Qarabağ və Zəfər
mövzuları Naxçıvan ədiblərinin
yaradıcılığında
Qarabağ mövzusu müasir dövr ədəbiyyatımızda mühüm yer tutur. Əslində
bu, ümumiyyətlə Azərbaycanın
bütövlüyü ideyasını özündə ehtiva
edən genişmiqyaslı və xüsusi tədqiqata layiq bir
mövzudur. Eyni zamanda, bu mövzu ermənilərin zaman-zaman
iddiasında olduqları və 1990-cı ilin yanvarında ilk hərbi
müdaxiləyə məruz qoyulan Naxçıvanın
toxunulmazlığı kimi taleyüklü məsələni
də əhatə edir.
Naxçıvan ədəbi mühitinin nümayəndələri
həm birinci Qarabağ müharibəsinə, yəni problemin
kökü və onun ilk mərhələsinə dair əsərlər
ortaya qoymuş, həm də müharibənin ikinci və əsas,
həlledici mərhələsi olan Vətən müharibəsi
və parlaq Zəfərimizə aid əsərlər ərsəyə
gətirmişlər. Bu əsərlərdə Azərbaycan
xalqının, onun əsas hissəsindən ayrı
düşmüş Naxçıvan əhalisinin mübarizəsi,
əzmi, vətənpərvərliyi, qəhrəmanlığı,
bu istiqamətdə baş verən hadisələr yer alıb,
bədii şəkildə əks etdirilib.
Qeyd etdiyimiz kimi, Azərbaycan xalqının tarixi taleyinə
yazılan Qarabağ problemi və onun timsalında ərazilərinin
işğal edilməsi mövzusu bütün Azərbaycan ədəbiyyatında,
o cümlədən, Naxçıvan ədəbi mühitində
müstəqillik illərinin başlıca mövzularından
olub.
Qarabağ mövzusu bədii ədəbiyyatda özünü
üç istiqamətdə daha qabarıq göstərir: əvvəla,
yersiz ərazi iddialarına hədəf olan Azərbaycan
torpaqlarının ədəbi əsərlərdə vəsfi,
tərənnümü və təsviri məsələsi. Belə ki, Azərbaycanın əzəli ərazləri
olan bu torpaqlar bütün zamanlarda ədəbiyyat adamları
tərəfindən vəsf və tərənnüm edilib,
müxtəlif mövzulu əsərlərin çox zaman
baş qəhrəmanına, hadisələrin mərkəzinə,
məkanına çevrilib, qəhrəmanların ana vətəni
olaraq təsvir olunub. İkincisi, ermənilərin
ərazi iddialarının hərbi müdaxilələrlə
müşayiət olunduğu Birinci Qarabağ müharibəsi
dönəmini özündə əks etdirən əsərlərdir.
Üçüncüsü isə, 44
günlük Vətən müharibəsi dövrünü və
Zəfər mövzusunu əhatə edən nümunələrdir.
Xalq
şairi Məmməd Araz və tanınmış
şair-dramaturq Kəmalə Ağayeva da daxil olmaqla,
Naxçıvan ədəbi mühitinin çoxsaylı
nümayəndələri bu mövzuya olduqca həssas
münasibət göstərmiş, Vətənimizin dilbər
guşələri olan Qarabağı, Şuşanı və başqa
müqəddəs məkanlarımızı tərənnüm
ediblər. Asim Yadigar, Vaqif Məmmədov, İbrahim
Yusifoğlu və başqaları poeziyada Qarabağ mövzusu
və torpaqlarımızın erməni işğalına məruz
qalması kədərini istedadla dilə gətiriblər. Naxçıvanda, ermənilərin Sədərəyə
atdıqları güllələrlə başlanan qanlı
müharibə - Birinci Qarabağ müharibəsi
poeziyamızda bütün faciələri ilə əks
etdirilib. Hələ 90-cı illərdə, müharibənin
ilk dövrlərində bu mövzuda ən yaxşı əsərlər
yazanlar sırasında Naxçıvan ədəbi mühtinin
qiymətli nümayəndələrindən olan Həsən Fətullayev-Elsevərin
"Qaçmaq igidlik deyil", "Kəşfiyyatçılar",
"Girov" kimi hekayələrində, "Xankəndinin
qartalı" pyesində məhz Azərbaycanın ərazi
bütövlüyünün qorunmasında vətən
övladlarının qəhrəmanlığı və qələbə
uğrunda apardığı inadlı mübarizəsi öz əksini
tapmışdı. Kəmalənin "Solan qönçələr",
"Gözü yolda qalan var" poemaları, Vaqif Məmmədovun
"Bizim ellər yaylağından dönmədi",
"Xocalı haqqında düşüncələr",
"Ağlama, bacı, ağlama", "Qara
çadırlar", "Bu kənd niyə yetimdir",
"Dərdin də qoşası, cütü olurmuş",
"Dəyanət dəmiydi, qeyrət dəmiydi",
"Şəhid ataları yerə baxırdı", "Nədir
bu körpənin günahı, Allah", "Diz
çökürəm bu qeyrətin önündə",
Asim Yadigarın "Oğul dağı", "Qisas qiyamətə
qalmaz" poemaları, "Hücum əmri ver mənə"
və başqa şeirləri, Vəli Qaraxanın
"Qaçqın çadırları", "Fevralın
25-dən 26-na keçən gecə", "Evində ermənilər
tərəfindən qətlə yetirilən Zəhraya" əsərləri
Qarabağ, ümumən Azərbaycanın ərazi
bütövlüyü məsələlərini özündə
ehtiva edib. Maraqlıdır ki, müharibənin
ilk illərinə təsadüf edən dövrdə Həsən
Fətullayev bədii nəsrdə bu mövzunu maraqlı şəkildə
işləməyə müvəffəq olmuş və onun nəsrdəki
ənənələrini formalaşdırmışdı.
Əbülfəz Ülvinin
"Üçüzlər", A.İmanlının
"Müharibə başlandı" hekayələrində,
eləcə də hərbçi və yazıçı
Şükür Qafarın "Savaş hələ bitməyib"
sənədli romanında bu mövzu əsas alınaraq
maraqlı nümunələr ortaya qoyulub.
Birinci
Qarabağ müharibəsi kimi tarixə yazılan qanlı
savaşın ilk mərhələsində Azərbaycan
xalqının sarsılmayan iradəsi, tükənməyən
qeyrəti, nəhayətsiz qəhrəmanlığı və
göstərdiyi el birliyinə baxmayaraq, siyasi və hərbi dəstək
etibarilə tamamilə tək və tənha
buraxılmış millətimiz güclü dövlətlərin
ikiüzlü siyasəti və Ermənistana hərbi-siyasi dəstəyi
nəticəsində məğlub duruma düşdü. Hələ
bu azmış kimi də, 20 min şəhid verdi,
20 faiz torpaqları işğal edildi, Xocalı kimi misli
görünməmiş soyqırımı faciəsini
yaşadı və əlbəttə, dərindən
sarsıldı. Amma mübarizə əzmi, torpaq
sevgisi, vətənin bütövlüyü idealı öləzimədi,
yaşadı və xalqımızı daha da güclənməyə,
ölkəmizin qüdrətlənməsinə sövq etdi.
Azərbaycan xalqının Ümummilli lideri Heydər
Əliyev xalqın təkidli tələbilə siyasi hakimiyyətə
qayıdandan sonra ölkəmiz inkişaf yoluna qədəm
qoydu, ordumuz gücləndi. Heydər
Əliyev siyasi kursunun ən layiqli davamçısı olan cənab
İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsilə
başlanan yeni mərhələ dövlətimizə daha
böyük imkanların qazandırılması mübarizəsi
ilə davam etdi. Ulu öndərin
xeyir-duası, Azərbaycan xalqının birmənalı dəstəyi,
böyük güvəni ilə Prezident İlham Əliyev
ölkəmiz üçün taleyüklü məsələlərin
həllində daha prinsipial və uğurlu, real nəticəli
siyasi kurs yürüdərək ölkəmizə
böyük nailiyyətlər qazandırdı. Əlbəttə, bu nailiyyətlər 44
günlük şərəf - Vətən müharibəsi
dövründə özünü bütün əzəmətilə
təcəssüm etdirdi. Bu həssas və çətin
günlərdə məhz Prezident İlham Əliyevin ətrafında
sıx birləşən, ona bütün varlığı ilə
inanan həmrəy bir xalq, eləcə də Ali Baş
Komandanının bütün tapşırıqlarını
dərhal və uğurla yerinə yetirməyə qabil,
qüdrətli Ordu var idi və bu, uğurlu bir rəhbərliyin
məntiqi nəticəsini əks etdirirdi. 44
günə iki yüz ilin problemini kökündən
sarsıdaraq həll edən Vətən müharibəsi Azərbaycan
xalqına Zəfər müjdəsi verməklə ona sonsuz
sevinc, qürur bəxş etdi.
Vətən müharibəsi günlərində də,
Zəfər çağlarında da ədəbiyyat
adamları hər zaman əsgərlərlə birlikdə
döyüşdülər. Əlbəttə ki, söz və qələm
cəbhəsində! Alman faşizmi üzərində qələbədən
uzun illər sonra ümumən Azərbaycan
yazıçıları, eləcə də Naxçıvan ədəbi
mühitinin nümayəndələri indi erməni
faşizminin üzərində inadlı qələbəni tərənnüm
edərək, doğma, möhtəşəm Zəfərimizlə
öyünərək bu sevinci, qüruru misralara, sətirlərə
hopdurdular, qiymətli ədəbi əsərlər
yaratmağa başladılar. Son dövrün Zəfər təntənəsini
Naxçıvan ədəbi mühitinin tanınmış
nümayəndələrindən olan Asim Yadigar, Xanəli Kərimli,
Vəli Qaraxan, Ramiz Babayev, Əbülfəz Ülvi, Elxan
Yurdoğlu, Qafar Qərib və başqaları poetik yaddaş
nümunələrinə çevirdilər. X.Kərimlinin
"Bayrağını uca qaldır, ana vətən!" lirik
poeması, A.Yadigarın "Zəfər yolu" lirik
poeması, Ramiz Babayevin "Mənim qalib komandanım",
"Ey Vətən, qələbə günün mübarək",
"Xoş gəldin, Şuşam" şeirləri,
Ə.Ülvinin "Əsl dostluğun rəmzi", "Dəmir
yumruq", "Xalqın bir xahişi var" şeirləri,
E.Yurdoğlunun "Zəfər himni" əsəri,
T.Arifqızının "Qarabağda 44 gün" şeirlər
kitabı, həmçinin, Şükür Qafarın
"Savaş Zəfərlə bitdi" sənədli
romanı Qələbə əzmli Ali Baş
Komandanımız İlham Əliyevin rəhbərliyi
altında Vətən müharibəsində düşmən
üzərində qazandığımız şanlı Qələbəyə
həsr edilib. Naxçıvan yazıçılarının
ağsaqqalı, tanınmış şair Asim Yadigar "Zəfər
yolu" lirik poemasında Azərbaycan xalqının qələbə
sevincini və qazanılan nailiyyətləri açılan Şuşa yolunun - Zəfər yolunun
timsalında ümumiləşdirərək yazır:
Soldurub baharını,
gətirdik sərt qışını,
Axıdıb
bu yerlərdə düşmənin göz yaşını,
Dəmir yumruqla əzdik onun murdar başını.
Bu yol qeyrət,
cəsarət, bu yol hünər yoludur,
Bu yol
Şuşaya gedir, bu yol Zəfər yoludur!
Ali
Baş Komandanım, yaşa, var ol, yüz yaşa!
Saldığın
Zəfər yolu tamaşadır, tamaşa,
Bu yolu tutmalıyıq başdan-başa qumaşa.
Bu yol ata
arzusu - bu yol Öndər yoludur,
Bu yol
Şuşaya gedir, bu yol Zəfər yoludur!
Naxçıvan
ədəbi mühitinin istedadlı nümayəndələrindən
olan şair Xanəli Kərimli isə azad olunan Qarabağı
və 44 günlük Vətən müharibəsindən sonra
əldə edilən Zəfərin sevincini poetik misralarla bu
cür dilə gətirir:
Qarabağım!!!
Qarabağım!!!
İftixarım,
şərafətim, baş tacımsan!!
Azadlığım,
ucalığım, enməzliyim,
əbədilik amacımsan, əlacımsan.
Səndən ötrü qan tökmüşük
tarix boyu nəsil-nəsil, fəsil-fəsil,
Səndən ötrü qan tökürük
bu gün də biz şəhid-şəhid, əsil-əsil.
...İndi daha Günəş doğub -
zülmətlərin bağrın yaran yeni Günəş,
O Günəşin şəfəqindən güc alaraq
işıqlanır yeni duyğu, yeni həvəs...
Bundan sonra səni səndə
ovudacaq o Günəşin hərarəti,
Saflaşdırıb duruldacaq
hər arzunu, hər istəyi, hər niyyəti...
İnanırıq ki, bundan sonra ədəbiyyatımız
yalnız Zəfər ruhuna köklənəcək, ədiblərimiz
böyük şövqlə Qələbə nəğmələri
yazacaqlar.
Ramiz
Qasımov
Filologiya
üzrə fəlsəfə doktoru, dosent, AMEA
Naxçıvan Bölməsinin əməkdaşı
525-ci qəzet.- 2021.- 9 dekabr.- S.14.