"Qəzetçilik həyat tərzi və xəstəlikdir"  

Qəzənfər Bayramov: "Həyatımın ikinci yarısı elə sürətli keçdi ki, 60 yaşa nə vaxt çatdım, xəbərim olmadı"

 

Bu günlərdə tanınmış jurnalist, media sahəsindəki fəaliyyətinə görə "Tərəqqi" medalı və "Zərdabi" mükafatı ilə təltif edilmiş Qəzənfər Bayramovun (Həmidoğlu) 60 yaşı tamam olub. Qəzənfər Bayramov 1961-ci il dekabrın 4-də Quba şəhərində dünyaya gəlib. Bakı Dövlət Universitetinin filologiya fakültəsini (1980-1985) fərqlənmə diplomu ilə bitirən Q.Bayramov1985-ci ildən media sahəsində fəaliyyət göstərir, daxili və xarici siyasi məsələlər üzrə şərhlərlə çıxış edir. Q.Bayramov 1990-1993-cü illərdə "Kitabi-Dədə Qorqud ensiklopediyası"nda böyük redaktor, 1993-1994-cü illərdə Prezident Aparatının Analitik ekspert xidmətində böyük məsləhətçi, 1995-1998-ci illərdə Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzində ekspert vəzifələrində çalışıb. 1999-2019-cu illərdə "Ekspress" qəzetinin baş redaktoru olub.

***

- Qəzənfər müəllim, ömrünüzün 60 ilini geridə qoymusunuz. Sizi yubileyiniz münasibəti ilə təbrik edirik. Ötən illəri göz önünə gətirəndə həyatınızda ən yaddaqalan məqamlar hansılar olub?

- Təşəkkür edirəm. Ömrümün ilk yarısı nisbətən sakit keçdi, ümidlərimizin dalınca qaçırdıq. BDU-nun filologiya fakültəsinin məzunuyam. 80-ci illərin əvvəllərində mərhum akademikimiz Ağamusa Axundov həmin fakültənin dekanı olarkən, sonralar ölkənin tanınmış simalarına, alimlərinə, yazarlarına, ictimai-siyasi xadimlərinə çevrilən onlarla gənc - Nizami Cəfərov, Vaqif Sultanlı, Arif Acalov, İlham Abbasov, Əflatun Amaşov, Əziz Ələkbərli, Mayis Əlizadə, Rasim Mirzə, Nizaməddin Quliyev, Mahir Qabiloğlu və başqaları məhz bu fakültənin tələbələri idi. Bir çoxları ilə BDU-nun 3 saylı yataqxanasında birgə qalırdıq. Qəribə, maraqlı və təzadlı bir dövr idi. 90-cı illərin əvvəllərində Yazıçılar Birliyinin "Oğuz eli" qəzeti nəşr olunurdu. O vaxta kimi mətbuatda ara-sıra ədəbi-tənqidi və publisistik yazılarım gedirdi. "Oğuz eli"ndə isə siyasətdən və parlamentdən yazmağa başladım. Əvvəlcə qəzetin baş redaktoru Mövlud Süleymanlı idi, sonra Mövlud bəy AzTV-yə getdi, "Oğuz eli"nə Vaqif Səmədoğlu başçılıq etməyə başladı. Vaqif bəy böyük şair və ziyalı olmaqla yanaşı, hədsiz dərəcədə maraqlı və qəribə aurası olan insan idi. Vaqif Səmədoğlu, rəhmətlik Əhməd Oğuz və mən işdən sonra bir yerdə olurduq, az qala, hər gün bir macəraya düşürdük. "Oğuz eli"nin Yazıçılar Birliyində kiçik bir otağı vardı, amma kollektivi nəhəng idi: Azər Abdulla, Natiq Səfərov, Əhməd Oğuz, Balasadıq, Kəramət, həmçinin, qonşu otaqda oturan Qabil, Fikrət Sadıq və başqa şairlər də bizimlə olurdular. Otaqdan polemika, hay-küy əskik olmurdu, qəzet sanki avtonom çıxırdı. Həmin vaxt AYB-də bizim otağın qonşuluğunda Kamil Vəli Nərimanoğlunun başçılıq etdiyi "Kitabi-Dədə Qorqud ensiklopediyası"nın redaksiyası yerləşirdi. Redaksiyada Arif Acalov, Mayis Əlizadə, Bəsti Əlibəyli, Mahir Qabiloğlu və başqaları çalışırdılar. Orda da böyük redaktor kimi işləyirdim. Və bir gün ensiklopediya qəfildən "boşaldı" - ordan hərə bir vəzifəyə getdi, Kamil müəllim Baş nazirin müavini oldu, Arif Acalov, Mayis Əlizadə və mən Prezident Aparatında işləməyə başladıq... Həyatımın ikinci yarısı elə sürətli keçdi ki, nə vaxt 60 yaşa çatdım, sanki xəbərim olmadı. Amma bu müddətdə bəlkə də Azərbaycan tarixinin ən faciəvi, dramatik, unudulmaz və şərəfli günlərini və illərini yaşadıq: milli azadlıq hərəkatı, 20 Yanvar, SSRİ-nin süqutu, Azərbaycanın dövlət müstəqilliyinin bərpası, hakimiyyət dəyişiklikləri, çevriliş cəhdləri, siyasi intriqalar, qəfil kataklizmlər, Qarabağ ağrısı, torpaqlarımızın itirilməsi və qaytarılması həm iştirakçı, həm də şahid kimi bir insanın ömrünə sığmayacaq tarixi proseslərdir, amma çağdaş azərbaycanlının ömrünə sığdı.

- Bu illər ömrünüzdən nə aldı və sizə nə verdi?

 

- Bir normal insan 60 ildə şəxsi həyatında nə qazana, nə itirə bilirsə, məndə də o qədərdir. Təbii ki, ailə önəmlidir, iki qızım var. Şəxsi-mənəvi, eləcə də maddi anlamda 50-60 yaşadək qazana-qazana gəlirsən. Sonra yaşıdlarının yarpaq tökümü başlayır. İki yaxın dostumu - "Ekspress"in təsisçisi Müşfiq Səfiyevi və şair Əhməd Oğuzu itirmək mənim üçün çox ağrılı oldu.

 

- Həyatınızın yarıdan çoxunu jurnalistikaya bağlamısınız. Jurnalist və baş redaktorluq fəaliyyətiniz haqda söz açardınız.

 

- Qazandığım nəsə olubsa, qəzetçilik fəaliyyətimlə bağlı olub, hər anlamda. 90-cı illərin əvvəllərindəki bir-iki reportajımı və götürdüyüm müsahibələri nəzərə almasaq, qəzetçiliyim əməkdaş səviyyəsində, əsasən, köşə yazarlığı, siyasi şərhçilik və təxminlər vermək, kulturoloji yazılarla, aradabir resenziya yazmaqla məhdudlaşır. Prezident Aparatında, daha sonra Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində də daxili siyasi məsələr üzrə ekspert kimi çalışmışdım. "Ekspress" qəribə qəzet idi. Məndən əvvəl qəzetin baş redaktoru olan Qənimət Zahidin İranda saxlanılması ətrafındakı ajiotaj, siyasət, iqtisadiyyat və mədəniyyətdən yazan müəlliflərin fərqli mövqeləri, eləcə də bir sayında iki-üç "kriminal serial"ın dərci "Ekspress"i ön plana çıxarmağa başlamışdı. 2000-ci ilin mayında "Ekspress"in baş redaktoru təyin ediləndə redaksiyanın Bayılda üçmərtəbəli ofisi, 100-dən artıq əməkdaşı vardı. "Ekspress" ölkədə yeganə qəzet idi ki, 2000-ci illərdə hər gün 32, daha sonra 40 səhifə çıxırdı. Bu, o vaxtlar idi ki, ölkədə iki-üç informasiya agentliyi vardı və qəzet xəbər daşıyıcısı funksiyasını itirməmişdi. Digər tərəfdən, reklam bazarı o dövrdə can çəkməyə başlasa da, hələ ölməmişdi. Qəzetin sahiblərinin sağlam və milli düşüncəli şəxslər olması, media sahəsində iddialı layihələrə imza atmaq istəkləri "Ekspress"ə həm nüfuz, həm də tiraj baxımından sıçrayış vəd edirdi. Bəzən deyirlər ki, iddia imkana və ya əksinə uyğun gəlir və yaxud gəlmir. "Ekspress"in iddiası da, imkanı da vardı, amma konyunktura bəzən daha önəmli olur. Yeri gəlmişkən, hazırda yolu "Ekspress"dən keçən onlarla baş redaktor, deputat, tanınmış ictimai-siyasi xadim və iqtisadçı var. Məsələn, Bahəddin Həzi, Elçin Alıoğlu, Vüsal Məmmədov, Qalib İbrahimoğlu, Aqil Camal, Aqil Aslan, Cəmaləddin Quliyev, İlham Tumas və başqalarının adını çəkmək olar. Onların bir çoxu indi də baş redaktordur. "525-ci qəzet"in ilk redaktoru Səbuhi Məmmədli də bir müddət "Ekspress"də baş redaktorun müavini kimi çalışıb. Jurnalistlərin iki binasında mənzil sahibi olan təxminən 70 jurnalist vaxtilə "Ekspress"in əməkdaşı olub.

 

- Fəaliyyətiniz dövründə yadda qalan məqamlar, hadisələr, xatirələr...

 

- Qəzet redaksiyasının həyatı elədir ki, bu işin hər günü hadisə və ya qalmaqal olur. 2000-ci ildə "Ekspress" qəzetinin bir vaqon kağızı Dövlət Gömrük Komitəsinin terminalında, Keşlə dəmir yolu stansiyasının anbarında ilişib qalmışdı. O vaxtlar bütün qəzetlərin kağız problemi vardı. Redaktorlar Birliyi qəzetimizə dəstək kimi, Dövlət Gömrük Komitəsinin qarşısında "tüstülətmə" adlı aksiyaya qərar verdi. Qəfildən həmin etiraz aksiyasının effekti oldu. Əvvəlcə DGK-nın rəhbərliyi bizi qəbul etdi. Rəşad Məcid sizin qəzetinizdə həmin görüşdən maraqlı bir yazı dərc etmişdi. Sonra baş redaktorların Prezident Heydər Əliyevlə ilk geniş görüşü oldu. Bu, ölkə mətbuatının həyatında önəmli hadisə idi. Həmin görüşlə Heydər Əliyevin media rəhbərləri ilə sıcaq təmasları başladı, bu, media-məmur gərginliyini səngitməklə mətbuatın reputasiyasını xeyli yüksəltdi. 2000-ci ilin yayında akademik Fərəməz Maqsudov vəfat edəndə "Ekspress"də dərc olunan nekroloqda səhvən onun əvəzinə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadənin şəkli getmişdi. Gerçəkdən onların bir-birinə oxşarlığı var. Sonradan mətbuatda belə xəbərlər getdi ki, xəbər Əhməd müəllimə çatanda, qəzəblənərək "Ekspress" qəzetinə zəng edib və redaktora "dişinin dibindən çıxanı" deyib. Əslində, Əhməd Əhmədzadə mənə sakitcə iradını bildirdi, mən də üzrxahlığımı bildirdim və əlavə etdim ki, bir kəsin ki vəfatından əvvəl nekroloqu çıxır, daha ona ölüm yoxdur. Qalmaqallar, həmçinin, rəhmətlik Teyyub Qurbanın arxiv materialları əsasında hazırladığı araşdırma yazıları ilə bağlı olurdu. Teyyub müəllim bir çox məşhur simalarımızın həyat və fəaliyyəti ilə bağlı arxivlərdən elə qaranlıq məqamları gün işığına çıxarırdı ki, onları dərc etdikdən sonra ertəsi gün yaxamız məşhurların övladlarının, yaxınlarının əlində qalırdı.

 

- Jurnalistikanı seçməyinizə peşman deyilsiniz?

 

- Təbii ki, peşman deyiləm, az-çox tanınıramsa, jurnalistikaya borcluyam. Hərçənd ki, bu işin mahiyyətinə zidd olsa da, tanınmağa meyilli insan deyiləm. Həyata "liberal-demokrat və millətçi kokteyli"ndən ibarət baxışım var. Gerçək olansa budur ki, jurnalistikamızın, qəzetlərimizin indiki halı və sonrasının necə olacağı çox düşündürücüdür. Medianın maliyyə durumunun acınacaqlı olması bir yana, qruplaşmalar arasındakı intriqaların, trolların sosial şəbəkələrdən ənənəvi mediaya keçməsi, təbliğatın, əslində, trollinqin, qara PR-ın ön plana çıxması mətbuatı bozlaşdırır, rolunu kiçildir, gələcəyini qaranlıqlara qərq edir. Bu yaxınlarda trollinqlə bağlı feysbukda bir status paylaşmışdım. İngilis yazıçısı Corc Oruell deyirdi ki, "istənilən təbliğat yalandır, hətta həqiqəti desə belə". Amerikan filosofu Erik Hofferin isə daha dəqiq təsbiti var: "Təbliğat insanları aldatmır, onların özünü aldatmasına kömək edir". Balansı tapmaq, medianın sərbəst olması lazımdır. Təbii ki, mediada tam müstəqillik, söz azadlığı çətin məsələdir. Əslində, söz azadlığından yox, mətbuat azadlığından danışmaq düzgün olar. Söz azadlığı fərdi yaradıcılıq tələb edir, yazıçının və ya başqa bir yaradıcı insanın əsərlərində bu barədə danışmaq olar. Media isə kollektiv işdir, fəqrli maraqlar, korporativ mənafelər, reklamçı və ya sponsorun mövqeləri ilə hesablaşmaq zorundasan. Bununla belə, qəzetçilik cəlbedici fəaliyyət, həyat tərzi və xəstəlikdir.

 

- Dövri mətbuatda müxtəlif səpkili yazılarla çıxış edirsiniz və yazılarınız oxucular tərəfindən maraqla qarşılanır.

 

- 2019-cu ilin yanvarında "Ekspress" bağlandıqdan bir neçə ay sonra feysbuka keçdim. Ömrü boyu yazıb-pozduqdan sonra yazmağın daşını atmaq çətin işdir. Yazılarım əsasən siyasi şərh, reaksiya və replika xarakterli olur. Ətrafında kampaniya aparılan mövzulardan kənar durmağa çalışıram. Yeri gəlmişkən, media, həmçinin, politologiyanın təbliğat xarakterli, anqajə şərh, təhlil və təxminlərinin də əsirinə çevrilib. Təbii ki, İkinci Qarabağ savaşındakı zəfərdən sonra, indiki geosiyasi konyunkturada çaşdırmaq, təbliğat, əks-təbliğat, manipulyasiya, komplo teoriyası qurmaq, konspirologiyaya əl atmaq informasiya savaşının mühüm elementləridir. Amma daxili istifadədə bunun dozası çox aşılır. Siyasi mənzərəni düzgün təhlil emək və gedişat barədə təxmin vermək üçün ən azı yaranmış situasiya, mümkün manevrlər barədə 80-90 faiz proses iştirakçılarından əldə edilmiş və ya sızdırılmış bilgi sahibi olmalısan ki, nəsə bir proqnoz verə biləsən. Bizdə adətən, 10-20 faiz bilgi ilə sırf yaranmış vəziyyətlə bağlı qənaət çıxarılır və ya qısamüddətli öncəgörənlik edilir. Orta və uzunmüddətli proqnozlara meyl zəifdir.

 

- Qəzənfər müəllim, eşitdiyimizə görə, idmana da maraq göstərirsiniz, futbol azarkeşisiniz. Futbolumuzun hazırkı durumunu necə şərh edərdiniz?

 

- Azərbaycanda futbol hələ də yaşayırsa, "Qarabağ" klubuna və Qurban Qurbanova minnətdar olmalıyıq. Yalnız "Qarabağ" azarkeşlərini həyəcanlandıra bilir. Bütünlükdə isə, milli futbol təsərrüfatı acınacaqlı vəziyyətdədir, yalnız geriləyir, vaxtilə "futbol rayonu" kimi tanınan yerlərdə futbol ənənəsindən əsər-əlamət qalmayıb. Azərbaycanlı futbolsevərlərin böyük əksəriyyəti başqa ölkələrin klublarına azarkeşlik etməyə məcburdurlar. Futbolumuzun indiki halı 10 milyonluq ölkə və onun iqtisadi potensialına yaraşmır. Azərbaycan Premyer Liqasında klubların sayı 30 il əvvəl 20-dən artıq idi, indi qalan 8 klubdan 7-si Bakıda məskunlaşıb. Əhalisinin sayı 4 milyon nəfərdən az olan Gürcüstanın futbol çempionatının yüksək liqasında isə 10 klub yarışır. Bəlkə də, "futbol doktrinası"na ehtiyac var.  Futbolun idarə edilməsinə ciddi korrektələr edilməsə, futbolçu yetişdirilməsində beynəlxalq təcrübə və konsepsiyalar tətbiq olunmasa, futbolumuz ölməsə də, sürünə-sürünə gün keçirməkdə davam edəcək.

 

- Bir müddət universitetlərin birində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olmusunuz.

 

- Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev gözəl insan, alim, təşkilatçı və enerjili rəhbərdir.  2019-cu ilin yayında AzTU-ya rektor təyin edildikdən bir-iki ay sonra Vilayət müəllim məni işə götürmüşdü. İkimiz də səhv etmişdik, o, məni işə qəbul etməkdə, mən isə ora işə düzəlməkdə. Mətbuat katibi və ya mətbuat xidmətinin rəhbəri ilk növbədə məmurdur, texniki işlərlə məşğuldur. Başqa monastıra öz nizamnamənlə gedə bilməzsən, yəni 20 ilin baş redaktorunun orada bir işi yox idi, üstəlik, köhnə mollaya tövbə surəsini yenidən öyrətmək istəyənlər olarsa. Araya pandemiya girdi və bir qədər sonra oradan öz ərizəmlə ayrıldım. Hazırda yeni yaradılan və perspektivinə inandığım bir araşdırma və təhlil mərkəzində istəyimə yaxın bir işlə məşğulam...

 

S.QARAYEVA

525-ci qəzet.- 2021.- 8 dekabr.- S.10.;11.