Mədəni irsimizin əvəzsiz tədqiqatçısı
Akademik Əbdülvahab Salamzadənin
105 illik yubileyinə
"Xalq memarlığı
sözün əsl mənasında, zəngin,
tükənməz folklordur. Ondan bütün dövrlərdə
səmərəli istifadə
mümkündür" - deyirdi
o. Azərbaycan sənətşünaslıq
məktəbinin tanınmış
simalarından, memarlıq
tariximizin tədqiqi və araşdırılması istiqamətində
aparmış olduğu
elmi fəaliyyəti, memarlıq abidələrinin
bərpa və rekonstruksiyası sahəsində
yaddaqalan əməllər
sahibi olub, həmçinin, memarlıq
abidələrinin müəllifi
kimi adını incəsənət tariximizə
əbədi həkk etmiş akademik Əbdülvahab Rəhim oğlu Salamzadə
(1916-1983) haqqındadır bu
yazımız.
Qədim Şamaxı şəhərində
dünyaya göz açan Ə.Salamzadə
hələ 2 yaşı
olanda ailəsi ilə birlikdə Bakıya köçürlər. Orta təhsilini
bitirdikdən sonra, Bakıda Azərbaycan Sənaye İnstitutunun memarlıq-inşaat fakültəsində
təhsil alır
(1933-1939). O, 1939-1944-cü illərdə
"Azərdövlətlayihə"də
memar, Xalq Kommunal Təsərrüfatı
Kommisarlığında və
Azərbaycan Sənaye
Şurasında baş
mühəndis vəzifələrində
çalışmışdı. 1944-cü ildən AMEA-nın Memarlıq və İncəsənət
İnstitutunda aspirant olan
Ə.Salamzadə ömrünün
sonuna kimi orada kiçik elmi işçi, baş elmi işçi,
şöbə müdiri
və direktor müavini vəzifələrində
uğurlu fəaliyyət
göstərmişdi.
Akademik Ə.Salamzadə
ömrünü Azərbaycan
memarlıq sənətinə
həsr etmişdi. O, memarlıq
sənətimizin tədqiqi
və tarixinə, qədim memarlıq abidələrimizin bərpası
və rekonstruksiyasına
dair fundamental elmi əhəmiyyətə malik
monoqrafiya və kitabların müəllifi
olmuşdu. Sənətşünas alim "Azərbaycanın
günbəzli məqbərələrinin
memarlığı" (1948) mövzusunda namizədlik,
"XVI-XIX əsrlər Azərbaycan
memarlığı" (1965) mövzusunda isə doktorluq dissertasiyalarını
müdafiə etmişdi.
1967-ci ildə professor elmi dərəcəsi almış alim, AMEA-nın müxbir üzvü (1968) və həqiqi üzvü (1983)
seçilmişdi. O, həmçinin,
Azərbaycan Sovet Ensiklopediyasının elmi
redaksiya şurasının
üzvü olmuşdu
(1976-1984).
Ə.Salamzadənin əsas elmi araşdırma və tədqiqatlarını özündə
əks etdirən nəşr olunmuş monoqrafiya və kitablarına nümunə
kimi "Azərbaycan memarlıq abidələri. Naxçıvan
MSSR abidələri" (L.Bretanitski
ilə birlikdə,
1951), "Abidələr danışır"
(1952), "Azərbaycan memarlıq
abidələri" (1958), "XVIII-XIX əsrlərdə Azərbaycanın
yaşayış binaları"
(Ə.Sadıqzadə ilə
birlikdə, 1961), "Azərbaycan
memarlıq tarixi"
(M.Hüseynov, L.Bretanitski
ilə birlikdə, rus dilində, Moskva, 1963),"Əcəmi
Əbubəkr oğlu
Naxçıvani" (1976), "Əcəmi Əbubəkr
oğlu və Naxçıvan memarlıq
abidələri" (1976), "Azərbaycan incəsənəti"
(müştərək, 1977), "Araz boyu abidələr"
(K.Məmmədzadə ilə
birlikdə, 1979), "Azərbaycanın
tarixi şəhərlərinin
qorunub saxlanması və bərpası problemləri" (E.Avalov və R.Salayeva ilə birlikdə, rus dilində 1979), "İçərişəhərin əsas planı və onun regenerasiya
əsasları" (rus
dilində, 1981), "Azərbaycan
memarlığının Naxçıvan
məktəbi abidələri"
(K.Məmmədzadə ilə
birlikdə, 1985), "Şəkinin
memarlıq abidələri"
(1987) və başqalarını
qeyd etmək olar.
Ə.Salamzadə, həmçinin, səmərəli
pedaqoji fəaliyyət
göstərmiş, ölkəmizdə
sənətşünaslıq elminin formalaşması və inkişafına, peşəkar sənətşünas
kadrların yetişməsinə
əmək sərf etmişdi. Alim bu barədə deyirdi: "Mən çox sevinirəm ki, 1940-cı illərdə
Azərbaycan Dövlət
Universitetində dərs
dediyim bir sıra sənətşünaslar
indi respublikamızda sənətşünaslığımızın
özəyini təşkil
edirlər. Ölkəmizin elm və tədris
ocaqlarında müvəffəqiyyətlə
elmi-tədqiqat işləri
ilə məşğuldurlar.
Bunlardan sənətşünaslıq
üzrə Kərim Kərimovu, Nəsir Rzayevi, Cəmilə Novruzovanı, Rəfiqə
Kərimovanı, Nadir Zamanovu,
memarlıq tarixi sahəsində Vidadi Muradovu, Elturan Avalovu, Nərgiz Əsgərovanı, Roza Salayevanı və başqalarını göstərmək
olar".
Akademik Ə.Salamzadənin elmi və bədii yaradıcılıq fəaliyyəti
ilə yaxından tanış olmaq üçün onun elmi əsərləri, müəllifi olduğu memarlıq abidələri
ilə tanış olmaq və həmçinin,
onunla birgə çalışmış, dostluq
etmiş şəxslərin,
elmi rəhbəri olduğu davamçılarının
xatirə və yazılarını nəzərdən
keçirməklə nail olmaq
mümkündür. Tanınmış sənətşünas alim,
memar və sənət adamları alimin həyat və yaradıcılığı
haqqında yüksək
fikirlər söyləyib,
yazılar dərc ediblər. Ə.Salamzadənin nəşr olunmuş
monoqrafiya və kitabları barədə çoxsaylı resenziyalar
dərc edilib.
Akademik Mikayıl
Hüseynov "Görkəmli
alim" adlı məqaləsində - Ə.Salamzadənin
elmi-tədqiqat əsərləri
bir qayda olaraq faktik materialın
zənginliyi, abidələrə
və incəsənət
əsərlərinə verilən
qiymətin obyektivliyi,
bədii təhlilin və elmi ümumiləşdirmələrin
dərinliyi ilə fərqlənir - deyə vurğulayırdı. "Ə.Salamzadə çoxcildli "Azərbaycan
incəsənəti tarixi"nin
birinci cildini imzalayıb nəşriyyata
göndərəndə bir
uşaq sevinci ilə gülümsəyib
bildirdi ki, qalan cildlər də yazılıb tamamlanmışdır, nəşrə
hazırlanır" - bu
fikirləri akademik Məmməd Cəfər
"Unudulmaz sənətşünas"
adlı xatirə yazısında qeyd edirdi. Burada vurğulamaq yerinə düşər ki, vaxtı ilə AMEA-nın Memarlıq və İncəsənət
İnstitutu tərəfindən
hazırlanmış beş cildlik Azərbaycan incəsənəti
adlı kitablar nədənsə indiyədək
nəşr olunmayıb.
AMEA-nın müxbir üzvü K.Kərimov yazırdı: "Ə.Salamzadə
Azərbaycan sənətşünaslığında
yeni istiqamət, yeni cığır açmışdır. Azərbaycan
memarlığı tarixində
ilk olaraq Aran memarlıq məktəbinin
mövcudluğunu əsaslandırmaqdan
daha böyük kəşf olarmı..."
"Ə.Salamzadə Azərbaycan xalqının
çoxəsrlik bədii
irsinə yaxşı
bələddir. Heç də təsadüfi
deyil ki, onun elmi əsərlərində
təsviri və dekorativ divar rəsmləri və klassik miniatür sənətimizin tarixi, görkəmli sənətkarlarımızın
yaradıcılıq fəaliyyəti
öz əksini tapmışdır. Alimin ardıcıl
axtarışları nəticəsində,
keçən əsrlərdə
yaşayıb-yaratmış onlarla memarın, nəqqaşın, xəttatın
adı aşkara çıxarılmışdır" - bu cümlələr isə sənətşünaslıq
doktoru Mürsəl Nəcəfov və memarlıq doktoru Nəriman Əliyevin düşüncələrindəndir. Sənətşünas alim
haqqında yuxarıda
qeyd olunan fikirlər bir daha sübut edir ki, Ə.Salamzadə
Azərbaycan təsviri
sənət tarixində
unudulmaz fəaliyyəti
ilə özündən
sonra zəngin irs qoyub.
Alimin çoxşaxəli
elmi, bədii və ictimai fəaliyyəti yüksək
qiymətləndirilib. O, Əməkdar
inşaatçı (1960), Əməkdar
elm xadimi (1982) və Dövlət mükafatına
(1984) layiq görülüb.
Akademik Ə.Salamzadənin
çoxşaxəli elmi
və bədii yaradıcılıq irsi incəsənət tariximizdə
özünə əbədi
yer qazanıb. Alimin
memarlıq tarixi, bərpa və rekonstruksiya istiqaməti üzrə dəyərli
elmi əsərləri və həmçinin,
müəllifi olduğu memarlıq abidələri
var olduqca, o da daim
xatırlanacaq. Tarixi Zəfər ilində
Ə.Salamzadənin E.Kanukovla birgə
memarı olduqları Vaqifin Şuşa şəhərindəki möhtəşəm
məqbərəsi (1982) bərpa olunaraq, özünün əvvəlki əzəmətinə
qovuşdu. Bu, bir daha sübut
edir ki, sənətkar
öz işıqlı əməlləri
ilə ölməzdir. Yazımı akademik
Ə.Salamzadənin yarım əsr bundan əvvəl
ürək yanğısı ilə söylədiyi fikirlərlə
tamamlamaq istərdim: "Memarlıq nəzəriyyəçiləri
surət və stil məsələsini
ağına-bozuna baxmadan aradan
çıxarmışdılar. Bunun
arxasında memarlığın ideya-bədii əhəmiyyətini
rədd edənlər özlərinə yer
tapmışdılar. Memarlıqda da dəb
(moda) var. Öz yaradıcılıq mövqeləri olmayanlar gəlmə, qondarma
dəblərə tez uyurlar.
Hər dəb yenilik demək deyil... Xalq
memarlığını öyrənmək memar
qarşısında duran daimi
vəzifələrdəndir. Deyərdim ki,
burada da sənətkardan
çox şey
asılıdır".
Əsəd QULİYEV
Sənətşünas,
AMEA-nın dissertantı, Rəssamlar İttifaqının
üzvü
525-ci qəzet.- 2021.- 8 dekabr.- S.22.