"Pambıq tarlasında..."
"Bir rəsmin dedikləri"
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünas Səbinə
Əhmədovadır. Onunla Böyükağa
Mirzəzadənin "Pambıq
tarlasında" əsəri
haqqında danışmışıq.
***
- Əsərin təhlilinə
keçmədən öncə
Böyükağa Mirzəzadə
yaradıcılığı haqqında qısa məlumat verə bilərsinizmi?
- Böyükağa Mirzəzadə
1921-ci ildə Abşeronun
Fatmayı kəndində
anadan olub. Atası onun
həkim olmasını
arzulayırdı, ancaq
gələcək rəssamın
yoldaşları - sonradan
Azərbaycanın böyük
sənətkarları olacaq
- Mikayıl Abdullayev, Muxtar Cəfərov kimi insanlar onu
sənədlərini rəssamlıq
məktəbinə verməyə
inandırırlar. Onların
məsləhəti ilə
Əzim Əzimzadə
adına Rəssamlıq məktəbində
oxuyan Böyükağa
Mirzəzadə yaradıcılığına
erkən yaşlarında
başlayır. Onun hələ
gənclik illərində
rəng, qrafika rəsm və digər janrlarda, müxtəlif mövzularda
yaratdığı əsərləri
qiymətli sənət
nümunələri kimi
rəssamlıq tariximizə
daxil olub. Böyükağa Mirzəzadənin süjetli tablo əsərləri, portret əsərləri, tamaşa
tərtibatları mövzusunda
təsvir etdiyi əsərləri kifayət
qədərdir. Süjetli
tablo əsərlərindən
- "Pambıq tarlasında",
"Pambıq yığımı",
"Çimərlikdə", "Günorta", "Bizim Lənkaranda" adlı əsərləri var. Tamaşa
tərtibatlarında isə
"Qaynana", "Milyonçunun
dilənçi oğlu",
"Bayedera", "Mənim
Günahım" adlı
əsərləri vardı.
Haqqında danışacağımız
"Pambıq tarlasında"
əsəri də süjetli tablo əsərlərinə daxildir.
- Əsərdə dövrün
tələbləri aydın
görünür. Zəhmətkeş insanlar, kolxoz, sosialist ideologiya və s.
- Bəli. Həmin dövrdə rəssamların
bölgələrə yaradıcılıq
səfərləri praktikası
geniş vüsət almışdı. Rəssamın yaradıcılığında bu cür mövzu
çeşidliyinə baxmayaraq,
həmin dövrün
dominantı tematik rəsmlər idi. Tematik janrda işlənmiş tabloların qəhrəmanları
zamanı ideoloji tələblərinə uyğun
olaraq zəhmətkeş
insanlar - fəhlə və kolxozçular idi. Əsərlər əsasən sosialist
ideologiyasının görüntüsündən
ibarət idi. Burada da gördüyümüz
kimi, açıq havada isti bir
yay fəslində pambıq tarlasında qadınlar pambıq yığımı ilə
məşğuldular və
ön planda təsvir edilmiş digər qadın obrazları isə nahar edir, kimisi
isə yaxınından
gələn məktubu
oxuyur.
- Əsərin rəng
koloriti haqqında nə deyə bilərsiniz?
- Böyükağa Mirzəzadənin
fırçasından çıxan
bu əsərlər rənglərin özünəməxsus
ton keçidləri, improvizə
təsvir üslubu, işıq-kölgə effektlərinin
səlistliyi və rəsmin dəqiqliyi ilə fərqlənir. Onun rəsmlərindəki
işıqlı, günəşli
mühitdə artıq
kolxozçu və fəhlələr cansız
və şablon görüntü kimi çıxış etmir.
Təsvir olunan obrazlar
mühitlə üzvi
surətdə bağlı
olduqca təbii görünür. Rənglərin ton keçidini və tematik tabloda dəqiq kompozisiya quruluşunu məharətlə
verə bilmək bacarığı Böyükağa
Mirzəzadə yaradıcılığına
xas cəhətdir.
Bu əsərdə sarı,
yaşıl ağ,
qırmızı, bir
sözlə, al-əlvan
zəngin kolorit rəngləri yer alır.
- Əsər hazırda
harada saxlanılır?
- Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət
Muzeyində bir çox Azərbaycan rəssamlarının, o cümlədən,
dünya üzrə tanınmış rəssamların
əsərləri sərgilənməkdədir,
məşhur rəssamımız
Böyükağa Mirzəzadənin
də bir sıra əsərləri,
həmçinin, "Pambıq
tarlasında" adlı
əsəri də burada qorunub saxlanılır.
- Rəssamın yaradıcılığına xas cəhətər özünü necə göstərir?
- Böyükağa Mirzəzadənin müxtəlif janrlarda əsərləri var, lakin rəssamın daha çox üz tutduğu janr süjetli tablo janrıdır. Bu janrda rəssam daha çox məişət mövzularına toxunub.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Əsərdə pambıq tarlasını görürük. Əsərin arxa planında dörd nəfər qadın obrazı təsvir olunub. Qadınlar günəşli havada pambıq yığımı ilə məşğuldular. Ön planda isə bir neçə qadın, kişi və uşaqlar təsvir olunub, yerdən süfrə açılıb və nahar etdikləri bir məqamda poçtalyon pambıq yığan qadınlardan birinə yaxınlaşaraq ona məktubu uzadır və qadın məktuba təəccüblü bir şəkildə diqqətini zilləyir. Məlumdur ki, yaxınından gələn məktubdur. Əsər süjetli tablo janrındandır, məişət mövzusunda təsvir edilib. Burada daha çox qadın obrazına yer verilib. Rəssamın məişət mövzularında bir sıra qadın obrazlarını görə bilərik ki, onlar dayanmadan əziyyət çəkərək işlərinin öhdəsindən gəlməyə çalışırlar. Buradan məlum olur ki, rəssam tamaşaçılara qadınların əziyyətli işlə məşğul olduqlarını göstərməyə çalışıb.
Aytac
SAHƏD
525-ci qəzet.- 2021.- 9 dekabr.- S.16.