Pərvinin "bu da var" həqiqəti
"Poeziya sənəti"nin məşhur yazarı Nikola Bualo özünəməxsus əminliklə
təkrar edirdi ki, zamanənin əli bizi günbəgün
dəyişdirir. Doğru...
Və o da doğru ki, bu dəyişmələr
öz axarınca sənə tanış,
lap elə Nuh əyyamının yaşıdı
olan nəsnələrə
yeni baxış bucağından nəzər
yetirmək, "oxunmuş
bayatıları" yenidən
incələmək zərurətini
gündəmə gətirir.
Tanınmış yazıçı-publisist
Pərvinin "Vəziyyət
ruscadır" adlı
kitabına daxil edilən esselər həmin zərurətin ortaya qoyduqlarıdır; bu dəfə daha dolğun, bitkin, məntiqli şəkildə! Bu dolğunluq, bu bitkinlik təkcə yetərincə cilalı, istedadla şərtlənmir.
Eyni zamanda (və daha çox) "ağıl və idrakın, zəkanın hökmünə tabe edilən" (Bualo), "zəhmət, üstə,
gəl, yenə də zəhmət" tapşırmasından barınan
bir istedadın bəhrələridir. Yəni Pərvinin
esseləri ilk növbədə
ağıl və idrakın, zəhmət və zəkanın harmonik şəkildə cilaladığı parlaq istedadın dolğun qənaətləridir. İlk növbədə,
anlamaq və anlatmaq cəhdləridir.
Həyatın sadə
həqiqətinə "rus
poeziyasının günəşi"
A.S.Puşkin qədərindən,
nakamlığından nəzər
yetirməkdir ki, "kim olursan ol,
yaşadığın zamanın
və zəmanənin
əsirisən", bu
aqibət sənin taleyindir, bu əmrə peşman ola bilməzsən...
Burası dəfələrlə deyilmiş, məlum yaşantılardır. Ancaq
həyatın bu soyuq, könülsıxıcı
həqiqəti Pərvinin
qələmindən ilıq,
imisti, cazibədar və oxunaqlı, lirik ovqatıyla keçir, öz ətri, səmimiyyəti və şeiriyyətilə
bir arada: "Puşkin öldü... Öldürdülər! Fransız
Jorj Dantes öldürdü... Dueldə!
Rus poeziyasının günəşini söndürən
adam kimi
tarixə düşdü.
Puşkinin rəsmi nekroloqunda məhz belə yazılmışdı;
rus poeziyasının günəşi... Amma bu günəşin günahı vardı, çarın qadağan etdiyi işi tutmuşdu..."
Bu, Pərvinin məlum
duel hadisəsinə yenidən
və dəfolunmaz istəklə oxucu marağı çəkməsi
ustalığı, yazıçı
"bicliyi", sənətkar
"oyunu"dur. Özü də olduqca usta bir gəlişməylə.
Razılıq doğuran daha bir cəhət ondan ibarətdir ki, Pərvin məlum tarixi eyni ustalıqla, eyni cəlbedici ahənglə davam etdirir. Yəni elə bil oxucuyla öz
arasında belə bir alay,
"bazarlaşma" yapır
ki, di mabədini,
davamını oxuma görüm, necə oxumursan... Oxucu marağındadır ki, Puşkinin sonunu gətirən o qadağa nə qadağasıdı elə.
Bu, Pərvinin oxucuyla öz arasında qoyduğu intizar, maraq fasiləsidir. Amma yazıçı
fasiləni çox da uzatmır, oxucu zehnini yormur.
Lirik ovqat, səmimi təhkiyə həmən
nəql edilən əhvalatın davamını
gətirir. Sən
demə, çar dueli qadağan edibmiş: "Bəli,
duel yasaq idi, ona görə Aleksandr Sergeyeviç aldığı güllə
yarasından sonra can verə-verə I Nikolayın
sözünü gözləyirdi...
Nə qəribədi,
ölmək üçün
Birincinin əmrini gözləmək lazım
imiş..." Yəni
yaşadığın zamanın
və zəmanənin
əsirliyindən kənarda
yaşaya bilməzsən!
Elə bu lirik əsintilər fonundaca Pərvin esse içində esse təqdim edə bilir. Ricətdən ricətə keçidlər
edir. Bestujev-Marlinski,
Mirzə Fətəli
Axundzadə, Lermontov, Bayron,
Vladimir Nabokov, A.P.Çexov, Qoqol və başqalarının
yaşamına, dünyagörüşünə
baxış nəfəscikləri
açılır, yığcam
və uğurlu bir esse daxilində.
Mövzu
mövzunu çəkir.
Yormur, bıktırmır. Keçidlər son dərəcə uyarlı
və zəncirvaridi.
Ölən və öldürülən
dahilərin ölməzliyini
təmin edən əsərlərin yeni bir baxış bucağından incələnməsi
prosesi bir-birini izləyir. "Belkinin
povestləri" yaşayır
- deyə, "Zəmanəmizin
qəhrəmanı" yaşayır
- deyə; "Ölməyəcəklər!"
əminliyi ilə bir arada...
Çünki dünyəvi, bəşəri
dəyərlər daşıyıcıları
idilər. Hər yeni dövrün,
"eranın başlanğıcında
yeni bir axının, yeni bir istiqamətin istinad nöqtəsinə",
təməlinə dönəcək,
əsrdən əsrə
yeni bir yöndən daxil olacaqdılar.
Pərvin ellər atası İ.V.Stalinin ömrünün lap son çağlarında "onlar bizə indi daha çox lazımdırlar" - deyə adlarını dərin ehtiramla çəkdiyi Qoqoldan da, Saltıkov-Şedrindən də eyni həssaslıq və səmimiyyətlə söz açır. Ellər atasının böyük satirikləri məftunluqla anmasının səbəblərini əsl ədəbiyyatşünas-araşdırmaçı səriştəsilə açıqlayır: "Qoqollar, Şedrinlər çar hakimiyyətinin iç üzünü açıb göstərdiyi, ifşa etdiyi üçün lazım idi... Hər halda, belə yozulurdu onların bütün mətnləri... Bir il sonra Stalin öləcəkdi! Və ab-havanın mülayimləşməsi ilə yeni bir dövr, yeni bir era başlayacaqdı. Onda Qoqollar, Şedrinlər sənətdə başqa bir istiqamətin, axının mənbələrindən biri olacaqdılar!"
Pərvin 19-cu yüz il rus nəsrini "yox yerdən yaradıb" inkişaf edirənlərdən olan Tolstoydan, Fyodor Dostoyevskidən, eləcə də Turgenevdən, A.P.Çexovdan, Nikolay Leskovdan, daha sonrakı dönəmin ustad yazarları M.Qorkidən, Şoloxovdan və başqalarından söz açdığı esselər daxilində belə maraqlı paralellərə, haşiyə içində haşiyə gəzişmələrinə yer ayırır, xəsis (və dolğun) boyalarla bu paralellik daxilində dünya ədəbiyyatının tanınmış simalarını müqayisəli şəkildə, özünəməxsus ustalıqla təqdim edir. Bu təqdimlər ona görə maraqla qarşılanır ki, Pərvinin oxu, mütaliə dairəsi çox geniş və zəngindir. O, məhz lazım olanı, sənət işığı bol olanı oxuyub. Təkcə yazıçı, ədəbiyyatşünas yox, həm də mükəmməl və zövqlü oxucudur. Mətnə və ədəbi proseslərə özünəməxsus, daha çox da lirik ovqatla yanaşma üstünlüyü var. Nədən və niyə yazdığının fərqindədir. Yazı prosesində məqamında susmağı və dayanmağı bacarır ki, əvəzində Puşkin, Lermontov, Tolstoy, Dostoyevski, Nabokov, Bunin, Qorki və başqaları danışa bilsin. Bu, hər hansı yazar üçün çox önəmli nümunədir.
Bu deyilənlər
yazıçı-publisist Pərvinin rus nəsrini
maraqlı və fərqli baxış bucağından incələyən
"Vəziyyət ruscadır" adlı kitabına daxil etdiyi esselərin
oxunaqlığını təmin edir. Müəllif səmimi, lirik gəlişmələrlə
izlənən bu maraqlı esselər boyunca rus klassikası incilərinin
vasitəsiylə insanın daxili aləmini,
onun zamanla
savaşını anlatmağa
çalışmış və zəngin rus
nəsrinə bu günün
gözüylə nəzər salmağın vacibliyini
ortaya qoymuşdur.
Aynur
HİLALİ
ADMİU-nun
2-ci kurs tələbəsi, tələbə-teatrşünas
525-ci qəzet.- 2021.- 4 dekabr.- S.12.