Səyyad Aranın hekayələrində
reallığın təcəssümü
İstedadlı yazıçı, publisist, alim kimi
tanıdığımız Səyyad Aran bədii
yaradıcılığa hekayə janrı ilə
başlayıb. İlk yaradıcılığı
keçən əsrin 70-ci illərə - Sovet dövrünə
təsadüf etdiyindən dövrün sosial-əxlaqi,
ictimai-siyasi prosesləri, insanların yaşam tərzi,
özbaşınalıq, haqsızlıq, yoxsulluq müəllifin
yaradıcılığında öz əksini tapırdı.
Buna baxmayaraq, müstəqillik dövrü
kontekstindən yanaşanda da o dövrün insanlarının
sosial durumu, həyat tərzi indiki dövrün
insanlarının həyat tərzindən o qədər də
fərqlənmirdi.
Müəllifin mənən zəngin, təmiz, zəhmətkeş
qəhrəmanları ehtiyacın, yoxsulluğun,
haqsızlığın məngənəsində
sıxılırlar. Onlar düşdükləri situasiyalarda
xudbin, zalım insanlar tərəfindən əzilsələr
də, fiziki təzyiqlərə məruz qalsalar da,
("Gül iyi" Şahilə, "Sandıqda qalan
muştuluq" (Dünyamalı), "Təmizlik
kağızı" (Eldar) öz mənəvi təmizliklərini
saxlamağı bacarırlar. Bəzən
isə Kamil kimi vicdanlı müəllimlər ("Soyuq
günəş") böhtancıl, əxlaqsız,
rüşvətxor naqislərin qurbanına çevrilirlər.
Müəllifin hekayələri həyatın dəyişkən
reallıqlarını göstərmək baxımından da
diqqəti cəlb edir. S.Aran müraciət etdiyi hər bir hadisəni
dolğun, əhatəli verməyə çalışır.
Ona görə də hekayə bir süjet xətt
üzrə yazılsa da, bəzən bu süjetin əhatə
dairəsindən çıxır.
"Balıq
günü" əsərini oxuyarkən bu hekayədə
gün-güzəranlarını,
dolanışıqlarını balıq tutub satmaqla təmin
edən bir kəndin sakinləri ilə tanış
oluruq. Əsərdə tamahın, əliəyriliyinin
insanı necə mənəvi əzaba
saldığının şahidi oluruq.
Müəllifin yaradıcılığında kənd həyatı,
dediyimiz kimi, əsas yer tutur. Əsərlərinin
obrazları da kənddə gördüyü,
tanıdığı insanlardır. "Əfəl",
"Qarpız", "Sandıqda qalan muştuluq",
"Körpü", "Gül iyi", "Külçə"
və s. Müəllif kənd həyatından yazarkən kəndin,
kənd sakinlərinin ağrılı problemlərini öz
içindən keçirərək yazır. Ona
görə də onun hər bir qəhrəmanı bizə
doğma görünür.
Müəllifin kənd həyatına həsr etdiyi hekayələrindən
biri də "Sandıqda qalan muştuluq"dur. Bu hekayədə
Dünyamalının simasında həbsxana həyatını
yaşamış insanların obrazını, onların
iç dünyasını ustalıqla təsvir edir.
Xalq
yazıçısı Anar Səyyad Aranın hekayələri
haqda öz təəssüratını belə ifadə edir:
"Səyyad Aran ədəbiyyata 20-ci əsrin sonunda gəlib.
İlk hekayələrindən həyata bələdliyi
insan talelərinə dərindən nüfuz etməsi, dilinin və
təhkiyyəsinin şirinliyi ilə diqqəti cəlb edib.
Səyyad Aran yaşıdları içərisində
özünəməxsus istedadı ilə seçilən qələm
sahiblərindəndir".
Müəllifin "Küdrüdə tennis oyunu"
hekayəsində nümunəvi, mehriban bir ailədə - Samirlə
Sədəfin ailəsində baş verən xoşagəlməz
əhvalatdan - ərin həyat yoldaşına xəyanətindən
danışılır. Evdəki psixoloji gərginlik Samirin həyat
yoldaşına xəyanət etməsi və qadının da
bundan xəbər tutmasıdır. Samirlə
Sədəf bir-birilərini sevib evlənsələr də, Samirin
Sədəfə qarşı sevgi hissi çoxdan tükənib.
Sədəf yaşlaşıb, hətta
artıq çəki də yığıb. Bir gün Sədəf ərinin və
uşaqlarının təkidilə Küdrüyə - gəzintiyə
çıxırlar. Burda Sədəf
oğlanlarla tennis oynayan ərinin məşuqəsi Çilayəni
görür. Sədəf yaşına
uyğun olmasa da, tennisin topunu əlinə alır və
Çilayəni yarışa çağırır.
Özünün hər cəhətdən Çilayədən
üstünlüyünü hiss edən, intiqam hissi ilə
yaşayan Sədəf ərinin məşuqəsinə qələbə
çalır. Sədəf bütün çətinliklərə
qatlaşaraq ailə müqəddəsliyinin, özünün
üstün cəhətlərini, möhkəmliyini "Mil
ceyranı"na sübut edir. Küdrüyə istirahətə gələnlər
Sədəfin "Mil ceyrana" qalib gəlməsini
alqışlayırlar. Bu uğurlu
tapıntıda ailə səadətinə, övlad xoşbəxtliyinə
mane olanlar isə qınanılır. Hətta
hekayənin sonunda "Mil ceyran"ı yuyunub sərinlənməsi
üçün Sədəf xanımın əlinə su
tökür.
Hekayədə ciddi mətləbdən söhbət getsə
də, buna baxmayaraq, incə yumor da diqqəti cəlb edir.
S.Aranın hekayələrindən yazarkən Tehran
Əlişanoğlu bu iki qadına münasibətini belə səciyyələndirir. "Sədəf
xanım əri Samirin uyduğu, univermağın təzə
müdiri "Mil ceyranı" - Çilayəni ağlı
və hünəriylə məğlub edib, əlinə su
tökməyə vadar edir. Və oxucu incə
omonimdən məmnun qalır, ailənin xoşbəxtliyini
oğurlamağa girişmiş bu xanım, həqiqətən
də "ələ su tökməyə" layiqdir".
Səyyad Aranın əsərlərinin mövzusu öz
aktuallığı ilə bərabər, həm də
dövrün gerçəkliklərini əks etdirməyilə
seçilir. Hekayələrindəki süjet xətti əvvəlcə
müəllifin şirin təhkiyəsiylə nəql edilir, ya
da əsərin qəhrəmanının öz-özünə
söylədiyi monoloqu və kiməsə müraciəti ilə
başlayır.
"Sazaq" hekayəsi müəllifin maraqla oxunulan
hekayələrindən biridir. Ağarzanın Cəfər kişi haqqında söylədiyi məlumatdan
sonra ölümdən xoflanan qocaların psixoloji durumu təsvir
olunur. Həmyaşıdları Cəfər kişi
canüstədir. Onun ölümü sanki bu
ixtiyar qocaların da ölümü deməkdir. Gözlər Cəfər kişinin həmişə
gəldiyi yola dikilib. Qulaqları səsdədir.
Bəlkə Cəfər kişi
sağalıb, kişinin ardınca gedən Ağarza, bəlkə,
Cəfər kişini ayağa durğuza bildi, axı
onların həmişə oturduğu yerə gəlirdi. "Cəfər getsə, deməli, bizim də
sıramıza dən düşəcək". Bu zaman
qocalara məlum olur ki, Cəfər kişi
keçinib. "Kövrəlmişdilər.
Belə əməlli başlı! Azan səsindən
elə sındılar ki, belə olmayan kimi. Oturacaqda sıxlaşdılar. Körpə
uşaqlar kimi bir-birilərinin əlindən tutdular".
Müəllif hər an, hər dəqiqə
ölümlərini gözlərinin önünə gətirən
qocaların hiss və həyəcanlarını, üzlərindəki
qorxu xofunu o qədər təsirli, inandırıcı təsvir
etmişdir ki, istər-istəməz qocaların halına
acımaya bilmirsən. Bu hekayədə də
insan mənəviyyatının təsviri olduqca realdır.
Hamımızın bildiyi, gördüyü,
rastlaşdığı qocaların ölüm xofunu, daxili
sarsıntılarını həssas yazıçı kimi Səyyad
Aran kövrək bir hisslə qələmə
almışdır.
Akademik
Yaşar Qarayev Səyyad Aranın əsərlərini belə səciyyələndirir:
"Səyyad Aran bədii nəsrin əsas cövhərini təşkil
edən çox təbii və canlı dili, ütülənməmiş
cod deyim tərzi, canlı həyat qoxusu verən lakonik təsvirləri,
bədiiliyi maraqlı həyat hadisəsi hesabına deyil, adi həyat
hadisəsini bədiiliyin, istedadın hesabına həm
maraqlı, həm də ibrətamiz etmək
bacarığı ilə diqqəti cəlb edir".
Müəllifin hekayələri mövzu rəngarəngliyi
ilə seçilir. Haqqında danışmaq istədiyimiz
"Qeybullanın qazancı" hekayəsindəki hadisə
şəhər mühitində baş verir. Hekayədəki
Qeybulla - Şaxta baba maraqlı obraz kimi yadımızda
qalır. O da ehtiyacın, pulsuzluğun məngənəsində
çabalayır. Soyuq, şaxtalı gündə
Allahdan qarın yağmasını arzulayır ki, bəlkə
onunla şəkil çəkdirmək istəyən
uşaqlar tapıla. Qar yağır və
o, sevinə-sevinə uşaqlarla şəkil çəkdirir.
Qeybulla parkın içində aclıqdan,
ora-bura qaçmaqdan heysizləşir, oturacağın birində
oturarkən yuxu onu aparır və qar uçqununun altında
donur. Hekayədə Qeybullanın bir
günlük həyatını izlədikcə cəmiyyətdə
yaşanan sosial bərabərsizliyin törətdiyi acı həyat
səhnəsini, hər cür mərhumiyyətlərə
dözən bir ailə başçısının faciəsini
görürük.
"Əfəl" hekayəsindəki İbişin isə
ətrafındakı insanlardan fərqli olaraq öz
dünyası var. İbiş ağacdan
yıxıldığı üçün beyni zədə
alır və o, yıxıldığı vaxtdan kənddə
sərsəm kimi gəzir. Görənlər onu
məsxərəyə qoyurlar və yeganə şəhərdən
dayısı evinə qonaq gələn balaca
qızcığaz - Ülkər onunla ünsiyyət qurur.
Evdə qızcığazı İbişlə
görüşməyi qadağan edirlər. Günahsız, xəstə İbişin daxili aləmi
ilə, pak qəlbi ilə ətrafındakı insanlar
arasında bir ziddiyyət var. Müəllif bu hekayədə də
müşahidə etdiyi ən incə detalı belə
gözündən qaçırmır. Mövlud
Süleymanlı çox doğru olaraq qeyd edir ki, "Səyyad
Aran bütün olanlara-olacaqlara - yəni bizi əhatə edən
hadisələrə yaxın olan yazıçıdır.
Heç nəyi - ən xırda detalları belə
uzaqdan-uzağa yazmır. Özündən
keçirməsə, yaxınlığı yaratmasa, qələmə
almır. Yaratdıqlarının da belə
canlı, sağlam olması ona görədir". Ümumiyyətlə deyə bilərik ki, müəllifin
yaradıcılığında təzadlı hadisələr
çoxdur. Onun gözündən
qaçırtmadığı bir əhvalat isə "Oyanma
və ya Səltənətin bir gündə üç dəfə
bayılması" əsərində təsvir olunur. Bu
hekayədə köhnəliklə yenilik üz-üzə
qoyulur, Əsərin süjet xətti şəhərdən
xalası Səltənətin evinə qonaq gələn gənc
qız Aysellə kəndin mağaza müdiri Nazimin oğlunun
arasındakı açıq-saçıqlıq və Səltənətin
bunu görüb sarsılması, Ayselin anası Səmayənin
isə belə şeylərə əhəmiyyət verməməsi
üzərində qurulub. Müəllif milli adət-ənənələrimizə
zidd olan və böyüklərin yanında iki gəncin
bir-birilərinə nəvaziş göstərmələrinə
görə üç dəfə bayılan Səltənətinmi,
yoxsa özünü müasirliyin tərəfdarı kimi
göstərən Səmayəninmi haqlı və ya haqsız
olduğunu oxucuların ixtiyarına buraxır.
S.Aranın "Təmizlik kağızı" hekayəsində
37-ci ilin repressiyasının qurbanlarından, onların, ata
üzü görməyən övladlarından bəhs edilir.
37-ci ilin repressiyası Azərbaycanda çox
insanların həyatını faciəyə döndərdi. Həmin illərdə
günahsız ziyalılarımız, zəhmətkeş, təmiz
insanlar ya xalq düşməni, vətən xaini adı ilə
mühakiməsiz sürgünə göndərilir, ya da yerindəcə
güllələnirdilər. Bu hekayənin
qəhrəmanı Eldarın atası da günahsız yerə
həbs olunanlardandır. Eldarı "xalq düşməni"nin oğlu olduğuna görə də kənddə
Kənd Sovetinin oğlu və onun kimi harınlanmışlar
gözümçıxdıya salırlar, təhqir edirlər.
Eldar tez-tez döyülür, təhqir olunur və
növbəti oyunların birində Eldar
haqsızlığın qurbanına çevrilir.
Səyyad Aran vaxtının çox hissəsini ictimai fəalliyətinə,
publisist yazılarına ayırsa da, 90-cı illərdə
baş verən prosesləri bədii qələminin süzgəcindən
keçirməyi də özünə borc bilirdi. Ona görə
onun yaradıcılığı 90-cı ildə Bakıda
törədilən 20 yanvar faciəsindən yan keçə
bilməzdi. O, 1991-ci ildə "Qətl" hekayəsini
çap elətdirir. Hekayəni isə Xalq
yazıçısı mərhum Sabir Əhmədova həsr
edir. Əsərdə Sovet ordusunun
işğalçı, faşist erməni
separatçılarının təhriki ilə Bakıya
qoşun yeridilməsindən və dinc, günahsız
insanların, körpə uşaqların qətlə yetirilməsindən
danışılır. Atılan silah səsləri,
tankların gurultusu iki yeniyetmə qardaşların - Atababa ilə
Ağababaya ekranlarda gördükləri filmləri
xatırladır. Onlar üstlərinə
yeriyən tanklara əyləncə kimi baxırlar. Ancaq ağıllarına gəlmir ki, hər ikisi qəddar
düşmənlərin gülləsinə tuş gələcəklər.
"Girov" hekayəsində isə hadisələr on
doqquzuncu əsrin axırlarında baş verir. Biz əsərdə
Qaradonlunun bəyi Hacı Rüstəmlə xeyriyyəçi
mesenat Tağıyevin obrazı ilə rastlaşırıq.
Əsərin süjet xətti maraqlı bir əhvalat
üzərində qurulub.
Müəllif çox ustalıqla o dövrün
ab-havasına girir. Obrazların həyat tərzini,
danışıqlarını, yaylağa köç edən
bəylərin ailələrinin necə bir təmtaraqla yola
hazırlıqları təsvir edir.
Məlum olur ki, Hacı Rüstəmin yaylağa
köç etməməsinin, yubanmağının səbəbi
onun pulsuzluğudur. Hekayəni oxuduqca bizə Hacı Rüstəmin
iztirablarını, külfətini yayın istisində
yaylağa apara bilməməyinin səbəbi aydın olur.
Hacı Rüstəm çıxış yolunu
Bakıda xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə
görüşüb ondan borc istəməyində
görür. Müəllif hekayənin
adını əbəs yerə "Girov" qoymayıb.
Hekayədə qoyulan məsələ o dəsmaldakı
Hacı Rüstəmin saqqalının bir dənə
tüküdür. Biz o balaca bir əşyanın - sənədi əvəz
edən tükün nə qədər önəm
daşıdığının şahidi oluruq. Bir neçə ay keçir, Hacı Rüstəm
dediyi vaxtda xeyriyyəçidən aldığı məbləği
gətirib qaytarır və girovu Tağıyevdən alır.
Milyonçu mesenat H.Z.Tağıyevdən çox
yazılıb, onun adı çox əsərlərdə
yaxşı bir insan kimi hallanıb. Bu hekayədə də
müəllif Z.Tağıyevi ona pənah gətirən
insanlara əl tutmağından, səxavətindən,
müdrikliyindən söz açılır.
Z.Tağıyev Hacı Rüstəmə girovu qaytararkən
çox təmkinlə deyir: "Bu da sənin əmanətin.
Həyatda belə-belə şeylər çox
olur. Nə vaxt bir də belə məqam
düşsə, utanmadan gəl. Pul əl
çirkidir. Bu dünyadan beş
arşın ağdan başqa heç kim, heç nə
aparmayıb hələ".
Realist yazıçı kimi Səyyad Aran oxucu qəlbinə
çoxdan yol tapıb. Onun əsərlərini ümumilikdə səciyyələndirməli
olsaq, deyə bilərik ki, müəllifin əsərləri
koloritliyi, hadisəçilikdən yox, qəhrəmanların
psixoloji durumuna, personajlarının daxili aləminə sirayət
etməyi ilə seçilir. O, eyni zamanda,
obrazlarını təbii danışdırmağa önəm
verən, müasir təfəkkürlü bir
yazıçıdır, alimdir, publisistdir.
Mənzər
NİYARLI
525-ci qəzet.- 2021.- 8 dekabr.- S.16;17.