Nəcib insan, dəyərli alim
Professor Cəlal Qasımovun xatirəsinə
Yazıb-yaratmaq, yorulmadan, usanmadan
çalışmaq, sözün
tam mənasında özünü
elmə həsr etmək, insanlara dayaq durmaq, kiminsə
dərdinə məlhəm
olmaq istəyi ilə son 30 illik ömrümün (tam yarısı)
ən yaxın dostuna çevrilmiş, mühüm güc strukturunda polkovnik kimi həmkarım, 40-a yaxın kitab, yüzlərlə elmi tədqiqat əsərlərindən
başqa, həm də tarixi, publisistik məqalələri ilə
qələm yoldaşım
və nəhayət,
son iş yerimiz olan AMEA Folklor İnstitutunda şöbə
müdirim professor Cəlal
Qasımovsuz bu sətirləri ərsəyə
gətirmək mənim
üçün çox
çətindir və
birinci dəfədir ki, içimdə götür-qoy etmədən
başladığım bu
yazının necə
tamamlanacağına narahatlıq
keçirirəm. Ancaq
yazmamaq da məni (təkcə məni yox) elm sahəsinə həvəsləndirən,
kömək etməyə,
yol göstərməyə
hazır olan bu etibarlı dostun ruhu qarşısında
böyük bir günah olardı...
...Bəlkə son nəfəsində
də onu 60 illik qısa, lakin mənalı həyatı boyu narahat edən bir çox məsələlərlə, ailəsinə,
yaxınlarına edə
bilmədiklərinin təəssüf
hissi ilə yanaşı, tərtib edib tamamlamağa əcəlin imkan vermədiyi kitabını
da xatırlayıb. Bütün xidməti və yaradıcılıq fəaliyyətində
ən çox dəyər verdiyi məsələ əldə
olan tarixi gerçəkliklərdən maksimum
dərəcədə bəhrələnməklə
qələmə almaq
və nəfis tərtibatlı kitab halında çap etdirmək idi.
1993-cü ildən MTN-nin
(indiki DTX) arxivində,
Milli Arxiv İdarəsində, digər
mənbələrdə rast
gəldiyi bir çox yarımçıq
qovluqlar, bəzən
40 qapı arxasında
qalan faktlar yorulmaz, fədakar alimdə o məsuliyyət
hisslərini aşılamışdı
ki, hər dövrün bir hökmü var və bu gün
görüb yazdıqlarımız,
Sovet arxivlərində
toz basmış qovluqlardan mənimsədiklərimiz
sabah millətin yaddaşının oyanmasında
ən yaxşı silaha çevrilə bilər. Buna görə
də dayanmadan, yorulmadan yazırdı, tərtib edirdi. Xəstəliyinin şiddətləndiyi
dövrdə də ötən əsrin
90-cı illərində başladığı,
çox gərgin axtarışlar nəticəsində
üzə çıxardığı,
lakin bədxahlar tərəfindən qısqanclıqla
qəbul olunduğundan
yarımçıq qalan
şərti adı
"Azərbaycan repressiya
qurbanlarının ensiklopediyası"
kitabını tamamlamaq
fikrindən əl çəkmirdi, Tanrıdan
məhz bu iş üçün möhlət diləyirdi. Təsəvvür etmək
çətindir: insana
dünyanın bəlası
olan xərçəngə
tutulduğu analizləri
verilir, o isə sağlamlığı, istirahəti,
sakitliyi, rahatlığı
qayğısına qalmaq
əvəzinə yenicə
işıq üzü
görmüş iki böyük tədqiqat əsərinin - "Birinci
Türkoloji Qurultay: Şahidlər və şəhidlər" və
"Xalid Səid Xocayev" kitablarının
ardınca yuxarıda adını çəkdiyimiz
kitabın nəşri
haqqında düşünür,
çalışır, dünyanın
ən ağır dərdinin ağrısını
azaldan ən güclü dava-dərmanları
qəbul edə-edə
kompüter arxasında
günlərlə, saatlarla
işləyir, xalqın,
millətin, əslində,
bütün bəşəriyyətin
bəlası olmuş
repressiya illərinin ağrı-acısını ürəyinə
yük edir. "Repressiya olunmuşların
ensiklopediyasını yaratmaq
illər boyu kollektiv zəhmət tələb edən ağır bir işdir, o halda ki, kimsə təməlini qoya bilsin, bu təməli
elə mən özüm qoymalıyam!"
- deyirdi professor Cəlal Qasımov. Dedi və elədi
də, "ensiklopediya"dan
min nəfərə yaxın
repressiya qurbanının
siyahısı artıq
öz çapını
gözləməkdədir ki,
bu da sanballı
bir kitab deməkdir.
Cəlal Qasımovun qısa, mənalı həyatı
onun yaradıcılığının
tərkib hissəsi, ilhamverici, ruhlandırıcı
qüvvəsi, dövlət
təhlükəsizliyi sahəsində
çoxillik səmərəli
xidməti ilə peşəkar zabit, bilikli və geniş dünyagörüşlü
pedaqoq, görkəmli
alim kimi uğurlarının açarıdır. 1959-cu il yanvarın 15-də
Naxçıvan Muxtar
Respublikası Şərur
rayonunun Püsyan kəndində zəhmətkeş
bir ailədə dünyaya gəlib. İlk təlim-tərbiyə, təhsil
vərdişlərinə də
bu sadə ailədə yiyələnib.
Məktəb, ali təhsil illəri kimsə üçün fərq qoymasa da, yaranmış
fərqlənmək imkanlarından
dəyərincə bəhrələnə
bilib - əlaçı
şagird, Naxçıvan
Dövlət Universitetinin
filologiya fakültəsini
fərqlənmə ilə
bitirən tələbə
kimi! Özünün həmişə fəxrlə xatırladığı
tərzdə ifadə
etsək, görkəmli
ədəbiyyatşünas alim İsa Həbibbəylinin
ən yaxşı tələbələrindən biri
olmaq ona elmi fəaliyyətə başlamaq üçün
stimul, sonradan açılmaz düyünləri
açmaqda güc və qüvvət verib. Dəyərli akademikin 2019-cu ildə işıq üzü görmüş "Vəli Xuluflu" kitabının ön sözündə C.Qasımova
"Repressiya ədəbiyyatımızın
Qulam Məmmədlisi"
"titul"unu verməsi
isə 25 ildən çox xidmət orqanında leytenantdan polkovnikədək yüksəlmiş,
bir çox dövlət orden-medalları
ilə təltif olunmuş, əməkdar müəllim, alim-tələbə
üçün ən
böyük mükafatlardan
sayılırdı.
Azərbaycan tarixinin, ədəbiyyatının
ən qanlı, eyni zamanda müəmmalı
və dolaşıq səhifələrini fədakarcasına
araşdıran Cəlal
Qasımov qarşılaşdığı
hər fakta, hər dəlilə, hər sənədə keçmişimizin, milli irsimizin, yaddaşımızın
bir parçası kimi çox ehtiyatla yanaşır, çox dəqiqliklə təhlil edir, məntiqli nəticə çıxarırdı. Onun 30-dan çox
kitabı məhz repressiya mövzusundadır.
Bu kitablarda görkəmli
ictimai-siyasi və dövlət xadimlərin,
söz və sənət adamlarının
taleyi faktlar və sübutlarla oxucuya təqdim olunur. Lakin təkcə çılpaq
faktlar və sənədlər deyil, elmi yanaşma, məntiqi qavrama və əlahəzrət sözün dönə-dönə
cilalanması, şüur
və düşüncə
süzgəcindən keçirilməsi
fonunda!
Onun arxiv materialları əsasında dərindən
tədqiq etdiyi şəxsiyyətlərin adlı
siyahısını sıralamaq
kifayət edər ki, bir əsrlik
Azərbaycan tarixinin öyrənilməsində və
öyrədilməsində hansı fədakarlıqlar
göstərdiyi, hansı
mənəvi iztirablara
qatlaşdığı oxucuya
məlum olsun! Azərbaycan təhlükəsizlik
orqanlarının ilk rəhbərlərindən
Nağı bəy Şıxzamanov, Baba Əliyev,
Novruz Rizayev, hərb tariximizin nəhəng simalarından
generallar Çümşüd
bəy Naxçıvanski,
Məmmədağa Şıxlınski,
ədəbiyyat korifeylərimizdən
Hüseyn Cavid, Salman Mümtaz, Böyükağa Talıblı,
Bəkir Çobanzadə,
Vəli Xuluflu, Xalid Səid Xocayev, Abdulla Sur və başqaları haqqında
geniş məqələlər,
monoqrafiyalar gərgin yaradıcı əməyin
məhsuludur. İstintaq materiallarından
çıxarılaraq oxucuya
təqdim olunan müstəntiq-müttəhim dialoqları
isə totalitar rejimin korifey sənətkarlara, bütövlükdə
tariximizə və taleyimizə, milli mənliyimizə qarşı
üzücü münasibətini
ifadə edir. Və sözsüz ki, bu iyrənc üsul və metodlarla müşayiət
olunan bütün ağrılar qələm
sahibinin içindən
keçir, saf və təmiz ürəyinin kövrək
tellərini zədələyirdi.
Bu mənada, professor Cəlal
Qasımovun özünü
30 ilə yaxın bir dövrdə mövzu kimi cəlb edib, qopa bilmədiyi, son nəfəsinə qədər
içində bəsləyib
böyütdüyü 37-ci illər repressiyasının
qurbanı da hesab etmək olar.
Professor Cəlal Qasımov
Azərbaycan hərb tarixinə dair dövrü mətbuatda dərc olunmuş sanballı məqalələrin
müəllifidir, milli
xüsusi xidmət orqanlarının keçdiyi
100 illik yolu ustalıqla tədqiq edib, "Azərbaycan təhlükəsizlik orqanlarının
tarixi" dərsliyinin
müəllifi və tərtibçisidir. Onun "Yaddaşın repressiyası",
"Bitməmiş istintaq",
"Repressiyadan deportasiyaya
doğru", "Məhbus
tərcümeyi halı"
kitabları keçmişimizin,
tariximizin ən qaranlıq səhifələrinə
işıq salır, milli mənliyimizin, məfkurəmizin məhv edilməsi üçün
Sovet üsul-idarələrində
yadellilərin, xüsusən
də daşnakların
ən çirkin niyyətlərə ən
iyrənc vasitələrlə çatmaq
istəklərini ifşa
edən tutarlı mənbələrdir.
Alimin
"Azərbaycan folklorşünaslığı
və Sovet totalitarizmi", "Ədəbi
məhkəmələr", "Azərbaycan folklorşünasları"
kitabları yeni və maraqlı faktlarla ədəbiyyat tariximizi zənginləşdirən
nəşrlərdəndir.
Ümumiyyətlə, professor Cəlal Qasımov öz
geniş diapazonlu elmi yaradıcılığında təkcə
nədən yazmağın yox, həm də
necə yazmağın, faktdan məharətlə
istifadə etməyin vacibliyini əsas götürürdü. Məntiqi sonluq elmi
araşdırmalarının əsas meyarı idi.
Professor
Cəlal Qasımovun qısa ömür yolunda müstəqil dövlətçilik, tariximiz, elm və ədəbiyyat,
milli şüurun
oyanması, formalaşması, yaddaşımızın bərpası
və daşlaşması naminə gördükləri
işlər, apardıqları tədqiqat işləri illərlə
tədqiq olunası zəngin və zəruri bir mənəvi irsdir.
Mahir
CAVADLI
AMEA-nın Folklor İnstitutunun əməkdaşı
525-ci qəzet.- 2021.- 7 dekabr.- S.14.