Əli Əmirlidən ustad dərsləri
"Ulduz"
jurnalı ilə "525-ci qəzet"in birgə layihəsi
(III DƏRS)
REALLIQ
VƏ UYDURMA
"Teatr yapma reallıqdır" fikrində
heç bir şişirtmə yoxdur. Çox vacibdir
ki, bu yapma
reallıq daha təsirli, daha inandırıcı olsun.
Bəs bunu necə etməli? Bu sualı
çox aydın və anlaşıqlı cavablandırmaq üçün
konkret bir misalı köməyə
çağırım.
Məşhur bir bəstəkarın
başına gəlmiş
real əhvalat: o, maddi
durumunun ağır vaxtlarında Los-Ancelesin ucqar kvartallarının birində yaşayırmış,
bir manyakın əxlaqsız qadınları
öldürdüyü yerdə.
O, bir qayda olaraq, gecələr səsyazma studiyası kimi istifadə etdiyi qarajında işləyirmiş. Belə gecələrin
birində bəstəkarın
itləri hürməyə,
zingildəməyə başlayırlar.
Bəstəkar onları heç
cür sakitləşdirə
bilmir. İtlərin
hürüşməsi arasından
başqa səslər
də eşidilir: çırpılan avtomobil
qapısının səsi,
kolların əzilməsi,
budaqların qırılması,
maşın mühərrikinin
tırıltısı və
təkərlərin qıjıltısı.
Bütün bu səs-küydən
sonra dərin bir sükut yaranır, itlər də, nənəm demiş, xurt düşüb yatırlar.
Bəstəkar özü də
səhərə yaxın
yuxuya gedir. Bir azdan polis maşınlarının
sirenası, sonra da polislərin səsi eşidilir. Qapı döyülür. Məlum olur
ki, manyak növbəti qurbanının
cəsədini bəstəkarın
işlədiyi qarajın
lap yaxınlığına atıb. Bununla da real olan hadisə bitir, yəni adi kriminal
hadisə baş verib. Amerika dramaturqu Riçard
Uolter bu hadisəni inkişaf etdirməyi təklif edir. Necə? Əgər dərsimiz əyani olsaydı, mən dinləyicilərimə belə
bir təklif edərdim: lütfən bu hadisənin davamını uydurun. Bir halda ki, bu,
mümkün deyil, onda baxaq görək
Uolter özü hadisəni necə davam etdirir? Beləliklə, əhvalatın
uydurulmuş hissəsi:
- polislər gedir,
bəstəkar yenə
yatağına uzanır,
amma yuxulaya bilmir, durub gecə
bəstələdiyi musiqinin
notlarını səliqəyə
salır və təhvil vermək üçün studiyaya yollanır. Studiyada işini bitirəndən
sonra nahar etmək üçün kafeyə girir, qəhvə içə-içə
səhər qəzetlərinə
baxır. Qonşu masadakı
mürgülü müştəriyə
heç fikir vermir. Bir azdan naməlum müştəri fikirli vəziyyətdə fit çalır.
Motiv çox tanışdır,
hətta doğmadır.
Bəstəkarın tükləri biz-biz olur, bədəninə isti tər gəlir.
Onun bu gecə
bəstələdiyi və
hələ heç kəsin dinləmədiyi melodiyanı bu adam hardan
bilir? Doğrudanmı
bu adam
həmin manyakdır, qatildir?
Təbiidir ki, hadisələrin bu cür gedişi
süjetin birinci hissəsindən doğur,
həm də fabulanın uydurulmuş hissəsi real faktdan daha maraqlıdır.
Tamaşaçıya isə maraqlı tamaşa lazımdır, fərqi yoxdur o, reallıqdır, ya uydurma.
Elə bu yerdə şəxsi
təcrübəmə əsaslanıb
həmkarlarıma bir məsləhət verim: gerçəkliyi olduğu
kimi göstərməyə
çalışmayın. Ən cəsarətli,
ən inandırıcı,
hətta ən realist pyeslər, sözün həqiqi mənasında təxəyyül məhsulu
olan pyeslər, tamaşalardır. Dramaturq reallığın
özünü deyil,
onun maksimal həddə gerçəkliyə
oxşayan və inandırıcı görünən
surətini yaradır.
Hərdən rəyimi bilmək
üçün, əsasən,
gənc həmkarlarım
təzə yazdıqları
pyeslərini mənə
göndərirlər. Mən deyəndə ki hadisə inandırmır,
pis mənada uydurmadır, onda belə bir arqumentlə
qarşılaşıram, müəllim,
bu, olmuş əhvalatdır. Məsələ də elə bundadır, olmuş hadisə müəllifin yaradıcı təxəyyülündən
keçib bədii həqiqətə çevrilmirsə,
deməli, o, adi bir hadisə olaraq da qalır,
nə inandırır,
nə təsirləndirir.
Burda yenə
də şəxsi təcrübəmdən bir
misal çəkmək
istəyirəm. 1993-cü il idi. Həmişəki
kimi işlədiyim təşkilatda iş günü bitəndən,
əməkdaşlar evlərinə
gedəndən sonra mən, adətim üzrə, iş otağımda tək qalıb yazırdım. Radio da həmişəki
kimi öz-özünə
quruldayırdı, çox
vaxt onu heç eşitmirdim.
Birdən o vaxtkı daxili
işlər nazirinin radioda dedikləri qulağıma çatdı.
Nazirin dediyindən məlum oldu ki, prokurorluqda
cəbhədən yayındırmaq
üçün oğlunun
qız olduğunu iddia edən bir neçə adamın cinayət işi var. Bu fakt məni tutdu, əlimdəki yazını
qırağa qoydum.
Ləngimədən yeni yaranacaq komediyanın əhvalatını
bir səhifədə
qurdum, yazmadım, məhz qurdum. Ertəsi gün
"Bala bəla sözündəndir?" adlandırdığım
komediyanı çox böyük sürətlə
yazmağa başladım.
Yazdıqca kimsəsiz
iş yerimdə replikaları lazım olan intonasiya ilə ucadan səsləndirir, bir növ özümə diktə edirdim. Həm də danışdıqca
kimsəsiz otaqda gülürdüm, özü
də qəhqəhə
ilə. Kənardan izləyən
olsaydı, yəqin ki, məni "devitbe" hesab edərdi. Bir həftənin içində,
saatla hesablasam, 20-25 saata yazıldı bu komediya. Elə həmin il də
Gənc Tamaşaçılar
Teatrında tamaşaya
qoyuldu. Tamaşanı görən televiziya
rejissoru Şərif Qurbanəliyev "Sabah" emalatxanasında
onun ekranlaşdırılmasını
təklif etdi. Beləliklə, artıq 25 yaşını
tamam eləmiş
"Bala - başa bəla" televiziya filmi ən populyar
telefilmlərdən birinə
çevrildi. Ümid edirəm
ki, bu film-tamaşa ilə hamınız tanışsınız,
ona görə məzmununu danışmayacam.
Diqqəti əsas məqama
yönəldim, komediyanın
yazılmasına səbəb
olan bircə cümləlik real hadisəyə,
özü də
normal ağıla sığışmayan
absurd hadisəyə. Dramaturqun qurduğu
hadisələr isə
daha da absurddur,
amma bu absurda
tamaşaçı inanır.
Deməli, bir az əvvəl
dediyim kimi, dramaturq reallığın
özünü deyil,
onun maksimal həddə gerçəkliyə
oxşayan uydurulmuş
surətini yaratmalıdır.
Bəs bu necə baş
verir? Sadə! Düzgün
tapılmış dramatik
situasiya özü hadisələrin gedişini
diktə edir, hadisə hadisədən doğur, inkişaf edir və nəhayət,
həllini tapır, sanki müəllif kənarda dayanıb heç nəyə müdaxilə etmir. Dramaturq, sadəcə, baş verənləri kağıza
fiksə edir, köçürür. Səhnə əsərinin
ən vacib, bəlkə də, həlledici komponentlərindən
biri, əlbəttə,
replika və dialoqlardır. Bu haqda gələn dərslərimizin birində
xüsusi danışacağıq,
indi isə reallıq və uydurmadan bəhs ediriksə, dialoqlarla bağlı bir məqama toxunum. Təcrübəsiz dramaturqlar dialoqlarda
"hımm, e-e-e, bilirsən,
qulaq as, hesab edirəm ki, öz aramızdır..."
kimi sözlər işlətməklə süjetin
hərəkətini ləngidir,
dinamikanı zəiflədirlər.
Bunu irad tutanda da
deyirlər ki, axı real həyatın özündə də insanlar məhz belə danışırlar.
Bəli, həyatda insanlar qarışıq danışır, fikirlərini
dəqiq ifadə edə bilmir, çoxlu artıq sözlər işlədir,
vaxtı o qədər
də qiymətləndirmirlər:
"Salam! Necəsən? - Yaxşıyam, çox sağol, sən necəsən? - Pis deyiləm, təşəkkür edirəm.
- Evdə nə var, nə yox?
- Pis deyilik, uşaq soyuqlamışdı.
Sən özün necəsən?
- Şükür olsun, yaxşıyam.
- Bəlkə, bir çay içək?" və sair. Səhnədə isə personajların
nitqi dəqiq, məqsədli olmalıdır,
dialoqun hər cümləsi süjetin və personajın inkişafına xidmət etməlidir.
Personajlar artıq bir dəfə dediklərini ikinci dəfə təkrar etməməlidirlər
- əlbəttə, əgər
dramaturq bununla nəyisə qabartmaq, ritm və ya
gülüş yaratmaq
məqsədi güdmürsə. Təkrarlar fikri
solğunlaşdırır, süjetin inkişafını
ləngidir.
Təcrübəli dramaturq sözün yalnız dolu, məzmunlu formalarından istifadə edir, hətta aktyorun tələffüz imkanlarını da nəzərə alır. Mən hər təzə pyesimi bitirəndən sonra, yəni son redaktədən sonra (son redaktə heç vaxt olmur!) əsəri ucadan oxuyuram. Cinsindən asılı olmayaraq, bütün rolları özüm ifa edirəm. Məqsəd replika və dialoqların nə dərəcədə təbii səslənməsini, dilə yatımlı olmasını yoxlamaqdır. Bu sözü və ya replikanı deyəndə aktyor çətinlik çəkməyəcək ki? Oxu prosesində hansısa sözün və ya cümlənin tələffüzündə dilim dolaşırsa, mütləq həmin yeri redaktə etməliyəm. Hətta məşq prosesində hər hansı bir aktyor hansısa sözü dəyişdirməyi təklif edirsə, mən razılaşıram, baxmayaraq ki, əsərin çap variantında həmin sözü olduğu kimi saxlayıram. Ümumiyyətlə, teatrla, rejissorla iş prosesində dramaturq güzəştə getməyi bacarmalıdır. "Yox, mənim bir sözümə də toxunmaq olmaz" iddiası ilə höcətlik edən dramaturq bilməlidir ki, tamaşa kollektiv yaradıcılıq məhsuludur. Dramaturq pyesi teatra təqdim edəndən sonra pyeslə onun arasına çox adam girir. Hər adamın da öz avazı. Dramaturq mütləq bunu nəzərə almalı və reallıqla hesablaşmalıdır. Şəxsən məndə bütün bunlara qarşı çox güclü immunitet yaranıb.
Dərsimizi yekunlaşdırmazdan əvvəl onu da deyim ki, öz təsir gücünü saxlamaq və özünə marağı yaşatmaq üçün teatr ciddi şəkildə işləməli, tamaşa xarakterli innovasiyalar içərisində möhkəm yerini tapmalıdır. İlk növbədə onun məzmunu, yəni dramaturgiya yeni formalar axtarmalı, keçmiş irs və müasir təcrübə, imkan və vəzifələr ciddi şəkildə təhlil edilməlidir. Yeri gəlmişkən, gənc dramaturqların rəy üçün mənə göndərdikləri pyesləri oxuyanda ilk olaraq həmin pyeslərdə yeni forma, yeni məzmun, yeni dil materialı axtarıram. Görməyəndə məyus oluram, axı bu yolu biz artıq keçmişik, yeni yol, yeni nəfəs lazımdır.
Söhbətimizin axırına yekun olaraq: dramaturq həqiqi gerçəkliyə, realizmə deyil, məhz onların bənzəri olan surətə, realizmdən çıxarılmış qəlibə can atmalıdır. Çünki real, həqiqətə bənzər süjetlər dramaturq ustalığının əsas postulatına qarşıdır, yəni onlar darıxdırıcıdır. Axı adi məişət problemləri ilə insanlar hər gün rastlaşır. Həyatda isə darıxdırıcı hadisələr çoxdan çoxdur. Nə yaxşı ki, belədir. Əgər belə olmasaydı, nə incəsənətə, nə bütövlükdə yaradıcılığa, o cümlədən, teatra da ehtiyac olmazdı.
Teatr elə sehrli
qüvvədir ki, ordakı uydurmalar reallığı olduğundan
qat-qat real göstərməyi
bacarır.
525-ci qəzet.- 2021.- 8 dekabr.- S.20.