maneəsiz
at oynatmaq üçün ilk növbədə millətlərin
tarix boyu biçimlənmiş mənəviyyat və əxlaq
dəyərlərini ucuzlaşdırmaq, ləyaqət hissini
sarsıtmaq, beyinləri təmizləmək, milli
yaddaşı ləğv etmək yolunu tutur. Bu baxımdan Sosializmlə
Kapitalizm bir-birindən az fərqlənir və heç biri ideal deyil.
Böyük
güclərin və dünya ağalığı iddəasında
olanların, oliqarx birliklərinin
qullandıqları gizli və pərdələnmiş
silahlar çoxdur: kürəsəlləşmə təbliğatı,
qitələrarası kompaniyaların, şirkətlərin,
terror təşkilatlarının dövlət içində
dövlət yaratmaq niyyəti, demokratiya transferi, feminizm, cins və
şəxsiyyət varlığının, ailə düzəninin
uçurum kənarına gətirilməsi, siyasi pandemiya, ideya
ixracı və s. Bütün bunlar həmin güclərin
dünyada maneəsiz hərəkətinə yol açmaq
işinə ximət edir..
Təbii ki, ideyasızlaşdırmaq istəyinin
uğursuzluğu dünyada yeni ideologiyalar
axtarışını genişləndirmişdir. Məsələn,
Rusiyada belə ideologiyalardan birinin müəllifi,
yazıçı-siyasətçi Sergey Qorodnikov zahirən
diqqəti daha çox iqtisadi tərəqqiyə yönəltmişdir
və hesab edir ki, "orta təbəqənin inkişafı və
yeni iqtisadi siyasət nəticəsində ölkədə
velikoruslar, beloruslar, ukraynalılar və bizə (ruslara - S.R.)
yaxın olan xalqlar birləşəcəklər". Göründüyü kimi, Rusiyanın bu yeni ideoloqu
da milli ayrı-seçkilik xəstəliyindən xilas
olmamışdır.
Etnik birliyi göstərən ulusal sözü ilə
inanc birliyini ifadə edən milli sözü arasında fərq
var, lakin bu fərq getdikcə itir və hər ikisi xalq, millət
çərçivələrini ifadə edir.
Sovet
ideologiyası Azərbaycanı ümumtürk tarixindən və
kökündən qoparıb Rusiyanın sayəsində
dövlətçilik qazanmış, hətta adını, əlifbasını,
sərhədlərini də Sovet dönəmində müəyyənləşdirmiş
cavan bir xalq kimi, tariximizi isə fars-İran tarixinin bir
parçası kimi təqdim edirdi. Sovet Azərbaycançılığı
respublika ərazisindəki azsaylı xalqları, etnik
qrupları birləşdirsə də, təəssüf ki,
bizi böyük türk dünyasından ayırırdı.
Özünə sayqı göstərən,
özünün var olmasını istəyən xalq
kiçikliyindən-böyüklüyündən
asılı olmayaraq heç bir xalqın əriyib itməsini,
tarix səhnəsindən çəkilməsini istəməz.
Sən ondan böyüksən, ancaq səndən
də böyüklər var. Böyüklük məhv etmək
haqqı vermir. Azərbaycan ərazisindəki
xalqlar neçə min ildir heç bir rəsmi ideologiya, təbliğat
olmadan da bir yerdədirlər, böyük Vətən
anlayışının, gözəl Azərbaycan adının
çətiri altındadırlar və
qaynayıb-qarışıblar. Bu
coğrafiyada bütün xalqların adı qala-qala
türklüyün unutdurulması və yasaqlanması, əslində
gizli ayrımçılıq toxumu səpməkdən
başqa bir şey olmamışdır.
Bütün xain cəhdlərə, bizi
özümüzdən uzaqlaşdırmaq, yadlaşdırmaq,
kökümüzdən qoparmaq, böyük dünyamızdan
ayırmaq siyasətlərinə baxmayaraq, Azərbaycan
türklüyü yeni intibah dövrünə qədəm
qoymuşdur.
1988-ci ilin meydan olayları bu intibahın
başlanğıcı idi. Heç nəyi unutdura bilmədilər
- nə türk və Turan sözlərini, nə Güney Azərbaycanı,
nə İran deyilən ölkənin qədim türk yurdu
olduğunu, nə Hind-Avropa mədəniyyəti adına
çıxmaq istədikləri Şumer, Hun, Sak-işquz sivilizasiyalarını, nə
Türk birliyi arzularını... Çünki bunların
heç biri uydurma deyil, çünki bunların heç biri
aqressiyaya xidmət eləmir, başqa xalqlara nifrətdən,
işğalçılıq niyyətindən
doğulmayıb. Bunlar bir tərəfdən həmin o
Hind-Avropa ideoloqlarının, Avropa xaçpərəstlik
düşüncəsindən indiyədək qopa bilməyənlərin,
Avropa mərkəzçilərinin, digər tərəfdən
ərəb-fars işğalçılıq niyyətinin bizə
unutdurmağa çalışdıqları, hissə-hissə
əlimizdən aldıqları, ancaq sonadək
bacarmadıqları dəyərlərimizdir,
kökümüz, yolumuz, varlığımızdır.
Yeni Azərbaycan düşüncəsi və milli
ideologiyamız bu həqiqətin dərkindən başlanır. Azərbaycan
respublikasının quruculuğunda fəal şəkildə
iştirak etdiyi Türk birliyi dünyamızın və gələcəyimizin
yollarını, üfüqlərini göstərir. Dünənə kimi Türk-Turan sözlərini
dilimizdə donduranların bu gün fəal şəkildə
bu hərəkatın ön sıralarına dartınmaları
bizi sevindirir. İsmayıl Qaspıralının
"fikirdə, sözdə, əməldə birlik" fəlsəfəsi
yenidən bayrağa çevrilir. Yeni nəsil
tarixə, ədəbiyyata, coğrafiyaya, mədəniyyət
qaynaqlarımıza tamamilə dəyişik bir müstəvidə
baxacaqdır.
Bu gün Türk-Turan birliyi dövlət
ideologiyasının əsas xətlərindən birinə
çevrilir.
Türkçülük milli eqoizm, şovinizm deyildir,
özünüdərkdir. Türkçülük Azərbaycançılığa,
özbəkçiliyə, qazaxçılığa,
türkmənçiliyə qarşı deyildir, əksinə,
onların hər birini ayrı-ayrılıqda
böyüdür və birləşdirib bükülməz
bir yumruğa çevirir.
Bizim millət olaraq başqa bir idealımız və hədəfimiz
də var, o da Azərbaycan türklərinin ümumi
istiqlalı və birliyidir.
İranla dinc qonşuluq siyasəti bizə bu
haqqımızı unutdura bilməz. İran öz
içindən dağılıb parçalanmaq istəmirsə,
güneyli qardaşlarımızın öz ana dilində
oxumaq haqqını, Azərbaycan Respublikası ilə mədəni,
iqtisadi əlaqə haqqını tanımalıdır. Dövlət sərhədləri milləti
ayırmamalıdır. Milli
idealımız Azərbaycanın öz torpaqlarını
düşməndən təmizlənməsi və bütövləşməsidir.
İdeologiyamız türkün humanizm, milli
demokratiya və qardaşlıq ənənələrinə
söykənən vətəndaş həmrəyliyidir.
Tarixin qədim çağlarında Quzey Azərbaycana - Bakıdan Dərbəndə və daha şimala doğru uzanan torpaqlara Türküstan, Arazın Güneyindəki yerlərə Turan deyirdilər. Azərbaycan eyni vaxtda həm Turan, həm Türküstan idi. Sonra bu anlayışların sərhədləri genişlənmişdir. Azərbaycan türklüyün beşiyidir və 2009-cu ildə Türk Şurasının Naxçıvanda elan edilməsi də tarixi ədalətin təntənəsi idi. Bu il Türkiyədə Türk Dövlətlər Təşkilatının yaradılması bu yüzildə türk xalqlarının ən böyük qələbələrindən biridir. Türkün məsləhət, gənəşmək ideyası yenidən birliyimizin və bərabərliyimizin əsas şərtinə çevrilir. Gücümüz, iqtisadi qüdrətimiz qarşılıqlı anlaşmada və birliyimizdədir!
Bütöv Azərbaycan və Turan birliyi ideyası yeni nəslin tərbiyəsində təməl cizgi olmalıdır!
25.11.2021
Sabir Rüstəmxanlı
525-ci qəzet.- 2021.- 4 dekabr.- S.14;15.