"Amnistiya aktının
mütəşəkkil icrası uğurla davam etdirilir"
Suallarımızı
Ədliyyə nazirliyinin cəzaların icrasına nəzarət
üzrə müfəttişliyin rəisi Malik Ələkbərov
cavablandırır
- Malik
müəllim, Prezident İlham Əliyev tərəfindən
irəli sürülən təşəbbüs əsasında
8 noyabr - Zəfər Günü münasibətilə Amnistiya
Aktı qəbul olunub. 5 noyabr tarixində qəbul
edilən amnistiya aktı öz miqyasına və əhatə
dairəsinə görə bu günə qədər qəbul
edilən ən böyük amnistiya aktıdır.
Amnistiya neçə min nəfəri əhatə edəcək ?
- Həqiqətən
də, Vətən müharibəsində tarixi qələbənin
- Zəfər Gününün birinci ildönümü ilə
bağlı qəbul edilən və böyük tarixi əhəmiyyətə
malik bu Qərar müstəqillik dövründəki amnistiya qərarları
sırasında öz əhatə dairəsinə görə ən
geniş qərardır.
Vətən
müharibəsi dövründə möhkəm iradə
göstərən, vahid amal uğrunda birləşib səfərbər
olan Azərbaycan xalqının qələbə ruhunu Zəfər
Günündə daha da artırmaq, insanların dövlətimizə
inam və etimadını daha da möhkəmləndirmək məqsədilə
ölkə Prezidentinin təşəbbüsü ilə Milli
Məclis 05.11.2021-ci il tarixdə "8 noyabr - Zəfər
Günü münasibətilə amnistiya elan edilməsi
haqqında" Qərar qəbul etməklə ölkəmizin
ədalət prinsipinə sadiqliyini bir daha nümayiş
etdirdi. Bu sənəd son dövrün ən
böyük amnistiya aktı hesab edilməklə, dövlətimizin
növbəti humanist addımı kimi qiymətləndirilir.
Qeyd olunmalıdır ki, hazırkı vaxtadək qəbul
olunan 11 amnistiya aktı 117707 şəxsə şamil
olunmuşdur.
İndiyə qədər amnistiya tətbiq olunmuş ən
böyük göstərici bundan əvvəlki, yəni
"28 May - Respublika Günü münasibətilə amnistiya
elan edilməsi haqqında" 20.05.2016-cı il
tarixli Qərar üzrə olunub ki, bu da 11000-ə yaxın
şəxsi əhatə etmişdir. Hazırkı
amnistiya qərarının dairəsinə düşən
şəxslərin böyük bir hissəsinin penitensiar
müəssisələrdə cəza çəkən və
probasiya qeydiyyatında olan məhkumlara şamil ediləcəyi
proqnozlaşdırılır. Belə ki, Penitensiar xidmət
üzrə cəzaçəkmə müəssisələrində
amnistiya aktının təsiri altına kifayət qədər
məhkumun düşməsini, Probasiya xidməti üzrə
azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan
azadlığın məhdudlaşdırılması, islah
işləri, ictimai işlər, cərimə və digər
cəzalara məhkum olunmuş şəxslərin də
çoxluq təşkil etməsini, həmçinin, məhkəmə,
istintaq, təhqiqat orqanları və intizam xarakterli hərbi
hissə komandanlıqları tərəfindən də tətbiq
ediləcəyini nəzərə alsaq, hazırkı amnistiya
aktının 17000-ə yaxın şəxsə tətbiq ediləcəyi
gözlənilir.
-
Hazırda amnistiya aktının icrası prosesi necə həyata
keçirilir?
- Amnistiya
aktının müəyyən olunan qaydada mütəşəkkil
və dürüst icrasını təmin etmək məqsədilə
qərar qəbul olunduğu gün ədliyyə naziri tərəfindən
əhatəli əmr imzalanıb, əmr aidiyyəti sənədlərlə
birlikdə toplu şəklində nəşr edilərək
bütün ədliyyə orqanlarına göndərilib. Əmrə əsasən, Penitensiar və Probasiya xidmətlərində
işçi qruplar formalaşıb, amnistiyanın təsiri
altına düşən məhkumların dairəsi qısa
müddətdə müəyyənləşdirilərək
onların şəxsi işləri öyrənilib, aidiyyəti
prokurorluq orqanları ilə işgüzar əlaqələr
qurulub. Penitensiar və Probasiya xidmətləri
tərəfindən Qərarın tətbiqi qaydalarına
uyğun olaraq amnistiyanın təsir dairəsinə
düşən şəxslər barəsində qanunla onlara
verilmiş səlahiyyətlər çərçivəsində
aidiyyəti məhkumların təyin edilmiş cəzalardan
azad edilməsi üçün tədbirlər
görülür, amnistiya tətbiqinə dair qərarlar
müvafiq prokurorlarla razılaşdırılır və məhkəmələrə
təqdimatlar verilir.
Zəruri hazırlıq işlərinin qabaqcadan həyata
keçirilməsi nəticəsində amnistiya aktının
icrasına dərhal başlanılıb və ilk gündə,
noyabrın 6-da penitensiar müəssisələrdə cəza
çəkən 36 məhkum müəyyən olunan qaydada cəzadan
azad edilərək azadlığa buraxılıb. Artıq
amnistiya aktının qəbulundan 1 ay ötür, bu günə
kimi hər iki xidmət tərəfindən 3700-dən
yuxarı məhkuma amnistiyanın tətbiq olunması təmin
edilib. Onların böyük əksəriyyəti
cəzaçəkmə yerlərindən azadlığa
buraxılaraq zəruri sənədlərlə təmin edilib,
azadlığa çıxan ehtiyacı olan şəxslərin
reabilitasiyası (amnistiya aktında nəzərdə tutulan
qaydada) və məhkumluqlarının götürülməsi
üçün müvafiq tədbirlər görülüb.
Nazirliyin İstintaq idarəsinin icraatında olan
işlər üzrə 4 nəfər şəxs barəsində
cinayət təqibinə xitam verilib.
Bununla
yanaşı, qərarın icrasına gündəlik nəzarətin
təmin olunması, habelə amnistiyanın tətbiqi ilə
bağlı şikayətlərin operativ, hərtərəfli
və prinsipial araşdırılıb qanunamüvafiq tədbirlər
görülməsi məqsədilə Ədliyyə
Nazirliyinin məsul əməkdaşlarından ibarət
Monitorinq qrupu yaradılıb, aktın icrası xüsusi nəzarətə
götürülüb, onun tətbiqində
süründürməçilik, əsassız imtina və
qanunsuz tətbiq edilməsi ilə bağlı müraciətlərə
qısa müddət ərzində baxılması və maneələrin
dərhal aradan qaldırılması, pozuntuya yol vermiş əməkdaşlar
barəsində ciddi tədbirlərin görülməsi ilə
bağlı müvafiq göstərişlər verilib.
Yeri gəlmişkən,
yuxarıda qeyd edilən əmrlə COVİD-19
infeksiyasının yayılmasının
qarşısının alınması üzrə tətbiq
olunan karantin rejimi qaydalarına riayət etməklə kütləvi
informasiya vasitələrinin, vətəndaş cəmiyyəti,
o cümlədən, İctimai Komitənin, Ombudsmanın
nümayəndələri dəvət edilməklə
amnistiyanın tətbiqi mərasimlərinin təşkil edilməsi,
amnistiyanın humanist mahiyyəti və əhəmiyyətinin
məhkumlara, onların yaxınlarına, həmçinin,
ictimaiyyətə çatdırılması üçün
geniş maarifləndirmə işlərinin aparılması ilə
bağlı müvafiq tapşırıqlar da verilib, bununla əlaqədar
noyabrın 11-də "Dövlətimizin humanist siyasətinin
növbəti təzahürü" mövzusunda kütləvi
informasiya vasitələri nümayəndələrinin
iştirakı ilə dəyirmi masa keçirilib. Tədbir zamanı nazirliyin aidiyyəti məsul əməkdaşları
tərəfindən amnistiya aktının mahiyyəti,
xüsusiyyətləri, həmçinin, tətbiqi
qaydaları ilə bağlı ictimaiyyəti maraqlandıran
çoxsaylı suallar cavablandırılıb, habelə məhkum
və həbs edilən şəxslərin hüquq və
azadlıqlarının təmin edilməsi istiqamətində
görülən işlər haqqında ətraflı məlumat
verilibdir. Dövlət
başçısının bu humanist təşəbbüsü
ilə bağlı verilmiş geniş təbliği xarakterli
açıqlamalar böyük ictimai marağa səbəb
olub və bununla bağlı KİV-də, internet
resurslarında məlumatlar yayılıb. Eyni
zamanda, amnistiya aktının vətəndaşlar arasında
geniş izahının təşkili məqsədilə
nazirliyin rəsmi internet, eləcə də sosial media
platformasındakı səhifələrində müvafiq məlumatlar
yerləşdirilib. Hazırda amnistiya
aktının mütəşəkkil icrası istiqamətində
işlər uğurla davam etdirilir.
- Amnistiya Azərbaycan Respublikasının Cinayət,
Cinayət-Prosessual və Cəzaların icrası məcəllələrinin
tələblərinə uyğun olaraq cəzaçəkmə
müəssisələri, intizam xarakterli hərbi hissənin və
hərbi hissələrin komandanlığı, icra məmurları,
təhqiqat və ya ibtidai istintaq orqanları, məhkəmələr
tərəfindən tətbiq edilir. Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti bu
Amnistiya Aktının hansı hissəsini icra edir?
- Amnistiya
aktının müvafiq bəndlərinə uyğun olaraq
böyük ictimai təhlükə törətməyən
cinayət törətdiklərinə görə, habelə,
ehtiyatsızlıqdan cinayət törətdiklərinə
görə 3 ildən artıq olmayan müddətə
azadlıqdan məhrum etmə cəzasına məhkum olunan
şəxslər, azadlıqdan məhrum etmə cəzasının
bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş
hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə
müəssisəsində cəza çəkən şəxslər,
az ağır və ya ilk dəfə ağır cinayət
törətdiklərinə görə azadlıqdan məhrum
etmə cəzasının bu Qərar qüvvəyə mindiyi
günədək çəkilməmiş hissəsi 6 aydan
artıq olmayan məhkumlar müəyyənləşdirilir və
qeyd olunduğu kimi, həmin şəxslər barəsində
müvafiq qərarlar qəbul edilməklə onlar cəzadan
azad olunurlar. Eyni zamanda, amnistiya qərarında 3 ildən
artıq olmayan müddətə azadlıqdan məhrum etmə
cəzasına məhkum olunan və bu Qərar qüvvəyə
mindiyi günədək cəzalarının çəkilməmiş
hissəsi 6 aydan artıq olan şəxslər də müəyyənləşdirilərək
onların cəza müddətlərinin 6 ay azaldılması
üçün müvafiq məhkəmələrə təqdimatlar
göndərilir və məhkəmələrin qərarları
ilə həmin şəxslər barəsində amnistiya tətbiq
edilərək onların cəza müddətləri
azaldılır. Bununla əlaqədar amnistiya aktının IV
bölməsində amnistiyanın tətbiqi qaydaları təsbit
edilmişdir və aktın müvafiq bəndlərinə
uyğun olaraq bütün penitensiar müəssisələrdə
məhkumların şəxsi işləri, məhkəmə
hökmləri diqqətlə öyrənilir, zərurət
yarandıqda əlavə sənədlər toplanılır,
müəssisə rəhbərləri tərəfindən
amnistiya aktının tətbiqi barədə qərarlar qəbul
edilərək razılaşdırılması
üçün prokurorlara təqdim olunur və ya məhkəmələrə
əsaslandırılmış təqdimatlar verilir.
Amnistiyanın tətbiq edilməsi hüququ yaranmış hər
bir məhkuma bu aktın tətbiq edilməsi üçün
təxirəsalınmadan tədbirlər görülür, bu
iş şəffaf və operativ təşkil olunub, tam əminliklə
demək olar ki, heç kim kənarda
qalmayacaq.
- Probasiya
xidmətinin burada əsas rolu nədən ibarətdir?
-
Bildiyiniz kimi, Probasiya xidmətinin əsas fəaliyyət
istiqamətləri azadlıqdan məhrum etmə ilə əlaqədar
olmayan cəzaların (cərimə, ictimai işlər, islah
işləri, azadlığın məhdudlaşdırılması,
nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum
etmə, müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
etmə) icrasını, bu cəzalara məhkum edilmiş şəxslər,
həmçinin, şərti məhkum edilmiş, cəzadan
şərti olaraq vaxtından əvvəl azad edilmiş və
ya məhkəmə tərəfindən cəzasının
çəkilməsi təxirə salınmış şəxslər
üzərində probasiya nəzarətinin həyata
keçirilməsini təşkil etmək və digər vəzifələrin
icrasından ibarətdir.
Qeyd etmək lazımdir ki, amnistiya qərarı belə məhkumlardan
da yan keçməyib. Belə ki, bu qərarın böyük ictimai təhlükə
törətməyən cinayət törətdiklərinə
görə azadlığın məhdudlaşdırılması
cəzasına məhkum edilmiş, habelə az ağır və
ya ilk dəfə ağır cinayət törətdiklərinə
görə azadlığın məhdudlaşdırılması
cəzasının çəkilməmiş hissəsi (bu qərar
qüvvəyə mindiyi günədək) 1 ildən artıq
olmayan şəxslərə, islah işləri, ictimai işlər
növündə cəza təyin edilmiş şəxslərə,
əsas cəza kimi müəyyən vəzifə tutma və
ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə cəzası təyin edilmiş
şəxslərə, böyük ictimai təhlükə
törətməyən cinayət törətdiklərinə
görə əsas cəza kimi cərimə cəzası,
habelə əsas və ya əlavə cəza kimi iki min
manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin
edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə
cəzasının ödənilməmiş hissəsi iki min manatdan
artıq olmayan şəxslərə şamil edilməsi nəzərdə
tutulur. Həmçinin, böyük ictimai təhlükə
törətməyən cinayət törətdiklərinə
görə azadlıqdan məhrum etmə və azadlıqdan məhrum
etmə ilə bağlı olmayan cəzalara şərti məhkum
edilmiş və ya bu növ cəzadan şərti olaraq
vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın
çəkilməsi təxirə salınmış şəxslər
də amnistiyanın təsir dairəsinə düşür.
Azadlığın məhdudlaşdırılması cəzasına
məhkum edilmiş şəxslərin cəzasının
çəkilməmiş hissəsi 1 ildən artıq olduqda,
çəkilməmiş cəzanın 1 il azaldılması və
əsas cəzadan azad edilən şəxslərin əlavə
cəza kimi təyin edilmiş müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum etmə cəzasından azad edilmələri
də amnistiya qərarında öz əksini tapıb. Probasiya xidməti tərəfindən də
Penitensiar xidmətdə olduğu kimi qeydiyyatda olan məhkumların
şəxsi işləri diqqətlə öyrənilir,
amnistiya aktının tətbiqi barədə müvafiq qərarlar
qəbul edilərək razılaşdırılması
üçün prokurorlara təqdim olunur və tətbiqi məhkəmələrin
səlahiyyətlərinə aid olan işlərə
baxılması üçün məhkəmələrə əsaslandırılmış
təqdimatlar verilir.
- Malik
müəllim, amnistiya aktının icrasının 4 ay
müddətinə başa çatdırılması tələbi
qoyulub. Prosesi daha tez, 1-2 ay müddətində
yekunlaşdırmaq mümkündürmü?
- Amnistiya
qərarının 34-cü hissəsinə uyğun olaraq qərar
onun təsiri altına düşən hər bir şəxs
barəsində ayrı-ayrılıqda tətbiq edilir. Qeyd olunduğu kimi, amnistiya aktının 17000-ə
yaxın şəxsə tətbiq edilməsi
proqnozlaşdırılıb. Bu,
kiçik göstərici deyil, hər bir şəxs barəsində
aidiyyəti orqanlar tərəfindən araşdırma
aparılmalı, müvafiq sənədlər öyrənilməli,
qərarlar və təqdimatlar hazırlanmalı, prokurorluqla
razılaşdırılmalı, məhkəmə qərarı
ilə tətbiq edilmə hallarında isə məhkəmə
prosesləri keçirilməlidir. Hər
bir məhkum haqqında sənədləşdirilmə işlərinin
aparılması kifayət qədər vaxt aparır və bu
işdə tələskənliyə, səhvə yol vermək
olmaz. Amnistiya aktının tətbiq dairəsi
geniş olduğuna görə göstərilən səbəblərdən
bu prosesin 1-2 ay müddətində yekunlaşdırılması
mümkün deyil. Yuxarıda qeyd olunan əmrdə cəza
çəkən və amnistiya aktı tətbiq edilməli
şəxslərin dairəsinin dəqiq müəyyən
olunması, şəxsi işlərin diqqətlə öyrənilməsi
və aktın tətbiq edilməsi barədə qərar və
təqdimatların və digər sənədlərin
hazırlanaraq aidiyyəti prokurorluq və məhkəmə
orqanlarına müraciət edilməsi, amnistiyanın tətbiqi
məsələsinin həlli üçün zəruri sənədlərin
qərara əlavə edilməsi ilə bağlı xüsusi
göstəriş var. Eyni zamanda, bəzi məhkumlar barədə,
onlar da çoxluq təşkil edir, onların əvvəlki məhkumluğu,
amnistiya və əfv etmə aktları ilə qəsdən
törədilən cinayətlərə görə cəzaçəkmə
müəssisələrindən azadlıqdan məhrum etmə
cəzasını çəkməkdən azad olunan və
yenidən qəsdən cinayət törədən şəxslər
barədə məlumatlar müvafiq orqanlardan tələb
olunmalıdır. Həmçinin, amnistiya aktının 1-ci
hissəsində göstərilən normaların (Vətən
müharibəsində və Azərbaycan Respublikasının
suverenliyinin və ərazi bütövlüyünün
qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında
iştirak etmiş şəxslər, habelə bu müharibədə
və döyüş əməliyyatlarında həlak
olmuş və ya xəbərsiz itkin düşmüş
şəxslərin yaxın qohumları, digər
döyüş əməliyyatlarında iştirakla əlaqədar,
habelə digər xüsusi xidmətlərə görə Azərbaycan
Respublikasının orden və medalları ilə təltif
olunmuş şəxslər, Xocalı soyqırımında əlil
olmuş şəxslər, həlak olan və ya xəbərsiz
itkin düşmüş şəxslərin yaxın
qohumları və digər məhkumlara aid olub-olmamasını
müəyyən etmək də kifayət qədər vaxt
aparan işdir. Qeyd etmək yerinə düşər
ki, aidiyyəti sənədlərin toplanması və əldə
edilməsi üçün məhkumlara ədliyyə əməkdaşları
tərəfindən köməklik göstərilir,
qanunvericiliyin tələbləri izah olunur və digər
işlər həyata keçirilir.
Maraqlı məqamlara da toxunmaq istərdik. Amnistiya Cinayət
Məcəlləsinin 321.1-ci (hərbi çağırışdan
yayınma), 333.1-333.4-1-ci (hərbi hissəni və ya xidmət
yerini özbaşına tərk etmə) və 334.1-ci (fərarilik)
maddələrində nəzərdə tutulan cinayətləri
amnistiya qərarı qüvvəyə mindiyi günədək
törətmiş şəxslərə dörd ay müddətində
onların könüllü gəlmələri və
tutulduqları hallarda da şamil edilməsi nəzərdə
tutulur. Həmçinin, əvvəlki amnistiya aktına əsasən,
maddi ziyanı tam ödəməmiş şəxslərə
amnistiya tətbiq edilmədiyi halda, hazırkı qərarda fərqli
mövqe nümayiş etdirilən və belə şəxslərə
bu Qərar tətbiq olunanadək (qüvvəyə mindiyi
gündən 4 ay müddətində) maddi ziyanın ödənilməsi
ilə amnistiyanın təsiri altına düşməsi
imkanı yaradılıb.
- Bu
amnistiya aktında əsas müddəalardan biri də
Xocalı soyqırımında əlil olmuş şəxslərə,
həlak olan və ya xəbərsiz itkin düşmüş
şəxslərin yaxın qohumlarına, 1988-1993-cü illərdə
Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən
işğalı nəticəsində öz doğma
torpaqlarından məcburi köçkün
düşmüş şəxslərə, Vətən
müharibəsində və Azərbaycanın suverenliyinin və
ərazi bütövlüyünün qorunması uğrunda
aparılan digər döyüş əməliyyatlarında
iştirak etmiş şəxslərə, habelə bu
müharibədə və döyüş əməliyyatlarında
həlak olmuş və ya xəbərsiz itkin
düşmüş şəxslərin yaxın qohumlarına
şamil olunmasıdır. Məhz bu müddəa
təxminən neçə nəfəri əhatə edəcək?
- Hələ
ki bu rəqəmi dəqiq göstərə bilmirik,
çünki sənədlər tələb olunur, yenidən
işlənilir. Nəzərə almaq
lazımdır ki, qanuna əsasən, babalar, nənələr,
valideynlər, övladlığa götürənlər,
doğma və ögey qardaşlar və bacılar, ər-arvad,
uşaqlar, övladlığa götürülənlər, nəvələr
yaxın qohum hesab edilir. Cəzaçəkmə
yerlərində məhkumların özlərinin və qeyd
olunan geniş əhatəli yaxın qohumlarının həmin
müddəaların təsiri altına
düşüb-düşməməsi dəqiq
yoxlanılır və nəticəsindən asılı olaraq
aidiyyəti tədbirlər görülür.
- Amnistiya
aktının tətbiq edilməsi ilə bağlı
müraciətlər qanunvericiliyə uyğun olaraq müvafiq
qurumlar tərəfindən hazırlanıb təqdim edilir. Ayrı-ayrı şəxslər də, cinayət məsuliyyətinə
cəlb olunanlar, məhkumların vəkilləri, yaxınları
da cəza çəkənlərə amnistiyanın tətbiq
edilməsi üçün müraciət edə bilərmi?
- Azərbaycan Respublikası Konstitusiyasına əsasən,
vətəndaşların dövlət orqanlarına şəxsən
müraciət etmək, habelə fərdi və kollektiv
yazılı müraciətlər göndərmək
hüququ vardır və hər bir müraciətə qanunla
müəyyən edilmiş qaydada və müddətlərdə
yazılı cavab verilməlidir (maddə 57).
Bildiyiniz kimi, amnistiya aktı fərdi qaydada müəyyən
edilməyən şəxslər barəsində qəbul
edilir, yəni bu aktda əfv sərəncamından fərqli
olaraq konkret olaraq amnistiya tətbiq olunmalı olan şəxslər
sadalanmır, yalnız aktda göstərilən müəyyən
normaların təsiri altına düşən şəxslərə
ayrı-ayrılıqda tətbiq edilir. Məhkumların
amnistiya aktının tətbiqi ilə bağlı ərizələrinə
cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq operativ
baxılması üçün Penitensiar və Probasiya xidmətlərinə
əsaslandırılmış mülahizələrin
hazırlanması və təxirə salınmadan aidiyyəti
məhkəmələrə təqdim olunması
tapşırılıb. Cinayət məsuliyyətinə
cəlb olunmuş şəxslərin amnistiya tətbiqi ilə
bağlı ərizələrinə də istintaq
orqanlarında baxılır.
Qeyd etmək istərdim ki, qanunvericilikdə amnistiya tətbiq
edilməli olan şəxslərin vəkillərinin və ya
yaxınlarının hər hansı müraciətlərinə
məhdudiyyət nəzərdə tutulmayıb. Hər bir
müraciətə qanunla müəyyən edilmiş qaydada
baxılması və əsaslandırılmış cavab
verilməsi təmin edilir.
- Cinayət
məsuliyyətinə cəlb olunanlar, məhkumların vəkilləri,
yaxınları cəza çəkənlərə
amnistiyanın tətbiq edilməsi üçün hansı əlaqədar
müvafiq quruma müraciət etməlidir? Bu
prosesə hansı komissiya və ya müvafiq qurum nəzarət
edir?
- Amnistiya
aktının icrası cəzaçəkmə müəssisələri,
icra məmurları, təhqiqat və ya istintaq orqanları,
intizam xarakterli hərbi hissə komandanlıqları və məhkəmələr
tərəfindən həyata keçirilir. Məhkum
edilmiş şəxslərə amnistiyanın tətbiq edilməsi
Ədliyyə Nazirliyinin struktur qurumları olan Penitensiar və
Probasiya xidmətləri tərəfindən həyata
keçirildiyindən həmin qurumlara, o cümlədən,
Ədliyyə Nazirliyinin özünə də müraciət
oluna bilər. Ümumiyyətlə məhkumların
hüquq və azadlıqlarının müdafiəsi ilə
bağlı müraciət etmək hüququ qanunvericiliklə
tənzimlənir, onların bununla bağlı müvafiq
dövlət orqanlarına və məhkəmələrə
müraciət etmək, müraciətlərinin nəticəsindən
razı olmadıqları halda yuxarı dövlət
orqanlarına və yuxarı instansiya məhkəmələrinə
şikayət etmək hüquqları vardır ki, onlar bu
hüquqları birbaşa, qanunla müəyyən edilmiş
qaydada vəkilləri və digər nümayəndələri
vasitəsilə həyata keçirə bilərlər.
Bir daha vurğulamaq istərdim ki, amnistiya aktının ədliyyə orqanlarında icrasına gündəlik nəzarətin təmin olunması məqsədilə nazirliyin məsul əməkdaşlardan ibarət Monitorinq qrupu fəaliyyət göstərir və bu istiqamətdə daxil olunan bütün müraciətlər dərhal araşdırılaraq müvafiq tədbirlər görülür. Amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında vətəndaşlardan daxil olan hər bir müraciət, eləcə də müraciətə baxılmasının nəticələri Nazirliyin rəhbərliyinə məruzə edilir. Bu sahədə işlər davam etdirilməkdədir.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 8 dekabr.- S.6-7.