Nizami Gəncəvinin söz sənəti haqqında dəyərli araşdırma

 

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinin qeyd edilməsi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasında 2021-ci il "Nizami Gəncəvi ili" elan olunmasından keçən müddət ərzində bir sıra mühüm elmi nəticələr ortaya qoyulmuşdur. Respublikamızda Nizami Gəncəvi ilində müxtəlif layihələr, tədbirlər həyata keçirilib, yeni nəşrlər işıq üzü görüb.

Yeni nəşrlər sırasında xüsusi maraq doğuran, mühüm elmi əhəmiyyət dayıyan kitablardan biri də Nizami Gəncəvinin dünya şöhrətli "Xəmsə"sinin orijinal mətni üzərində aparılan elmi tədqiqatın mühüm nəticəsi olan, tanınmış şərqşünas alim, filologiya elmləri doktoru Şəfəq Əlibəylinin "Nizami "Xəmsə"sində akustik obrazlar (linqvopoetik təhlil)" adlı monoqrafiyasıdır. Müəllif yenicə çapdan çıxmış bu əsərini vətən yolunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ithaf edib. AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi şurasının qərarı ilə çap olunan kitabın elmi redaktoru akademik Rafael Hüseynovdur. Akademik Möhsün Nağısoylu və filologiya üzrə fəlsəfə doktoru, dosent Əsmətxanım Məmmədova həmin monoqrafiyaya müsbət rəy vermişlər.

Orta əsrlər Azərbaycan klassiklərinin fars dilində yazdığı əsərlərinin dil və üslub cəhətdən araşdırılması filologiyamızda az tədqiq olunan sahələrdəndir. Bəhs olunan sahədə fundamental tədqiqatlara böyük ehtiyac duyulur. Bu baxımdan filologiya elmləri doktoru Şəfəq Əlibəylinin təqdim olunan monoqrafiyası filologiyamızın aktual tədqiqat mövzularındandır. Farsdilli klassik əsərlərin dilinin, orada yer alan söz sənətkarlığı, poetik semantika, üslubiyyat məsələlərinin araşdırılması dahi Azərbaycan şairı və mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə"sinin sözügedən istiqamətdə özəllikləri barədə çox söz deyə bilər.

Şərqşünas alim Şəfəq Əlibəyli bu sahədə bir cığır açıb. O, Məhəmməd Füzuli, Əfsələddin Xaqani, İmadəddin Nəsimi, Məhəmmədhüseyn Şəhriyar kimi şairlərimizin farsdilli əsərləri ilə bağlı maraqlı tədqiqatlar müəllifidir. Ş.Əlibəyli, həmçinin, Əbülqasim Firdovsi, Hafiz Şirazi, Sədi Şirazi, Ömər Xəyyam, Əmir Xosrov Dəhləvi poeziyasına müraciət etmiş, onların əsərlərinin dil və üslub xüsusiyyətlərini araşdırmışdır. Ş.Əlibəyli açdığı bu cığırda tək addımlamır. Yetişdirdiyi, qayğı göstərdiyi dissertantları bu cığırda onunla birgə uğurla addımlayırlar. Gələcəyin şərqşünas alimləri olacaq bu gənclər klassiklərimizin farsdilli əsərlərini linqvopoetik istiqamətdə tədqiq edirlər.

Məlumdur ki, Nizami Gəncəvi əsərləri yüksək məzmun keyfiyyətləri ilə yanaşı, bənzərsiz söz gözəlliyi ilə də seçilir. Ş.Əlibəyli haqlı olaraq Nizami Gəncəvinin hər bir əsərini söz qəsrinə bənzədərək, belə bir sualla oxucusuna müraciət edir: "Nizaminin yaratdığı hər bir söz qəsri gözəldir, şair bu gözəlliyi necə yaradıb?" Müəllif qismən bu suala cavab vermək üçün Nizami Gəncəvinin söz gözəlliklərindən birini təşkil edən mətndaxili səs semantikalı sözlər sistemini tədqiq etmişdir.

Tədqiqatçı alim Nizami Gəncəvi "Xəmsə"sinin poetik mətninin təşkilində bütöv bir sistem şəklində özünü göstərən, səs semantikalı leksika əsasında yaranan məcazları, akustik obrazları, tematik söz qruplarını zəngin poetik nümunələr əsasında araşdırmışdır. Müəllifin "Xəmsə" mətnində səs semantikalı leksika ilə bağlı çox dərin müşahidələri maraq doğurur. Məsələn, "Xəmsə"də akustik obrazlar pleyadasını (Zöhrə, Barbəd, Nikisa, Bilal, Hz. Davud, Fitnə, Tutiyanuş) sezməsi buna misaldır. Dərindən baxanda görürsən ki, adıçəkilən hər bir obraz səs məfhumu ilə bağlıdır. Tədqiqatçı səs məfhumu ilə bağlı müxtəlif söz təbəqələrini əhatə edən leksemlərin müxtəlif poetik fiqurlara nüfuz edən zəngin poetik nümunələrlə oxucusuna çatdırmışdır. Bununla da müəllif Nizami Gəncəvi əsərlərinin tərcüməsində öz əksini tapa bilməyən səs semantikalı leksika ilə bağlı səciyyəvi üslubi məqamları işıqlandırmışdır. Ş.Əlibəylinin çox dərin müşahidələrindən biri musiqi adlarının işləndiyi beytlərin üslubi özəlliyidir. Tədqiqatçı tərcümədə öz əksini tapa bilməyən musiqi adları ilə bağlı təkrar hadisəsini qeyd edir. Musiqi adları yer alan beytlərdə mütləq ya həmin ad bütövlükdə, ya da onun komponentlərinin biri ayrılıqda təkrarlanır.   

Monoqrafiya Nizami Gəncəvinin şairlik, söz seçimi istedadından xəbər verən, lakin tərcümədə öz əksini tapa bilməyən məqamların açıqlanması cəhətdən çox əhəmiyyətlidir. Məsələn, Nizami nəzmində çox zəngin, fərdiliyi ilə seçilən qafiyə sistemi vardır. Monoqrafiyada səs semantikalı leksemlər üzərində qurulan bir qafiyə sistemi təqdim olunur. Nizaminin əsərlərinin leksik zənginliyi səs semantikalı sözlərin sinonimliyində özünü göstərir. Əfsus ki, bu məqam da tərcümədə öz əksini tapa bilmir. Tədqiqatda yer alan belə məqamlar çoxdur.

Monoqrafiyada tərcümədə vermək mümkün olmayan, səs semantikalı sözlərin qrafikası üzərində qurulan, mətnə vizual gözəllik verən qrafik struktur təqdim olunur. Müəllif tədqiqata cəlb etdiyi hər bir sözün müxtəlif farsdilli izahlı lüğətlərə müraciət edərək, leksikoqrafik linqvopoetik təsvirini verir. Həmin şərhlərdə poetik nümunə kimi verilən Nizami beytlərinə müraciət edir. Tədqiqatçı əsər boyu digər şairlərin yaradıcılığına müraciət edərək müqayisələr aparır.

Monoqrafiya çox maraqlı bir tərzdə tamamlanır. Kitabın sonunda Nizami Gəncəvinin səs səssizlik tənasübünün ifadə vasitələrinə yer verilir. Bununla da akustik obrazlar, sanki sükuta dalır oxucunu düşündürür. Nizaminin səslə bağlı bir beyti yada düşür:

 

Hər yaxşı-yamana qoca dünyada

Gələr fələklərdən bir əksi-səda.

 

Müəllifə onun davamçılarına klassiklərimizin farsdilli əsərlərinin linqvopotik tədqiqində uğurlar diləyirəm.

 

Möhsün Nağısoylu

 

525-ci qəzet.- 2021.- 8 dekabr.- S.17.