Tariximizə yenidən
baxış – Uğurlu xan
hekayəti
XX əsrin əvvəllərində
Azərbaycanın ictimai-siyasi,
ədəbi mühitinə
istiqamət vermiş böyük mütəfəkkir
Əli bəy Hüseynzadənin “Füyuzat”
dərgisi çarizmə
– istibdada qarşı
mənəvi birlik ideologiyasına çevrilmişdi. İstər
nəşrin çıxdığı
dövrdə, istərsə
də ideologiyasının
davam etdiyi illər ərzində göstərdiyi xidmətləri
nəzərə alan MİMTA Fondu Əli bəyin bu böyük mirasını 2007-ci ildən
bərpa edərək
ömrünə ömür
qatdı. Artıq 14 ildir ki, “Füyuzat” yenidən Azərbaycanın ədəbi,
mədəni, mənəvi
mühitinə naxışlarını
vurur, maarifpərvər
dəyərlərini anladır.
“Füyuzat” bərpa
olunduğu gündən
ətrafına topladığı
çağdaş fikirli,
milli məfkurəyə
sahib, köksü mənəviyyat
dolu parlaq qələm sahibləri ilə müstəqil Azərbaycan mətbuatına
öz ziyasını saçmağa başladı. İllərdir
yad təfəkkürdə,
yad baxışda olanların təlqini ilə yazılan tarixə, ədəbiyyata
öz millətinin dəyərləri ilə
baxmağa can atdı,
tarixin tozlanmış,
üzəri torpaqla örtülmüş sətirlərinə
yenidən nəzər
saldı, onları araşdırıb ortaya çıxarmağa səy
göstərdi. “Füyuzat” bu illərdə əvvəlcə
özünə, öz
məktəbinə nəzər
saldı, özünü
yenidən kəşf
etdi, sonra millətinə döndü,
onun yadlaşdırılmış
keçmişini vərəqləyib
əcdadının şanlı
tarix yazan səhifələrinə yönəldi.
Araşdırdıqları içərisində Azərbaycanın düşüncə
və elm tarixinə yön verən irfan sərdarlarını,
torpaqlarına göz dikən düşmənlərə
tutarlı cavab verən qeyrətli sərkərdələrini, itirilmiş
maddi-mənəvi dəyərlərini
tapdı.
“Füyuzat” dərgisində
zaman-zaman işıqlandırılan
tarixi dövrlərin arasında xanlıqlar dövrü xüsusi yer tutur. Sovetlər dönəmində
bölünmə, parçalanmadan
başqa heç bir yönü anladılmayan, tanıdılmayan
xanlıqlar dövrü,
əslində, başlı-başına
bir mücadilə və mübarizə tarixidir. Bizə qarşı daim
məkrli siyasət yürüdən çar
Rusiyası və onun uzantısı olan sovetlər dönəmi milli mücadilə hərəkatlarımızı
yaddaşlardan silməyə
çalışmış, tariximizin şanlı səhifələrini unutdurmuşdur.
Hərb tariximizi, xeyriyyəçilik,
maarifçilik, mədəniyyət,
ədəbiyyat, incəsənət
tariximizi ya cılızlaşdırmış, ya da bizdən
olmayanları bizə yamamaqla dəyərlərimizi
saxtalaşdırmağa, təhrif
etməyə çalışmışdır.
Bu assimilyasiya siyasəti sadəcə yazılı abidələrimizə,
mənəvi dəyərlərimizə
toxunmaqla qalmamış,
elimizə, obamıza,
törəmizə qədər
uzanmışdır. Elə bir
şəhər və
kəndimiz yoxdur ki, orada çar
Rusiyası və ya SSRİ dönəmində
məbədlərimiz, məscidlərimiz
dağıdılmasın və
ya anbarlara çevrilməsin. Bu dövrlərdə
hansısa bölgəmizi
göstərmək çətindir
ki, orada talan edilən kitabxanalarımız, məhv
olunan ədəbi-mədəni
irsimiz, sürgünlərə
göndərilən, edam
olunan başbilənlərimiz,
ziyalılarımız, ağsaqqallarımız
olmasın. Heç şübhəsiz, təcavüzə
məruz qalan bu diyarlarımızdan biri də möhtəşəmliyi
ilə tariximizdə özünəməxsus yeri
olan, öz abidələri ilə görənləri heyran qoyan, mədəniyyət və mərdliyi ilə dillərdə dastan olmuş Gəncə şəhəri,
Gəncə xanlığıdır...
Tarixin bütün
dövrlərində öz
mücadiləsi ilə,
tarixi şəxsiyyətləri
ilə mübarizlik simvoluna çevrilmiş Gəncənin qədim və şərəfli bir tarixi var. Bu mübarizlik çar işğalı ərəfəsində,
demək olar, özünün ən zirvə dövrünü
yaşamışdır. Öz mücadiləsi
yolunda şəhid düşən böyük
Cavad xanın adını çəkmək
fikrimizin sübutu üçün yetərlidir,
düşünürük. Amma bəzilərinin yazdığı
kimi, bu mübarizə Cavad xanla bitməmişdir.
Əksinə, davam etmiş,
xanlığın həqiqi
varisi Cavad xan oğlu Uğurlu
xanla yeni bir mərhələyə
qədəm qoymuşdur.
Dəyərli yazarımız
Müzadil Zauroğlunun
qeyd etdiyi kimi: “Napoleon Fransası və Qacar imperiyasını,
Osmanlı dövləti
və Böyük Britaniya imperiyasını hər istiqamətdə məğlub edən, Avropa və Asiyanı lərzəyə
salan nəhəng Rusiya imperiyasının ən əzəmətli dövründə Gəncənin
igid oğlu Cavad xan oğlu
Uğurlu xan ona qarşı yorulub-usanmadan ölüm-dirim
savaşına çıxmışdı.
Bu şanlı mücadilə
23 ildən artıq davam etdi! Göstərilən
rəqəm haqqında
bir qədər dərindən düşünün...
Bu illər ərzində
Rusiyada iki imperator, Qafqazda 7 canişin və onlarla döyüş generalı
dəyişdi, ancaq Uğurlu xan meydanda yenə özü idi!”
"Cavad xan oğlu Uğurlu xanın hekayəti” bədii-tarixi povesti milli düşüncəsinin
işığında qələm
çalan, tədqiqatlarını
millət və vətən yolunda faydalılıq prinsipi ilə aparan dəyərli ziyalımız
Müzadil Zauroğlunun
“Füyuzat” dərgisində
dərc olunan eyniadlı silsilə məqalələrindən tərtib
olunub. İnanıram ki, xalqımızın
milli mücadilə tarixində önəmli bir dövr olan
xanlıqlar dövrünə,
xüsusən Gəncə
xanlığına işıq
salacaq bu əsər unutdurulmağa
çalışılan mübarizə
yaddaşımıza yenilənmə
gətirəcəkdir.
Kitabı
oxuyarkən fərqli-fərqli
məqamlarda hərbi,
siyasi və strateji yanaşmalarla Uğurlu xanın uzaqgörənliklə verdiyi
qərarlarla rastlaşacaqsınız.
Bu qərarların Azərbaycan üçün
nə qədər taleyüklü olacağını
görəcəksiniz. Yüz ildən bir az artıq müddətdə
isə həmin qərarların həm Gəncənin, həm də bütün Azərbaycanın taleyində
necə müstəsna
rol oynayacağının
şahidi olacaqsınız.
Dəyərli oxucu, bu kitabın
hər cümləsində
bir qeyrət nümunəsi, bir cəsarət abidəsi görəcəksən.
İsimləri unudulmuş, ancaq
fədailikləri ilə
silinməz izlər qoymuş igidlərlə, ər oğlu ərlərlə, vətən
sevdalıları ilə
qarşılaşacaqsan. Bir anlığa durub bu xalqın milli təpər gücünü, düşmənə
hərb dərsi keçən komandanlarını,
canlarını vətənə
qurban verən, adları tarixə düşməmiş naməlum
əsgərlərini görəcəksən.
Burada sadəcə o mübariz ruhlu insanlardan biri – Azərbaycanın mərd qızı Mələk Nisə bəyimin həyat yoldaşı Cavad xanın dəfn mərasimində söylədiyi sözləri
qeyd etmək istərdim:
“Ey başımın tacidarı, qəhrəman sərvərim, Xan Cavadım! Sən aslantək cəngə girdin, atəşbar toplara sinə gərib, üzünü Haqqa çevirərək əbədiyyətə qovuşdun.Ey zamanın şanlı şəhidi! Şəhadət badəsini nuş etdin, Mərhaba!..
Ey özündə vətən sevgisini, millət namusunu barındıran qəhrəman! Sən səhabələr səfasındasan!..
Ey Ər oğlu Ər! Bundan sonra heç bir əsrdə sənin hürriyyət hayqırışın millət fərdlərinin qulaqlarından çıxmayacaq!
Get... Xatircəm get! Sənin iftixarlı adın millətin xatirindən qiyamətədək silinməyəcək! Torpağın bağrına süzülən şəhid qanın əsla yerdə qalmayacaq! Bu qanlar sənin Vətən uğrunda can fədakarlığını Uca Yaradana isbat edəcək. Ey Ər oğlu Ər! Məkanın behişt olsun...
Nə qədər ki, bu torpaq var – analar yenə igid oğullar doğacaq...
Nə qədər ki, o igidlər var – bu torpaq yağı tapdağı altında əbədi qalmayacaq...”
Başqa söz
söyləməyə nə hacət var...
Bu sənin keçmişin, sənin tarixindir. Sahib çıx, oxu! Bu müqəddəs amala və şüura yönəl!..
Mübariz Yunus
“Füyuzat” jurnalının baş redaktoru
525-ci qəzet.- 2021.- 7 dekabr.- S.12.