SƏNİN SAÇLARINDA SEVDİM PAYIZI

 

Sənin saçlarında sevdim payızı

Sevdim yarpaqların sarı rəngini.

Sevdim saman kimi saralıb gedən

Ömrün xəzan olmuş lal ahəngini.

 

Küləkli havada uçub rəqs edən

Sarı çiçəklərin tozunu sevdim.

Dünyanın, sevdiyi rəngə boyanmış,

Sənintək sarışın qızını sevdim.

 

Bu rəng niyə belə hopub ömrümə?

Sanki həyatımda tək bu rəng qalıb.

Sənə son yazdığım eşq məktubu da

Cibimdə qalmaqdan solub-saralıb.

 

Nə qədər saysan da, artmayacaqdır,

On barmaq alınır hər dəfə sayda.

Əgər qismətində ayrılıq varsa,

Saçının ucunu açsan, fayda?

 

Hardan bilərdik ki, ayrılığın da

Köksünə köklənən sim sarı simdir.

yaxşı gözünün rəngi yaşıldır,

Cənnətdə qovuşsaq, mənim bəsimdir.

 

 

 

YAMAN SOYUQ KEÇİR EŞQİN BAHARI

 

Ovcumda çəkilən tale yolları

Alnımda yazılan qismətdən keçmir.

Həsrətdən gözümün suyu çəkilib,

Daha bu sevgidən gözüm su içmir.

 

Yaman soyuq keçir eşqin baharı,

Titrəyən dişlərim dilimi kəsir.

Bu sevgi qəlbimi elə üzüb ki,

Sakit havada da ürəyim əsir.

 

Bu eşqin yükünü çəkən tərəzi

Oxunu kökləyib kədər, qəm üstə.

Özümə dərd aşı bişirirəm mən,

Süzülüb, qoyulub indi dəm üstə.

 

 

 

NƏ GÜNAHIN SAHİBİYƏM, AY ZALIM...

 

Sən Ay idin, nur saçırdın gecələr,

Buludları pərdə etmə üzünə.

günahın sahibiyəm, ay zalım,

Mən yazığı həsrət qoyma özünə.

 

Yer hər zaman, demə, Aya möhtacmış,

Yoxluğuna axı necə mən dözüm?

Sən gedəli qüssə alıb qəlbimi,

İndi qalıb bir qucağım, bir dizim.

 

Gecə-gündüz məhvərində dolanıb

Ay yenə dönür Yerin başına.

Sən qayıt, gəlişinə möhtacam,

Heyfin gəlsin gözlərimin yaşına.

Şükür Qafar

525-ci qəzet.- 2021.- 9 dekabr.- S.15.