Kiməsə möhtac
olmadan yaşamağı bacarmaq
İnsanın davranışlarını onun
ailəsindən, təhsil
səviyyəsindən çox,
yaşadığı mühit
formalaşdırır. Biz ən çox içində olduğumuz
mühitin təsirlərinə
məruz qalırıq.
Uzun zaman öncə orta yaşlı bir xanımla başqa bir gənc yaxınım
haqqında qeybət edərkən bunun fərqinə vardım. Şikayətim o idi ki, öz
doğma ailəsinə
həmişə dili çıxan bu xanım gəlin statusuyla yaşadığı
evdə bir çox haqsızlığa
məruz qaldığı
halda dözüb səsini çıxarmırdı.
Tanıdığım, xasiyyətinə bələd olduğum o gənc qız indi tamam başqa
biridir. Deyirdim ki, necə ola bilər axı, insan heç olmasa düşünməz ki, mən bu insanlarla
bir evin içində yaşamaq istəmirəmsə, deməli,
buradan çıxmalıyam?
Lap səsini yüksəltməyə,
özünü müdafiə
etməyə də gücün olmasın, səssizcə çıxıb
getməyə nə sözün?
Əslində, bütün bunların hər biri ayrılıqda
cəsarət tələb
edən addımlardır. Gənc bir
qadın bunların heç birini edə bilməyəcək
qədər cəsarətsiz
bir hala necə düşə bilir? Necə olur ki, susuruq, bütün cəsarətimizi itiririk?
Necə olur ki, cəmiyyətimizdəki
qadınlar öz gözəlliklərini qorumaqda
maraqlı olduqları
qədər cəsarətlərini
qorumağa çalışmırlar?
Yəqin
uşaqlıqda qız
uşaqlarına öyrədilən
"ürkəklik" psixologiyası
yaşa dolduqca qorxaqlıqla əvəzlənir.
Cəmiyyətdə bu qorxunu qidalandıracaq o qədər
böyük faktorlar var ki, cəsarət
də həyatın rəndəsində beləcə
parçalanıb yox olur.
Uşaqların xatirinə...
Belə görünür, evlilik qadını cəsarətsiz,
analıq isə güclü edir. Bunlar hər
zaman eyni mənaya gəlmir. Qadın etiraz etməyə cəsarəti
çatmadığı hər
şeyə qarşı
dözüm refleksi qazanır, "uşaqların
xatirinə"... Haqsızlıqlara qarşı qazanılan dözümlülük, susqunluq,
seçdiyini yox, başına gələni
etinasızlıqla qəbul
etmək də, alışqanlığa çevrilir.
Ana olmaq fədakarlıqdır,
amma özünü tamailə başqalarına
fəda edən anadan övladına pay qalırmı?
Yad qızı
Söhbət əsnasında həmin
qadın dedi ki: "Mən onu yaxşı anlayıram. Elə bir mühitə
düşürsən ki,
ətrafındakı bütün
insanlar, hamı sənə qarşı seçdikləri mövqedə
özlərini və bir-birlərini haqlı görürlər. Bu, onların gün ərzində bütün
davranışlarında, seçimlərində
özünü göstərir.
Sən də getdikcə bunun təsiri altına düşür,
vəziyyətə öyrəşirsən.
Yadı qızı olmaq budur, qızım, hər addımın gözə batır.
Səni öz aralarına qəbul etməyi belə lütf kimi göstərirlər: Yazıqdır,
gəlib düşüb,
biz də istəyirik dolansın..."
Əvvəl baxışları uzaqlara süzülüb getsə də, yenə söhbətə qayıtdı: "Orxan Kamalın "Yad qızı" əsərini oxumusan?" - dedi, - Çox ağlamışdım o əsəri oxuyanda. "Allah adamı pis insanlarla nəinki qohum, heç qonşu da etməsin" - deyirdi o kitabda. Çox düz sözdür bu. Mən özüm Bakıda Pedaqoji Universiteti bitirmişəm. Evin tək qızı idim. O boyda qohum-əqraba arasında bir nəfər də mənə burdan dur, orda otur deməzdi. Amma ailə qurandan sonra yerimi də, kim olduğumu da yadırğadım. O ailədə hamı qəribə idi. Elə bilirdim ki, artığam. Nə çıxıb gedə bilirdim, nə də qala bilirdim. Get-gedə ağlım tutulur, kimlə necə davranacağımı dəqiqləşdirə bilmirdim. Mən də ki, bir Allah vurmuş bəndə, siyasət yox, biclik yox. İllərim elə keçdi. Özümü, kim olduğumu, necə bir həyat yaşamaq istədiyimi tamam unutdum, onların görmək istədiyi gəlin oldum. Amma yenə də gözləri götürmürdü ki, götürmürdü. Uşaqlar böyüyəndən sonra dedim ki, balalarımı bu bataqlıqda böyütməyəcəm, çıxdıq gəldik Bakıya. Yoldaşımın ailəsindən uzaqlaşandan illər sonra ayıldım ki, mən alitəhsilli biri olaraq necə bu qədər cahil davranmışam. Hələ də anlaya bilmirəm ki, necə dözmüşəm o qədər haqsızlığa, pisliyə, niyə səsimi çıxarmamışam? Onların arasında təhsilli olan tək mən idim, bir də yoldaşım. Mən necə o qədər cahil adamın arasında əzilib yox olmuşam?"
Danışdıqca ona yaşadılanlara yox, bu qədər haqsızlığa dözdüyünə görə özünə qəzəbli olduğunu, əsəbdən üzünün qızardığını görürdün.
"Qırıq aynalar" nəzəriyyəsində olduğu kimi, bir yerə kimsə zibil atıbsa, başqaları da eyni yerə zibil atacaq. Həmin məkanda hər şey qısa vaxtda kirlənməyə, qırılmağa, pisləşməyə başlayacaq. Bir insan özünə qarşı ədalətsizliyə səs çıxarmırsa, bu ədalətsizlik davamlı hal alacaq.
Biz çox vaxt təhsilimizdən, kimliyimizdən asılı olmayaraq içinə düşüdüyümüz mühitin bütün xüsusiyyətlərini qəbul edirik. Bunu rədd etmək, əslində, rədd edilməyə bərabərdir. Bu məqamda isə bizə bəzi şeyləri, ən azından özümüzə qarşı münasibəti dəyişdirmək üçün cəsarət lazımdır. Cəsarətsə qorxusuz olmaq deyil, o qorxuya rəğmən sənə tərs düşən hər məsələdə "yox" deməyi, rədd etməyi bacarmaqdır.
"Mənimlə belə davrana bilməzsiniz"
Görəsən, neçə qadın başını dik tutub cəsarətlə bu ifadəni bir kişiyə, o kişinin ailəsinə, yaxud cəmiyyətdə ona qarşı zorbalıq etməyə çalışan birinə deyə bilir? Fikrimcə, yalnız öz varlığının bütün yükünü öz çiyinlərinə almaq cəsarətinə sahib olan qadınlar. Bir çox xüsusiyyət bizim alışqanlıqlarımızın bəhrəsidir. Cəsarətli olmaq da, özünə hörmət, stresli anlarda özünü idarə edə bilmək də haqsızlığa qarşı tutduğumuz mövqedə özünü göstərir. Təəssüf doğuran məqamlardan biri isə qadınların özbaşına varlıqlarını, həyatlarını davam etdirməkdə çətinlik çəkmək qorxusudur. Həm xarici, həm daxili təzyiqlər qadınların təkbaşına həyatını davam etdirə bilmək, öz xarakterini ortaya qoymaq və özünə sahib çıxmaq kimi xüsusiyyətlərini zədələyir. Bu xüsusiyyətin çatışmazlığı da onları başqalarının əsirinə çevirir.
Söykənmədən yaşamaq cəsarəti
"Özünə söykənən dik yeriyər" deyə bir deyim var. Cəsarətli olmaq, öz həyatının məsuliyyətini bütövlükdə öz üzərinə götürməyi bacarmaq insanı bir çox yersiz, gərəksiz insanlardan, onların mənfi təsirlərindən qoruyur. Gücünü əlindən alan, səni dəyişdirməyə çalışan, sənin özünün "stress topu"na çevirən insanlara adətən özün icazə verirsən. Bəzi xüsusiyyətləri mənimsəmək üçün "dəmir ledi" olmağa ehtiyac yoxdur, yalnız özünə sahib çıxmaq lazımdır. İnsan başqalarından maddi, mənəvi gözləntini azaltdıqca güclənir, özünə münasibəti dəyişir. Sahib olduğumuz auramız, ruh halımız da başqalarına sirayət edir. Kiməsə möhtac olmaq yolunu seçən, təkbaşına ayaqda qalmaqdan qorxan insanlar başqalarının təsirlərinə daha çox məruz qalırlar. Bəlkə də, qırx iləvvəl gənc olan bir qadına bu fikri şamil edə bilmərik. Amma indi hər şey tamam başqa cürdür. İndi dəyişmək, inkişaf etmək, yeni bilik və bacarıqlar əldə etmək istəyən insanın əlində onlarla şans var.
Başqasına söykənmək, başqasına arxalanmaq deyəndə, təkcə maddi baxımdan yox, həm də duyğusal cəhətdən başqalarını dayaq kimi görmək nəzərdə tutulur: "Kobuddur, amma sevir. Döyür, amma məndən keçmir, mənə bağlıdır. Ailəsi qarışmasa, yaxşı yaşayarıq. Mənə xəyanət etsə də, uşaqlarına atalıq edir" və sair kimi bir çox saxta duyğulara söykənir qadınlar.
Niyə ölkələrin sərhədləri
var? Yadlar gəlib
dağıdıb-tökə bilməsin deyə. Niyə əsgərləri
var? Yadların
zorakılığına qarşı müdafiə olunsun deyə. İnsanlar da belədir, sərhədlərimiz bizi başqalarının
özbaşınalığından qorumaq
üçündür. Əgər sərhədlərimiz
olmasa, həm bədənimiz, həm ruhumuz başqalarının müstəmləkəsinə
çevrilər. İstismar obyekti olar və deyərik:
"Əsas odur öldürmədi, qan tökmədi". Bizi
yaşatmaq haqqını başqalarına
verib, öldürülmədiyimiz üçün də şükür
edirik.
Natəvan ABDULLA
525-ci qəzet.- 2021.- 7 dekabr.- S.11.