Dilçilik elmimizdə
seçilən imza
Tanınmış alim, pedaqoq və tərcüməçi
Mayil Əsgərov 60 yaşın astanasında
Mən onu beş ildən bir az artıqdır ki, tanıyıram. Amma ömür yolunu vərəqlədikcə, haqqında danışılan söz-söhbəti dinlədikcə halallıq, mərdlik və səxavətlə ucalmış bu insanı çoxdan tanıyırmış kimi bir təəssürat yaşayıram.
Tovuz elinin sinəsinə qızılgül kimi sancılan Bozalqanlı kəndinin geniş darvazasından əsrlər boyu kimlər keçməyib, kimlər adlamayıb?.. Axı, torpaq da insan kimidir, - deyirlər...
Hər adamın öz dövrü var, hər dövrün öz adamı. Ötən əsrin 62-ci ilində Tovuz rayonunun Bozalqanlı kəndində dünyaya gələn Mayıl Binnət oğlu Əsgərov şərəfli ömrünü yaşayır. Mayıl müəllim Bozalqanlını özü üçün rəsmi rəmz seçməsə də, doğulduğu kənd onun üçün əbədi inanc yeridir.
Keşməkeşli ömür yolunu özündən yaxşı heç kəs xatırlamır.
"Qızmar yay mövsümünün sonu, qızılı payızın ilk ayının ilk günündə bar-bərəkət rəmzi sayılan bu kənddə dünyaya göz açmışam. İndi 60 yaşımın ucalığından baxıb yenə də bu yurdu ruhumun əbədi beşiyi sanıram... Lap yeniyetmə yaşlarından səyahətə çıxmaq, vətən torpağını qarış-qarış gəzib, onun bütün gözəlliyini göz yaddaşıma köçürmək arzusunda olmuşam. Bəlkə elə ona görə də mənim ömür yolum ucu-bucağı görünməyən, nəhayətsiz yollardan başlayır... Bir gün müəlliməm, bir gün alim, bir gün isə dilçi-tərcüməçi...
...Orta məktəbdə oxuyarkən bir neçə ictimai iş tapşırdılar mənə: divar qəzetinin buraxılışı, komsomol komitəsinin katibi, həmkarlar təşkilatının sədri və sair və ilaxır. Bircə yadımda qalan odur ki, əlavə işlər dərslərimə mane olmurdu.
Məktəbi əla qiymətlərlə bitirdikdən sonra universiteti seçmədim. Əvvəlcə istehsalatda - rayonumuzun sement zavodunda çalışdım, daha sonra Sovet ordusu sıralarında xidmət etdim. 1983-cü ildən isə ali məktəb həyatım başladı. Çox tanınmış, görkəmli alim və pedaqoqlardan dərs aldım. Bu təhsil ocağını bitirdikdən sonra çox yerlərdə çalışdım. Lakin 2000-ci iidən əsas iş yerim AMEA Nəsimi adina Dilçilik İnstitutu oldu".
Alimlərdən söz açmaq üçün şəxsi tanışlıq bir o qədər vacib deyil. Onların həyatı və taleyi açıq kitabdır. İntəhası bu kitabı səhifə-səhifə, sətir-sətir dərindən-dərinə oxumaq və təmkinlə təhlil etmək bacarığı gərəkdir. Mayıl Əsgərov da, məhz bu qisim alimlərdəndir. Tanınmış alim adıçəkilən institutda bütün pillələri adlayaraq şöbə müdiri vəzifəsinədək yüksəlib: Sosiolinqvistika və psixolinqvistika şöbəsinin müdiridir.
İnsan var ki, vəzifəsi yüksəldikcə özü xalqdan uzaqlaşır. Bununla da xalqın nəzərində kiçilir. Belələrinin adi gələndə ürəyimizi bir qış şaxtası titrədir. İşdir, dar günündə bir məsləhət üçün ona müraciət etsən, ömründə bir də bu səhvə yol verməzsən. İnsan da var vəzifəsi böyüdükcə, xalqa enir, bununla da ətrafdakıların nəzərində doğmalaşır, yüksəlir. Adı gələndə narahat fikirlər səni tərk edir. o, xalq arasında "yaxşı adam" adı qazanır. O, yüksəldikcə insanlarla ünsiyyəti artır. Biz Mayıl müəllimi "yaxşı adam" adı qazananlar sırasında görürük. Eşitdiklərimiz bir həqiqətdir ki, gəncliyindən ləyaqətli, hörmətcil, təvazökar, səmimi, sadə alim müsbət keyfiyyətlərinə yenə də sadiq qalib, onları bir az da mükəmməlləşdirib.
Məndən soruşsalar ki, Mayıl müəllimin bir insan kimi ən ümdə xüsusiyyəti nədir, tərəddüdsüz deyərdim: Mülayimliyi! Mülayimlik isə daxili mədəniyyətdən və təvazökarlıqdan doğur. Tövazö - ən böyük insani keyfiyyətdir. Sokratdan soruşdular: Səncə, ən böyük adam kimdir? Dedi: - Özü haqqında kiçik fikirdə olan. Dedilər: - Bəs ən kiçik adam kimdir? Dedi: - Özü haqqında böyük fikirdə olan.
Ustad Xəstə Qasım sazını dərdli sinəsinə sıxıb deyirdi:
Ta ki mənə mədh eləmə dünyanı,
Ha bu
dünya bir bekara dünyadı.
Hələ
Adəm ilə Həvvadan qabaq
Bir
üzü ağ, biri qara dünyadı...
Mayıl Əsgərov isə üzüağ
dünyanın adamıdı.
Elə
bil, bir ovuc qumdur, qum saatına
sığışıb ömrümüz... Bu saatın dar
boğazından narın qum dənələritək
hiss olunmadan anlar, dəqiqələr, saatlar axıb-keçir
ömrümüzdən-günümüzdən... Və bu
amansız zaman axarının qarşısını almaqda
acizdi insan... Bəs onda dünyanın əşrəfi
sayılan insanın qüdrəti nədədir? - əlbəttə, yazıb-yaratdığı əsərlərində,
araya-ərsəyə gətirdiyi elmi yeniliklərində.
M.Əsgərovun elmi tədqiqatlarının nəticələri
indiyədək çap etdirdiyi 30 kitabında, o cümlədən,
neçə-neçə dərs vəsaiti, dərslik və
70-dən artıq elmi məqalədə öz əksini
tapıb.
Moskva, Sankt-Peterburq, Ufa, Elista, Çadır-lunqa, Ankara,
İstanbul, İzmir, Urfa, Nigde, Alma-Ata, Atıran, Nursultan və
başqa şəhərlərdə keçirilmiş
nüfuzlu elmi məclislərdə Azərbaycanı təmsil
edib.
Mən Mayıl müəllimin məruzələrində,
çıxışlarında, ümumən nitqində
aydın təzahür edən iki cəhəti xüsusi
vurğulamaq istəyirəm. Birincisi, bu nitqin
dilimizin zənginliyi baxımından çox dolğun və
eyni zamanda, çox səlist, dürüst, dəqiq
olmasıdır. İkincisi də, bu səlisliyin,
dürüstlüyün içində bəzən gizlənən,
bəzən açıq görünən yumor hissidir.
"...Atamın
səxavətindən, əliaçıqlığından
çox şeylər danışırlar ki, qulaq asanda
heç vaxt heyrətlənmirəm. Bilirəm ki, Dədə
Şəhriyar demişkən:
Mənim
atam çörəkli bir kişiydi,
El əlindən
tutmaq onun işiydi..."
Bu gün oğul Mayıl ata Binnətin yolunu həvəslə
davam etdirir, hamıya əl tutur, insanların
qayğısına qalır. Qədim Şərq fəlsəfəsində
deyilir ki, öz dünyəvi həvəsinə qələbə
çalan, Allahdan əvəz istəyən adam
bilikli və şüurludur. Öz nəfəsinin
səsinə qulaq asan, bununla belə Tanrıdan mərhəmət
gözləyən insan qeyri-kamildir. Belə
insanları əsərləri və davamçıları
olmayan barsız ağaca bənzədirlər. Bu cəhətdən Mayıl müəllimin bəxti
gətirib. Təmsil etdiyi dilçilik və tərcüməçilik
sahəsi üzrə onlarla tələbəsi onun yolunu davam
etdirir.
Mayıl Əsgərovun məktəbinə daxil olmaq, bu
məktəbin müdavimi olmaq, onunla tez-tez canlı ünsiyyətdə
olmaq, fikir alıb, fikir vermək, onun aurasından ziya almaq
insanı zənginləşdirir, saflaşdırır. Kollektivin bizim
kimi üzvləri, məhz belə duyğular keçirir, onun
rəvan, həlim, insanın ürəyinə sakitlik,
arxayınlıq təlqin edən
danışığını dinləməyə, onun
insanlıq, alimlik, idarəçilik məktəbindən hər
gün yeni bir şey öyrənməyə tələsirik.
Xalqın dilinə sevgi, bəlkə də bütün
sevgilərin əsasıdır. Elm, bilik o qədər
böyük həzz mənbəyidir ki, o, insana hər şeyi
- fiziki iztirabı, necə qocaldığını belə
unutdura bilir. Elmi məsələlər nə
qədər dərin və genişdirsə, onun əməli səmərəsi
bir o qədər böyük olur.
Ömür yolunu ümid yoluna bənzədirlər. Mayıl
müəllim bu yolu qəlbinin işığı,
gözünün nuru ilə işıqlandırır. Bu işıq, bu nur onun mehriban çöhrəsindən
həm doğmalarının, həm də onu əhatə edənlərin
ürəyinə düşür.
Həyatda hər bir insanın ən böyük qiyməti
onun mənəvi zənginliyilə ölçülür. Gözünün
ziyasını, ürəyinin odunu adamlara paylamaq, mütərəqqi
düşüncə sahiblərinin ən böyük nemətidir.
Təbii ki, nəcib arzuların xəyalların
həyata keçirilməsi asanlıqla başa gəlmir.
Müqəddəs amallar uğrunda
çalışmaq, əzablı və çətin
yolların yolçusu olmaq deməkdir. İnsan
bu yolda bərkiyir, dözüm və iradə sahibi olur. Hər bir sənət insana öz xüsusiyyətlərini
diktə edir. Hər kəs
işıqlı ideallarla yaşayırsa, o, öz sənətini,
sənəti isə onu ucaldır.
Mayıl Əsgərovun 40 illik alim-ziyalı fəaliyyətini
dəyərləndirmək üçün milli elmi-filoloji
kontekst bir qədər dar müstəvidir. Onun elmi fəaliyyəti
bütövlükdə ötən əsrin 90-cı illərindən
üzü bəri Azərbaycan ictimai humanitar düşüncəsi
ilə bağlıdır. Alim unikal elmi təfəkkürü
dilçilik və tərcüməçiliyin fakt və sənədlərinə
quru, sxolastik ədəbi keçmiş kimi
yanaşmamış, onları daim müasir çağdaş
milli problemlərlə əlaqələndirmişdir. Ona görə də Mayıl Əsgərovun tədqiqatlarında
tərcüməçilik geniş milli-ictimai məzmun kəsb
edir. Yaradıcılıq enerjisinin
böyük hissəsini dilçilik elminin gələcəyinə
həsr edən alim müasir bədii tərcümənin
düzgün istiqamətdə inkişafına öz tədqiqatları
ilə böyük yardım etmişdir.
M.Əsgərov məşğul olduğu bütün
sahələrin elmi-professionalizm səviyyəsini daim təmin
etmişdir.
O, məsuliyyətli elmlər doktoru titulunun şərəf və
ləyaqətini özünün bütün elmi və ictimai
fəaliyyətilə doğrultmuşdur.
Alimin ən gözəl əsəri onun
övladlarıdır - deyənlər yanılmırlar. Mayıl
müəllimin ailəsində tərbiyə alıb,
boya-başa çatan iki qız övladı da bu gün həm
valideyninə, həm də Vətəninə
öyüncdür. Bu uşaqların ikisi
də ziyalıdır. Ancaq heç biri
elmdən, məişət əndişələrindən
söz açmır, onlar daha çox keçən günlərin
uşaqlıq xatirələrilə ovunurlar.
İnsan həmişə özünün və etdiyi və
nə edəcəyi haqqında düşünür. Nə etdiyi
onu keçmişə, nə edəcəyi isə onu gələcəyə
aparır. Zaman hər şeyə öz
möhrünü vurur, hökmünü göstərir, izini
qoyur...
Əziz
Mayıl müəllim! Hesab edirik ki, Tanrının Sizə bəxş
etdiyi ömür payını ləyaqətlə yaşayaraq
müəyyən qədər ali titullara
sahib olmusunuz. Lakin Sizin ən böyük sərvətiniz
böyük mənəviyyat sahibi olmağınızdır.
Geniş qəlbiniz, yüksək səviyyəli
elmi araşdırmalarınız Sizə, nəinki Azərbaycanda,
hətta ölkəmizdən kənarda da böyük
şöhrət qazandırmışdır. Siz hər şeydən öncə doğma Azərbaycana
və onun qiymətli parçası olan Tovuz diyarına səmimi
hissiyyatlarla yanaşan, bu yurda daim ucalıq gətirən şərəfli
bir övladsınız. Qismətinizə
çoxlarına müyəssər olmayan ömür payı
düşsə də, Tanrı Sizə həm də
yaşınıza uyğun olmayan gümrahlıq, yüksək
məntiqli düşüncə tərzi, gözəl nitq
qabiliyyəti bəxş etmişdir. Yüksək iş
qabiliyyətinizə isə sözün əsl mənasında
qibtə etmək olar.
Deyirlər, dünya elmin nuru ilə ziyalanar, əqildən
qüdrət alar, mənəvi dayaqlar üzərində
möhkəmlənər. Bu xoşbəxt insan
sevgi yolunu tutub həm öyrənir, həm də öyrədir.
Yaxşılığını heç kəsdən
əsirgəməyən, heç kimə pislik arzulamayan 60
yaşlı tanınmış alim Mayıl Əsgərovun həyat
və yaradıcılığını coşqun bir dənizə
bənzətsək, bizim dediklərimiz dəryadan bir
damlaydı.
Füzuli MUSTAFAYEV
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2021.- 7 dekabr.- S.15.