"Azərbaycan" jurnalının dekabr sayında...

 

"Azərbaycan" jurnalının bu il üçün sonuncu - dekabr sayı işıq üzü görüb. Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş xüsusi buraxılış jurnalın baş redaktoru İntiqam Qasımzadənin "Fateh" adlı yazısı ilə açılır.

Oxucular ilk hissədə Nizamiyə həsr olunmuş məqalələrlə tanış ola bilərlər. Firudin Qurbansoyun "Şeyx Nizaminin həcc səfəri", Hürnisə Bəşirovanın "Eşq fəlsəfəsinin şərhi", Əzizağa Nəcəfzadənin "Neman ilə Simnarın əhvalatı": əfsanə, yoxsa tarixi reallıq?", Paşa Əlioğlunun "Bu dastanı tamam öyrənmişəm mən", Turan Qurbanovanın "Şeyx Nizami Xəmsədə səhhəti haqqında", Şahin Fazilin "Nizami Gəncəvi haqqında söz onun qəzəllərinə yazdığım təzminlər", Aydın Talıbzadənin "Hermenevtik düşüncə modusu" "Nizami İslam mifologiyasının bioloji mutantı İskəndər" adlı yazıları dahi mütəfəkkirin qiymətli əsərlərinə, ümumən, Nizami Gəncəvinin bədii portretinə həsr olunub.

Poeziya bölməsində Əlizadə Nuri, Nadir Yalçın, Zakir Həsənoğlu, Ramiz Orsər, Eltun Türkel, Əlirza Həsrət, Elnur Uğurun şeirləri yer alıb. Dramaturgiya bölməsinin budəfəki pyes töhfəsi Firuz Mustafadandır. Onun "Savaş fəsli yaxud Ənvər paşa" adlı iki hissəli tarixi dramı oxuculara təqdim olunub.

Xanım Aydının "İkimiz", Xumar Ələkbərlinin "Qərbdəki qəriblər" adlı hekayələri, Fərid Hüseynin "Vaxt qapısının açarı" essesi jurnalın bu sayında dərc olunub.

Tənqid ədəbiyyatşünaslıq bölməsində yer alan "Bakı ədəbi mühitinə bir baxış" adlı yazı Sona Xəyalın ədəbi düşüncələrinin təcəssümüdür.

Vaqif Yusiflinin müəllifi olduğu "İsti-isti" adlı yazı "Azərbaycan" jurnalının 8, 9 11-ci nömrələrində işıq üzü görən "Vətən" poeması barədədir. Qeyd edək ki, poemanın müəllifi Ramiz Qusarçaylıdır.

2021-ci ildə "Azərbaycan" jurnalında işıq üzü görən materialların ümumi siyahısı "Kitab rəfi"ndə öz əksini tapıb.

 

ÜMİD

525-ci qəzet.- 2021.- 8 dekabr.- S.13.