DÜNYA

 

dayaz yerdədir, nə də dərində,

Dolanır fəzada, öz məhvərində.

Hərlənir günəşin həndəvərində, 

Ayları illərə daşıyır dünya,

Fırlana-fırlana yaşayır dünya.

 

Canlı bir aləmdir göyün üzündə,

Kainat saxlayır onu özündə.

Daim təzələnir insan gözündə,

Hər günü təzədən başlayır dünya.

Fırlana-fırlana yaşayır dünya.

 

İnsan məskən salıb hər guşəsində,

Hərə öz işində, öz peşəsində.

Kimsəni saxlamır gənc həvəsində,

Yaşının üstünə yaş sayır dünya,

Fırlana-fırlana yaşayır dünya.

 

Məhvəri, məqamı hamıya bəlli,

Tutub dayanmayaq ondan beşəlli.

Şəninə tərif yaz, ya qaravəlli,

Fərqi yox, hamını daşlayır dünya,

Fırlana-fırlana yaşayır dünya.

 

Son vaxtlar tamamən dəyişib donu,

Savaşlar, qovğalar sarsıdır onu,

Çatıb qiyaməti - o müdhiş anı,

Bugünlər məhşərə oxşayır dünya,

Fırlana-fırlana yaşayır dünya.

 

 

 

ŞƏHİD ANASI

 

Kədərli görkəmdə, qəm libasında

Bir ana ümidlə yolu süzürdü.

Sönüb qaralırdı od sobasında,

Yolun sonsuzluğu onu üzürdü.

 

Kim idi bu ana, idi dərdi,

Niyə dayanmışdı yol kənarında?

Bir vaxt dərdsiz idi, deyib-gülərdi,

İndisə quruyur qan damarında.

 

Gəldim yaxınına, halını sordum,

Qayğıyla soruşdum dərdini ondan.

Elə bil ananın qəlbini yardım,

Özüm kövrəldim qopan ahından.

 

Ağlaya-ağlaya açdı dərdini,

Danışdı qəhrəman oğlanlarından.

Ana itirmişdi iki mərdini,

Söz açdı onların sağ anlarından.

 

Cəbhədən bəd xəbər gəlmişdi ona,

Dönmüşdü leysana gözünün yaşı,

Yaman sarsılmışdı xəbərdən ana,

Güllə haqlamışdı iki qardaşı.

 

Düşmənlə döyüşdə amansız olmuş,

Ananın o qoşa ciyər parası.

Şəhid ünvanını can verib almış

Ananın o bir cüt igid balası.

 

Şəhid anasıydı bu məsum qadın,

Oğullar vermişdi Vətən yolunda.

Yaddan çıxarmışdı bəlkə öz adın,

Övlad axtarırdı öz xəyalında.

 

Barışmaq istəmir bu dərdlə ana,

Hələ ümidlə yola baxırdı.

Sanki yol vermişdi bu dərdi ona

Yola gözlərindən yaşlar axırdı.

 

Bu məğrur anaya elə gəlirdi,

Ölməyib, sağdırlar hələ oğullar.

Əsil həqiqəti ana bilirdi,

Şəhidlər hər zaman diri olurlar.

 

Baxıb heyran oldum bu mərd qadına,

İstədim qəlbinə bir az su səpim.

Mənasız gələrdi təsəllim ona,

Odur ki, əyildim, əlindən öpüm.

 

 

 

ÖMÜR NƏĞMƏSİ

 

Bir nəğmə köklənib mənim içimdə,

Səsləri həmahəng, səlis biçimdə.

 

Adını qoymuşam Ömür Nəğməsi,

Qovuşur onunla könlümün səsi.

 

Ömür dastanından doğan bu nəğmə,

Gah zilə yüksəlir, gah enir bəmə.

 

Mənəm bəstəçisi, ilk ifaçısı,

Mənimdir şirini, sərti, acısı.

 

Haqdan-ədalətdən yoğurdum onu,

Eşqdən-məhəbbətdən doğurdum onu.

 

Qalxdı pərdə-pərdə, danışdı söz-söz,

Yaşamaq eşqimi közərtdi köz-köz.

 

Yol aldım hikmətli mənalarından,

Yan keçdim həyatın bəlalarından.

 

Mənə xoş avazlı günlər yaşatdı,

Bəzən aram-aram qəm daşıtdı.

 

Bu nəğmə canımdan, qanımdan gəlir,

Ən kövrək, ən həzin anımdan gəlir.

 

Həyatım uzunu onu dinlədim,

Ömrümü, günümü onsuz bilmədim.

 

Həyatın mənası, zövqü nəğmədir,

Nəğməsiz bir həyat, ömür heç nədir.

 

Dinləyib doymuram zümzüməsindən,

Könlüm vəcdə gəlir nəğmə səsindən.

 

Adi nəğmə deyil, qəlbin nəbzidir,

Həyatın insana sözü, ərzidir.

 

Hələ ahəngindən ayrılmamışam,

Əsla o nəğmədən yorulmamışam.

 

O nəğmə dirçəldir, yaşadır məni,

Kövrəldir, incəldir, yumşaldır məni.

 

Fəqət həyatımın sonu yetərsə,

Ömrümün nəğməsi bir gün bitərsə.

 

Bu nəğmə ruhuma köçər içimdə.

Özgə bir ahəngdə, fərqli biçimdə.   

 

 

 

NƏSİHƏT

 

Baş qoşma şərə, xisləti şeytanlara, oğlum.

Dost ol əməli pak olan insanlara, oğlum.

 

Qəlblərdə inam qur, sənə rəftarı xoş olsun,

Yol açma kobud hərzəvü hədyanlara, oğlum.

 

Üz tutma haram yolla ucuz şöhrətə doğru,

Elmin, ədəbinlə yetiş ünvanlara, oğlum.

 

İnsan gərək amalı yolunda çəkə zəhmət,

Çəksən, çatacaqsan geniş imkanlara, oğlum.

 

Dünyada çox qanı soyuq, buz kimi canlar,

Saf qanını gəl qatma yaman qanlara, oğlum.

 

Can qoy vətən uğrunda, unutma el-obanı,

Diqqətlə yanaş, vaqif ol ürfanlara, oğlum.

 

Zakir eşidib, ibrət alıb öz atasından,

Sən məni dinlə, ucal ad-sanlara, oğlum.

Zakir Bayramlı

525-ci qəzet.- 2021.- 9 dekabr.- S.15.