Özümdən müsahibə götürmüşəm   

(Birinci hissə)

 

Özüm-özümlə apardığım müsahibəni - Mərdəkandakı bağ evimin sakit bir guşəsinə çəkilib, heç kəsin qarışmadığı, lal sakitlikdə elədiyim söhbətimi, dialoqumu, monoloqumu, yoxsa elə-belə dağı arana, aranı dağa aparmaqmı... - özünüz bilərsiniz, necə istəyirsinizsə, o cür də adlandırın. Mənə elə gəlir ki, normal insan, lovğalıqdan, təkəbbürdən uzaq adam öz-özünü aldatmamalıdır, özü ilə açıq və səmimi danışmalıdır. Ümumiyyətlə, bütün insanların - cavanın da, ahılın da hərdən bir öz aləminə çəkilib öz-özünü sorğu-suala tutması vacibdir. Elədiklərim yaxşıdımı, pisdimi? Gərək filan məsələdə nəfsimi cilovlayaydım, maddi sərvətlər qazandım, şanım-şöhrətim oldu, amma adamlar arasında, - dost-tanış içində hörmətim, nüfuzum yoxdur.

 

Mən bu və buna oxşar söhbətlərə, daha dəqiq desək, özü-özü ilə aparılmış söhbətlərə, dialoqlara rus və Avropa, Yaponiya mətbuatlarında da rast gəlmişəm. Onların məzmunu artıq öləziyən yaddaşımın künc-bucağında ilişib qalıbmı, qalmayıbmı, - vallah, bütün bunları heç mən özüm də yaxşı bilmirəm. Demək istədiyim budur ki, buna oxşar mətbu nümunələrini qəzet və jurnal səhifələrində görmüşəm. Cəsarət edib sizə təqdim etdiyim mövzunun məğzi, qayəsi ondan ibarətdir ki, başqaları ilə müqayisədə bu cür formalı yazılar səmimidir, insan heç yerdə, heç kəsin yanında buna oxşar fikirlər söyləmir, düşündüklərinin təbiiliyini, bakirəliyini qorumağa çalışır. Oxucular, başqa cür düşünənlər belə sirli-soraqlı, ütülənməmiş mülahizələri qəbul etməyə də bilərlər. Bu da təbiidir. Bu başqa məsələdir ki, həssas oxuculara bu formada, bu tərzdə müraciət etmək hansı zərurətdən yaranıb?

 

Dərin yuxuya getmiş duyğularımı silkələmək üçünmü? Düşüncə tərzinə, həyat baxışına təzədən əl gəzdirmək ehtiyacımı? Yoxsa, hay-haray qoparmaq, yaddan çıxmamaq, unudulmamaq üçünmü? Fikir və düşüncələrimi basdırığa salmaq istəmirəm. Qısası, özüm-özümə verdiyim suallarımı və o suallara cavablarımı sizə təqdim edirəm.

 

 

***

 

- Bu ilin əvvəlində - martın 21-də səksən yaşın (1941, 21 mart) tamam oldu. Amma yubiley səssiz-küysüz keçdi. Nə üçün özünü yada salmadın?

 

- Adamlar deyəsən, bu ad günü məsələsini çox şişirdib əndazədən çıxarıblar. Mən doğulduğum,  boya-başa çatdığım yerlərdə belə məsələlərə əhəmiyyət vermirdilər. Ad günü keçirmək, buna hazırlıq görmək heç kəsin planında yox idi. İyirmi yaşıma kimi kənddə ad günlərinin keçirildiyini görməmişəm. Qadınlar, kişilər yaşayırdılar, oğul-uşaq böyüdürdülər, ev tikirdilər, hirslənirdilər, dalaşırdılar. Amma ad günü deyilən məfhumu heç vaxt keçirmirdilər. Oğlu olub şənlik edilir, qoyun, dana kəsirdilər, toy-bayram başlayırdı. Amma bu qədər koloritli, şən kənd mərasiminə "ad günü keçiririk" donu geyindirmirdilər. Şənliklər sadə, dəbdəbəsiz keçirilib. Oğlanınmı, qızınmı dünyaya təbii gəlişi, təbii də qarşılanırdı.

 

Allah rəhmət eləsin, kənd sovetliyində Tutu Mehdiyeva adlı bir qadın vardı - uca boylu, cüssəli. Üstündən neçə vaxt keçəndən sonra Tutu Mehdiyevaya bildirilirdi ki, bəs filankəsin oğlu və ya qızı olub. Tutu Mehdiyeva yeni doğulan uşaqların valideynlərinin rəyini, arzusunu soruşmadan onlara istədiyi adı, soyadı qoyurdu. Tutu xanımın qoyduğu ad, uşağın doğum tarixi eynilə də doğum haqda şəhadətnaməyə köçürülürdü. Rəhmətliyin oğlu, kim idi bu mətləblərin dərinliyinə gedən. "Oğlun, qızın doğulub, Allah xoşbəxt etsin" - deyirdilər. Kim idi Yuxarı Veysəllidən, ya da Aşağı Veysəllidən 18-20 kilometr yolu qət edən. Yollar palçıq, qar, nəqliyyat da yox idi. Tutunun Veysəlli uşaqlarına qoyduğu ad və soyadı heç nə dəyişilmədən, elə olduğu kimi də qalırdı. Sonralar, lap sonralar kim ki, kənd sovetinin katibi, Tutu Mehdiyevanın qoyduğu ad və soyadla razılaşmırdı, sənədlərini təzədən dəyişirdi.

 

Tutu Mehdiyevanın ad qoyma, doğum haqda şəhadətnaməni tərtib etmək haqda öz fərdi prinsipi vardı. Hə, Nənəxanımın oğlu bayram axşamı doğulub. İl öz yerində, ay, gün məsələsi bu prinsiplərlə müəyyənləşirdi. Bayram axşamı doğulubsa, deməli, mart ayının 20-si, ya da 21. Ayrı söhbət ola bilməzdi.

 

Qayıdıram yarımçıq qalmış bayaqkı söhbətimin üstünə. Mən ad günü məsələsinə, sonralar, lap sonralar, 70-ci illərdən sonra qoşuldum. Könülsüz, mənim üçün az əhəmiyyəti olan yığıncaq kimi.

 

Əlbəttə, yazıçılar, böyük şəxsiyyətlər üçün ad, doğum günü məsələsi bəlkə də xüsusi məna daşıyır. Ad günü ərəfəsində bu qəbil insanların yaradıcılıqlarına, keçdikləri həyat yoluna yenidən, təzə gözlə baxırlar, onların yaradıcılıqları təkrar-təkrar təhlil edilir.

 

- Qarabağ müharibəsinə (1993-1999) könüllü getməyinlə bağlı sənə tez-tez suallar verirlər.

 

- Bəli. O zamanlar Yazıçılar İttifaqında (1976-1993) çalışırdım, "Ulduz" jurnalında. Artıq Qarabağda müharibə başlamışdı. Əsəbdən, dağların o üzündə narahat, səksəkəli günlər keçirən el-obamın halından, səmimi deyirəm, gecələr yata bilmirdim. Atam, Səməd dayım da vaxtilə İkinci Dünya müharibəsinə gediblər və geri qayıtmamışlar. Uşaqlığımdan, lap yetkin çağlarıma qədər mən evimizdə müharibə ab-havasını yaşamışdım. Müharibənin bizim ailəmizə hansı bəlalar gətirdiyini hiss etmişəm, cavan yaşından həyat yoldaşını itirən anamın əzablarını müşahidə etmişəm.

Məsələ burasında idi ki, mən münaqişə bölgəsinə yollananda dörd azyaşlı uşaq atasıydım. Hər halda "hə" ilə "yox" arasında qalmışdım. Nə isə, bütün məhrumiyyətlərə, götür-qoylara baxmayaraq, o zamanlar təzə nəşrə başlamış "Azərbaycan ordusu" qəzetinin döyüş bölgələri üzrə xüsusi müxbiri statusunda Qarabağa (1993, may) yollandım. Nə isə... hər bir kişinin həyatında belə məqamlar olur: qəti qərara gəlməlisən.

 

- Qarabağ müharibəsinə həsr edilmiş hansı kitabların var?

 

- "Haran ağrıyır, Vətən",  "Yaş həddinə görə", "Mənim müharibəm", "Salamat görməyimə şadam".

 

"Mənim müharibəm" rəhmətlik yazıçı Nadir Ağasıyevin tərcüməsində rus dilində də çap olunub. Adamı ağrıdan odur ki, bu kitabları ailəmin, uşaqlarımın boğazından kəsib öz vəsaitim hesabına dərc etdirmişəm və əvəzində heç nə də qazanmamışam.

 

Buna oxşar hallar başqa ölkələrdə də var. Amma müharibə gedən ölkələrdə əlaqədar təşkilatlar fikirləşib-düşünüb, axırda hamı üçün məqbul forma tapırlar, müəllifə azdan-çoxdan qonorar verirlər.

 

Vətəndaş vətənin çağırışlarına hay verdiyi kimi, gərək Vətən də jurnalistinmi, yazıçınınmı qeydinə qalsın. Əlbəttə, burada münasibətlər birtərəfli olmamalıdır.

 

Bir Allah bilir mən oralarda nələr çəkmişəm. Müharibədən qabaqkı sağlamlığımdan əsər-əlamət qalmayıb. Doğmalarıma və ətrafımdakılara qarşı zalımlaşmışam.

 

Müharibədə gördüklərim bir yana, davadan sonrakı illərdə, atəşkəs dövründə gördüklərim, müşahidələrim məni daha çox sarsıdırdı. Yerlibazlıq, tərəfkeşlik, arxalı gülməşəkərlərin savadı, qabiliyyəti oldu-olmadı, dövlət qurumlarına yerləşdirilməsi, vəzifə pillələrində sürətlə irəli çəkilməsi ənənəsi insanın ürəyini bulandırır, təmənnasız, haysız-küysüz, Vətənə xidmət etmək istəyən adamların qol-qanadını qırırdı. Onlar Vətənə xidmət etmək arzusundan məhrum olurdular. Mən Azərbaycanda minlərlə istedadlı, qabiliyyətli adamlar tanıyıram ki, onlar belə ayrı-seçkinin ucbatından Vətəndən didərgin düşdülər. Belə vətəndaşlarımızın Avropada, Asiyada, uzaqlarda, lap uzaqlarda maddi baxımdan hər şeyləri var, amma xoşbəxtlikləri yoxdur. İllərlə valideynlərinin, əzizlərinin üzünü görmürlər. Uzaqlardan Vətənlə danışanda həyəcandan əl telefonlarının naqilləri alışıb yanırlar, hıçqırırlar, kövrəlirlər.

 

Minlərlə vətəndaşımız qərib ölkələrin səması altında qocalırlar. Heç onların nə vaxtsa Vətənə qayıdacaqlarına da ümid yoxdur. Pərakəndə şəkildə bütün dünyaya səpələnmiş azərbaycanlılar milyonlarla yad insanlar içində  itib-batırlar. Müəyyən mənada onlar, necə deyərlər, hələ bir az Vətənə yaxındılar, hələ Vətənin havası burunlarından getməyib. Bəs onlardan törəyənlər, nəvələrimiz necə? İlahi, görəsən, bu nəsillər ilkinliklərini, milli mənsubiyyətlərini, bizə xas təravətlərini qoruyub saxlaya biləcəklərmi?

 

Azərbaycanlıların yaşadıqları ölkələrdə dil və nikah məsələlərində də çoxlu-çoxlu düyünlər, qadağalar mövcuddur. Bir tikə çörək, yaxud da qulaq dincliyi xatirinə qərib ölkələrə üz tutanlar, işləri asan getsin deyə, qeyri-azərbaycanlılarla, qarışıq ailələrlə qohum olurlar. Biz azərbaycanlıyıq, biz istiqanlı, mehriban xalqıq. Bütün bu keyfiyyətləri bizim əlimizdən alanda, oluruq heç nə, müqəvva, manqurt, hissiz-duyğusuz canlı. Allah bizi belə bəlalardan qorusun.

 

Başqa amillərlə yanaşı, hər bir insanı yaşadan dil fenomenidir. Şirin, ifadə imkanları zəngin Azərbaycan dili. Bu, hesaba, ölçüyə gəlməyən elə milli sərvətdir ki, azərbaycanlı olan hər bir kəs bunsuz yaşaya bilmir. Vətənində Füzulinin, Sabirin, Haqverdiyevin... zənginliklər aləmiylə ünsiyyətdə olursan. Bundan məhrum olmaq susuz balıq kimi bir şeydir. Hətta, hər gün "sabahın xeyir", "necəsən", "nə var, nə yox", "balaların necədir" kimi sadə, ilk baxışda az əhəmiyyətli ifadə və müraciətləri eşitməyən azərbaycanlı nəyisə itirir. İnsan gərək həmişə koloritli, şirin-şəkər Azərbaycan dilinin zənginliyindən, təravətindən qidalansın. Kökü aylarla sulanılmayan ağac, bitki quruduğu kimi, vaxtlı-vaxtında dillə ünsiyyətdə olmayanlar da quruyurlar, cılızlaşırlar.

 

 

 

- Bəs nə təklif edirsən? Belə halların qarşısını necə alaq?

 

- Hər hansı bir cəmiyyət hər bir vətəndaşı üşün cazibədar olmalıdır. Vətəni vətəndaşlarına sevdirən, cəlb edən nədir? Bildiyimə görə, bir neçə ölkədə, məsələn, Malayziyada bu sahədə qəribə, alqışlanası addımlar atılıb. Ölkə rəhbərliyi dünyanın dörd bir tərəfinə səpələnmiş, xaricdə yaşayan, fəaliyyət göstərən vətəndaşlarına rəsmi qaydada müraciət edib, onları inandırıb ki, yaşadığınız ölkədə hansı vəzifədə, hansı sahədə çalışırsınızsa, yaşadığınız ölkələrdə hansı imtiyazlara sahibsinizsə, həmin şərait sizə öz vətəninizdə də yaradılacaq, qayıdın gəlin Vətənə.

Bu gün bizim cəmiyyətimizdə üfürülmüş, şişirdilmiş çoxlu adamlar var. Onlar nə istedadlarına, nə də qabiliyyətlərinə görə heç kəsdən artıq deyillər, hansısa xüsusi qabiliyyətləri ilə fərqlənmirlər. Hamısını da yaxşı tanıyırıq, ekranlarda tez-tez görünürlər. Ağıllı, müdrik ictimai xadim qiyafəsinə bürünüb, riyakarlıqla məşğul olurlar, "azərbaycançılıq ideyasını təbliğ etdiklərinə görə" pul, sərvət qazanırlar. Xalqını sevən, onun gələcəyini düşünən adamlar gərək bu ziyanlı axının qabağını alsınlar. Yaşlıların belə yaramaz hərəkətləri sonrakı nəsilləri də korlayır, gənc nəsildə belə bir fikir yaranır ki, inkişaf etmək üçün gərək mütləq onlar kimi olasan.

 

Qırx dörd günlük müharibə göstərdi ki, bizə cəsarətli, mərd oğullar lazımdır. Vəzifə pillələrinə yüksəlmək üçün bu oğullar ən yaxşı nümunədir. Dövlət qurumlarında da daha çox məhz bu qırx dörd günlük müharibədə xüsusi fərqlənmiş vətəndaşlarımız təmsil olunmalıdırlar.

 

- Sən, sözün geniş mənasında, jurnalistikaya, bədii publisistikaya çox bağlı adamsan. Bəlkə, bir az ötüb-keçən illər haqqında danışasan.

 

- Bu, uzun əhvalatdır. Sovet ordusunda hərbi xidmətimi başa çatdırandan sonra (1961-1964) sənədlərimi ADU-nun jurnalistika fakültəsinə (1965) verdim və qəbul olundum. Qəbul olunduğum barədə elan lövhəsində adımı, soyadımı görəndə həndəvərimdə bir adam tapmadım ki, məni təbrik etsin. Bu şad xəbəri anam kənddə eşitdi, Əli əmim qoyun kəsdi. Əli əmim, Şəfi dayım yaman el-oba təəssübünü çəkən, qohumcanlıydılar. Əmim "Hə, qardaşoğlu, üzümüzü ağ eləmisən", - deyirdi.

 

Ali məktəbə qəbul olunmaq indi adiləşib. İstedadı, qabiliyyəti var, yoxdur - indi hər yetən ali məktəbə üz tutur. Mən cavanların ali məktəblərə qəbul olunmalarının əleyhinə deyiləm. Amma ucdantutma yox, qabiliyyətli və istedadlı gənclər ali məktəblərə getsələr, daha yaxşıdır. Azərbaycan cəmiyyətində saysız-hesabsız ali təhsilli insanlar, alim və professorlar var. Amma şəxsiyyətlər azdır.

 

Mətləbdən uzaq düşməyim. Təkrar edirəm, mən jurnalistikaya, bədii publisistikaya çox bağlıyam. Necə deyərlər, bu sənətin universitetini bitirmişəm. Rus jurnalistikasına, dünya mətbuatına yaxşı bələdəm. Ötən əsrin 60-70-ci illəri, bütün sahələrdə olduğu kimi, jurnalistikada da, ədəbi mühitdə də çalxalanma, oyanış oldu. Mənim mənsub olduğum nəsil, "Literaturnaya qazeta", "Komsomolskaya pravda", "Nedeliya", "Azərbaycan gəncləri", "Qobustan" incəsənət toplusu, "Ulduz" kimi qəzet və jurnallarda dərc edilən yazıların ab-havasıyla böyüyüb. Adlarını çəkdiyim mətbu orqanlarında çalışan, dərc edilən müəlliflərin adları, təxəllüsləri də yadımdadır. Y.Post, Ç.Boçarov, A.Streliyani, Y.Çerniçenko, V.Peskov. Başqalarını deyə bilmərəm, amma mən Tofiq Abdinin, Faiq Mustafayevin, Emil Ağayevin, Məmməd Orucun, Vidadi Məmmədovun bədii yazılarını həvəslə oxuyurdum. Tofiq Abdinin yazılarındakı ədəbi formalar, qəfil düşüncə tərzi, müasirlik hissini başqalarında görməmişəm.

 

Y.Pelşşuk, A.Aqranovski, L.Rudenko - adlarını çəkdiyim müəlliflər qələmə aldıqları mövzularda daha geniş, cazibəli idi və həmişə oxucunu həyəcanlandırır, düşündürürdü. Adlarını çəkdiyim yazıçılar mətləblərin dərinliyinə, xırdalıqlarına baş vurub gedirdilər - oxucular üçün bu yazılarda nə desən vardı - dil gözəlliyi, təhkiyə ustalığı, maraqlı süjet, insanın hiss və duyğularını riqqətə gətirən detallar, epizodlar. Onlar adi şeylərdən yazırdılar. Adi bir əhvalatdanmı, detaldanmı başlayan yazı bəşəri duyğulara, min illərdən bəri insanları düşündürən dəyərlərə calanırdı, genişlənirdi. Oxucu müəllifin yaratdığı o sirli-soraqlı, şirin, cəh-cəlallı dünyadan ayrılmaq istəmirdi.

 

Ç.Aytmatovun, S.Sərxanlının, İ.İsmayılzadənin, T.Tessin yazılarının bədii publisistika, nəsr, şeir, esse, oçerk olduğuşu bilinmirdi, bu yazılar ədəbi janr çərçivəsinə sığışmırdı, mətnlər ədəbi çalarlarla, insan talelərinin genişliyiylə zəngin idi. Bu müəlliflərin yazıları həm nəsr, həm esse, həm də simfoniya idi. Bədii təfəkkürün çalarları köhlən at kimi baş alıb gedirdi. Oxucu yazıçı istedadına, sözü necə işlətmək qabiliyyətinə, daxili aləminin zənginliyinə heyran qalırdı.

 

Bəzən indiki nəsillər ötən əsrdə yazılmış ədəbiyyat nümunələrinə qıyqacı baxırlar, o zamanlar yaradılan ədəbiyyat və sənət nümunələrinin içində məhdud, hadisələrin təhrif olunması kimi əlamətlər axtarırlar. Amma SSRİ kimi nəhəng bir rejimin sütunlarının laxlamasında, yeni düşüncə, fikrin bərqərar olmasında yüzlərlə ədəbiyyat və mədəniyyət xadimlərinin, intellektualların xidmətləri var idi. Hər halda belə kövrək mövzulardan danışanda, fikir yürüdəndə gərək məsuliyyət hissini itirməyəsən.

 

Dövr, cəmiyyət öz yerində, bir də gərək yazı adamının bəxti gətirə. Bu sarıdan mənim bəxtim gətirib. Rəhmətlik İsrayıl Mustafayevin xeyir-duası ilə İsmayıl Şıxlı məni "Azərbaycan" (1976) ədəbi-bədii jurnalına işə götürdü. İsmayıl Şıxlı, Qabil, İsi Məlikzadə, Sabir Süleymanov - adlarını sadaladığım yazıçılarla bir yerdə işləmək, fəaliyyət göstərmək xoşbəxtlik idi.

 

Yazıçılar Birliyində adama yazı yazmağı öyrətmirdilər. Burada ab-hava, ancaq və ancaq yaxşı yazı yazmaq üstündə köklənmişdi. Yolu ilk dəfə bu ocağa düşən adamlar üçün var-dövlət meyar, dəyər deyildi. Burada əsas meyar yaxşı yazı idi. İstedadla, peşəkarcasına yazılmış bir şeir, nəsr, bədii publisistika nümunələri müəllifə hörmət gətirirdi. Üstündən uzun illər (1976-1993) keçməsinə baxmayaraq, Azərbaycan Yazıçılar Birliyində bu ənənə indinin özündə də qorunub qalmaqdadır.

 

- Sən fərdi bağçılığa, ağac əkməyə də meyillisən. Bu istək, bu vərdiş haradan yaranıb?

 

- Uşaqlıq və yeniyetməlik çağlarımdan (1941-1961) atamın axar-baxarlı yurdunda kiçik bir sahədə bağ salmışdım. Heyva, tut ağacları, ətri ətrafı başına götürən iydə kolları. İydə kollarını qonşu həyəti ilə öz aramızda elə əkmişdim ki, daha bizə çəpər lazım deyildi. İydə, gül kolları çəpəri əvəz edirdi.

 

O zamanlar qapı-bacada əkilmiş ağacları sulamaq da çətin idi. Qara kəhrizin gur suları biz tərəflərə gəlib çıxanacan tükənirdi. Balaca bağçamı eşşəklə kəhrizdən gətirdiyim su ilə sulayırdım. İri tut ağaclarını, almanı, armudu səhənglə sulamağın nə demək olduğunu nəsəvvür edirsənmi? Qohum-qonşular mənim bu məşğuliyyətimə gülürdülər.

 

Amma sonralar (1992-ci il fevralın 21-dən 22-nə keçən gecə) məlum səbəblərə görə bu işimi axıra çatdıra bilmədim. Elə o zamandan da ata yurdunun həsrəti, yarımçıq qalmış bağçam daş olub asılmışdı ürəyimin başından. Kəndimiz, evimiz, həyətimizlə yanaşı, o yarımçıq qalmış bağçam da tez-tez yuxularıma girirdi. Yuxularımda hələ qol-budağı böyüməmiş ağacları - tutu, əriyi, heyvanı elə hey sulayırdım, diblərini belləyirdim. Necə deyim, ürəyimdə o ağacların nisgili qalmışdı. Elə bil, ürəyim boşalmışdı, nə isə çatışmırdı. Sonralar "Abşeron bağları"na həsr edilmiş iri həcmli oçerk yazdım və həmin materialı "Azərbaycan" jurnalında dərc etdirdim. Oçerk üstündə işləməzdən qabaq Abşeron bağları haqda əməlli-başlı tədqiqat işləri apardım. Coratdan tutmuş Qala kəndinə kimi, Xoşəxunudan başlayıb Pirallahı adasına qədər Abşeron yarımadasını eninə-boyuna dolaşdım. Sözün həqiqi və geniş mənasında Hövsan və Bülbülədə, Mərdəkan və Buzovnada, Fatmai və Bilgəhdə gördüklərim məni heyrətə gətirdi. İlahi, Abşeronun səbirli, zəhmətkeş sakinləri bu qumsal, küləkli yerlərdə nələr yaratmayıblar. Onların əkinçilik mədəniyyəti, bu sahəyə sevgi və məhəbbəti ən xoş sözlərə layiqdir. Abşeronun köhnə kişilərindən, bağbanlarından Abşeron bağları haqda söylədiklərini indiki nəsillər çətin anlayarlar. Ötən əsrlərdəki Abşeron bağlarının mənzərələri - o sirli-soraqlı, zəngin həyatı çətin də olsa, gözlərim qarşısında canlanırdı. Bu yerlərin üzüm bağları, ənciri, badamı, fıstığı, hər il yay gələndə Bakı camaatının bağlara köçmələri, dəvə qutabı, dəvə kəsilməzdən qabaq keçirilən mərasimlər, ağlıma gəlməyən, təsəvvür eləyə bilmədiyim səhnələr, mənzərələr...

 

Vaxtilə atamın yurdunda bağ salmaq istəyim, həvəsim bir az da genişləndi, artdı. Veysəllidən başlayan bağbançılıq estafetini Mərdəkanda da (1994) davam etdirdim. Amma bağ salmaq, ağac becərmək üçün Qarabağ hara, qumlu, küləkli Abşeron hara? Ağac əkmək məsələsində Qarabağla Abşeronun yerlə göy qədər fərqi var. Hər iki mühitə uyğunlaşmaq, mövcud fərqlər arasında uzun-uzadı mülahizə yürütmək - bu uzun və üzücü söhbətdir.

 

Təvazökarlıqdan uzaq olmaq istəmirəm. Veysəllidən üzü bəri - oğlumun Bakı, Qutqaşenli 99, özümün Bakı şəhəri, Naxçıvani küçəsi 33a ünvanlarındakı həyətlərdə, üstəgəl, Mərdəkandakı evimin həyətində ən azı dörd yüz müxtəlif növ ağac əkmişəm. Üstəgəl, kollar, çiçəklər. Çiçək və kolların əksəriyyətini səfər etdiyim xarici ölkələrdən - Malayziyadan, Şotlandiyadan, Rumıniyadan, Bolqarıstandan gətirmişəm.

 

- Əhalinin, xüsusilə də şəhər camaatının ağaca, gülə-çiçəyə, yaşıllığa münasibətləri necədir?  İndiki dövrdə insanların yaşıllığa, ətraf mühitə münasibəti az əhəmiyyətli məsələ deyil.

 

- Yaşıllığa, gülə-çiçəyə münasibət məsələsində bakılılarla, abşeronlularla və Bakı şəhəri sakinləri arasında böyük fərq var. Bunları bəri başdan ayıraq, fərqləndirək. Qədim bakılıların gülə, çiçəyə, ümumiyyətlə, yaşıllığa münasibətləri öz övladlarına, əzizlərinə olan münasibət kimidir. Amma Bakı şəhəri sakinlərinin yaşıllığa, əkin-biçinə münasibətləri geniş mövzudur. Bu proses məlum Şamaxı zəlzələsindən (1902) sonra başlayıb. O vaxtlardan bu sahədə çox görülüb. Bu mənada Bakı milyonçuları, Abşeronun zəngin adamları, o dövrün ziyalıları xoş sözlərə layiqdirlər, minnətdarlıqla xatırlanmalıdılar.

 

Təəssüf ki, ötən əsrin 90-cı illərindən bu yana Abşeron yarımadasının, Bakı şəhərinin qara günləri başladı. Mənən cılız, vətən və torpaq hissələrindən çox-çox uzaq iş adamları Bakıya, Abşeron landşaftına, sözün həqiqi mənasında, qənim kəsildilər. Mərakeş çəyirtgələri əkin sahələrini, taxıl zəmilərini hansı hala salırlarsa, hündürmərtəbəli ev tikənlər, özlərini inşaatçı adlandıran tikinti baronları Bakını, Abşeronu da o vəziyyətə saldılar. Belələrinin həyat meyarı puldur, var-dövlətdir. Canavar xislətli belə adamlarçün tarixi beş min il bundan əvvələ gedib çıxan Bakı şəhəri sadəcə obyektdir, qazanc mənbəyidir. Belələri üçün Bakı, Gəncə, Şuşa, Ordubad qədim koloritli yaşayış məskənləri yox, soyuq binalardır, buzlaşmış daşdır, qumdur, Vətən, ocaq, Azərbaycan xalqının min illərdən üzü bəri keçib gələn memarlıq, mədəniyyət abidəsi deyil, adilərdən adi tikililərdir. Bəzən mənə elə gəlir ki, belə həris adamlar Bakıya, Abşerona başqa-başqa planetlərdən gəliblər. Onların tikdikləri binaların divarları soyuqdur, insanın kürəyini qızdırmır. Həmin binalar bizim bilmədiyimiz, anlamadığımız dillərdə danışırlar. Onlar tikdikləri evlərin sütun və dəhlizlərinə, eyvan və həyətlərinə məhəbbət yox, soyuqluq, kin-küdurət hopdurublar. Həmin binalarda yaşayanlar bütün günü üşüyürlər, dalaşırlar, deyinirlər. Belə iş adamlarının tikdikləri, Pirallahıdan tutmuş Ələtə, oradan da Biləcəriyə qədər bir-birinə oxşayan binalarda xarakter, obraz axtarmaq havayı söhbətdir. "Qarşımıza nə keçir sökək, dağıdaq, alaq, aldadaq, çoxlu-çoxlu pul qazanaq" - onlar bu prinsiplə yaşayırlar.

Yarım əsrdən artıq Bakıda yaşayan bir sakin kimi mənə elə gəlir ki, yarımadada baş alıb gedən tikinti bumu nəhəng karuselə çevrilib, daha onun qabağını almaq, hərəkətini dayandırmaq mümkün deyil. Təəssüf ki, paytaxtımızın memarlıq və tarixi ənənələrini qoruyub saxlamaq istəyənlərin öləziyən səsi əcaib, qarmaqarışıq qaraguh səslər içində itib-batır.

Nemət Veysəlli

525-ci qəzet.- 2021.- 8 dekabr.- S.14-15.